"Qərb alimləri
"Kitabi-Dədə Qorqud"u öyrənirlər"
Kamal Abdulla: "Kitabi-Dədə
Qorqud" türkoloqların inhisarından çıxıb,
germanşünasların da tədqiqat obyektinə
çevrildi"
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullanın Almaniyanın Mayns şəhərində keçirilmiş "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihəsi ilə bağlı APA-ya müsahibəsi
- Kamal müəllim, elə bu ayın əvvəlində Almaniyanın Mayns şəhərində "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihəsi çərçivəsində II simpozium baş tutdu...
- Almaniyanın Maynz şəhərində ilk Avropa naşiri İohannes Qutenberqin adını daşıyan Universitetdə Azərbaycan filoloqları ilə Almaniya alimlərinin birgə konfransı keçirildi. Konfrans 10 il ərzində həyata keçirilməsi nəzərdə tutulan böyük bir layihənin ikinci mərhələsidir. Bu layihənin təməli üç il əvvəl qoyulub. O zaman Bakı Slavyan Universiteti alman həmkarlarımıza "Kitabi - Dədə Qorqud" dastanı ilə "Nibelunqlar haqqında nəğmə"nin müştərək öyrənilməsini təklif etdi. Onlar böyük məmnuniyyətlə buna razılıq verdilər. Bununla da biz Qutenberq adına Maynz Universiteti və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyəti ilə birgə bu layihəyə başladıq. Bu 10 illik layihə əsasında 5 konfransın keçirilməsi nəzərdə tutulub. Onlardan birincisi "Kitabi - Dədə Qorqud" və "Nibelunqlar nəğməsi"nin dil xüsusiyyətlərinə həsr olunmuşdu və iki il bundan əvvəl Bakıda keçirildi. İkinci konfrans bu dastanların ədəbi xüsusiyyətlərinə həsr olunmuşdu ki, Maynz şəhərində baş tutdu. Üçüncü konfrans iki ildən sonra yenə də Bakıda keçiriləcək və bu qədim yazı abidələrinin kurturoloji aspektdən işıqlandırılmasına həsr olunacaq. Dördüncü konfrans yenə də Maynzda olacaq və dastanları tarixi nöqteyi-nəzərdən təhlil edəcək. Beşincisi isə sosioloji aspekt olacaq ki, mövzu əsas etibarı ilə müasir cəmiyyətin təsəvvüründə bu iki dastanın yeri barədə bəhs edəcək.
- Bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?
- Bu layihənin xüsusiliyini və əlahiddəliyini onda görürəm ki, ilk dəfə olaraq "Kitabi - Dədə Qorqud" dastanına geniş mənada qədim alman dili və ədəbiyyat mütəxəssisləri müraciət edirlər. Çünki onların tədqiqat obyekti olan "Nibelunqlar nəgməsi" və bizim tədqiqat obyektimiz olan "Dədə Qorqud" hər zaman sanki ayrı-ayrı sahələrdə bir-birindən aralı şəkildə öyrənilib. "Kitabi - Dədə Qorqud"u ilk dəfə dünyaya tanıdan 1815-ci ildə alman şərqşünas alimi Henri Fridrix fon Dits olub. Dits 195 il bundan öncə Almaniyada 1815-ci ildə öz əsərini yazdı, ilk dəfə olaraq "Kitabi- Dədə Qorqud" dastanlarına böyük qiymət verdi və yunan mifoloji süjetləri ilə müqayisə etdi. Ondan sonra italyan və rus alimləri də bu dastanı dünyaya tanıtmaqda işlər görüblər. Lakin buna baxmayaraq, gədim Ana Kitabımız yalniz şərqşünaslıq elmi çərçivəsində öyrənilib və geniş yayılmayıb. Bizim layihənin böyük əhəmiyyəti ondadır ki, biz onu bütün Qərb humanitar elminin tədqiqat obyektinə çevirə bildik. Artıq "Kitabi -Dədə Qorqud"a tək Qərb şərqşünasları deyil, həm də alman germanistləri müraciət ediblər və onu nibelunqlarla müqayisədə dərindən öyrəniblər. Beləliklə, "Dədə Qorqud"un Avropa cəmiyyətinə tanıtım sahəsi xeyli genişləndi. Bu layihə əslində germanistlərlə türkoloqların ilk təmas nöqtəsi idi. Buna görə də istərdim ki ölkəmizin geniş ictimaiyyəti Maynz şəhərində keçirilmiş konfransı və ümumilikdə bu 10 illik layihəni Azərbaycanın qədim mədəniyyətinin bayramı kimi dərk etsin.
- Sizcə, bu layihə "Kitabi- Dədə Qorqud" və "Nibelunqlar nəğməsi"nin birgə öyrənilməsinin geniş perspektivləri üçün də zəmin yaradacaqmı?
- Sözsüz ki, əlamətdar cəhətlərdən biri də ondan ibarətdir ki, əgər layihə başlayana qədər bu iki dastanın əsasən öz-özlüyündə öyrənilməsinə üstünlük verilirdisə, artıq son iki il ərzində onların müştərək şəkildə öyrənilməsinə üstünlük verilir və germanistlər "Dədə Qorqud"dan, Dədə Qorqudçular da "Nibelunqlar nəğməsi"ndən çox şeyi əxz edirlər. Bu iki dastan sanki bir-birinə kömək edərək tədqiqatçıların gözündə daha bütöv və daha dolğun mənzərə kəsb edir. İki ildən bir keçirilən bu konfransların elm üçün əhəmiyyətini bir daha vurğulayandan sonra bildirmək istəyirəm ki, ali məktəblər üçün də - həm Maynz, həm də Bakı Slavyan Universitetlərinin alimləri, eyni zamanda tələbələrimiz üçün bunun əhəmiyyəti böyükdür. Çünki biz öz işimizi konqresdən konqresə aparmırıq, biz öz işimizi konqreslər arası da aparırıq. Dəyirmi masalar təşkil olunur, tələbə konfransları keçirilir, hətta bizim kompleks məktəb-liseyimizdə də "Dədə Qorqud" və "Nibelunqlar nəöməsinə" həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur.
- Çox güman ki, bu cür layihənin qarşılıqlı təşkili həm də Azərbaycan və Almaniya arasında tələbə və müəllim mübadiləsi sahəsində də özünü göstərir...
- Bəli, tamamilə doğrudur. Almaniyadan bizə dərs deməyə müəllimlər gəlir, alman tələbələrini qəbul edirik və öz tələbələrimizi ora göndəririk. Elə bu məqamda bildirmək yerinə düşər ki, hazırda Bakı Slavyan Universitetinin filologiya fakültəsində alman professoru Doris Bölke dərs deyir. Ən maraqlı cəhətlərdən biri də birgə nəşrlərin hazırlanmasıdır. Bakı Slavyan Universiteti bu gün dünyanın bir çox universitetləri ilə birgə elmi əsərlər hazırlayır. Alman həmkarlarımızla hazırladığımız xüsusi buraxılış Osvald fon Volkenştayn Cəmiyyəti ilə birgə çox tanınmış alman dili alimlərinin iştirakı ilə çıxarılıb. Bu əvvəl qeyd etdiyim alman alimi fon Ditsin "Kitabi- Dədə Qorqud" dastanlarındakı "Təpəgöz" boyundan etdiyi tərcümənin 195 ilinə həsr olunmuş xüsusi buraxılışdır. Bu layihə eyni zamanda Şərqlə Qərb arasında mədəni və mənəvi dialoqun bir təzahür formasıdır. Bilirsiniz ki, bu gün bu istiqamətdə xeyli iş görülür. Artıq XVIII, XIX, XX əsrin əvvəllərindəki təsəvvürlər - "Şərq - Şərqdir, Qərb-Qərbdir və onlar heç zaman birləşə bilməz" kimi anlayışlar, Hipling dövrünün düşüncələri bu gün artıq özünü doğrultmur və Şərq və Qərb bu dialoq vasitəsi ilə birləşməyə cəhd edirlər. Bu baxımdan "Kitabi - Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" belə birləşdirici körpülərdən biridir. Oradakı süjetlərdə dil və üslub xüsusiyyətləri, ümumiyyətlə dastanlara xas olan bir çox cəhətlər iki xalqın qədim yazılı abidəsinin yaxınlığı barədə bir məxrəcə gəlməsi barədə danışmağa imkan verir. Buradakı motivlər bu dastanların hər ikisinin daha qədim ümumi kökə getməsini ortaya qoyur. Yunan dastanları, qədim slavyan, roman dastanları ilə müqayisədə bunu deməyə əsas verir və bu müstəvidə tədqiqat işləri alimlərimizi gözləyir.
- Yəqin ki, "Kitabi-Dədə Qorqud"la bağlı beynəlxalq layihələriniz bununla yekunlaşmayacaq. Gələcək planlarınızda nələr var?
- Biz "Kitabi-Dədə Qorqud" dastanımızın dünya dastanları ilə müqayisəsini davam etdirmək niyyətindəyik. Təkcə qədim german abidələri ilə deyil, eyni zamanda fransız, ispan, slavyan abidələri ilə bu dastanın müqayisəsini həyata keçirmək niyyətindəyik. İlk addımı biz atdıq və bu davamlı olacaq. Bu təkcə filologiyamız üçün deyil, ümumiyyətlə, mədəniyyətimiz üçün çox ciddi və faydalı bir addım oldu. Alman filoloji fikrinin bu gün üzdə və öndə olan simaları ilə bizim "Kitabi-Dədə Qorqud dastanlarını öyrənən alimlərimizin təması həqiqətən də son dərəcə ciddi bir hadisədir. Və alman həmkarlarımızın dediklərinə əsaslanaraq güman edirəm ki, bu hər iki tərəf üçün faydalı və maraqlı oldu. Təqdirəlayiq hal o idi ki, həm Azərbaycandan, həm Almaniyadan bu konqresin işində təkcə Maynz Universiteti və Bakı Slavyan Universitetinin alimləri bir-biri ilə görüşmədi. Azərbaycandan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin alimləri də bu sırada idi. Tədbirin Qərb aləmi üçün böyük elmi əhəmiyyətinin təzahürü ondadir ki, konfransa Amerikanın, Fransanın, Avstriyanın alimləri də qatılmışdırlar. Almaniya tərəfdən isə bu tədbirə Maynz Universiteti ilə yanaşı, Bonndan professor Karl Reixel, Bremendən professor Elizabet Linert, Saarbrükendən professor Volfqanq Haubrixs, Xemnitsdən Kristof Fasbender, Frankfurtdan doktor Regina Topfer, Vüzburqdan professor Ziqlinde Hartmann, Berlindən professor Ursula Şulze, Zalsburqdan Ulrix Müller qatılmışdı. Qeyd etmək yerinə düşər ki, Ulrix Müller alman germanşünaslarının sanki xaç atasıdır.
Azərbaycandan tədbirdə çıxış edənlərin arasında professorlar Rəhilə Qeybullayeva, Rəhman Bədəlov, Rəhilə Quliyeva, Telman Cəfərov, doktorlar Firəngiz Paşayeva, Rüstəm Rəsulov, Fərəh Cəlil, Telman Kazımov, BDU-nun türkologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli və başqaları var idi. Son dərəcə sevindiricidir ki, Qərb alimləri ciddi şəkildə "Kitabi-Dədə Qorqud" dastanlarını öyrənərək və tədqiq edərək elm sahələri üçün ciddi nəticələrə gəlməyə çalışırlar.
- 2013-cü ildə bu konfrans
Bakıda keçiriləcək. Artıq bununla bağlı
hazırlıqlara başlanıbmı?
- Bəli, dediyim kimi, bu
konfrans növbə ilə Maynzda və Bakıda təşkil
olunur. Biz artıq qayıdan kimi hazırlıq prosesinə
başladıq. Dünən universitetimizdə geniş elmi
ictimaiyyətin və tələbələrin iştirakı
ilə dəyirmi masa keçirildi. İkinci simpoziumun təhlili
və məruzələr hazırlanır. Bakıda
keçirilmiş birinci simpoziumun materialları Azərbaycan
dilində nəşr olunmuşdu. İndi isə alman alimləri
bizə hədiyyə olaraq bu kitabı alman dilində çap
etdilər. Artıq o kitab mənim masamın üstündədir
və adini çəkdiyim dörd təşkilatçının
redaktorluğu ilə hazırlanıb. Biz isə Almaniyada yenicə
keçirilmiş II simpoziumun materiallarını Azərbaycan
dilində nəşr edəcəyik.
Bir daha vurğulamaq istərdim
ki, bu 10 illik layihə tək filoloji, tarixi-sosioloji hadisə
deyil. Bu çox böyük kulturoloji əhəmiyyət
daşıyan, Azərbaycanın qədimliyini, dərin mədəni
irsini və ənənələrini Qərb düşüncə
kontekstinə həkk etdirən bir elmi hərəkatdir! Bu da əslində
Azərbaycanın Avropa ilə inteqrasiyası yolunda, milli
ideyamız olan azərbaycançılıq prinsiplərinin
geniş təbliğatı, ölkə imicinin dəstəklənməsi
istiqamətində görülən önəmli işlərdən
biridir. Məgər bu layihənin keçirilməsi yalnız
Bakı Slavyan Universitetinin uğurudur? Əlbəttə ki,
xeyr. Bu hadisə bu gün dünyada, Avropada ziyalı təbəqə,
universitet ictimaiyyəti tərəfindən Azərbaycana olan
marağın və diqqətin təzahürlərindən biridir.
Biz bundan istifadə etməsək, deməli müəyyən
bir fürsəti əldən vermiş olacağıq...
Xalq Cəbhəsi.- 2011.- 25 iyun.-
S.15.