Azsaylı xalqlar: hapıtlar
Onlar xarakter, psixologiya, məişət baxımından
türk ruhuna çox yaxındırlar
Hapıtların inanclarında
göy tanrıçılıq
inamı indi də yaşamaqdadır
İsmayıllı rayonunda Azərbaycan türkləri ilə yanaşı digər xalqların və etnik qrupların nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrindən hapıtlar haqqında müəyyən təsəvvürlər var. Bu yazıda həmin təsəvvürü bir az da genişləndirməyə çalışacağıq. Araşdırmaçı, yazıçı-publisist Xeyrulla Ağayev əslən İsmayıllı rayonunun Hacəhətəmli kəndindəndir. O, bu yöndə danışaraq bildirir ki,
Azərbaycan tarixinin böyük bir dövrünü əhatə edən Qafqaz Albaniyasını təşkil edən əhalinin, etnosun bu günə gəlib çatan adlarından biri də hapıtlardır: "Tarixdən məlumdur ki, Albaniyada 26 tayfa yaşayıb. Tarixi tədqiqatlarda görə, hapıtlar herlərlə bağlıdır. Alban tarixi kifayət qədər, obyektiv araşdırılmadığından bu gün hapıtların haradasa başqa prizmadan təqdimi müşahidə olunur". X.Ağayev
Kürün şimal sahilində - Ağdaşın, Qəbələnin, Oğuzun, Zərdabın, Şəkinin müəyyən kəndlərində vaxtilə hapıt dilində danışanların olduğunu bildirir: "İndi tək-tük danışanlar bu dili xatırlayırlar. Ancaq hapıtların kompakt halda yaşadıqları yerlərdə - İsmayıllının və Qubanın bir neçə kəndlərində bu dil daha yaxşı yaşadılır. İsmayıllının Hacıhətəmli və Mollaisaqlı kəndlərində aparılan arxeoloji qazıntılar zamanı 2-3 min il yaşı olan qəbirlər aşkar edilib. Bu faktlər əsasında müəyyən qənaətlərə gəlmək olar. Sözügedən məsələ barəsində arxeoloq-tarixçilərimiz qənaətlərini söyləyiblər".
Arxeoloq Fazil Osmanov bu iki kənd, habelə Həftəran vadisi boyunca aparılan arxeoloji qazıntılarla bağlı qənaətlərini ortaya qoyub. Sonradan Qafar Cəbiyev bu mövzunu tədqiq edib, Qiyasəddin Qeybullayev arxeoloji araşdırmalarla bağlı fikirlərini bildirib. X.Ağayev bu fikirdədir ki, hapıtlar xarakter, psixologiya, məişət baxımından türk ruhuna çox yaxındırlar. Bu, özünü vətənpərvərlik, mübarizlik məsələsində daha çox göstərir: "Xalq hərəkatı, Qarabağ savaşı zamanı bu kəndlər fədakarlıqları ilə seçiliblər. Bu gün hapıtları türkə yaxınlaşdıran ilk növbədə xarakterdir. Camaatın inanclarında göy tanrıçılıq inamı indi də yaşamaqdadır. Dil sarıdan da müəyyən uyğunluqlar, oxşar sözlər nəzərə çarpmaqdadır. Məsələn, Türkiyə türklərində sənədə "kahat" deyirlər, bizdə də bu (eynən (sənəd) anlamındadır. Bizdə Allaha qoq deyirlər. Qoq "yüksəklik", "göy" mənasındadır. Yüksəkliyə də "qoq ki qağa" deyirik, yəni "Allahın yüksəkliyi".
Qafqaz Albaniyası ilə bağlı araşdırmaların istənilən nəticəyə gəlmək imkanı vermədiyini qeyd edən X.Ağayev bildirir ki, bu gün dünyada Qafqaz Albaniyasını hətta ermənilərlə bağlamaq cəhdləri də var. Ancaq bu iddiaların heç birinin əsası yoxdur: "Həmişə bizim kəndlərin əhalisində türklüyə, Türkiyəyə güclü meyl olub. Bizim camaat həmişə deyir ki, türklər bizi xilas etməyə gəlmişdilər. Bu gün İsmayıllıda Türkiyə türklərinin Azərbaycanı 1918-ci ildə xilas etməsinə həsr olunmuş abidə mövcuddur. Kəndimiz Hacıhətəmli 1918-i ildə ermənilər tərəfindən qırıla, tamamilə məhv edilə bilərdi. Molla Qurbanın Dadaş adlı bir erməni nökəri olub. Bu, mal-qara otarırmış. Ermənidən çıxmayan iş, türkün verdiyi çörək görünür, ürəyini yumşaldıb, camaata xəbər verib ki, ermənilər gecəynən kəndi basacaq, sizi də məhv edəcəklər. Kəndin camaatı təpədən-dırnağa kimi silahlanmış erməninin qabağında nə edə bilərdi? Məcbur olublar, Göyçay istiqamətində kəndi tərk ediblər. Ermənilər kəndə hücum edir, olan-olmazı soyub aparır, apara bilmədiklərini də yandırırlar. Ermənilər bizim kənddən 1918-ci ilin iyulunda qovulub. Qafqaz İslam Ordusunun əsgərləri bu ərazilərdə gedən döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. Bir türk zabiti, iki əsgər qəhrəmancasına həlak olub. Kəndin mollası Həmid Ağayev həmin türk qəhrəmanların qəbirlərini o çətin zamanlarda qoruyub, saxlayıb. Baxmayaraq ki, ətrafda ermənilər yaşayırdı. Ruslar o qəbirlərə insanların diqqəti azalsın deyə, xeyli kənardan yol çəkmişdilər. Hətta qəbir daşını da oğurlayıblar. 1967-ci ildə Süleyman Dəmirəl Türkiyənin baş naziri kimi SSRİ-yə gələrkən iki dövlət arasında - Kosıginlə Dəmirəl arasında anlaşma olur ki, Azərbaycandakı türk qəbirlərinə toxunulmasın. Dəmirəlin adından kəndimizdəki qəbirləri qoruyan həmin şəxsə viza da verilib. Molla milis işləyən oğullarına görə Türkiyəyə getməkdən vaz keçib ki, barəsində başqa cür fikirləşərlər". Hapıtların Azərbaycan mədəniyyyətindən bəhrələndiyini deyən Xeyrulla Ağayev varlığını Azərbaycan-türk mədəniyyətində tapdığını deyir: "Xarakter sarıdan türk mədəniyyəti ilə qaynayıb-qarışmışıq. Dilimizdə "iməclik" sözü var. Bir vaxtlar indiki Sankt-Peterburqda bir akademikin Albaniyaya aid çıxmış kitabda oxudum ki, "iməclik" sözü alban dilində "pulsuz kömək" deməkdir. Kür çayının adı alban dilində "çay" deməkdir. Bizdə indi də görməzsən ki, kimsə kiməsə pulla iş görsün. Kimsə ev tikəndə deyirlər ki, filankəs iməci (yəni iməcliyə) çağırır. Bizlərdə indi də alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı hallallıq bizdə də yaşayır".
Hapıt dilinin yazılı xüsusiyyətinin olmamasına gəlincə, Xeyrulla Ağayev deyir: "Dünyada 3 min dil var, onun cəmi 200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən ibarət alban əlifbası olub. Təəssüf ki, hələ də alban əlifbasını oxuya bilən mütəxəssis yoxdur. Mingəçevirdə su elektrik stansiyası tikilərkən ilk dəfə bütün hərflərin olduğu mətn üzə çıxdı. Kəndimizdə məktəb tikilərkən belə bir abidə tapılıb, Mingəçevirdə tapılan abidədən 700-800 il qədimdir. Bu gün gürcülərin və ermənilərin istifadə etdikləri qrafik işarələrin çoxu alban əlifbasından götürülüb". X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm".
Bu gün hapıtlar dillərini öz aralarında məişət səviyyəsində qoruyub yaşadırlar: "Mənim yanımda danışan hapıtın Mollaisaqlı və ya Hacıhətəlidən olduğunu ayıra bilirəm. Bizim dildə ədəbiyyat yaradılmayıb. Hapıtların ayrıca folklor ansamblı var, 2 ildir yaradılıb. Elmi-ədəbi dildə danışanda istər-istəməz əksərən Azərbaycan türkcəsinə müraciət etməli oluruq". X.Ağayev bu gün də hapıtlara xas folkloru toplamaqla məşğuldur: "Lətifələri, başqa janrlardakı folklor materiallarını toplamışıq, bunların müəyyən hissəsini çap etmişik. Bu işi yenə də davam etdirəcəyik".
Hapıt dilində qadın, kişi cinsləri, üstəgəl canlı, cansız cinslər də var. X.Ağayevin dediyinə görə, hapıt dili fransız alimi tərəfindən araşdırılıb: "5-6 il həmin fransız alimi gəlib hapıtların dilini araşdırıb, burada bir neçə ay qalıb, sonra da doktorluq dissertasiyası müdafiə edib".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 29 iyun.- S.14.