"Ömrə çevrilən şeir bütöv bir ömür istər!"

 

 Sərdar Əsəd kifayət qədər bədii irs qoyub gedib

 

Sərdar Əsəd (Sərdar Heydər oğlu Əsədov) Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi. Heydər kişi cavanlığında igid bir oğlan olub.

Başı üstə at çapar, çapa-çapa tullanıb atın belində ayaq üstə durarmış. İki qızı vardı. Böyük qızı mənim müəlliməm idi. İkinci sinifdə mənə dərs demişdi.

Atasındakı güc, qüvvət Sərdara da keçmişdi. 1955-ci ildə - APİ-nin filologiya fakültəsinə daxil olduğum il Sərdar həmin fakültəni bitirmişdi. Sentyabrda biz dərsə başlayanda institutun divarlarına ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsədin birinci yeri tutduğu yazılıb vurulmuşdu. 25 yaşlarında sağlam, yaraşıqlı, iti baxışlı bir gənc idi.

Heydər kişi bir müddət kənd dəyirmanında işlədi, elektrik dəyirmanı meydana çıxanda məktəbə köçdü. Biz oxuduğumuz məktəbin həyət-bacasına baxar, qarovulçuluq edərdi. Deyib-gülən, xeyirxah və mərd bir kişi idi. Sərdarın qəzetlərdə çıxan şeirlərini kəsib cibinə qoyar, savadı olanlara oxudar, öyünərdi.

Dobrolyubov bir məqaləsində qeyd edirdi ki, Puşkinin vaxtsız vəfatına o qədər də kədərlənmək lazım deyil, çünki Puşkin nə yazmalı idisə, hamısını yazmışdı. Bizim istedadlı şairimiz Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi. Bu nəsil 60-cılar hərəkatının önündə gedirdi. Sərdar yaradıcılığa başlayanda tədricən ölkədə iqlim mülayimləşir, 30-cu illərdə ölümlə qarşılaşmış yaradıcı insanların müstəqillik arzuları yenidən qanadlanmağa başlayırdı.

Sərdar Əsəd ədəbiyyata təsadüfi gəlməmişdi. "Hiss edirəm, şeirdə deməli bir sözüm var" - deyə özündə bu xalqa, insanlara söz demək istəyi və qüdrəti olduğunu görürdü. 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd edərək yazırdı:

 

Hamar düzənlikdə uçan bir külək

Sıldırım dağları qarşıda bilsin!..

İndi yaşadığın bir ömür gərək

Ömrünü sonra da yaşada bilsin!

 

Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar. Şairin fikrincə, həqiqi şeir misraları şairin "ürək çırpıntıları"dır. Şeirdə hər bir söz "yerində" olmalı, "ürəkdən gəlməli", oxucunu incitməməli, narazı salmamalıdır. Bu cəhətdən həqiqətin dərki yolunda poeziyanın insana təsiri barədə reallığı aşağıdakı misralarla daha sərrast ifadə edib:

 

Yerli-yerində hər söz

Qiymətli bir incidir.

Ürəkdən gəlməyənlər

Ürəkləri incidir.

 

Yeni şeir həyat həqiqətinin real təsviri ilə, həyatın nəfəsini poeziyaya gətirməklə yarana bilər, sehrkar kimi göz aldadan, baş qatan sözlərlə əylənmək vaxtı deyil, çünki indi həyatın tələbləri tamamilə başqadır:

 

Söz var, sehrkar kimi

Göz aldadır, baş qatır.

Könül verib sevdiyim

Coşub-daşan həyatın

Tələbləri başqadır!

 

Bunlar 24 yaşlı gənc şairin estetik düşüncələridir. Yaxşı bilirdi ki, həqiqi şeir üçün can qoymaq, ömrə qıymaq, sərt qayalara, sıldırımlara sinə gərmək lazımdır. "Ömrə çevrilən şeir bütöv bir ömür istər!" sözləri nəzəri prinsiplər baxımından həqiqəti əks etdirirdi. Bilirdi ki, şeirin təsir gücü təsvir obyektinə bələdlik dərəcəsindən asılıdır. Muğana həsr etdiyi şeirində oxucuya üz tutaraq yazırdı: "Sevə-sevə oxumaqçın onu sən, mən Muğanı oxuyuram maraqla". Poeziya sənətinə fəlsəfi-estetik baxışı çox erkən, onun hələ "Sərdar Əsəd" deyil, ilk şeirlərini yazdığı "Sərdar Əsədov" imzalı dövründən formalaşmış, o, poeziya aləminə ayıq baxışla gəlmişdi.

"Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməmiş, seçmə şeirlərdən ibarət olmuşdu. Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilmişdi. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu. 1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub. 25 ildən az bir müddətdə yaradıcılıqla məşğul olmuş, Azərbaycan poetik fikrinin inkişafı sahəsində xeyli iş görmüşdü.

Sərdarın mövzular aləmi çox zəngindir. Həyatın yeniliklərini məhəbbətlə qələmə alırdı. İctimai həyatın təsviri Sərdarın şeirlərində ön planda idi. Sevgi də, gəncliyin istək və arzuları da yaradıcılığında geniş yer tuturdu. Xüsusən ilk şeirləri öz gəncliyindən doğan sevgi motivləri ilə zəngin idi. Şeir texnikasına gözəl bələd idi. Lirik və lirik-epik şerin əksər formalarında qələmini sınamışdı. Üsubu orijinal idi. Heç kəsi təqlid etmir, heç kəsin yolu ilə getmirdi. Həqiqi xalq adamı idi. Xalqın arasına getməkdən, vətənin dağlarını, dərələrini, meşələrini, ovlaqlarını, tarixi abidələrini gəzib-dolanmaqdan və təsvir etməkdən zövq alırdı. Vətənin qədimliyi və gələcəyi naminə olanları vəsf etməkdən iftixar duyurdu.

Təbiət gözəllikləri ömrü boyu Sərdarı özünə çəkib. Təbiətin çovğununu, boranını, ildırımını, tufanını, yağışını, dumanını, çənini, çiskinini sevirdi. Odur ki, bu mövzularda yazdığı şeirləri də ürəkdən gəlirdi. Bu silsilədən "Yaylaqda yağış" şeiri təkcə Sərdarın yaradıcılığında deyil, ümumən ədəbiyyatımızda xüsusi qiymətə layiq əsərdir. Şeiri oxuduqca özünü az qala yağış altında hiss edirsən: Yağış cığırları islatdı keçdi, Yağış pöhrələri ucaltdı keçdi, Yağış meydanını uzatdı keçdi, Ömrünü bir qədər yubatdı keçdi, Havalar üzünü bozartdı keçdi, Bulud - yanağını islatdı keçdi, Duman çadrasını çox atdı keçdi...

Fikrin obrazlı ifadəsində "buludlar çalmasını çaldı", "yalmanını dartdı", "otlar yaşıl köynəyini yudu" və s. tipli metaforik ifadələrin mühüm rolu var:

 

Yenə çalmasını çaldı buludlar,

Yelli yalmanını ha dartdı keçdi.

Yaşıl köynəyini yudu göy otlar,

Ocaq yerlərində soyudu odlar,

Kösövlər gözünü qaraltdı keçdi,

Yağış ocaqları islatdı keçdi.

 

Sərdar həyatın, insan ömrünün təzadlarını düşünən şair idi. "İki ömür" şeirində gəncliyin və qocalığın psixoloji aləmini ustalıqla qarşılaşdırıb. Şeir daxili aləmin xarici cizgilərlə həmahəng təsvirindən yaranıb. "Birisinin gözlərində nur yanır, Birisinin ağ saçları daranır " deyən şair həyat, əməl meydanına atılan gəncliklə artıq böyük yol keçib və gücü xatirələrinə çatan qocalığın təzadlarını əks etdirib. Ata-ana məhəbbəti, övlad sevgisi Sərdarın şeirlərində ictimai məzmunu ilə seçilir. Övlad atanın yaratdıqlarını qorumalı, əkdiklərini becərməli, dünyaya valideynlərin, uluların gözləri ilə baxmalıdır.

Sərdarın şeirləri ona görə insan duyğu və düşüncələrinə təsir edir, insan duyğularını hərəkətə gətirir ki, məzmunu ilə yanaşı, ifadə tərzi də gözəldir. Azərbaycan dilinin təbiətinə yaxşı bələd olan şair onların üzərində çox işləyib, şeirlərinin obrazlılıq keyfiyyətlərinə xüsusi diqqət yetirib, yeri gəldikcə fikrini xalq hikmətləri gücündə təsirli aforizmlərlə ifadə edib: Mən də o çıraqla yanım sübhəcən, İşıq yanmayırsa, ölübdür demək! ("Söndürmə") Ayıq xoruz öz vaxtında banlayar, Səs eşidib banlamağa nə var ki! ("Xoruz banı") Qadınsız Yer kürəsi bir bağ xəzəlliyidir, Onsuz stol, iş yeri, döyünməsi azalmış xəstə ürək kimidir. ("Onsuz") İnsan düşüncəsinin deyirəm şeir adlı nə nadir övladı var! ("Şairin arzusu") Sənətkar qocalar, sənət qocalmaz. ("Səni")

 

Əzəl gündən qaraya ağ deməzlər,

Məhəbbətdə yaxın, uzaq deməzlər.

Hər təpəyə vüqarlı dağ deməzlər,

Yay zamanı soyuq qarı olmasa! ("Etibar")

 

Bir filoloq kimi, sözün məcazilik imkanlarına yaxşı bələd idi, söz seçməyi, söz üzərində işləməyi, "sözün üstə əsməyi" bacaran sənətkar idi. Orijinal təşbih və epitetlər yaratmışdı. Klassik ədəbiyyata, müasirlərinin dilinə yaxşı bələd olduğundan təkrara yol verməmək üçün daim yeni tapıntılara meyl edib: Gecənin saçlarına yaşı ötmüş adam tək Yavaş-yavaş düşür dən. ("İki işıq") Üstündə külək əsir, Mən söz üstə əsən tək. ("Günəş şəhəri") Çöküb qəlbi dağlar təpələr kimi, Qayalar dağılıb qəlpələr kimi. ("Dağların dağı") Gördü ki, bir qaya qalxıb at kimi, Tökür dırnağından torpağı, daşı. ("Təpə"dən yıxılan") Qızaran dan yeri də Qırmızı yaylığıyla Silib atır gecənin Qalan qaranlığını. ("Günəş şəhəri") Dağların enməsi hələ dağ deyil ("Dağların dağı") və s.

Təəssüf ki, bu ömür yolu qısa oldu. 1929-un avqustunda doğulub, 75-in avqustuna bir ay qalmış vəfat edib.

Sərdarın məşhur bir misrası var: Aralanıb gözümdən fikrimdə yaşayırsan. ("Yuxuda həqiqət") Bu müddətdə Sərdar gözlərimdən aralanmış olsa da, daim fikrimdə yaşayıb. Bir mənim yox, ailəsinin, övladlarının, qohumlarının, oxucularının, sənət dostlarının fikrində yaşayıb. Düşünürəm ki, Sərdar elə həyatdan cavan getməliymiş. Mən onu qoca yaşlarında təsəvvür edə bilmirəm. Gözlərim önündə daim həyata iti gözlə baxan, ədəbiyyatımızda öz sözü olan, yaxşı bir insan kimi sevdiyim şair Sərdar Əsədi görürəm. Yaratdıqları qəlbimizdə xoş duyğular yaradır. Və - Sərdarı yaşadır.

 

 

Qəzənfər Kazımov,

professor

 

Xalq Cəbhəsi.- 2011.- 18 iyun.- S.14.