"Qadınlarımızın oxumağa meylinin olmaması narahatçılıq yaradır"

 

 Lalə Mehralı: "Hələ də dini nikaha güvənib rəsmi nikah bağlamayan insanlar var, onların boşanması üçün də dini qaydalara görə kişinin qadına üç dəfə "səni boşadım" deməsi yetərlidir"

 

"Erkən nikah uşaq hüquqlarının pozulmasıyla bərabər həm də cinsi istismar deməkdir"

 

Müsahibimiz "Sağlam Toplum" İctimai Birliyinin sədri Lalə Mehralıdır.

- Hər gün qadın problemlərilə bilavasitə məşğul olursunuz. Azərbaycan qadınının hansı problemləri sizi daha çox narahat edir?

-"Sağlam Toplum" İctimai Birliyi tək qadınlara yox, içində hər birimizin olduğu fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşmasına yardım etmək amacıyla yaradıldı. Bu yardımı bizdən kim istəsə, kimin yardıma ehtiyacı olduğunu görsək, onlara kömək edirik. Ən azından maarifləndirici, mənəvi-psixoloji dəstək ola bilirik. Bu zaman qadın-kişi ayrımı etmirik. Amma bu da gerçəkdir ki, bizi daha çox qadınlarımızın savadsızlığı və oxumağa meylinin olmaması narahat edir. Çünki bütün problemlər burdan qaynaqlanır. Əgər qadın ali dərəcədə olmasa da, normal səviyyədə savada malik olsa, heç olmasa orta səviyyədə təhsil alsa, onun həm özünü, həm də ətrafındakı qadınları xilas etmək bacarığı yaranar. Təhsilli qadın ən azından hüquqlarını bilir, cəmiyyətdə kişidən sonra yox, kişi ilə bərabər hüququ olduğunu dərk edir. Övladına tərbiyə verəndə də öz biliklərindən yararlanır. Ancaq təhsilli qadın bizim ailə institunun formalaşmış ənənələrinə çox da zidd getməli deyil, ailədə özünün rolunu və vəzifələrini anlamalıdır. Yəni, normal cəmiyyətdə feminizmə ehtiyac olmur.

- Müasir cəmiyyətdə nikah müqaviləsi yeni evlənən cütlüklərə hansı təminatları vəd edir?

- Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır. Hər il ölkəmizdə orta hesabla 70 min nikah bağlanır, amma bunun çox az hissəsi nikah müqaviləsi bağlayır. Orta hesabla hər 1500 ailədən birində belə müqavilə bağlanır. Bizim cəmiyyətdə müqavilənin bağlanmasında əsas məqsəd qadının boşanma halında el dili ilə desək, "düzdə" qalmaması olmalıdır. Axı bizdə belə bir fikir formalaşıb ki, qadın hər bir halda əzilən və haqqı tapdanan tərəfdir. Amma bu, konkret olaraq qadınların boşanma halında problemlə qarşılaşması demək deyil.

Nikah müqaviləsində evlənmə ərəfəsində və evlik dövründə qazanılan mal-mülkün idarəsi, həyat tərzinin formalaşması, ərlə arvadın hüquq və vəzifələri, həmçinin, bu kimi maddələr əksini tapır. Bir az sadə desək, nikah müqaviləsi bir növ ailə konstitusiyasıdır.

-Son zamanlar Azərbaycan ailəsində abort halları artır. Bunun əsas səbəbləri kimi nələri qeyd etmək olar?

- Bu təkcə bizim ölkəmizdə belə deyil. Dünyada bu göstərici dəhşətli səviyyəyə çatıb. Təsəvvür edin ki, hər il dünyada 50-55 milyon körpə süni abort vasitəsilə ana bətnindəcə qətlə yetirilir. Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Konkret olaraq, Azərbaycanda da vəziyyət o qədər ürəkaçan deyil. Çünki bizim ölkəmizdə də abort halları az deyil. Rəsmi məlumatlara görə, hər il ölkədə 33 min abort edilir. Düzdür, abort əksər hallarda qadının öz istəyilə reallaşır. Amma inkar etmək olmaz ki, bu addıma bəzən qadını ailədə də təhrik edirlər. Bir çox qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla həkimə aparırlar. Bayaq qeyd etdiyim kimi, qadınlar savadlı olsa, hüquqlarını bilsə, belə hallarla mübarizə apara bilərlər. Çünki bizim Konstitusiyamızda da abort haqqında qadağa var. Aborta məcbur və təhrik etməyə görə cəza verilir. Qadının bir şikayəti yetər ki, onu aborta məcbur edən cəzasını çəksin.

-Cəmiyyətdə baş verən boşanmalar ailədaxili münaqişələrdən qaynaqlana bilərmi?

- Boşanma halları bizim bildiyimizdən də çoxdur, çünki rəsmi nikahla evlənənlərin boşanması barədə rəsmi statistika var, amma nikahsız ailə quranlar barədə konkret rəqəm göstərə bilmirik. Daha dəqiq desəm, Azərbaycanda hələ də dini nikaha güvənib rəsmi nikah bağlamayan insanlar var, onların boşanması üçün də dini qaydalara görə kişinin qadına üç dəfə "səni boşadım" deməsi yetərlidir. 2010-cu ildə ölkəmizdə doqquz minə yaxın boşanma qeydə alınıb. Nəzərə alsaq ki, hər il ölkədə təxminən 70 min nikah bağlanır, deməli, nikahların təxminən 8-9 mini boşanmaqla nəticələnir və bu göstərici get-gedə artır, o zaman vəziyyətin o qədər də arzuolunan olmadığını görə bilərik.

Mən bunun səbəblərini təkcə ailədaxili münaqişələrlə bağlamazdım. Söz-söhbətsiz ailə yoxdur, hər evdə kiçik münaqişələr olur. Amma hər münaqişə də boşanma ilə nəticələnmir. Bunun kökündə daha dərin və daha ciddi məsələlər durur. Bu prolemlərdən ən birincisi və ən önəmlisi xarakterin, dünyagörüşün və təhsil səviyyəsinin eyni olmamasıdır. Tutaq ki, bir ali təhsilli kişi savadsız bir qadınla evlənib və yaxud da əksinə. Onların anlaşmalarında bu, ən önəmli faktordur. Əgər bir tərəf bir qədər axsayırsa, o zaman problemlər qaynamağa başlayır.

İkinci bir məsələ, qısqanclıq problemidir. Daha çox kişilərin problemi kimi qələmə verilən bu məsələ əslində qadınlarda da çox olur. Qadın ərini, və ya kişi qadınını boş şeylərə görə qısqanır və bunun zəminində də dava-dalaş, söz-söhbət yaranır. Problem məhkəmə salonunda boşanmaqla həllini tapır.

- Son zamanlar cəmiyyətdə baş verən qadın intiharlarının sayı artır. Bu, nədən qaynaqlanır- uşaqlarını düşünərək cinayət törədə bilməyən qadın son çarəni intiharda görür?

- Əslində artım var, amma bunu o qədər də sürətli saymaq olmaz. Sadəcə əvvəllər belə halların ictimaiyyətə açıqlanması imkanları məhdud idi. Qəzetlər, televiziyalar bu barədə az yazırdı, az göstərirdi və yaxud da heç yazılmırdı. Son illərdə media vasitəsilə bu hadisələr haqqında ictimaiyyətə geniş məlumat verilir. Ona görə də, bizə elə gəlir ki, dəhşətli artım var. Medianın sayəsində biz ailələrimizdə nələrin olub-bitdiyini, cəmiyyətin problemlərini bilmiş oluruq. Fikrimcə, ailədaxili münaqişələr nəticəsində baş verən ölüm və intihar hadisələrində psixoloji məsələlər mühüm yer tutur. Bunun səbəbləri də çoxdur, qeyri-sağlam qidalanma, ekologiyanın pozulması insanlara pis təsir edir, nəticədə psixoloji problemlər yaranır. Gərgin işin, stressin də nəticəsində psixoloji gərginlik yaranır. Ağır sosial problemlərin önəmli rolunu gözardı etməmək lazımdır. İntihara əl atan şəxs, istər qadın olsun, istər kişi, psixoloji problemlər yaşadığı üçün bu yolu seçir. Normal düşüncəyə malik insan anlayır ki, maddi dünyada hər şey ola bilər və heç bir şeyə görə cana qıymağa dəyməz. Əslində, intiharların səviyyəsi cəmiyyətin nə dərəcədə ədalətli olduğunun göstəricisidir. İntihar son ümidini də itirmiş insanın sonuncu yola əl atması deməkdir ki, normal cəmiyyət üçün bu sadəcə faciədir.

- Bu gün qızların erkən yaşda ailə qurmağa məcbur edilməsi də cəmiyyətimizdə sosial bəlalardan biridir. Həmin bəladan çıxış yollarını nədə görürsünüz?

- Hesab edirəm ki, Azərbaycanda baş-alıb gedən erkən nikahlar ciddi problemin başlanğıcıdır. Bir zamanlar ölkəmizin ən çox cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nikahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta 13 yaşlı qızların ərə verilməsi adət halını alıb. Əgər statistika ilə danışsaq, o zaman nəticə daha da dəhşətli hal alır - 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 min nəfərə çatırdısa, 2008-ci ildə bu rəqəm 5500 nəfəri keçdi, son illərdə isə bu göstərici 6 mindən aşağı deyil. Amma statistikaya düşməyənlərin sayı bu rəqəmdən 2-3 dəfə çox ola bilər. Öncəliklə qeyd edim ki, erkən nikah uşaq hüquqlarının pozulmasıyla bərabər həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Alimlər də xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır. Son vaxtlar evlilik yaşının qaldırılmasıyla bağlı parlamentdə səslənən təklifləri müsbət qiymətləndirmək olar. Demək cəmiyyətin aparıcı nümayəndələri durumun ciddiliyindən xəbərdadır. Erkən evlilik hallarına qarşı sərt cəza tədbirləri nəzərdə tutmaq lazımdır. Yoxsa, son nəticədə milli genefondumuz zədələnər, yaxın gələcəkdə fiziki və psixi xəstə nəsil ortaya çıxa bilər.

 

 

Söhbətləşdi: Oktay Hacımusalı     

 

Xalq Cəbhəsi.- 2011.- 25 iyun.- S.11.