Kılıçdaroğlu: "Qarabağ
əzəli Azərbaycan
torpağıdır"
Kaymakam Rəcəb Ərkılıç:
"Xocalı soyqırımı bəşəriyyətin ən
böyük faciəsidir"
Fevralın 21-26-da
Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü
və təşkilatçılığıyla XX əsrin ən
dəhşətli və bəşəri soyqırımlarından
biri olan Xocalı faciəsinin 19-cu ildönümüylə əlaqədar
Türkiyə Cümhuriyyətində "Xocalı həftəsi"
keçirilib.
DAK "Xocalı həftəsi"nə yekun vurdu
Məqsəd qardaş ölkənin ictimaiyyətini bu faciəylə daha yaxından tanış etmək və hadisəylə bağlı ətraflı məlumat verməkdir. DAK rəhbərliyi qardaş ölkəyə səfər çərçivəsində başkənd Ankara şəhərində Türkiyə Böyük Millət Məclisində (TBMM) olublar və bu ölkənin müxtəlif partiyalarının parlamentdəki təmsilçiləriylə görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı və s. məsələlər müzakirə edilib. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisinin PKK problemini, Türkiyə Böyük Millət Məclisinin isə Xocalı faciəsini soyqırımı aktı kimi qəbul etməsi əsas müzakirə obyekti olub. Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Mustafa Kabakçı, DAK-ın həmsədri Sabir Rüstəmxanlı çıxışlarında Türkiyə-Azərbaycan münasibətlərindən və müasir dünyada Türk Dünyasına olan ikili standartlara, ədalətsiz yanaşmalara son qoyulması, eyni zamanda gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan-Türkiyə diasporunun birgə hərəkət etməsinin labüdlüyündən danışıblar. DAK-ın digər həmsədri Firidun Pərviznia və qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə isə Güney Azərbaycanda baş verən prosesləri türkiyəli millət vəkillərinin diqqətinə çatdırıblar və TBMM-in İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün probleminə biganə qalmamasını istəyiblər. Sonda TBMM-də DAK rəhbərliyinin şərəfinə ziyafət verilib.
DAK rəhbərliyi
MHP sədri Dövlət
Baxçalıyla görüşüb
Bundan əlavə, DAK rəhbərliyi Ankara şəhərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərkəzi qərargahında siyasi təşkilatın rəhbəri Dövlət Baxçalıyla görüşüb. Görüşdə Türk Dünyasında, Azərbaycanda, Türkiyədə və özəlliklə də Güney Azərbaycanda baş verən proseslər əsas müzakirə mövzusu olub. Eyni zamanda tərəflər Qarabağ münaqişəsi, Güney Azərbaycandakı vəziyyət, Xocalı soyqırımı, qondarma erməni soyqırımı barədə müzakirələr aparıb, Türkiyə-Azərbaycan diasporunun birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.
DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan Respublikasındakı siyasi proseslər, Azərbaycan diasporunun fəaliyyəti barədə qarşı tərəfə geniş məlumat verib. Eyni zamanda o, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının vacibliyini vurğulayıb. DAK-ın digər həmsədri Firidin Pərviznia və qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə Güney Azərbaycanda baş verən proseslər, İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkünün apardığı milli mücadilə, güneyli soydaşlarımızın istiqlal mübarizəsi haqda danışıblar və MHP-nin Güney Azərbaycana dəstək verməsinin vacibliyini bildiriblər.
MHP sədri Dövlət Baxçalı isə öz növbəsində Türkiyə Cümhuriyyətində baş verən proseslər, MHP-nin Azərbaycan Respublikası və Güney Azərbaycan siyasəti barədə ətraflı məlumat verib.
Etimesgutda Xocalı faciəsiylə bağlı
sərgi keçirilib
Eyni zamanda həmin gün Ankara şəhər Etimesgut bələdiyyəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığıyla Xocalı soyqırımıyla bağlı sərgi keçirilib. Tədbirə DAK rəhbərliyi də qatılıb. Sərgidən sonra isə Xocalı soyqırımıyla bağlı konfrans keçirilib. Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, DAK həmsədri Sabir Rüstəmxanlı və tarixçı alim Cəmil Həsənli Xocalı soyqırımıyla bağlı məruzə ediblər. Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəl və Etimesgut kaymakamı Rəcəb Ərkılıç da çıxış edərək Xocalı soyqırımını bəşəriyyətin ən böyük faciəsi adlandırıblar. Sonda Xocalı soyqırımı haqda film nümayiş etdirilib və faciə qurbanlarının ruhuna ehsan verilib.
Bundan başqa, DAK nümayəndə heyətinin bir qrup üzvü MHP-nin qurucusu, başbuğ Alparslan Türkeşin Ankara şəhərində Beştəpədəki məzarını ziyarət ediblər.
CHP sədrilə
görüş
Eyni zamanda DAK rəhbərliyi Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzi qərargahında siyasi təşkilatın rəhbəri Kamal Kılıçdaroğlu ilə görüşüblər. Görüşdə DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvü, təşkilatın Ukrayna nümayəndəliyinin sədri Möhlət Hüseynov iştirak edib. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, DAK-ın fəaliyyəti və Güney Azərbaycan məsələsi müzakirə olunub. DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan Respublikasında baş verən proseslər barədə CHP sədrinə məlumat verib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə Azərbaycanın Güneyindəki son durumu və İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünə qarşı yüz ilə yaxındır başlamış assimilyasiya siyasətinin hələ də davam etdiyini, soydaşlarımızın milli azadlıq, istiqlal mücadiləsi apardıqlarını Kamal Kılıçdaroğlunun diqqətinə çatdırıb. DAK-ın digər həmsədri Firidun Pərviznia da Güney Azərbaycanda sosial demokratiya istiqamətində işlərin getdiyini CHP sədrinə bildirib.
Kamal Kılıçdaroğlu isə öz növbəsində bütün qaldırılan məsələlərə öz müsbət yanaşmasını açıqlayaraq, Güney Azərbaycan məsələsində hamının diqqətli olmasının vacibliyini söyləyib. Xocalı faciəsinə də münasibət bildirən CHP sədri ermənilərin törətdikləri bu soyqırımı pisləyərək, Qarabağin əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyanlayıb.
DAK rəhbərliyi
güneyli fəallarla
görüş keçirib
Ankaradan İstanbula qayıdan DAK rəhbərliyi burada Güney Azərbaycandan olan siyasi mühacirlərlə görüşüb. Görüşdə Güney Azərbaycanda baş verən proseslər, bu ölkədə yaşayan güneyli soydaşlarımızın fəaliyyəti, DAK-ın Güney Azərbaycanla bağlı gələcək layihələri geniş müzakirə edilib. DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə, təşkilatın İdarə Heyətinin üzvləri Abuzər Bağırov, Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli çıxış edərək fikirlərini bildiriblər. Səmimi şəraitdə keçən görüşdə güneyli ziyalıların birgə fəaliyyəti məqbul sayılıb, bununla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, DAK İdarə Heyətinin üzvləri - həmsədrlərin MDB regionu üzrə müavini Abuzər Bağırov və Adil Minbaşı Türkiyənin "BengüTürk" kanalının qonağı olublar. Onlar canlı yayımlanan "Dünya Raporu" proqramında Xocalı soyqırımı, Güney Azərbaycanda baş verən proseslər, dünya azərbaycanlılarının problemləri və DAK-ın fəaliyyətindən danışıblar.
Real Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 2 mart.- S.4.