Dini və milli tolerantlıq naminə

 

 "Xalq Cəbhəsi" qəzeti millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişafına öz töhfəsini verir

 

I Yazı

 

"Xalq Cəbhəsi" qəzetinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Dini və milli tolerantlıq, millətlərarası dialoqun və inteqrasiya prosesinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində 6 aylıq işini yekunlaşdırır. Bu aylar ərzində nəyə nail olduq? Bütün yazdıqlarımızı, apardığımız araşdırmaları, mütəxəssislərin çıxışlarını, söhbətlərinı qısa şəkildə ümumiləşdirmək çox çətin olsa da, oxucularımıza gördüyümüz işlərlə bağlı müəyyən məlumat verməyi özümüzə borc bilirik. İlk olaraq vurğulamaq istəyirəm ki, "dinin həyat mübarizəsində əlavə qüvvə mənbəyi" olduğunu, eyni zamanda dinin milli tolerantlıq və millətlərası dialoqun, inteqrasiya prosesinin lokomotivi olduğunu düşünürük. Buna görə də ilk növbədə din haqqında teoloji və dinşünaslıq nəzəriyyələrə müraciət etdik, fəlsəfi düşüncələrlə bağlı nəzəriyyələri publisistik dildə qəzet səhifələrimizə çıxardıq. "Dini həyatın başına dolandığı mərkəz insanın şəxsi qayğıları, fəaliyyətidir". Kainatın təsadüfləri qarşısında özünü təhlükəsiz və ümidli hiss etməsi üçün din insana lazımdır. Din həyat mübarizəsində əlavə qüvvə mənbəyidir. Allaha inam ona görə lazımdır ki, dünyada mövcud olan zalımlıq və əziyyətlər, bədbəxtliklər ən çıxılmaz vəziyyətlərdə belə İnsanın özü qarşısında öhdəliklərini yerinə yetirməyə mane olmasın. Yəni, harada ki, Tanrı var, orada faciə müvəqqəti və məhduddur. Allaha inam insana kömək edir ki, şəxsi səylərilə öz taleyini yaxşı qursun. Bbir yerdə cəmləşmiş bütün dini təcrübənin insan həyatı üçün mühüm əhəmiyyəti var. Ona görə də dini real obyekt saymaq olar. Din insan üçün həqiqidir, insan üçün vacibdir.

Həmişə dini və milli tolerantlığımızla fəxr edirik. Azərbaycanın milli və dini tolerantlığı mahiyyətcə dünyanın başqa ölkələrinin tolerantlığından fərqlənir. Azərbaycan tolerantlığı təbiidir, bu tolerantlıq minillər ərzində formalaşıb, özünəməxsusluqlar qazanıb. Düzü, iki min il, min il əvvəl tolerantlığın adının necə olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, Azərbaycan xalqı etnik mənsubiyyətindən asılı olmayaraq, düşmənə qarşı birgə mübarizə aparıb, elə birgə dəhşətli hücumları dəf etməyə çalışıblar. Axı "El ilə gələn dərd toy-bayramdır". Əgər bu gün Azərbaycanda müxtəlif dinli, müxtəlif dilli, müxtəlif köklü çoxsaylı, azsaylı xalqların yaşamasından danışırıqsa, deməli, bu Vətənin övladları müasir dillə desək, daim tolerant olublar. Bu haqda uzun-uzadı müzakirələr aparmaq mümkündür.

Tarix elmləri namizədi, "Şimali-Qərbi Azərbaycan: İngiloylar" kitabının müəllifi Şirinbəy Əliyev bildirib ki, ingiloylar Qafqaz Albaniyasında yaşamış ən qədim etnoslardan biridir. İngiloyları konfessional, yəni dinini dəyişmiş əhali qrupu kimi təqdim edən tədqiqatçılar onları öz milli, etnik kökündən kənar salmaq, gürcüdən törəyən və islamı qəbul etmiş etnik qrup kimi qələmə verməklə əslində onların yaşadıqları tarixi torpaqlara iddialarını əsaslandırmaq məqsədi güdüblər. İngiloyların maddi və mənəvi mədəniyyətinə baxanda onun gürcülərdən tamamilə fərqləndiyini görmək olar. Ailə məişətində, geyimlərində, təsərrüfat fəaliyyətində, tikililərində bu fərqi görmək mümkündür. Matəmdə ağı deyən ingiloy qadını bunu gürcü dilində deyil, Azərbaycan türkcəsində deyir. Gürcülərdən fərqli olaraq ingiloylarda aşıq sənəti yaxşı inkişaf edib.

Azəri-Tat Mədəniyyət Mərkəzinin sədri, professor Maqsud Hacıyev deyib ki, torpağın, bu vətənin başqa xalqlarının nümayəndələri kimi, tatların da ədəbi-yazı dili Azərbaycan türk dili, ya da fars dili sayılır. Türk azərbaycanlı da, bu ölkənin talışı da, tatı da, kürdü də, ləzgisi də, xınalıqlısı da, udini də... azərbaycanlıdır, hamısı bu vətənin bərabər hüquqlu vətəndaşlarıdır, bir ananın övladlarıdır.

"Tatca-Azərbaycanca lüğət" kitabının müəllifi Ağacamal Soltanov isə bildirib ki, tatların dili istisna olmaqla digər sahələrdə Azərbaycan türkləri ilə bərabər inkişaf prosesi keçiblər: "Tatlara münasibətdə mən heç bir fərq görmürəm. Mədəniyyəti də, incəsənəti də müştərək şəkildə inkişaf etdirilib. Bunları ayırmaq mümkün deyil. Azərbaycanda heç vaxt tatlara münasibətdə ayrıseçkiliyə yol verilməyib".

Bəs, müasir dövrdə tolerantlığı necə yaratmaq, əldə etmək, mənimsəmək olar? Fikrimizcə, ən birincisi, dinlə bağlı təhsildir. Dini təhsilin formaları barədə isə birmənalı fikirlər yoxdur. Bəziləri iddia edirlər ki, bu islam dininin əsaslarını öyrədən din təhsili olmalıdır. Hətta bəzi ölkələrin "islam inqilabı ixrac etmək" planlarının icraçıları olanlar dini kursların yaradılmasını, orta məktəblərdə din dərsinin keçirilməsini "məsləhət görürlər". Müxtəlif dinlərin dinc yanaşı yaşadığı ölkədə orta məktəbdə din təhsilinin verilməsi heç bir dünyəvi dövlət qanunlarına sığmır. Cəmiyyətin müəyyən hissəsi isə ilahiyyat dərslərinin deyil, dinşünaslıq və ya dinlər tarixinin tədrisini vacib sayırlar. Bizim fikrimcə isə, qloballaşan dünyada dinşünaslıq və ya dinlər tarixinin ali məktəblərdə tədris saatilarının artırılmasına ehtiyac vardır. Eyni zamanda xüsusilə televiziya və radio verilişləri təkcə ilahiyyat müstəvisində deyil, dinşünaslıq və ya dinlər tarixi müstəvisində hazırlanmalıdır. Qlobal dünyanın siyasətçisi, iqtisadçısı, biznesmeni, kompüter mütəxəssisi və s. sənəd sahibləri bütün dinləri birləşdirən və fərqləndirən məsələləri asanlıqla ayırd etməlidir. Maks Millerin məşhur sözləri də dinə aiddir: "Kim birini bilir, o heç birini bilmir". Ola bilsin ki, bu fikir bir qədər dəqiqləşdirilsin. Xristian, islam, yəhudi və s. dinlərin mahiyyətini ən yaxşı o şəxs başa düşə bilər ki, həmin şəxs başqa dinləri yaxşı bilir və başa düşür.

Tolerantlıq sivil toplumu formalaşdıran əsas amillərdən biri olmaqla yanaşı, birgə yaşayışın da təməlini təşkil edir. Bu dəyəri mədəniyyətlər, dinlər və cəmiyyətlərarası körpü kimi də qəbul etmək olar. Çünki insanlararası dialoq, qarşılıqlı hörmət elə tolerantlıqdan başlayır. Azərbaycanda əhalinin böyük hissəsi islam dininə mənsub olsa da, digər dinlərə də tolerant münasibət göstərilir. Bu cür tolerantlıq islam təfəkkürünün nəticəsi kimi qəbul edilsə də, dövlətin də münasibətini qeyd etmək lazımdır. Çünki qanunvericiliyimiz kimliyindən asılı olmayaraq hər bir vətəndaşın din və etiqad azadlığını təmin edir.

Azərbaycan Katolik Kilsəsinin başçısı-yepiskop səlahiyyəti olan ordinari, monsenyor Vladimir Fekete də düşünür ki, Marksist ideologiyanın qalıqlarından azad olmaq vacibdir. Çünki bu ideologiya dinin cəmiyyətdə, insanın həyatında həqiqi və pozitiv rolunu başa düşmür. Onun fikrincə, Ayrı-ayrı şəxslər, siyasi qruplar insanların dini hisslərilə oynayırlar, təxribatlar törədirlər, sonra da qlobal "sivilizasiyalar toqquşmasından" danışırlar.

İctimai və mənəvi faydalarıyla yanaşı, tolerantlıq dinlərarası dialoqu formalaşdıran əsas amillərdən biridir.

Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımovun sözlərinə görə, hansısa təriqətin təsiri altına düşmək dövlətçiliyimizə ziddir. Sağlam inanc isə insanlarda həm vətənpərvərlik hissini artırır, həm də dövlətə, Vətənə və xalqa sevgini aşılayır.

Bəşəriyyətin faciəsi olan 20 Yanvar azərbaycanlıların Vətən sevgisinin ən yüksək zirvəsi idi. Sovet şərinə qarşı azərbaycanlılarla yanaşı bütün millətlərin nümayəndələri dayanmışdılar. "20 Yanvar gecəsi "Salyanski kazarma"da ukraynalılar, çeçenlər, gürcülər azərbaycanlılarla birgə işğalçı orduya qarşı vuruşublar". 20 Yanvar günündə şəhid olan Besantina Vera Lvovna, Xaritonov Vladimir Aleksandroviç, Nikolayenko Alla Alekseyevna, Nişenko Andrey Alekseyeviç, Semyonov Aleksandr Vladimiroviç, Yefimov Boris Vasilyeviç, Yusupov Oleq Kərim oğlu, Meyeroviç Yan, Marxevka Aleksandr və başqaları öz həyatları ilə azərbaycanlılarla yanaşı, bəşəriyyət uğrunda canlarından keçiblər, bəlkə də tarixin ən böyük tolerantlığını-müxtəlif millətlərin azadlıq uğrunda birgə mübarizəsini göstəriblər.

Kazak Döyüşçüləri Cəmiyyətinin sədri Viktor Mereşkinin sözlərinə görə, hamımız Allahın qullarıyıq". Onun fikrincə, kazakların mənəvi qanunları Azərbaycan xalqının milli adət-ənənələrilə eynidir: "Azərbaycanı anamız kimi qorumağa borcluyuq".

Dinşünas Elçin Əsgərov deyib ki, ölkə Konstitusiyasının 48-ci maddəsi vətəndaşların vicdan azadlığını təmin edir: "Bundan əlavə, xüsusi olaraq "Dini etiqad azadlığı haqqında" qəbul olunmuş qanun da var. Bu qanun bütün dini icmaların və dindarların fəaliyyətini, dini ayinlərin icrasıyla bağlı prosesləri tənzimləyir.

Azərbaycanda bütün dini icmalara eyni hüquqların tanındığını söyləyən Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov bunu tolerantlığın göstəricisi kimi dəyərləndirib. Din fərqi olmadan hər kəsin dini etiqad azadlığı tanınır. Dini azadlıqdan danışarkən isə dövlət siyasəti, qanunvericilik, digər vətəndaşların hüquqları da gözlənilməlidir.

Avropa Yəhudilərinin Bakı dini icmasının ravini Meir Bruk vurğulayı ki, yəhudilər artıq uzun əsrlərdir Azərbaycanda yaşayır: "Azərbaycanda olanda bu cür tolerantlığı kifayət qədər dəyərləndirmirik, bizə elə gəlir ki, normal bir münasibətdir. Amma xaricə gedəndə görürük ki, orada belə bir münasibət yoxdur. Xaricdə çatışmazlıq olan tolerantlıq Azərbaycanda çox dəyərli bir qızıldır. Mən fəxr edirəm ki, belə bir ölkədə yaşayıram".

Krişna Şüuru dini icmasının üzvü Ramin Əliyev isə deyib ki, "Müsəlmanlarla dostluq münasibətimiz var: "İndiyədək fəaliyyətimizlə bağlı nə cəmiyyət, nə də dövlət tərəfindən heç bir çətinliklə üzləşməmişik. Sərbəst şəkildə ayinlərimizi və mərasimlərimizi həyata keçirə bilirik".

Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov deyib ki, bizim dinimizdə üç dəyər daha əsas götürülür: Allah, peyğəmbər və "Qurani-Kərim". Bu üç dəyərin hər birində biz tolerantlığı görürük.

Layihə çərçivəsində jurnalistlərimiz müxtəlif məscidlərə, kilsələrə, sinaqoqlara, krişnaçıların məbədlərinə və s. başqa dini məkanlara üz tutublar.

Təzəpir məscid kompleksində görülən işlər, Bakı İslam Universiteti, Qafqaz Müsəlmanları İdarəsi haqqında məlumat vermişik, reportaj hazırlamışıq. Məsciddəki namaz qılınması, orada aparılan müzakirələr haqqında oxucularımızı məlumatlandırmışıq. Axundun xütbənin qalan hissəsini tamamilə məzhəb ayrılığına işarə edən məsələlərə həsr etməsini təəssüflə qarşılamışdıq. Xütbənin mövzusuna etiraz əlaməti olaraq digər məzhəblərdən olan şəxslər cümə namazı qılmadan məsciddən getməsi, namaz qılanların axundun sözlərindən narazı qaldıqlarından yazmışdıq. Jurnalistimiz onun şahidi olmuşdu ki, dindarlar hər hansı məzhəb ayrı-seçkiliyinə deyil, vəhdətə, birliyə üstünlük verirlər.

Çünki müsahibimiz, "Təbliğ" İslam Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəylinin sözləriylə desək, "Hər şeydən öndə Vətən sevgisi gəlir". Onun fikrincə, Azərbaycanda dini və milli tolerantlıq özünü islamın carçısı elan edən dövlətlərlə müqayisə olunmaz dərəcədə yüksəkdir. Ölkəmizdə dini və milli zəmində mövcud olan dözümlülük, vicdan və söz azadlığı o qədər yüksək səviyyədədir ki, bəzən qara niyyətli qüvvələr bu şəraitdən "məharətlə" istifadə etməyə çalışırlar. Vahid məktəbli formasına keçidlə bağlı məlum qərardan sonra bəzi maraqlı dairələrin "Azərbaycanda hicab qadağan edilib" tipli səs-küyü ölkə sərhədlərini aşıb. Artıq qonşu İranın ayətullahları bir-birinin ardınca Azərbaycan dövləti əleyhinə çağırışlar edib, təxribatçı fikirlər səsləndirirlər. Seyid Camalın sözlərinə görə, əslində bu cür çağırışların özü İslama zidd əməldir: "Kimlərinsə başqa ölkədə oturub Azərbaycan əleyhinə çağırışlar səsləndirməsi, dövlətimizi təhdid etməsi heç islamın prinsiplərilə də uzlaşmır. Düşünürəm ki, hicabla bağlı bu həssas məsələdən bəzi ölkələrin burada fəaliyyət göstərən əlaltıları istifadə etməyə çalışırlar".

 

 

Bayram Alı

 

Xalq Cəbhəsi.- 2011.- 29 iyun.- S.11.