Yurd dərdi
Nə müddətdi yalçın
qayalar telli sazın səsinə möhtac qalıb...
Nə çoxdu bu qoca dünyanın
dərdi-möhnəti. "Dərd gələndə batmannan
gələr, çıxanda misqal-misqal çıxar" -
deyib babalarımız. Dünyada çox dərdlər
unudular, çox yaralar qaysaq bağlayar, təkcə bircəciyindən
başqa.
O da yurd dərdi, ocaq möhnətidi.
İnsan ömrünün əzabı da çox olar,
qayğısı da, onlarınsa tez unudulanı, gec yaddan
çıxanı var. Təkcə torpaq itkisindən qeyri. Nə
qədər ki, qeyrətli vətən övladının
canında can varsa, onun gözü göynüyər,
yarası sızlar.
Yaman ağırdı yurd yerinin
qarı düşmən caynağına əsir düşməsi.
O
vaxtdan neçə il keçir. Yurd nisgilli bir elin hər
günü min möhnətə dönən illər. O vaxtdan
Göyçə bayram eləmir. Nə müddətdi
yalçın qayalar telli sazın səsinə möhtac
qalıb. Nə zamandı "Yarpızlı"nın,
"Cinni dərə"nin, "Daşlı güney"in,
"Qumlu"nun, "Yelli"nin ətəyində nə
sürülər mələşir, nə köhlənlər
kişnəşir. Eli öz Göyçəsindən,
Göyçə öz doğma təbiətindən ayrı
düşüb. Belə dönüb Göyçə
itkisinin çəkilməz dərdi bir elin sinə göynərtisinə.
Neçə-neçə ərlərin, neçə Vətən
təəssübkeşlərinin, neçə saz-söz
ustadlarının, şeir-sənət xiridarlarının
ürək ağrısına dönüb çoxdandı
Göyçəmiz.
Didərgin
düşəli yurddan-yuvadan,
Nəğməmi
dodaqda qoyub gəlmişəm.
Ana
məhəbbətli neçə şeirimi,
Yarımçıq
varaqda qoyub gəlmişəm.
Nə
müddətdi Göyçəmizin həsrətini çəkənlərin
baxışları beləcə yol çəkir. Uzaqdan
görünən qəlbi dağların zirvələrinə
sarı boylana-boylana özlərinin yurd-yuva nisgillərini
söz qatarıynan oxuya-oxuya izhar edirlər öz ürək
yanğılarında...
Vaxt
vardı al yaşıl qoynuna min bir ilməli xalılar sərib
doğmalarına məclis qurardı Göyçə. Telli
sazın ecazkar havasına oyanan xınalı kəkliklər el
aşıqlarının səsinə səs verərdi. Bənövşələr
dastanlaşar, lalələr nağıllaşardı.
Özündən piyaləli bulaqların lilpar
dolçaları əldən-ələ gəzdikcə ürəkləri
tərpədər, nasazların dərdinə dərman eləyərdi.
Belə qarışardı baharın gözəlliyi ulu
Göyçənin mənəvi dünyasına. Nə
müddətdi doğma ocaqlar qaralıb o yerlərdə...
Ermənilər
öz mənfur siyasətlərini bir neçə istiqamətdə
həyata keçirirdilər. Min bir əziyyətlə orta məktəbi
bitirib Azərbaycanın ali məktəblərində təhsil
alanlarımız geri dönəndə özlərinə
iş ala bilmirdilər. Onlar nəinki indiki Ermənistana, hətta
halalca torpağımız olan Yuxarı Qarabağa göndəriləndə
də qəsdən geri qaytarılır, əvəzində
İrəvan tərəfdən Xankəndinə, Ağdərəyə
və başqa yerlərə axın-axın göndərilən
erməni kadrlarına xüsusi qayğı göstərilir,
şərait yaradılırdı. Beləliklə, millətə
ikitərəfli ziyan dəyirdi. Bir yandan Ermənistan deyilən
yerdən azərbaycanlı balaları istər-istəməz
özlərinə iş axtarmaq üçün halal
ocaqlarından didərgin düşür, bu tərəfdən
də doğma Qarabağa yadların axını
çoxalırdı. İstər özlərinin, istərsə
də Rusiyanın mətbuat orqanlarında milli mədəniyyətimizə
olmazın böhtanlar yağdırırdılar. Bəstəkarlarımızın,
şairlərimizin, o cümlədən də qədim
dastanlarımızın haqqında yalanlar uydurulur, əks-təbliğat
aparılırdı. Xalqımızın qəhrəmanlıq
epopeyası olan "Koroğlu" dastanıyla bağlı
yalanlar, böhtanlar söylənilirdi. İş o yerə
qalırdı ki, onların üzdəniraq alimləri
aşıq sənətinin qədim tarixini də öz
adlarına bağlamaq istəyirdilər. Bütün bunlara
filologiya elmləri doktoru, mərhum professor Yaşar Qarayev kimi
alimlərimiz ara-sıra cavablar versələr də, imperiya,
dövlət səviyyəsində tədbir görülmürdü.
Mədəniyyətimizin ünvanına söylənən bu
şərin, böhtanın qabağının istənilən
səviyyədə alınmamasının axır mərhələsi
erməni faşizminin bariz nümayəndəsi Zori
Balayanın bədnam "Ocaq" kitabının kütləvi
nəşrinə gətirib çıxardı. Təkcə
azərbaycanlıları yox, bütün türk
dünyasını təhqir edən bu kitabın heç
olmasa yayımının qarşısı alınmadı. Əslində
isə müəllif bu əməlinə görə cinayətə
cəlb edilməliydi.
Artıq
60-70-ci illərdən sonra qədim oğuz torpaqlarında azərbaycanlıların
toplu şəkildə yaşadığı yer kimi yalnız
Göyçə mahalı qalmışdı. Bütün
bunları görə-görə gəlmişdi bu qədim
diyar. Görür və təkcə seyr etmirdi. Bütün məhrumiyyətlərə
sinə gərir, həm də bu ədalətsizliklərə
qarşı mübarizə aparırdı. Ancaq düşmən
öz işindəydi. Adamlar
sıxışdırılır,
gözümçıxdıya salınır, hədələnirdilər.
Süni surətdə ərzaq qıtlığı
yaradır, soydaşlarımızı günbəgün ən
adi şəraitdən belə məhrum edirdilər.
Göyçə
mahalı həmişə özünün
sazlı-sözlü aləmiylə fəxr edib, ustad
aşıqlarıynan öyünüb. 60-cı illərin
sonlarında artıq oğuz eli başdan-başa Ermənistanlaşmış,
adı dəyişdirilməyən bircə rayon
qalmışdı. Bu, Göyçə mahalının son
nöqtəsi olan Basarkeçər idi. Elə həmin
vaxtlarda mahalın azərbaycanlı əhalisi tezliklə
rayonun adının dəyişdiriləcəyini duyan kimi
Moskvaya, imperiya təşkilatlarına teleqramlar göndərib
bu tarixi ədalətsizliyin qarşısının
alınmasını tələb etdilər. Buna da məhəl
qoyulmadığını görəndə kənddə-kəsəkdə
yol pulu yığıb, mahalın rus dili bilənlərindən
bir neçə nəfərini Moskvaya göndərdilər. Fəqət
imperiyanın kəshakəs vaxtında yenə Göyçə
türklərinin haqlı tələbinə məhəl
qoyulmadı. Qədim Basarkeçər rayonunun adı dəyişdirilib
"Vardenis" qoyuldu. Eyni zamanda İrəvanın rəsmi
dairələrində "Göyçə" termininin
qadağan olunması barədə xüsusi gizli göstərişlər
verildi.
Ancaq
yaşadı Göyçə. Özünün mərdliyi, dəyanəti,
mübarizliyi, sazlı-sözlü hərarətiynən
yaşadı. Bəli, dözdü ulu Göyçə illərlə
bu məhrumiyyətə. Gözləri yollarda qala-qala, güvəndiyi
dağlara qar yağa-yağa dözdü. Umduğu yerdən
küsəndə də özünü o yerə qoymadı...
1987-88-ci
illərin ilk günlərindən Göyçə mahalı
Qafqazda doğma Qarabağın səsinə ilkin səs verdi.
Dinc nümayişlər, mitinqlər təşkil edildi.
"Möhkəm ol, Qarabağ, biz səninləyik",
"Qarabağ Azərbaycanın gözüdür",
"Göyçə mahalına muxtariyyət" kimi
şüarlarla, məntiqi çıxışlarla meydanlara
çıxdılar. Di gəl, belə vaxtlarda da ulu
Göyçənin səsinə səs verən olmadı.
"Heç igid yalqız olmasın" - deyib
babalarımız. Göyçə mahalı da o dar günlərdə
beləcə yalqız qaldı. Şair demişkən:
"Arxalı atını çapdı bostana, arxasız
danışıb günah eylədi"...
Beləliklə,
1988-ci ilin oktyabrında İrəvan sərnəsinin son
dayağı olan qədim Göyçə mahalı da
düşmən tapdağına düşdü.
Hələ
vaxtilə Xəstə Bayraməli Mir Cəfər
Bağırova göndərdiyi məktubunda yazırdı:
"Halal torpağımız əldən çıxır, qədim
adlarımız dəyişdirilib üstünə qondarma adlar
qoyulur. Belə getsə, bu yerlərə balalarımız həsrət
qalacaq. Atalar deyib ki, ziyanın yarısından qayıtmaq da
bir işdi. Heç olmasa bundan belə buralardan bizim
camaatın kütləvi şəkildə
köçürülməsinin qarşısını almaq gərəkdir.
Yada salmaq lazımdır ki, Göyçə mahalı əldən
gedərsə, Kəlbəcər, Gədəbəy, ordan da
Qarabağın sağ qapısı düşmən qorxusuna
düşər... Nə qədər ki vaxt keçməyib,
bu haqda bizim camaata kömək etməyimizi təvəqqe eləyirəm".
Hərarətlə yazılan bu məktuba cavab
qayıtmışdı. Ancaq... "Biz özgə
respublikanın işinə qarışa bilmərik". Belə
tamamlanmışdı sonu o cavab məktubunun... Bax, budur
özgə respublikanın işinə
qarışmamağın nəticəsi...
Maşallah
Xudubəyli
Xalq cəbhəsi.- 2011.- 23 iyun.- S. 14.