Sabahımıza gərəkli səs
yazıları
Yaqub Mədətov:
"Səs Yazıları arxivindəki materialların analoqu
yoxdur"
Milli Arxiv İdarəsinin
nəzdində fəaliyyət göstərən Səs
Yazıları arxivinin yaradılmasından 43 il ötür. Arxivin
direktoru Yaqub Mədətov bildirir ki, yarandığı vaxtdan
arxiv ölkəmizin ictimai, siyasi, mədəni həyatını
əks etdirən səs və video yazılarını
toplayıb saxlamaq kimi vacib bir işlə məşğuldur.
Arxiv bu müddətdə xeyi uğurlar əldə edib. Zəngin bir xəzinə yaradılıb. Arxivin fondlarında 50 mindən çox səs və 12 mindən çox video yazılar saxlanılır. Xalqın yaratdığı dəyərlər, mənəvi sərvətlər əvəzsizdir. Bunların daim qorunması, sabaha çatdırılması vacibdir. Çox zaman yaratdıqlarımıza yiyəlik duyğumuzun kifayət qədər olmamasından şikayətlənirik. Təsadüfi deyil ki, məhz bu və ya digər biganəliklərimizin səbəbindən başımıza xeyli fəlakətlər gəlib. Azərbaycanda arxiv işinin çağdaş dövrdə inkişafı milli-xəlqi sərvətlərimizin dövlət səviyyəsində ciddi qorunması deməkdir. Haqqında danışdığımız arxivin səs yazıları ötən yüzilin əvvəlindən bu günə kimi olan dövrü əhatə edir: "1940-cı illərə kimi buradakı səs yazıları yalnız qrammafon vallarında saxlanılırdısa, 1947-ci ildən sonra maqnitofon lentlərində səs yazıları meydana çıxdı. Maqnitofon lent yazılarının ömrü o qədər də uzun olmur. Kompüter və xüsusi cihazlarla həmin lent yazılarının SD disklərinə köçürülməsi ilk növbədə 1947-1960-cı illər arasındakı sıradan çıxmaqda olan lentlərin bərpası ilə bağlı oldu".
Arxiv Milli Arxiv İdarəsinin dəstəyi ilə müasir avadanlıqlarla təchiz edilib. Arxivdəki səslərin 40 faizə qədəri müasir texnika ilə təmizlənib kompüterin yaddaşına köçürülüb. Bu sıradan işlər hazırda da davam etdirilir: "Vacib işimiz arxivin fondlarında saxlanılan xüsusi əhəmiyyətli, qiymətli səs yazılarını lazer disklərə köçürüb saxlamaqdır. Adətən bu lentlər iki nüxsxədə - biri istifadə, digəri isə əsas fond üçün saxlanılır. Xeyli vaxtdır ki, videoyazıları da DVD disklərinə köçürməklə məşğuluq. Fondlarımızda qiymətli videosüjetlərin əksəriyyəti muğamlarımızla bağlıdır".
Arxivin əməkdaşları ötən dövrlərdə müxtəlif sahələrdə çalışan məşhur şəxslərlə görüşüb, onların söhbətlərini, xatirələrini lentin yaddaşına köçürüblər: "Azərbaycan musiqisinin zəgin soraqlarının müxtəlif xanəndələrin ifasında xeyli nümunələri saxlanılır. Tanınmış sənətkarlarımız - xənəndələrimiz, bəstəkarlarımız zaman-zaman özlərinə məxsus səs yazılarını, video-fono sənədlərini arxivə veriblər. Əgər səs yazılarını mümkün qədər müasir vasitələrə tez köçürsək, o zaman bir az nəfəs ala bilərik ki, artıq xalqımızın mənəvi sərvətinin müafizəsini tam təmin etmişik".
Şübhəsiz, müəyyən dövrdən sonra səsyazma sahəsində daha mütərəqqi üsullar meydana çıxacaq. Yaqub müəllim əmindir ki, bütün hallarda Azərbaycan yeni texniki üsullardan vaxtında bəhrələnəcək: "Onu da deyim ki, müxtəlif sahələrdə - kinofilmlərin çəkilişində, müxtəlif sənədli filmlərin hazırlanmasında, musiqi məktəblərində, elmi tədqiqatlarda və s. bu sənədlərdən istifadə olunur". Qeyd edək ki, arxiv işi çox çətindir: "Gərək ilk növbədə çox hövsələli olasan. Bəzən arxiv işinə barmaqarası baxanlar da tapılır. Ancaq bu cür münasibətər məni qətiyən ruhdan salmır. Düşünürəm ki, mənim də xalqıma olan mənəvi borcum bundan ibarətdir. 1968-ci ildə arxiv yaradılarkən sıfırdan başladıq. Hətta iş masamız da yox idi. Əgər söhbət canlı səsdən gedirsə, 50 mindən çox səs az göstərici deyil. Bu, olduqca qiymətli, dəyəri heç nə ilə ölçülməyən bir arxivdir. Şübhəsiz ki, bunun arxasında daim böyük zəhmət durub. Bu soraqları bir-bir toplamaq, Azərbaycanın əlçatmaz kəndlərinə belə getmək xüsusi zəhmət tələb edirdi. Arxivin zənginliyinə bir misal çəkmək istəyirəm: 2005-ci ildə Varşavada 28 ölkənin bu işlərlə bilavasitə məşğul olan şəxsləri toplaşmışdılar. Mən də həmin tədbirdə çıxış etdim. Tədbirdəkilər Azərbaycanın bu dərəcədə zəngin arxiv sənədləri olmasından heyrətə gəlmişdilər. Bu sənədlər həyatımızın bütün sahələrini əhatə edir. 28 ölkənin nümayəndəsi arasında yeganə olaraq sözügedən profilli mərkəzi dövlət arxivinin nümayəndəsi kimi çıxış edirdim.
Başqa ölkələrdə demək olar, belə arxivlər yoxdur.
Ancaq bizdə və Rusiyada bu, müstəqil dövlət arxividir. Böyük Britaniyanın Kral kitabxanasının nəzdində səs şöbəsi yerləşir. Amsterdamda Audiovideo Akademiyası var. Baltikyanı ölkələrdə, Polşada da bizdəki qədər səs yazıları yoxdur.
1900-1914-cü illərdə klassik muğam ustalarımızın ifasında dünyanın müxtəlif ölkələrində səsyazma studiyalarında yazılmış 500-dən artıq qrammafon valları toplanıb. İndi əsas məqsəd bunları təmizləyib yararlı hala salmaqdır".
Səsi təmizləmək çətin olsa da, arxiv əməkdaşları bu çətin işin öhdəsindən gələ bilirlər: "İndi əvvəlki dövrlərə nisbətən bu sahədə xeyli irəliləyiş var. Xüsusi proqramlar var, həmin proqramlar kompüterlərə yerləşdirilir. Vallar olduğu kimi köçürülür, təmizlənir, kənar xışıltılar hamısı çıxarılır, təbii səsi qalır. 1990-cı illərin əvvəllərində Rusiyada primitiv şəkildə də olsa, Yaponiyadan alınmış aparatura vasitəsilə ötən yüzilin əvəllərinə aid olan bizim plastinkalar da təmizlənib yenidən çap olunmuşdu. Buradan 10 nüsxə plastinka seçib ora aparmışdım. Orada bildirdilər ki, biz hələlik səsləri 40 faiz təmizləyə bilirik. İndi isə hər şey çox inkişaf edib".
Bir neçə il qabaq arxivdə maraqlı bir lahiyə gerçəkləşdi: 1900-1940-cı illər ərzində yazılan səslərin toplanaraq portala daxil edilməsi işi böyük bir uğurla həyata keçirildi: "Burada Azərbaycanın klassik xanəndələrinin səsləri yazılmış qrammafon valları, səslərin yazıldığı şirkətlər haqqında məlumatlar toplanıldı. Mütəxəssislər uğurlu bir portal yaradıldığını bildirdilər. Qeyd edim ki, respublika arxiv sistemində bu, ilk cəhd idi.
Sonra isə növbəti belə portalımızın təqdimatı oldu. Bu portal əvvəlkindən də uğurlu alındı. Əgər əvvəlki portalda
xanəndələrimizin səsləri yazılmış valların təqdimatı var idisə, bu portalda Azərbaycanın 100 görkəmli şəxsləri (siyasi xadimlər, Sovet İttifaqı, Sosialist Əməyi qəhrəmanları, elm, ədəbiyyat, incəsənət xadimləri və s.) haqqında məlumatlar toplanılmış, bu şəxslərin səslərindən nümunələr təqdim edilmişdi. Bunların hamısı vəfat etmiş şəxslərdir, onları daim xatırlamaq gərəkli bir işdir.
Arxivimizin fondlarında kifayət qədər materialımız var".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 30 iyun.-
S.14.