“Kinomuzu milli kadrlarımızla tanıtmalıyıq”
“Kinomuzu milli mənsubiyyətə, milli kökə
söykənən, milli kadrlarımızla
tanıtmalıyıq, nə Depardye ilə, nə bir
başqası ilə tanıda və yeni söz deyə bilmərik”
Azərbaycanın xalq artisti,
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri
Amaliya Pənahova APA-ya müsahibə verib. Amaliya Pənahova ilə
söhbətimiz Bakı Bələdiyyə Teatrının
yeni ünvanı olan “Dostluq” kinoteatrında baş tutdu. Son
aylar ərzində bir neçə ünvan dəyişən
bu teatr kollektivinin soyuq binada yeni tamaşalar hazırladığının
şahidi olduq. Öyrəndik ki, burada teatrın hələ
son ünvanı deyil və teatr burada müvəqqəti məskunlaşıb...
- Amaliya xanım, yeni məkanınız
mübarək olsun. Nəhayət, Bakı Bələdiyyə
Teatrına yeni bina verildi...
- Yeni məkan deyəndə
ki, faktiki olaraq hələ bizim məkanımız yoxdur. Bura
köçürülmüşük, çünki 15 il
Şəhriyar adına klubda fəaliyyət göstərirdik.
Bir günün içində bizi küçəyə
atdılar, üç-dörd ildir harada olduğumuzla heç
kim maraqlanmır. Sağ olsun, yenə Mədəniyyət və
Turizm Nazirliyi bizə balaca bir yer ayırdı. Hələ bu
yerin bizim ünvanımız olacağını deyə bilmərəm,
çünki əlimdə nə sənəd, nə bir
kağız var. Hər halda yerləşdiriblər, sağ
olsunlar.
- Azərbaycan kino və teatr
tarixinə əvəzsiz rollarla adını yazmış
Amaliya Pənahovaya qarşı bir neçə ildir davam edən
qeyri-müəyyən münasibəti anlaya bilmirik. Kimdir
Sizinlə bu ədavəti aparan?
- Əslində
yaratdığım teatr çox yüksək qiymətləndirilmişdi.
Bilirsiniz ki, teatrın 10 illiyində mərhum Heydər Əliyev
20-dən çox əməkdaşımıza fəxri adlar
verdi, işimiz qiymətləndirdi. Arada bu hadisələr
baş verəndə söhbət qalxdı ki, bunların
binası yoxdur, gəlin bu teatrı bağlayaq. Prezidentimiz
İlham Əliyev cənablarına minnətdaram, onun sayəsində
bu teatr bu gün də fəaliyyətdədir. O ildən bu ilə
biz yenə də sübut etdik ki, bu teatr yaşamalıdır.
Teatrın özünəməxsus, digər teatrlardan fərqli
repertuarı var. Teatr respublikada birinci olaraq vətənpərvərlik,
qəhrəmanlıq mövzusunda tamaşalar hazırladı,
cəbhə bölgələrində
qaçqın-köçkünlər, əsgərlər
qarşısında çıxış elədi. Teatrın
2009-2019-cu illərdə inkişaf planı dövlət
başçısı tərəfindən təsdiqləndi və
İlham Əliyev hər zaman öz
çıxışlarında deyir ki, Azərbaycanda bir teatr
da binasız, təmirsiz, yeni təchizatsız olmayacaq. Bu
baxımdan mənə elə gəlir ki, növbə
yavaş-yavaş bizə də çatacaq. Mən bu halı qərəzli
münasibət, özümə hörmətsizlik kimi qəbul
etmirəm, sadəcə... Düşünmək ki, niyə mən
birinci yox, sonuncuyam, bu artıq nadanlıq olar. Ona görə
düşünürəm ki, bu qədər
dözmüşük, bir azda dözməliyik.
- Amaliya Pənahova ümid edir?
- Mən ümidimi heç zaman üzmürəm, görə-görə gəlirik. Hər halda deyirlər işləyənə, sədaqətə, etibara zaval yoxdur. Kollektivimizlə birgə düşünürük ki, çətin günün ömrü az olar. Sözsüz, teatrın öz binası olmalıdır, teatr böyük yaradıcılıqla paralel, həm də təsərrüfat sahəsidir. Burada bir çox sahələr var ki, tamaşaçının gözündən kənarda qalır, amma bu gündəlik işdir, fəaliyyətdir, bu baxımdan teatrın gərək sözsüz ki, öz binası olsun. Teatrın 20 illik fəaliyyəti dövründə çoxlu kostyum, rekvizit, dekor yığılıb və bunlar hamısı yer tələb edir. İndi hələlik bunların hamısı mənim bağımdadır, konteynerlərdə qalıb, bəziləri çürüyür, bəziləri... Görürsünüz ki, buranı bir az səliqəyə salmışıq ki, işləyə bilək. Üç otaqdır və zalda səhnə düzəltmişik. Soyuq atmosferdə hamımız qalın geyinib otururuq, tez-tez xəstələnirik, amma ümidimizi yenə də üzmürük. Sözsüz ki, ayrı-ayrı ünvanlarda tamaşaları göstərmək, tez-tez yer dəyişmək bizə çox ziyan verir. Çətin şəraitə baxmayaraq biz il ərzində 3-4 yeni tamaşa göstəririk, yeni premyeralar edirik. Bütün bu çətinliklərə baxmayaraq, çalışırıq fəaliyyətimizdən qalmayaq. Fəxr edirəm ki, bizim teatrın səhnəsində uzun illər getməyən tamaşalar həyat üzü görəndən sonra, artıq başqa teatrlar da həmin tamaşaları yada salır və öz repertuarına daxil edir. O cümlədən, “Ölülər”i, “Nadir şah”ı. Bizdən asılı olmayan səbəblərə görə, “İblis” tamaşası hələ qalıb. Teatrları da qınamaq olmur, hansına müraciət edirsən, öz yaradıcılıq planı var, öz məşq cədvəlləri var. Amma fəaliyyətimizi kim poza bilər?! Onsuz da teatrlar bu gün fədakarların çiyinləri üzərində yaşayır. Bu fədailər olmasa, teatrda çalışmaq, yaratmaq, yaşamaq, dolanmaq çox çətindir. Tarixə nəzər salsaq görürük ki, teatrda çalışanlar gülləyə də, böhtana da, zaman-zaman haqsızlıqlara da tuş gəliblər. Mən nə birinciyəm, nə sonuncu... Nə qədər səhhətim imkan verirsə, ömür vəfa edirsə, teatr üçün çalışacağam.... Biri bunu deyə-deyə rəhmətə getdi, həyat yoldaşımla bərabər bu teatrı yaratdı və dəyən zərbələrə onun ürəyi dözmədi. Elə-belə olmadı ki, hər şey... O da arzulayırdı ki, bu teatrın binası olsun. Biz bu məhrumiyyətlərə dözürdük, düşünürdük ki, teatrın nə vaxtsa öz binası olacaq. Bizə ayrı-ayrı ölkələrdən çoxsaylı təkliflər gəlirdi. Mən bilirəm ki, bütün bu təkliflər respublikaya zərər vurmaq və bunu şouya çevirmək niyyəti daşıyırdı. Deyirdilər ki, gəlin hamılıqla qalın, biz sizə bina da veririk, şərait də yaradırıq, evlər də, ad-san da, əsas pul veririk, təki siz gəlin, özü də elə bu ad altında - Bakı Bələdiyyə Teatrı olaraq fəaliyyət göstərin. Mən elə nadan deyiləm və siyasətdən də uzaq deyiləm ki, bunların nə oyun olduğunu anlamayım.
- Akademik Milli Dram Teatrında
bir çox yeniliklər olacaq. Teatrdan uzaqlaşan aktyor heyətinin
də tamaşalarda rol alacağı deyilir. 18 ildir bu teatrdan uzaqlaşan
Amaliya Pənahovanı necə, bu səhnədə görə
biləcəyəkmi?
- Yox, mənim öz
teatrım var. Mən çox dözümlüyəm, ancaq
qırılanda bərk qırılıram, sonra ora
qayıtmıram. 30 il o teatrın səhnəsində 200-dən
artıq qadın obrazları yaratdım. O teatrın
bütün ağrı-acısı ilə yaşadım və
teatrın repertuarını 30 il çiynimdə
daşıdım. Amma nəticədə naxələflərlə,
haqsızlıqlarla üzləşdim, son nəticədə də
bu teatrı yaratdım və ora ilə birdəfəlik
üzülüşdüm. Mən bir daha o teatra qayıdan
deyiləm. Kim ifamı görmək istəyirsə, öz
teatrım var və mənim yaradıcı heyətim heç
bir teatrdan aşağı səviyyədə deyil, əksinə
üstündür. Mən buna başımla cavabdehəm.
Çox böyük məsuliyyətlə deyirəm ki, burada
çox böyük istedadlar, gözəl gənclik,
inkişafa aparan yaradıcı heyət var və bununla fəxr
edirəm. Kimin arzusudur, kim gözəl nümunə görmək
istəyirsə, gəlsin, teatrımda tamaşa qoysun, mən də
çıxış edim, aktyorlarım da oynasın. Bu teatra
şərait yaratsınlar. Bəzən mənə elə gəlir
ki, bir çoxları bu teatra şərait yaratmağa qorxurlar
ki, birdən o biri teatrlardan üstün olar.
- Bəlkə bu,
teatrınıza deyil, şəxsən Sizin özünüzə
olan münasibətdən irəli gəlir?
- Yəqin ki... Hər halda bu
teatr xalq üçündür. Amaliya bunu goruna aparmayacaq ki...
Fəxr edirəm, bilirsiniz niyə? Çünki bu gün
bizimlə bir çox teatrlar rəqabətdədir. Təki
sağlam rəqabət olsun, ortalıqda naxələflik,
düşmənçilik, tapdanmaq olmasın. Bunu silək,
pozaq, böhtan ataq. İllər boyu mən bu münasibətdən
əziyyət çəkmişəm. Çoxları
içində paxıllıq hissi ilə
alışıb-yanıb. Ona görə ki, Amaliyanın bu
zamana kimi uğursuz rolu olmayıb. Nə kinoda, nə teatrda. Mənim
ürəyimdə olan yanğı onların çoxunda
olmayıb... Başım o qədər çəkib ki.
Özümü tanıyandan elə
çarpışıb-vuruşuram, gündəlik həyatımı,
gündəlik sənətimi təsdiq edirəm.
- Yəqin xəbərdarsınız
ki, Akademik Milli Dram Teatrında yeni iş üslubuna
keçirilib. Artıq aktyor və rejissorlarla müqavilə əsasında
iş qurulacaq.
- Mən bunun tərəfdarı
deyiləm və bunu açıq şəkildə bəyan
edirəm. Çünki teatrlar sənətkarlardan
asılı olacaq və bu da nəticədə teatrı məhv
edəcək. Tutaq ki, hər aktyor pul qazanmaq xətrinə
müqavilə bağladı, tamaşalarda iştirak elədi.
Belə olan təqdirdə repertuarı necə quracaqsan?
Aktyorun əsas iş yeri mənim teatrımdadır, o isə
gedir başqa teatrlarla müqavilə bağlayır və
bütün teatrlarda oynayır. Bəs onda mən bu aktyorla necə
işləyim, elə-belə məvacib alsın məndən?!
Onun iştirak etdiyi tamaşaları necə
bölüşüm mən? Sabah mən bir yana getdim, deməli
onu da özümlə aparsam, o biri teatrlar pis vəziyyətdə
qalacaq. Fikrimcə, bu, özünü doğrultmayan bir qərardır.
O zaman hər aktyor diktə edəcək, o zaman həqiqətən
də nizam –intizam pozulacaq, sən aktyora heç bir şey deyə
bilməyəcəksən. Siz 5-6 nəfərdən savayı
hansı böyük aktyorların adını çəkə
bilərsiniz ki, onlar kapitalist dövründə məşhurlaşdılar,
öz xalqını təmsil etdilər? Yoxdur elə şey.
Sabah Azərbaycan teatrı da belə olacaq. İndi deyirlər
çoxuq, yox, çox deyilik. Biz 30 il ərzində teatr səhnəsində
bir ad qazanırıqsa, bu çox böyük şeydir. Hər
il istedad tapmaq da mümkün deyil. Zaman özü
yetişdirir bu istedadı.
- Bu təcrübə
dünya teatrlarda da həyata keçirilir və elə belə
də əsaslandırırlar ki, teatrımızda dünya
teatrlarındakı təcrübələrdən istifadə
olunur.
- Dünya teatrlarında əcnəbi
aktyorlar bir tamaşada oynadığı rola görə
bağladığı müqavilə əsasında
aldığı pul bir il yox, on il bəsdir ki, heç nə
etmədən yüksək səviyyədə yaşasın.
Uzağa getməyə ehtiyac yoxdur, müxtəlif
teatrlardakı rol bölgüsünə baxanda
görürük. Bütün teatrlarla müqavilə əsasında
işləyirlər, üstəgəl kino, üstəgəl
televiziya. Sonda yıxılıb ölürlər,
çünki bu gərginliyə fiziki baxımdan tab gətirmək
mümkün deyil. Buna Telmanı, Gülşəni misal gətirmək
olar, bir neçə yerə parçalandılar və
ömürlərindən getdi. Gəlin hər şeyi
gözü bağlı etməyək. Moskvada bütün sənət
adamları teatrda Bolonya sistemi ilə ayağa qalxdılar,
çox təəssüflənirəm ki, bizdə belə
deyil. Mədəniyyət bu sistemdən itirir. Biz teatrlarda
heç orta səviyyədə də məvacib
almırıq. Gərək məvacib dəfələrlə
artırılsın. Məvacib məsələsi Akademik Milli
Dram Teatrında başqadır, digər teatrlarda başqa.
Halbuki bütün teatrlarda eyni güc sərf olunur. İstedad
adi teatrda bəlkə də Akademik Milli Teatrdakından işləyəndən
qat-qat üstündür, ancaq məvacibə gələndə
ondan az alır. Gərək sənətkarın sənəti,
istedadı, çəkdiyi zəhmət müqabilində məvacibi
olsun.
- Akademik Milli Dram Teatrına əcnəbi
rejissorların dəvət olunması prosesinə
başlanılıb. Bəs bu addımı Siz necə
qarşılayırsınız?
- Bunu mən də
eşitmişəm. XX əsrin əvvəllərində Azərbaycan
teatrında milli rejissura, yerli kadrlar olmayanda əsasən
Rusiyadan çox dəvətlər olundu. Hamısını dəvət
etdilər, gəldilər, amma nəticədə biz öz
milli sənətkarlarımıza söykəndik.
Çünki hər xalqın öz mədəniyyəti var və
biz deyirik ki, bu mədəniyyəti inkişaf etdirməliyik. O
gələn mənim mədəniyyətimin inkişafına
xidmət etməyəcək. Gəlib mənim Cavidimi və
yaxud Axundovumu səhnələşdirsin. Cavidi, Avundovu xarici
rejissor məndən yaxşı biləcək?
Ola bilsin ki, biz hansısa bir
məqamı keçid dövründə itirdik.
Çünki rejissorlarımızı,
aktyorlarımızı gərək vaxtaşırı
başqa ölkələrə göndərib, o ölkələrin
teatr mədəniyyəti ilə, tamaşaları ilə, teatr
təchizatı ilə tanış edərdik. Bəlkə
bir-iki nəfəri göndərirlər, o da mütləq
kiminsə dostudur, ya da kiminsə xoşuna gəlib, xaricə
gedib gəlir. Gəlin bu məsələyə qlobal baxaq, bu
addım çox böyük fəlakətə gətirib
çıxara bilər. Əgər biz millikdən
danışırıqsa, buna əməl edək. Sovet
dövründə də deyirdik mədəniyyətimiz formaca
milli, məzmunca beynəlmiləldir. İndi də edək,
ancaq indi nə formaca, nə də məzmunca milli olacaq,
çünki əsərləri dəyişirlər, klassiklərimizi
də ürəkləri istədikləri kimi ixtisarlar edirlər.
Bu nə verir bizə? Bu gün bir çox gənclərimiz təhsildən
uzaqdır, öz yurd-yuvalarından qaçqın
düşmüş insanlarımız var, biz onlara mənəvi
qida verməliyik. Biz onları milli kökə
bağlamalıyıq. Eləməsək, o zaman biz hansı Vətəndən,
vətənpərvərlikdən danışa bilərik?
Teatra bağlılıq körpə yaşından olur.
Baxırdı, görürdü, kiminsə şövqünə
bu sənətə gəlirdi. İndi belə şey var?
- Demək ki,
çoxlarının özünə sual verib cavabını
tapa bilmədiyi ki, “axı niyə yetişmir” sualının
cavabı budur?
- İstedadlı aktyor
yetişməməsinin bir çox səbəbi var. Birincisi
budur ki, onları uşaqlıqdan bu sənətə gətirmirlər.
Xatırlayıram, məktəblər, disputlar keçirilirdi,
sonra gəlib inşa yazırdılar, təhlil edirdilər.
Biz məktəbin, məktəb isə bizim xidmətimizdə
idi. İslahatlar deyirlər, hanı islahatlar,
görürsünüz? Dedilər müsabiqə, müsabiqə
gərək hamı üçün eyni olsun, heç kim
seçilməsin. Axı biz aktyorlarımızı
tanıyırıq. Əgər onlara xalq və ya əməkdar
artist adı veriblərsə, artıq onlar müsabiqədən
keçiblər. Elə deyil?
- Amaliya xanım, indi də
Azərbaycan kinosuna nəzər salaq. Siz nəzər salanda nə
görürsünüz?
- Milli mənsubiyyətimizdən
kənara çıxdığımızı görürəm.
O filmlərdə sevdiyimiz sənətkarları
görmürük. Bunlar çox böyük amildir. Eyni
zamanda bu gün biz kinolarımızda ürəyimizə
yaxın mövzuları görmürük. Qərbə meyl
atırıq və kinomuzda Qərb ünsürləri olanda
yaxşı qarşılamırıq, çünki
bütün bunlar bizə yabançıdır. Bəlkə mən
geri qalmışam, bütün bunlar inkişafdan xəbər
verir. Bir şeyi nəzərə çatdırım, Qərbi
dünyaya tanıtdıran onların böyük kino sənayesi
oldu. Eyni zamanda onlar bu filmlərə böyük vəsait
buraxdılar və bütün dünyaya yaydılar. Bir
çox zəif, sənəti inkişaf etməyən ölkələr
onların sənətini bayraq edib göylərə
qaldırdılar. Bizim filmlərimizin öz dəsti-xətti
var. Təsadüfi deyil ki, ən çətin dövrdə -
1945-ci ildə “Arşın mal alan” dünyanı zəbt etdi.
Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi
ilə... Biz yalnız bununla maraq kəsb edə bilərik.
Muğamımız bütün dünyaya səs salıb,
çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə
bilməz. Həmçinin kinomuz da, teatrımız da belə
olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda
yoxdur. Yalnız bizi sevənlər azdır və bizi təbliğ
edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli
kökə söykənən, milli kadrlarımızla
tanıtmalıyıq, nə Depardye ilə, nə bir
başqası ilə tanıda bilmərik, yeni söz deyə
bilmərik.
- Son illər çəkilən
hansı filmə baxıb zövq almısınız?
- Yeni istedadlı rejissorlar
var, kinoya gəliblər. Nə qədər desək ki,
baxılmır, ancaq o filmlər gedib beynəlxalq festivallarda
uğur qazanırlar.
- Ancaq “A” kateqoriya filmlər
də deyillər...
- Sözsüz ona da
çatmaq lazımdır. Bilirsiniz, gənc rejissor gedib beynəlxalq
festivalda bir mükafat qazanır, sonra gəlib oturur, heç nə
eləmir. Ona daima iş vermək lazımdır, işləsin,
unutmasın. Bu hələ bizdə alınmır. Biz həm
kinoda, həm teatrda özümüzünkülərə daha
çox etibar etməliyik. Ola bilsin desinlər ki, mən
köhnəlmişəm, zövqüm köhnəlib, amma bu
faktdır. Biz sənətimizi bu cür inkişaf etdirə,
tanıda, təbliğ edə bilmərik. Artıq 47 ildir bu sənətdəyəm
və bu müddət ərzində çox şeylər
görmüşəm. Yoldaşımın vəfatının
bir ili apreldə tamam olacaq. 17 il bu teatrda çiyin-çiyinə
çalışdıq, 47 il ömür-gün
yoldaşım olub. Onsuz çox çətindir, ancaq yenə
də həyat davam edir. Övladlar, nəvələr... Onun
arzuları var idi ki, onlar həyata keçməlidir və ona
görə də əllərimi boşaltmağa ixtiyarım
yoxdur. İçim özümü yandırır,
çölüm özgəni. Çox şükür ki,
mübarizəm, mübariz olmasaydım, yəqin ki
sınardım.
Xalq Cəbhəsi.- 2011.- 2 mart.-
S.15.