"Azərbaycan bənzərsiz tolerant ölkədir"

 

Dünən Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı işə başladı. "Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçirilən konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Konfrans işini iyunun 18-dək davam etdirəcək.

YUNESKO-nun təşəbbüsü ilə keçirilən konfransda müxtəlif ölkələrdən 48 xarici qonaq, o cümlədən İsveç, Norveç Hindistan, Tailand, Pakistan, Sloveniya, Rusiya və onun 12 subyektinin, Ukrayna və Moldovanın ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, dövlət rəsmiləri iştirak edirlər.

Konfransın açılışında çıxış edən ombudsman Elmira Süleymanova dedi ki, əhalisinin sayı 9 milyonu keçən Azərbaycanda 90-a qədər milli azlıq nümayəndəsi yaşayır. Bu isə dini müxtəlifliyə zəmin yaradır: "Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində bir dəfə də olsun milli zəmində şikayət almamışam".

Elmira Süleymanova qeyd etdi ki, hazırda Azərbaycanda olan miqrantların sayı 450 min nəfər təşkil edir. Onların əksəriyyəti əmək miqrantlarıdır. Ombudsman xatırlatdı ki, Azərbaycan 20 ilə yaxın müddətdə erməni təcavüzü ilə üzləşib. Ölkədə erməni təcavüzündən ziyan çəkən 1 milyondan artıq şəxs var. Onlardan 600 mindən çoxunu məcburi köçkünlər təşkil edir. Elmira Süleymanova Azərbaycanda hər bir dinin təmsilçilərinə etiqadlarını gerçəkləşdirmək üçün lazımi şərait yaradıldığını dedi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirdi ki, Azərbaycan həmişə ürək açıqlığı, qonaqpərvərliyi, hər millətə, dinə hörmətlə yanaşmasıyla seçilib: "Azərbaycan gerçəkliyini, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır".

Baş nazirini müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söylədi ki, dünyadakı münaqişələrin əksəriyyəti milli azlıqlardan istifadə edilərək yaradılıb. Ona görə də bütün ölkələr bu məsələyə diqqətlə yanaşmalıdır. Həsənov bildirdi ki, Azərbaycanda milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün tam hüquqi baza yaradılıb. Azərbaycanın tolerant ölkə olduğunu deyən Əli Həsənov ölkədə 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onlardan 31-nin qeyri-islam dini icma olduğunu vurğuladı: "Hər bir dini icmanın fəaliyyəti üçün lazımi hüquqi baza və imkanlar yaradılıb. Bütün milli azlıqların mədəniyyət və tarixi abidələri qorunub saxlanılır. Hətta Bakı şəhərində erməni kilsəsi də qorunub saxlanılır. Erməni ziyalıları Bakıda səfərdə olanda həmin kilsədə oldular, kilsənin kitabxanasına baş çəkdilər. Onlar xeyli təəccüblənmişdilər, hətta söylədilər ki, burada olan kitablardan bəziləri heç Ermənistanda yoxdur". Əli Həsənov dedi ki, əvvəllər miqrantlarla bağlı problem var idi, amma bu sahədə aparılan işlər, həyata keçirilən tədbirlər problemləri aradan qaldırıb. Baş nazirin müavini bildirdi ki, Azərbaycanın iqtisadi və siyasi inkişafı onu miqrantlar üçün cəlbedici ölkəyə çevirib: "Dünyada qaçqın, köçkün problemi ilə miqrant problemi arasında müəyyən paralellik var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya təşkilatı bu istiqamətdə birgə fəaliyyət göstərməlidir". Əli Həsənovun sözlərinə görə, ölkədə miqrasiya sahəsində də böyük işlər görülür: "On il əvvəl Azərbaycanda digər ölkələrdən olan 12 min qaçqın var idisə, hazırda bu rəqəm 2500-ə enib".

Qarabağ probleminə toxunan Əli Həsənov azərbaycanlıların Ermənistandan Azərbaycana qovulduqlarını, onların qaçqın olduqlarını bildirdi: "Amma onlar həm də miqrantdırlar. Onlar müharibə, zorakılıq nəticəsində qovulan siyasi miqrantdırlar. Bu paralelliyi analiz və təhlil etmək olar. Onların bəzi statuslarını hətta birləşdirmək da mümkündür".

Konfransın həmtəşkilatçısı, YUNESKO-nun Moskva Bürosunun Humanitar və sosial elmlər üzrə mütəxəssisi Alla Amfer bildirdi ki, ombudsmanların Bakıda keçirilən beynəlxalq konfransında bəyannamə qəbul ediləcək. Həmin bəyannamə insan haqları sahəsində hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaq. Xanım Amferin sözlərinə görə, ombudsmanların beynəlxalq Bakı konfransı kimi tədbirlərin təşkili zamanı YUNESKO-nun vəzifəsi siyasətçiləri, qərarlar qəbul edən insanları, ekspertləri onlar arasında dialoqun təşkili üçün toplamaqdır. Amfer söylədi ki, əsas vəzifə bu və ya digər sahədə tövsiyələrin işlənib hazırlanması üçün cəlb etmək, maraq doğurmaq və dialoqdan istifadə etməkdir.

Çıxışının sonunda xanım Amfer artıq neçənci dəfədir ki, Bakıda bu cür tədbirlərin təşkil edildiyini və bunun müsbət hal olduğunu vurğuladı. O bu cür tədbirləri təşkil etdiyinə görə Elmira Süleymanovaya, tədbirlərə dəstək verdiklərinə üçün dövlət qurumlarına öz təşəkkürünü çatdırdı.

Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünyada yaşanan milli, etnik, dini problemlər fonunda Azərbaycanı bənzərsiz tolerant ölkə kimi xarakterizə etdi. Hicran Hüseynova dedi ki, Azərbaycan milli azlıqlar üçün cəlbedici ölkədir.

YUHESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva söylədi ki, təmsilçisi olduğu təşkilat üçün milli azlıqlar və miqrantlar mövzusu çox aktualdır. Eyni zamanda, bu tədbir Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Günay Əfəndiyeva bildirdi ki, Azərbaycanda etnoqruplar, müxtəlif millətlər sərbəst şəkildə yaşayır, fəaliyyət göstərirlər, bu isə sabitlik şəraitində mümkündür.

Daha sonra məruzələr dinlənildi. Elmira Süleymanova "Azərbaycanda milli azlıqların və miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti" mövzusunda geniş məruzə ilə çıxış etdi. Ombudsman dini və milli icmalardan ibarət Sülh və İnkişaf Alyansı yaradılmasını, İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planının həyata keçirilməsini, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikləri, Azərbaycanın təhsildə dini və irqi ayrı seçkiliyi inkar edən konvensiyanı dəstəkləməsini müsbət amillər kimi vurğuladı. Elmira Süleymanova söylədi ki, Milli Fəaliyyət Planını insanlara çatdırmaq üçün ictimai müzakirələr təşkil edilib.

"Mədəni müxtəliflik Azərbaycan dövlətinin sosial-siyasi dəyəridir" mövzusundə məruzə ilə çıxış edən Əbülfəz Qarayev bildirdi ki, ölkə prezidenti hər zaman Azərbaycanda yaşayan milli azlıqların milli bayramlarını təbrik edir və bu, tolerantlığın göstəricisidir:"Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı milli azlıqların bayramlarını təbrik etməyi özünə borc bilir. Hesab edirəm ki, bu, müsbət bir ənənədir".

Hazir dedi ki, ölkəmizdə tez-tez milli azlıqların mədəniyyətinin təbliği ilə bağlı festivallar, tədbirlər keçirilir. Əbülfəz Qarayev məlumat verdi ki, nazirlik bir müddət öncə azsaylı xalqların mədəniyyətini əks etdirən xüsusi disk hazırlayıb və bu disk Avropa Şurasında da böyük marağa səbəb olub. "Azərbaycan-doğma diyar" layihəsi çərçivəsində isə növbəti disk hazırlanır.

Hazir dedi ki, hazırda qeyri-maddi irsin qorunması məqsədilə reyestr hazırlanır. Milli azlıqlara məxsus qeyri-maddi irs də bu reyestrə daxil ediləcək.

"Ölkəmizdə baş verən miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının təmin edilməsi" mövzusunda məruzə ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirdi ki, Azərbaycanda 450 minə yaxın miqrant var. Bu miqrantlar Azərbaycana müxtəlif səbəblərdən gəliblər. Rəhimov dedi ki, onlar arasında Azərbaycan vətəndaşları ilə nikahda, yaxın qohumluq əlaqəsində olanlar, ali təhsil alanlar var.

DMX rəisinin sözlərinə görə, Azərbaycana gələn əcnəbilərin bir hissəsini də əməkçi miqrantlar təşkil edir: "Daxili əmək bazarını qorumaq şərtilə onlara da əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələr verilir və onların fəaliyyəti daim nəzarətdə saxlanılır".

Xidmət rəisi əlavə etdi ki, miqrasiya sahəsində qanunvericilik təkmilləşdirilir, bütün miqrasiya proseslərinin tənzimlənməsinə və idarə olunmasına, bu sahəyə dövlət nəzarətinin təmininə diqqət yetirilir.

Onun sözlərinə görə, əcnəbilərin ölkədən gəlməsi-getməsi, yaşayış yeri üzrə qeydiyyat prosesi sadələşdirilib, mövcud sığınacaq sistemi təkmilləşdirilib.

Arzu Rəhimov Almaniya, Türkiyə, Rusiya, Hiderland kimi ölkələrlə təcrübə mübadiləsi etdiklərini diqqətə çatdırdı.

Eyni zamanda, məlumat verdi ki, Azərbaycan Miqrasiya Məcəlləsini qəbul etməyə hazırlaşır, məcəllə artıq bütün dövlət və hökumət qurumları ilə razılaşdırılıb. Məcəllə üzrə müvafiq qurumların rəyi toplanıb və hazırda sənəd Nazirlər Kabinetində baxılır.

Horveç parlamentinin ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutunun İdarə Heyətinin üzvü Arne Flifletin "Horveçdə dövlət qurumları ilə yerli xalqlar və milli azlıqlar arasında məsləhətləşmələr" mövzusundakı məruzəsi də maraqla qarşılandı.

Avropa Ombudsmanlar İnstitutunun baş katibi Yozef Zigele isə "Avropada regional ombudsmanların insan hüquqlarının müdafiəsi və təbliği sahəsindəki rolu" mövzusunda məruzə ilə çıxış etdi. Beynəlxalq konfrans öz işini bu gün davam etdirəcək.

 

 

Ağa Cəfərli  

 

Xalq Cəbhəsi.- 2011.- 17 iyun.- S.10.