190 yaşlı Aşıq Ələsgər
Professor Hüseyn İsmayılov:
"Ələsgər haqq dünyasından qopmuşdu"
Araşdırmaçı Əziz
Ələkbərli: "Göyçə Azərbaycan
aşıq sənətinin beşiklərindən biri olub"
Saz türkün müəyyənliyi, ruhunun təsdiqidir. Saz türkün göy yoludur, onun tanrısına qovuşmasıdır, soyumuzun qədimlərdən gələn yenilməz nəfəsidir. Türk ta qədimdən fitri təbiətçi olub. Dünyaya inancıllığının ilk dövrlərində o, tanrıçı idi; türk tanrıya münasibətində olduqca doğmaydı. Bu doğmalığın izləri ana sazımızda ifadə olunan havacatlarımızda indi də yaşamaqdadır. Türkün tanrıçılığı təbiətə sevgisi ilə təndir; bu sevgi o qədər ülvi, üzvi, müqəddəs olub ki, ilahi musiqiyə çevrilib, könüllərə yazılıb, yaddaşlarda qalıb, bugünədək pozulmayıb.
Türk sevdiyini həmişə axıracan sevirdi: onun sevgisində tərəddüd yox idi. O, əksər hallarda inamını dünyanın halına qarşı qoya bilirdi. Türk sazında yaşatdığı havacatlarla dünyaya, insana, təbiətə səcdəli münasibətini böyük bir sevgi ilə ifadə edə bilirdi. Təbiət türkün ona olan sevgisindən qanadlanırdı. Təbiətə sevgi türkün fitrətindən irəli gəlirdi. Türk "Misri"sini, "Qaraçı"sını, "Yanıq Kərəmi"sini elə-belə yaratmamışdı; Bu havacatlarda onun dünyaya, insana, təbiətə sonsuz heyranlığı, səcdəli münasibəti vardı. Təəssüf ki, sonradan türkün inancında paralanmalar, parçalanmalar baş verdi, onun təbiətə münasibətində təzadlar yarandı, artdı. Görəsən, bu tərəddüdlər nədən yarandı? Hədən o, ömrünə sahib ola bilmədi? Çünki qeyri-adiliyini qiymətləndirə bilmədi. Bu dərəcədə özündən ayrılmalar, türkün biri-birini sevməməsi ona baha başa gəldi. Məhz özündən ayrılması səbəbindən türkün təbiətə münasibətində dəhşətli yağılıq başlandı.
Bu, gerçəkliyi
etiraf etməyimiz gərək. Bir vaxtlar insanlar bir dağdan o biri dağa boylanıb
haray çəkirdilər. Yəqin ki, "Qarabağ şikəstəsi"
türkün təbiətçi vaxtında, onun bir dağdan
o biri dağa dediyi haray kimi yaranıb. Saz havalarımızda
dağ obrazı xüsusi şəkildə sezilir. Ümumiyyətlə,
dağ obrazı türkün təbiətçiliyində həmişə
ayrıca yer tutub. Daha çox türkün ruhunun ifadəsi
olan surnayda da (zurna) dağ halı aydınca sezilir. Dağ
obrazı zaman-zaman folklorumuzda nisgilli obraz kimi də xarakterizə
edilib. "Dağlar dağımdır mənim, Qəm
oylağımdır mənim; Dindirmə qan ağlaram, Yaman
çağımdır mənim..."
"Aşıq Qərib"
dastanında Qəribin dağla dərdləşməsi
dağın obrazlaşmasına, onun insana həyanlığına
gözəl misaldır. Dağ obrazı Azərbaycan
aşıq poeziyasında Aşıq Ələsgərin
yaradıcılığında çox gözəl ifadəsini
tapıb: "Ölsün Ələsgər tək
qulların, dağlar!" deyirdi Əəsgər. Bu,
türkün dağa səcdəli münasibətinin ölməməsinin
sübutu idi. Səməd Vurğun "Üzü bəri
baxan dağlar, mənim sizdə nəyim qaldı?" deyir.
Bu, dağa olan inamın yaddaşlardan hələ də
çıxmamasıdır. "Yadıma
düşdü" şerində "Göylərə
baş çəkir Göyəzən dağı" ifadəsinə
rast gələn bəzi oxucu elə zənn edər ki,
doğrudan da bu Göyəzən dağı uca zirvəli bir
dağdır. Şair sevdiyi dağı elə təsvir edir
ki, bu sevgini yalnız bədiyyatın imkanları bizə yetirə
bilir...
Azərbaycan aşıq sənətinin
inkişafında Aşıq Ələsgərin müstəsna
xidmətləri olub: fitri söz qoşması, iti hafizəsi,
ustadlığı bu gün də dillər əzbəridir.
Araşdırmaçı Əziz Ələkbərli deyir ki,
məşhur Göyçə mahalı Göyçə
gölünün sahilləri boyu geniş bir ərazini əhatə
edir. Bu yerlər Rusiyaya birləşdirilənə kimi İrəvan
xanlığının, sonralar isə İrəvan quberniyasının
tərkibində olub. Sovet hakimiyyəti illərində "Ermənistan"da
rayonlaşdırılma aparılarkən Göyçə
mahalı 5 rayon arasında bölüşdürülüb:
Çəmbərək, Basarkeçər, Aşağı
Qaranlıq, Kəvər, Yelenovka. Geniş otlaqlara malik olan
Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik,
maldarlıq, bağçılıq,
xalçaçılıq və balıqçılıqla məşğul
olub. Habelə Göyçə Azərbaycan aşıq sənətinin,
aşıq şeirimizin beşiklərindən biri olub, ədəbiyyat
və mədəniyyət tariximizə Aşıq Alı,
Aşıq Ələsgər, Aşıq Əsəd,
Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasım,
Aşıq Həcəf, Aşıq Sayad, Aşıq Məhərrəm,
Aşıq İmran kimi neçə-neçə ustad saz və
söz sənətkarlarını bəxş edib.
AMEA Folklor İnstitutunun
direktoru, professor Hüseyn İsmayılovun fikrincə,
Aşıq Ələsgər ümumən türk
dünyası üçün böyük hadisədir:
"Milli dəyərlər böyük bir tarixi yoldur. Bu yol
milli yaddaşdan başlanır. Milli dəyər yoxdursa, millətin
yaşaması sual altına düşür. Millətin mənəvi
dünyası zəngin olanda onu məhv etmək mümkün
olmur. Aşıq Ələsgərin haqq dünyasından qopub
gəldiyinə aid əsərlərində işarələrə
rast gəlirik. Ələsgərin qəribəliyi və
böyüklüyü ondadır ki, məhz həqiqətdən
dərs aldığını ömrü, halı,
yaradıcılığı ilə sübut edə bildi. Bu mənada
o, başdan-ayağa sirdir. Onun adı daim iftixarla çəkilməyə
layiqdir. Aşıq Ələsgər aşıq sənətinin
incəliklərinə dərindən bələd idi. Bu səbəbdən
də o, özündən sonra sözün əsl mənasında
məktəb qoyub gedə bildi. Azərbaycanda şair olmaq
çox çətindir. Ələsgərin adı gələndə
hər birimizin ona istər-istəməz sayğısı
yaranır. Ələsgərin meydana çıxması təsadüfi
hadisə deyildi. O, haqq aşığı ənənəsinin
qeyri-adi, bənzərsiz ifadəçilərindən biri idi.
Onun sirli-sehirli dünyasına hələ bundan sonra daha ciddi
şəkildə baş vurulacaq. Aşıq Ələsgər
aşıq sənətinin incəliklərinə dərindən
bələd idi. Bu səbəbdən də o, özündən
sonra sözün hər mənasında məktəb qoyub gedə
bildi. Ümumən isə Ələsgər ruhuna həmişə
müqəddəs münasibət bəslənilməlidir.
Onun aşıq poeziyasında varlığı bizim
üçün daim qürur mənbəyidir."
Aşıq Ələsgərin irsinin toplanılmasına
ötən əsrin 30-cu illərindən başlanıldığını
deyən H.İsmayılov bu məsələyə daim ciddi
maraq olmasını təsadüfi saymır: "Əgər
Aşıq Ələsgər kimi şəxsiyyətlər
vardısa, bu, o demək idi ki, bir milləti
manqurtlaşdırmaq mümkün deyildi. Aşıq Ələsgərin
dövründə yaradıcılıqla məşğul
olmağın özü də hünər istəyirdi. Təbiidir
ki, Aşıq Alı olmasaydı, Ələsgər kimi ustad
da olmayacaqdı. Ələsgər haqq dünyasından
qopmuşdu. Ələsgər ilk növbədə ciddi folklor
hadisəsidir. Ələsgər poeziyasında xalq ruhunun
iştirakı da danılmazdır. Analitik təfəkkür
olmayan yerdə ciddi elmi qənaətlərə gəlmək
mümkün deyil. Bu səbəbdən də Ələsgəri
adi şair, aşıq səviyyəsində araşdırmaq
olmaz. Bu yöndə ciddi araşdırmaçılar
yetişdirməliyik."
Aşıq Ələsgərə
həsr olunmuş "Ələsgər ocağı ilə
bağlı yaradılmış dastan-rəvayətlər
haqqında" kitabının müəllifi, Aşıq Ələsgərin
nəvəsi, tədqiqatçı İslam Ələsgər
sözügedən mövzuya müraciət etməsinin təsadüfi
olmadığını, zərurətdən
yarandığını bildirir: "Aşıq Ələsgərin
həyat və yaradıcılığı ilə
bağlı xalq arasında müxtəlif məzmunlu
söz-söhbətlər mövcuddur. Bunların bir qismi Ələsgərin
həyatında baş vermiş hadisələr və bu hadisələr
səbəbilə deyilmiş şeirlərdən ibarətdir.
Dastan söyləyən aşığın bir az bəzək-düzəyi
olsa da, bunlar sənətkarın həyat və
yaradıcılığını öyrənmək
baxımından xüsusi əhəmiyyətə malikdir. Bu
əhvalatlar Ələsgərin gənclik illərindən
başlayaraq xronoloji ardıcıllıqla ömrünün
son illərinə qədər onun həyatının müəyyən
məqamlarını əks etdirir. Hələ ağlım kəsməyən
vaxtlar evimizdə saz havası səslənərdi, sonradan
aşıq sənətinə ciddi şəkildə
bağlandım, təbii ki, burada gendən, nəsildən gələn
ənənənin təsiri olmamış deyildi. Aşıq Ələsgərin
şeirlərindən bir neçəsilə
tanışlıqdan sonra bu qənaətə gəldim ki,
babamın irsini toplamalı, soydaşlarımıza
çatdırmalıyam. Hər halda babamın əsərlərini
toplamağım istədim-istəmədim nəsil çərçivəsindən,
bir nəvə istəyi ölçüsündən
çıxdı, beləliklə də yurdumuza, elimizə gərək
oldu. Aşıq Ələsgərin irsini topladıqca və
araşdırdıqca həmin dövrü, eləcə də
Azərbaycan aşıq sənətinin tarixini, ondan sonrakı
aşıq mühitini diqqətlə öyrənməli oldum.
Aşıq Ələsgər Azərbaycanın böyük
şəxsiyyətlərindən biridir. Aşıq kimi onun
misli-bərabəri yoxdur. Həmçinin də əvəzsiz
ifaçı olub. Burada onun şairliyinin də
başqalarından tamamilə fərqli olduğunu görmək
mümkündür. Bir şəxsiyyət olaraq Aşıq Ələsgərdə
elə keyfiyyətlər var ki, bunu ancaq övliyalarda görmək
mümkündür. Aşıq Ələsgər üz-üzə
söhbət elədiyi adamın ürəyindən keçənləri,
yaşadığı ərazidən kənarda baş verəcək
hadisələri əvvəlcədən duyurmuş. Şeirlərini
bədahətən deyərmiş. Onun alqışı da,
qarğışı da təsirsiz ötüşməzmiş.
Hansısa işdən narazı qalsaydı, o iş baş
tutmazmış".
Aşıq sənətində türkün ucalığı, tanrısına sevgisi həm havacatlarda, həm də ki, aşıq oxumalarından açıq-aydın sezilir. "Yanıq Kərəmi"də türkün həm zərifliyi, həm də döyüşkənliyi ifadəsini tapıb. "Misri" havası başdan-ayağa döyüş ruhundadır. Aşıq poeziyasında işlədilən ərəb-fars kəlmələrinin, rəmzlərinin sənətə nə dərəcədə ziyanı barədə araşdırmaçının qənaətləri maraqlıdır. Aşıq poeziyası xalq ruhunu, dilimizin bütün çalarlarını özündə ifadə etməli ikən ərəb-fars sözlərinin təsiri istər-istəməz onun təbii imkanlarını məhdudlaşdırıb: "Aşıq Ələsgər şeirlərində ərəb-fars sözlərini elə işlədib ki, onu demək olar, hər bir soydaşımız xüsusi çətinlik çəkmədən anlaya bilər".
Aşıq Ələsgərin sağlığında az qala əfsanələşməsi şəxsiyyətinə, yaradıcılığına olan böyük sayğıdan irəli gəlir. Ələsgərin doğulub boya-başa çatdığı torpaq əzəli türk məskəni olan Azərbaycandır. Bu gün həmin torpaqlar murdar ermənilərin tapdağı altındadır: "Şübhəsiz ki, təbiəti zəngin olan həmin torpaq, yəni ki, dağlı-daşlı, çaylı, əngin səmalı, bulaqlı Göyçə Ələsgərin fitrətinin inkişaf etməsində əvəzsiz rol oynayıb. Yeri gəlmişkən deyim ki, Aşıq Ələsgərin babaları Güney Azərbaycandan gəlmədirlər. Həmişə Ələsgər deyərmiş ki, bizim babalarımız Arazın o tayından gəlib.
1988-ci ildə biz elliklə Ermənistandakı dədə-baba torpaqlarımızdan çıxmağa məcbur olduq. O hadisələrdən bir neçə il sonra eşitdim ki, babamın məzarı olduğu kimi durur. Təəssüf ki, sonrasından xəbərim yoxdur. Onu da deyim ki, ermənilər babamın məzarına müqəddəs bir yer kimi yanaşırdılar. Babamın ölümü də çox maraqlı olub. Danışırdılar ki, ölümünü əvvəlcədən duyubmuş. Evdəkilərə deyir ki, bəs hazırlıq görün, bu yaxında öləcəyəm. Deyirlər ki, nədən öləcəyini bilirsən. Deyir neçə il qabaq qaçqın düşən vaxtı Allaha yalvardım ki, mənə möhlət versin, indi isə dünyadan getməyin vaxtıdır".
Uğur
Xalq Cəbhəsi.- 2011.- 17 iyun.-
S.14.