"Ədəbiyyatda
qruplaşmalar yaranıb"
Əyyub Qiyas: "Azərbaycan
ədəbiyyatının həkim müayinəsinə
ehtiyacı var..."
"İyrəncliklər gəlib
artıq ictimaiyyətə çıxanda biz nüfuzdan
düşürük"
Müsahibimiz yazıçı Əyyub Qiyasdır
- Əyyub müəllim, bu qədər
qaçhaqovun içərisində yorulmursunuz ki?
- Üç-dörd gün yorulmadan bir sıra yeni türk filmlərinə baxdım. Açığı çox böyük zövq aldım. Hətta bəzən hiss elədim ki, gözlərim dolur o filmlərə baxanda. Hiss elədim ki, bu, yorğunluqdan qaynaqlanır. Biz hər birimiz yaradıcılığa bələd olduğumuz üçün sentimental hissləri də tanıyırıq istər-istəməz. Həmin o sentimental duyğular məni apara bildi. O anda düşünməyə fürsət də tapdım ki, demək içimdə bir saflıq qalıbmış. Saflıq qalıbmış ki, mənim gözlərim dolur. İnsan bəzən həyatımızın o qədər sərt reallıqlarını görür ki, öz - özünə suallar verir: biz nə qədər öz saflığımızı qoruyub saxlaya bilmişik? İtirmişiksə nə qədərini itirmişik? Nələr qalıb hələ bizdə? İnsan öz-özünə bu sualları verir. Bu meyarları ölçəcək bir ölçü vahidi mövcud deyil ki, bir həkimin yanına gedəsən və "mənim saflığımı ölç görüm nə qədər saf qalmışam?" - deyə soruşasan. Amma bax belə məqamlarda adam hiss eləyir ki, yox, məndə hələ nələrsə qalıb. Ola bilməz ki, bizim zamanımızda biri özünün mələk olduğunu iddia eləsin. O adam çıxıb ortalığa bunu iddia etsə belə mən şəxsən o adamın saflığına inanmaram. Hər bir insanın içində az da olsa, balaca da olsa o bulanıq məqamlar var. Kimliyindən asılı olmayaraq. Məhz o bulanıq məqamları bax belə filmlərə baxmaqla, müəyyən kitabları oxumaqla hiss etmək mümkün olur. Məsələn, mən nasirəmsə başqa bir nasirin əsərini oxuyanda bir az eqoist davranıram. Səhv axtarmağa çalışıram, o dəqiqə öz münasibətini qoyursan ki, mən olsaydım belə yazardım. Yaxşı, əgər bütövlükdə sənin o hikkən, hissin sənə imkan vermirsə ki, sən doğruları etiraf edəsən, o zaman sənin doğurdan da həkimə ehtiyacın var.
- Bəs müasir Azərbaycan ədəbiyyatının həkimə ehtiyacı varmı?
- Çox böyük ehtiyacı var. Hətta mən deyərdim ki, çekap müalicəyə ehtiyacı var bizim ədəbiyyatımızın. Əvvəldən axıra kimi müayinə olunmalıdır. Həm daxili həkim, həm dəri- zöhrəvi həkimi, həm beyin həkimi Azərbaycan ədəbiyyatını ciddi şəkildə müayinə etməlidir. Hətta kosmetoloq belə bu işə əl atmalıdır. Əgər müasir Azərbaycan ədəbiyyatı psixoloq da daxil olmaqla bu həkimlərə müraciət etsə yüz faiz əminliklə deyirəm ki, Azərbaycan ədəbiyyatı xəstə çıxacaq.
- Yəni, heç ümid
yeri qalmayıb?
- Yox, niyə ki?! Əgər
məsələni belə qoyuruqsa belə bir misal var: Allah dərd
veribsə dərman da verib. Allah yaxşıların
canını sağ eləsin, mənim söhbətə gənclərdən
başlamağım heç də təsadüf deyildi. Mən
bu gün Azərbaycanın ədəbi prosesində o
istedadlı gəncləri görürəm.
Böyük-kiçiyə münasibətindən tutmuş,
özlərini aparmağa kimi hər bir hərəkətlərini
də kənardan izləyirəm. Heç vaxt heç nə
bitmir. Ədəbi proseslər gedəcək, "otuz il sonra hər
şey yaxşı olacaq" yanaşması da düzgün
deyil. Hər şey yaxşı olsa nə var ki, onda
yaşamağa? Amma adamı bir az qorxudan, bir az ümidsizliyə
düçar edən başlıca əsas məsələ
odur ki, sanki bir az naşükürlük yaranıb. Ədəbiyyatda
bir az qruplaşmalar yaranıb. Otuzuncu illərdə də belə
idimi, altmışıncı illərdə də beləydimi,
mən onu deyə bilmərəm, amma mənə elə gəlir
ki, elə belə olub, belə də davam edir. Nə dərəcədə
yaxşıdır, nə dərəcədə pisdir, onu da
deyə bilmərəm, amma mən onu deyə bilərəm ki,
bu klanlaşmalar, bu qruplaşmalar ədəbiyyatın
inkişafına çox pis təsir edir.
- O zaman belə demək
mümkündürmü ki, bu klançılığı, ədəbiyyatdakı
qruplaşmaları biz sələflərimizdən
almışıq və xələflərimizə ötürürük?
- Bu məhz belədir.
- O zaman bunun
günahını keçmişimizdə axtarmalıyıq?
- Bilirsiniz, insan əgər
keçmişini görürsə və keçmişdə
edilən günahları yenidən təkrar edirsə o zaman
artıq günah keçmişdə olmur. Biz bunu bilirik ki, Azərbaycan
Yazıçılar Birliyində sədrlik üstündə
sədrlə katib arasında qırx il əvvəl hansı
proseslər gedib? Kim kimi infarkt edib bu binada? Biz bunu bilirik,
düzdürmü? Bundan xəbərimiz var. Hansı gənc
şairin üzünə bütün qapıları
bağlayıblar, sonradan o, öz istedadı ilə parlayandan
sonra qəbul ediblər, amma artıq gec olub. Ürəyi
partlayıb ölüb. Amma öləndən sonra heykəl
qoyublar ki, bu doğurdan da böyük şair olub. Biz
bütün bu tarixləri bilirik. Lakin bütün bu tarixin bir
nüansından belə ibrət götürmürük. Əslində
bu ibrət götürməyi bacarmamaqdır.
- Şəxsən Əyyub
Qiyasa lazımdır ki, öləndən sonra onun heykəlini
qoysunlar?
- Ümumiyyətlə, Əyyub
Qiyasa heç sağlığında da heykəl lazım
deyil. Əyyub Qiyas əgər yazdığı əsərlə
özü öz heykəlini qoya bilərsə, onun
üçün ən böyük heykəl elə odur.
Ümumiyyətlə, mənim aləmimdə
yazıçı üçün ən böyük heykəl
elə budur. Bizim bir az heykəlşünaslığa meylimizə
anormal bir hal kimi baxıram.
- Bayaq AYB-nin adını
çəkdiniz. AYB-də nələr baş verir sizcə?
- Bilirsiniz, biz əgər qələm
adamıyıqsa, hər birimiz AYB-nin həm təəssübünü
çəkirik, həm də AYB bizim uman yerimizdir. Mən
açıq danışım ki, bu gün
qurultayqabağı bəzi proseslər başlayıb. Bu
proseslər bəzən sürətlənir, bəzən səngiyir.
Mən həmişə çalışmışam ki, həmişə
o mətbəxdən uzaq olum. Çünki o mətbəxin
içinə düşürsən və başlayırsan
orda bişməyə. O da mənim işləməyimə
mane olur. Beyin qalır orda, əsəb qalır orda, ruh
qalır orda, bu da istər-istəməz yazmağa əngəl
yaradır. Ona görə də ordan uzaq olmağa
çalışıram. Kənardan baxıram.
- Bəs kənardan necə
görünür?
- Kənardan çox iyrənc
görünür. Ələxsus da təqaüd məsələsi
artıq iyrəncliyin pik nöqtəsidir. Fevral-mart
aylarında AYB bir qaynar qazana dönür. Orda hansı proseslər
gedir, kimlər nə işlər düzür-qoşur, bir az
da yaxından o mətbəxi keçmiş adam kimi hər
şey gözümün qabağında cərəyan edir. Bəzən
elə düşünürlər ki, kim nə biləcək,
amma yox, hər şey göz qabağındadır. Hətta o
dərəcəyə gəlib çıxır ki, adam istəmir
AYB o səviyyəyə ensin. Çünki Azərbaycan
oxucusu, ümumiyyətlə Azərbaycan ictimaiyyəti o
yaradıcı qurumlara məbəd kimi baxırlar. Ordakı
insanları qeyri-adi, fövqəlbəşər insan kimi təsəvvür
edirlər. Bu iyrəncliklər gəlib artıq ictimaiyyətə
çıxanda biz nüfuzdan düşürük. Bu gün
yazarların, sözün nüfuzdan düşməsinin səbəblərindən
biri də AYB-dir. Çünki birliyə üzvlərinə əvvəllər
biz tələbə olanda necə baxırdıq, İlahi!
Saatlarla dayanıb gözləyirdik ki, onlardan hansısa birini
canlı olaraq görə biləcəyikmi? Bu gün adam
özünə təhqir sayır ki, bir qisim AYB üzvləri
ilə bərabər oranın üzvü olsun.
- Bu gün Azərbaycan ədəbiyyatının
çiyinlərində gəlib müəyyən yerlərdə
oturanlar var...
- Siz çox gözəl bir
məqama toxundunuz: bəli, bu gün Azərbaycanda Azərbaycan
ədəbiyyatının çiyinlərində gəlib
müəyyən yerlərdə oturanlar və
özünü ədəbiyyata, geniş mənada isə
ictimaiyyətə sırıyanlar var. Onlar çox
böyük bir qrupdurlar. AYB-nin hələ ki, müəyyən
qədər nüfuzu, müəyyən qədər hələ
ki, imkanları var və böyük bir qrup, içində sən
də, mən də olmaqla, böyük bir qrup yazar bax həmin
bu imtiyazlardan kənarda qalır. Mən xahiş edirəm kimsə
bunu şikayət kimi qəbul etməsin, mənim yeri gələndə
bu imtiyazlara ehtiyacım da yoxdur. Amma söhbət nədən
gedir? Söhbət diqqətdən gedir. Məşhur
"Uşaqlığın son gecəsi" filmində
deyildiyi kimi "İş sosiskada deyil, iş
"vnimatelni" olmaqdadır". Yenə də söhbət
diqqətdən gedir. On xarici yaradıcılıq ezamiyyəti
olursa, biz razı, qoy bunun beşində ailə üzvləri
getsin, dost-tanış, qohum-əqrəba getsin, amma beşinə
də imkan yaradın istedadlı yazarlar təmsil etsin Azərbaycanı.
- Siz Pen Klub adlı bir orqan
eşitmisiniz? Onun fəaliyyətindən nə vaxtsa
yararlanmısınızmı?
- Yox. Bir ara Aydın Xan
Penklub haqqında çox danışırdı, sonradan bu
söhbət mənim üçün qapandı. Mən sizə
bir şey deyim: bizim yaxşı, təmənnasız təbliğatçılarımız
var. Bunlar heç şübhəsiz ki, oxuculardır. Əlli
"Penklub" olsun, ya da 500 AYB olsun, onun min dənə ədəbi
orqanı olsun, beş oxucunun təbliğatı onların
hamısını üstələyir. Mən bunu faktlarla və
statistika ilə deyirəm. Tutaq ki, Əyyub Qiyasın
"Sonuncu büt" romanının müzakirəsi
keçirilir. Bir kitabxnada baş verir bu. Ora gələn
oxucular hazır gəliblər. Razı olduqları məqamlar
da var, razı olmadıqları da. Sırf polemika gedir. Bax, orda
kitbı oxumayanlarda da maraq yaranır ki, romanı nəyin
bahasına olursa olsun alıb oxusun. Bu da oxucuların
sayının artmasına təsir göstərir.
- Əyyub Qiyas bu gün iddia
edə bilərmi ki, onun kitabları Azərbaycanda reklam
maşını işləyən yazarların kitabları ilə
eyni satılır?
- Xeyr. Bilirsiniz, əgər
orda otursaydım, əlimdə onların əlində olan
imkanlar olsaydı təbii ki, mənim də reklam bazarım
böyük olardı. Kimdən əksiyik? Amma bu qəbul
olunub ki, orda bir çərçivə var. Bu reklam çərçivəsidir
və bura heç kimi buraxmırlar. Söhbət burda
yalnız beş-on nəfərin təbliğatından gedir.
Bu gün Azərbaycanda yeni Markes ya Orxan Pamuk yetişsin, xeyri
yoxdur, onun reklam olunma şansı yoxdur. Ona görə də
lazımdır ki, bu prosesləri özümüz quraq,
özümüz yaradaq. Mən də belə şeylərdən
bir qədər uzağam.
- Əgər Əyyub
Qiyasın fərdi internet səhifəsi yoxdursa, onu müasir
oxucu necə oxumalıdır?
- Biz hələ ki, köhnə
kişilər kimi kitab variantı gedirik. Amma sözün
açığı bir neçə aydır ki, o məsələlər
barəsində düşünürəm. Mən internetdən
sadəcə müəyyən informasiyalar əldə edirəm
və müəyyən qədər də informasiya
ötürə bilirəm. Sırf o saytı işlətmək,
o sayta nəzarət etmək bir az mənim imkanlarımın
xaricindədir.
- AYB-nin axı
özünün internet portalı pis gündədir...
- Bu gün
çalışmaq lazımdır ki, AYB-in nüfuzu
qalxsın. Nüfuz yerinə gəlsə hər şey düzələcək.
Artıq cəmiyyət özü maraqlanacaq və tələbat
yaranacaq o sayta. Bu gün o nüfuz olmadığı
üçün maraq və tələbat yoxdur, sayt da
qalıb kölgədə.
- AYB gəncləşməlidirmi?
- AYB mütləq gəncləşməlidir.
Mən təsadüfən demədim ki, AYB-nin nüfuzu
artmalıdır. Nüfuz məsələsində mən
faktlara söykənərək danışmaq istəyirəm.
AYB-də sədr çox nüfuzlu bir adam olmalıdır.
Anar müəllim də yetərincə nüfuzlu bir
adamdır. Deməli ondan möhkəm yapışmaq
lazımdır. Amma bu katiblik məsələsi artıq AYB-nin
idarəedici orqanıdır. Bax, bu katiblik strukturunda ciddi
reformlar aparılmalıdır. Katiblikdə
bekarçılıqdan əziyyət çəkən,
bütün günü əsnəyən və yaxud
şöbələrdə yorğunluq xəstəliyinə
düçar olan insanlardan qurtulmaq lazımdır.
Söhbətləşdi: Oktay
Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 25 iyun.-
S.13.