Fəxrəddin Əlinin miniatürlərindən ibarət sərgi

 

 Miniatürlərin çoxu Şəhriyarın əsərlərinə çəkilib

 

İyunun 20-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Fəxrəddin Əlinin miniatürlərindən ibarət fərdi sərgi açılıb. Tədbirdə Azərbaycanın tanınmış aydınları - rəssamlar, yazıçılar, şairlər, elm adamları, Fəxrəddin Əlinin pərəstişkarları iştirak ediblər. Tədbiri giriş sözüylə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açıb, Fəxrəddin Əlinin özünəməxsus yaradıcılığından danışıb. Dünyaca ünlü cərrah, araşdırmaçı, professor Cavad Heyət, şair Abbas Abdulla, xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov, Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı, şair Musa Ələkbərli və başqaları müəllif haqqında düşüncələrini bölüşüblər. Fəxrəddin Əli çıxışçılara, iştirakçılara sayğılarını bildirib.

Sərgi iştirakçılarından İşıqlı Atalı rəssamın yaradıcılığı haqqında bunları deyib: "Adətən rəssamlıqda mənanı vermək hədsiz çətindir. Bu, miniatür janrında daha çətin, hər rəssamın bacarmadığı bir işdir. Miniatürdə insanın duyğuları sənətin ilahi tələbi, təbiətlə, dünyayla ruhani-insani birliyi səviyyəsində açılır. Fəxrəddin Əlinin xoşbəxtliyi ondadır ki, insanı bir sənətkar olaraq anlaya, duyduğunu nağıl diliylə çatdıra bilir. Miniatürdə əslində bir nağılçılıq yaşayır. Nağılçılıqda xəyal var, xülya yoxdur. Xəyalçılıqda isə inam var, ümidsizlik yoxdur. Fəxrəddin Əlinin əsərlərində nikbin ifadəçilik var. Azərbaycan rəssamlığında Şəhriyarı miniatürdə ifadə etmək Fəxrəddin Əlidən başlayır. O, məşhur "Heydərbabaya salam"ı miniatürdə çəkməklə sanki onu yenidən yaradıb. O, Azərbaycan mədəniyyətinə, xalqın ruhuna sıx bağlıdır. Hər şeydən öncə onda milli təəssübkeşlik bəşəriliyin təsdiqi səviyyəsində güclüdür. Bu, onun rəssamlığından başlıca yön kimi keçir. Şübhəsiz, o, bundan sonra da qədimliklə sabahın birliyi ruhunda, yönündə yeni-yeni əsərlər yaradacaq, xəlqiliyin mahiyyətini ifadə edən yaradıcılığını davam etdirəcək".

Miniatür sənətimizin qədim və zəngin inkişaf tarixi var. Çağdaş dövrdə bu gərəkli sənətin daha geniş və yaradacı səviyyədə inkişaf etdirilməsinə ehtiyac yaranıb. Miniatür sənətində xalqımızın qədim, ilkin, həm də yetkin düşüncə tərzinin rəssamlığın tamamilə bənzərsiz biçimində, haradasa, nağılvari, rəmziliklərlə zəngin təsvirinin şahidi oluruq. İnsanın həmişə nağıllaşdırmaya ehtiyacı var. Burada xəyallı təsvirlər həqiqətdən ayrılmır. Məhz miniatür sənətində bu mənada rast gəlinən çoxçeşidli təsvirçiliyin indi daha da inkişaf etdirilmiş səviyyədə, qədimliyi inkar etmədən yaşatmasına gərək var.

Xalq rəssamı Arif Hüseynov: "Ümumiyyətlə, rəssamlıqda tarixi mövzuda əsərlərin yaradılması ənənəsi qədimdir və çox gərəklidir. Sənət daim əlvanlığı sevir. Rəssamlıqda ayrıca bir özünəməxsus xətt olan miniatür sənəti tarixən zəngin ənənələrə malik olub, bu gün də onun yeni-yeni inkişaf yönləri yaranmaqdadır. 20-ci yüzilin 30-cu illərinə kimi Qəzənfər Xalıqov, Salam Salamzadə kimi rəssamlar miniatür sahəsində əsərlər yaratmışdılar. Ancaq 30-cu illərin ikinci yarısından sonra sosializm realizminin qabarması, bu mövzuda əsərlərin yaradılması üçün hətta inzibati metodlardan istifadə edildi. 37-ci il buna gözəl sübutdur. Uzun müddət bu sahədə xüsusi əsərlər yaradılmadı. Amma son illərdə Azərbaycanda miniatür sahəsində inkişaf var. Hazırda Azərbaycanda muğam sənəti, eləcə də xalçaçılığın inkişafına dövlət səviyyəsində təkan var. Etnos mədəniyyətimizin inkişafında miniatür sənətinin yüksəlişi məsələsi də ciddi şəkildə nəzərə alınmalıdır. Hazırda miniatür sahəsində Rafiz İsmayılov, Altay Hacıyev, Hüsrət Hacıyev, Orxan Hüseynov ciddi çalışırlar. Bu sırada Fəxrəddin Əlinin ayrıca yeri var".

Tədbirdə "Şəhriyarın əsərlərinə çəkilən miniatürlər" kitabı da təqdim olunub. 90-a yaxın miniatürün yer aldığı kitab nəfis tərtibatla çıxıb. Habelə kitabda şairin əsərləri də yer alıb. Qeyd edək ki, Şəhriyar şeirlərini Azərbaycan və fars dillərində yazıb. 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. 1921-ci ildə Tehrana gələn Şəhriyar Dar-əl-Fənun məktəbində orta təhsilini tamamlayıb. Sonra isə ali təhsilini Tehran Universitetinin tibb fakültəsində davam etdirib. İlk şeirlər toplusunu 1929-cu ildə çap etdirib. Keçən yüzilin 50-ci illərinin birinci yarısında yazdığı "Heydərbabaya salam" şeirlər toplusu isə sovet Azərbaycanında böyük maraq oyadıb. 18 sentyabr 1988-ci ildə vəfat edib.

Fəxrəddin Əlinin bir rəssam olaraq uğuru onun miniatür janrında çoxsaylı, özünəməxsus əsərlər yaratmasındadır. Xüsusilə rəssamın böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın əsərlərinə, həmçinin məşhur "Heydər babaya salam" poemasına çəkdiyi çoxsaylı miniatürləri diqqəti cəlb edir. 1979-cu ildə "Yazıçı" nəşriyyatı tərəfindən buraxılmış "Aman, ayrılıq" adlı şerlər və poemadan ibarət kitab oxucular arasında böyük rəğbət doğurdu. Şəhriyarın nisgilli, milli ruhu ifadə edən əsərləri Fəxrəddin Əlinin gözəl və məzmunlu miniatürlərilə müşayiət olunurdu.

Rəssamın yaradıcılığında Güney Azərbaycan mövzusu xüsusi yer tutur. O, deyir: "Dərdlərimiz böyükdür. Əsrlərlə çəkdiyimiz acı-ağrı nəinki azalmadı, əksinə, artdı. Belə çıxır ki, hələ bundan sonra neçə-neçə nəsillər parçalanmış yurdumuzun nisgilini ürəklərində yaşadacaqlar. Şəhriyara olan vurğunluğum uşaqlıqdan bəri ürəyimdə qövr eləyən nisgilimdəndir. Uşaqlıqdan bitib-tükənməyən Güney həsrəti üstə köklənmişəm".

"Şəhriyarın bura gəlməsinə qəti şəkildə imkan vermədilər"-deyən F.Əli onunla dörd dəfə telefonla danışdığını xatırlayır: "Axırıncı dəfə telefonla əlaqə yaratmağıma qəti şəkildə imkan vermədilər. Zəng etdim, dedilər ki, bu nömrədə belə bir adam yaşamır. Dəfələrlə israr etdim ki, siz nömrəni yığın, nə bilirsiniz yaşamır. Sonra ağlıma gəldi ki, Şəhriyarın dəfələrlə beləcə danışması ola bilsin, İran tərəfini ehtiyatlı hərəkət etməyə vadar edib. Şəhriyar söhbət zamanı şikayətlənirdi ki, burada qədir-qiymətim yoxdur. Şəhriyar vəfat edərkən dəfninə getmək istəyim oldu. Dəfələrlə əlaqədar təşkilatlara Şəhriyarın dəfninə getmək məqsədilə icazə üçün müraciət etdim. Böyük bir inadla viza üçün çalışdım, zəhmətim boşa getdi. Beqdeliyə müraciət etdim, o da kömək edə bilmədi. Heyf ki, Şəhriyarın sağlığında Təbrizə getmək istəyim ürəyimdə qaldı. Ancaq sonradan Şəhriyarın yubileylərində iki dəfə ora getmişəm. Təbrizə getdim, hər iki dəfədə soydaşlarımız tərəfindən böyük bir sayğı ilə qarşılanmışam. Güney Azərbaycana olan böyük sevgimdə, həmçinin xüsusilə də Şəhriyarın əsərlərinə çəkdiyim miniatürlərdən orada yaşayan soydaşlarımız məni yaxşı tanıyır və həmişə xatırlayırlar. Bu sevgi mənim üçün hər şeydir".

Sərgi bir neçə gün davam edəcək. 

 

 

Uğur

 

Xalq cəbhəsi.- 2011.- 22 iyun.- S. 13.