Kitab oxuyuruq?

 

 Şair Qismət Rüstəmov: "Min tirajla çıxan kitab alınmırsa, normal bazardan və oxucu kütləsindən danışmaq olmaz"

 

Yazar Jalə İsmayıl: "Oxucuya aşılamaq lazımdır ki, ədəbiyyat sənə lazımdır"

 

Son vaxtlar oxucu qıtlığı, ölkəmizdə kitab oxuyanların sayının sovet dövründəkinə nisbətən xeyli azalması haqqında çox danışılır və bunu müxtəlif amillərlə izah edirlər. Çoxları bunu insanların dünyagörüşünün dəyişməsi, mənəvi səviyyənin aşağı düşməsi ilə izah edirlər. Əslində isə gerçək səbəbi başqa amillərdə axtarmaq lazımdır. Bütün sahələrdə olduğu kimi bu sahədə də iqtisadi amillərin rolunu qeyd etməmək mümkün deyil. İqtisadi amillərə bir tərəfdən həyat səviyyəsinin aşağı düşməsi (xüsusən keçid dövrünün ilk illərində) aiddirsə, digər tərəfdən də bazar iqtisadiyyatı şəraitində insanların kitab oxumaq üçün ayıra biləcəyi vaxtın xeyli məhdudlaşması aiddir. Belə ki, işsizlərin fikrinin yalnız iş axtarmağa yönəlməsi, işləyənlərin isə məvacibləri qənaətbəxş olmadığından əlavə fəaliyyətlə də məşğul olmaları onların asudə vaxtını məhdudlaşdırır. Kitab oxuyanların sayının azalmasina təsir edən digər amil telekanallardakı şou proqramlar və teleseriallardır ki, insanların (xüsusən ev xanımlarının) başını kifayət qədər qatır. İnsanların (xüsusən gənclərin) başını qatmaqda internet əyləncələrinin də xüsusi yeri var. Bəzən kitab oxumaq istəməyən gənclər özlərinə onunla bəraət qazandırmağa çalışırlar ki, internet olan yerdə kitaba ehtiyac yoxdur. Bu tamamilə yanlış bir fikirdir, internet heç vaxt kitabı əvəz edə bilməz. Çünki internet insana elm yox, informasiya xarakterli biliklər verə bilər. Düzdür, internet saytlarında müxtəlif sahələrdə (tarix, mədəniyyət, və s.) "elmi məlumatlar" da yerləşdirilir, amma onların demək olar ki, hamısı yarımçıq və səhv məlumatlar olduğundan heç oxumağa dəyməz. Hətta fərz etsək ki, bütün kitabların elektron variantı internetə yerləşdirilib (bu tam mənada mümkün deyil), yenə də kompüterdən oxumaq real kitab oxumağın effektini verə bilməz. Onu da qeyd edək ki, hazırda ölkəmizdə internet istifadəçilərinin (o cümlədən "internet kitabı əvəz edir" deyənlərin) əksəriyyəti internetdən elmi savadlarını artırmaq üçün yox, əyləncə məqsədiylə istifadə edirlər. Bütün bunlarla yanaşı, yenə də Azərbaycanda kitab oxuyacaq insanlar deyildiyi qədər də az deyil, əksinə, kitab satışı və təbliği o qədər aşağı səviyyədədir ki, heç həmin insanların tələbatını da ödəmir. Bunu nədən bilmək olar? Aydındır ki, kitab oxumaq və ya almaq istəməyən insan heç vaxt kitab mağazasına girməz. Bakı şəhərindəki azsaylı kitab mağazalarını çox vaxt insanlarla dolu görürük. Bu insanların əksəriyyəti məhz Azərbaycan türkcəsində olan kitabları almaq istəyən insanlardır. Mağazalarda isə kitabların əksəriyyəti (bəlkə də 80-90%-i) rus dilində olan (Rusiyadan gətirilmiş), o qədər də satılmayan kitablardır. Bakı şəhərində məşhur kitab mağazası olan "Akademmağaza"da ana dilimizdə olan kitablara mağazanın çox kiçik bir hissəsi (təxminən 1/10-i) ayrılıb və burada kitablar elə sıx yerləşdirilib ki, kitabların adını görmək mümkün deyil, alıcıların da əksəriyyətini məhz bu bölmənin qarşısında toplaşmış görürük. Dilimizə və həm də milli dövlətçiliyimizə bu qədər hörmətsizlik görəsən haradan qaynaqlanır? Azərbaycanda kitab satışından razısınızmı? Bu gün kitab satışının artırılması üçün hansı tədbirlər həyata keçirilə bilər? Bu suallarla yazarlara müraciət etdik.

Yazar Varis Yolçuyev hesab edir ki, kitab mağazaları çox azdır: "Tacirlər kitaba sərfəli əmtəə gözü ilə baxmadıqlarından bu biznes sahəsinə maraq da çox azdır. Heç bir hökumət direktivləri ilə bu sahəni qaldırmaq olmaz. Yalnız yaxşı kitablar yazılmalı, oxucu kütləsi artmalıdır ki, market, şadlıq evi-restoran açmağa olan tələbatla kitab mağazası açmağa olan telabat bərabərləşsin. Onda ölkədə kitab satışı öz məcrasına düşər."

Şair Qismət Rüstəmovun fikrincə, Azərbaycanda kitab satışı deyəndə biz daha çox Bakıdakı kitab dükanlarının yaydığı statistikalara istinad edirik: "Amma bu rəqəmlər nə qədər reallığı əks etdirir (müsbət və ya mənfiyə) bilmirəm. Son illərdəki canlanmanı çox yüksək qiymətləndirməklə bərabər, deyim ki, o qədər razı deyiləm. Min tirajla kitabı çıxan müəllifin kitabı alınmırsa, normal bazardan və oxucu kütləsindən danışmaq olmaz. "Hansı tədbirlər həyata keçirilə bilər?" - sualına bir neçə cümləylə cavab verməkdə çətinlik çəkirəm. Belə deyim: normal kitab bazarının formalaşması üçün nəşriyyatlara faizsiz və uzunmüddətli kreditlər verilsə, onların fəaliyyət dairəsi genişlənər və şəbəkə formalaşa bilər. Çoxsaylı dükanlar, tərcümələr bu prosesin sonrakı tərəfidir".

Yazar Hikmət Carçılı Orhun hesab edir ki, Azərbaycanda kitab satışından heç kim razı deyil: "Ona görə ki, demək olar Azərbaycanda bu yoxdur. Kitab satışının artırılması üçün maraqlı, oxucunu özünə cəlb edən lahiyələr hazırlanmalıdır. KİV inernet ve yaxud başqa mətbu orqanlarda bu işi elə təşkil etməlidir ki, hədiyyələrlə müəyyən vasitələrlə oxucunun kitaba marağı artsın. Kitab mağazaları açılmalıdır. Mən yaşadığım Qazax rayonunda iyirmi il ərzində hələ bir dənə belə kitab mağazasına rast gəlməmişəm. Bu faktdır. Ancaq biz gələcəkdə kitab satışının artmasını istəyiriksə, kitabı gələcək nəslə məktəb yaşlarından sevdirməliyik."

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun fikrincə vəziyyət yaxşıya doğru dəyişir: "Bu mənada vəziyyətdən narazı olmaq düz deyil. Kitab satışı artır, kitab dükanlarına daxil olanlar çoxalır. Əlbəttə müqayisədə zəifdir. Amma inkişaf var və bu da bizə böyük ümüdlər veriir."

Şairə Günay Ümidlər hesab edir ki, kitab satışının faizi ilə razılaşmaq mümkün deyil: "Yenə təzə nəşr olunan kitabları bir iki tanış-tunuş alır. Amma indi kitab satışı sıfıra enib. Kitabxanalarda da boşluq yaranıb. O gün kitabxanaya kitab götürməyə getmişdim. Bir-iki nəfər güclə vardı..."

Yazar İbrahim Selin fikrincə, Azərbaycanda kitab satışı Sovet dövründə yaxşı idi: "Hətta belə demək mümkünsə əla idi. Çoxları bilmir ki, latın qrafikasını keçid hər şeyi məhv etdi. Bəli, məhz oxunu azaltmaq, əhalini zəlil etmək üçün hazırlanmış məkrli plan! Bir neçə dəfə əlifba dəyişmişik, ona görə də zəlil kökünə qalmışıq. Bilmirəm fikir vermisinizmi, oxuyanların çoxu yaşlı nəsildir. Onların da latın qrafikası qarşısını aldı. Müasir təhsil sistemi isə mütaliəyə həvəs yaratmır. Ona görə də oxucularımız yoxdur, sən yazdığını mən oxuyuram, mən yazdığımı sən. Yəni yazarlar bir-birini oxuyur. Mən indi də 50-60 yaşında sovet kişiləri tanıyıram ki, həmişə oxumağa kitab axtarırlar, ancaq təəssüf ki, latın qrafikasından anlayışları yoxdur. Nəyimə lazımdır mənim qrafika? İstər latın olsun, istər kirill, onsuz da ikisi də doğma deyil. Yaponlar bəyəm latınca yazmırlar, inkişaf yoxdur? Və yaxud farslar. Bizə savad öyrədənin, mədəniyyət gətirənin, kostyum geyindirənin də üzünə olduq. Bunlar hamısı təbliğatın nəticələri idi ki, kütlə eyforiyaya qapıldı."

Yazar Jalə İsmayıl hesab edir ki, razı olmağa heç bir əsas yoxdur: "Amma canlanma yarandığına sevinə bilirik. Məncə, azoxuma prosesi hələ uzun müddət mövcud vəziyyətdə qalacaq. Oxucu istehlakçıdır. İnsan ona görə çörək, qatıq, xiyar, çiyələk alır ki, bunlar ona lazımdır. Bizim oxucuya aşılamaq lazımdır ki, ədəbiyyat sənə lazımdır. Həm də çiyələkdən fərqli olaraq, o, bir gündən sonra xarab olmayacaq. Sənin övladların, nəvələrin, nəticələrin də ondan istifadə edəcəklər. Yəni ölməyən məhsuldur. Oxucu nə vaxt buna - ədəbiyyatın ona lazım olduğuna inansa, onda da onu kitab formasında alıb evə aparacaq. Heç bir halda da qiymət davası etməyəcək. Ona lazımdısa, istənilən qiymətə alacaq. TV təbliğatını heç nə əvəz edə bilməz. Kütləvi satış üçün kitab kütlənin informasiya mənbəyində telekanalda göstərilməlidir. Bir də orta məktəb. İnsan uşaq yaşlarından oxucuya çevrilir, 30-u keçəndən sonra deyil. Bizim məktəblərimiz və telekanallarımız isə öz biabırçı vəziyyətlərilə başqa söhbətin mövzusudur."

Şair Tural Ağatlının fikrincə, bir neçə il öncəyədək ölkədə kitab alışı-satışı sıfıra yaxın həddə olsa da, son zamanlar şeytanın qıçı sındırılır: "Hər halda hiss olunan odur ki, bu sahədə müəyyən irəliləyişlər var. Bununla belə, yetərli deyil və bu problemin kökündə yüzdə yüz sosial sıxıntılar, maddi çətinliklər və buradan qaynaqlanan ağır zehni gərginliklər dayanır. Bahalaşmanın davam etdiyi və dolanışıq səviyyəsinin get-gedə ağırlaşdığı bir ölkənin əhalisini "Niyə kitab almırsan?" ittihamı ilə suçlamaq absurd olardı. Bu baxımdan, bu gün cəmiyyətimiz kitaba deyil, çörəyə çatmaq dərdindədir. Kitab satışını artırmaq üçün insanların sosial problemləri həll olunmalıdır ki, mənəvi məsələlər haqda da düşünə bilsin."

Şairə Səhərin fikrincə, kitaba marağın artırılması daha keyfiyyətli kitab hazırlamaqla və oxunaqlı əsərlərin yazılması ilə mümkündür: "Son vaxtlar kitab nəşri və satışının güclənməsi ilə bağlı bir çox işlər görülür. Amma yeni kitabların əksəriyyəti tələblərə cavab vermir. Korrektura xətaları, dil-üslub, orfoqrafik səhvlər nə qədər desən var. Bu cür kitablar hətta bədii səviyyəsi qane etsə belə oxunmur, adamı əsəbləşdirir."

Yazar Cəlil Cavanşir hesab edir ki, Azərbaycan bazarında kitab satışı inkişaf edən xətlə gedir: ""Qanun" və "Əli və Nino" nəşriyyatları, eyni zamanda "Altun kitab" nəşriyyatı bunun üçün çalışır... Bazar dünya standartlarına uyğun olmasa da son aylarda böyük bir dirçəliş, nəzərə çarpan inkişaf var. Bunun üçün könüllü çalışanlara, şəxsi təşəbbüs ortalığa qoyanlara təşəkkür düşür. Kitab satışı qaydasına düşmək üçün ümumi iqtisadi vəziyyət yaxşı olmalıdır. Bu gün Azərbaycanda insanların yaşayış vəiyyəti çox çətindir. Ona görə də ilk növbədə sosial problemlər çözülməlidir. Sonra kitab satışı haqqında düşünülməlidir. Dövlət bu sahəyə mütləq qayğı göstərməlidir."

"Kitab Klubu"nun meneceri Elçin Hüseynov deyir ki, "biz 8 ilimizi bu işə sərf etmişik və bu yolda saç ağartmışıq: "Kitab satışı vergidən azad olmayana qədər, 9 kanalımızın 9-u da kitabdan danışmayana qədər, ildə ən azı 2 dəfə ümumrespublika sərgiləri keçirilməyənə qədər, ondan da yaxşısı isə orta məktəbdən yeniyetmələrdə kitaba maraq yaratmayana qədər xeyri yoxdur. Hansını deyək... Nə isə!"

 

 

Oktay Hacımusalı

 

Xalq cəbhəsi.- 2011.- 22 iyun.- S. 11.