Qadınlar sizə Allahın əmanətidir
"...(Kişilərin
qadınlar) üzərində hüquqları olduğu kimi,
(qadınların da) onlar (kişilər) üzərində
hüquqları vardır..."
Vəfa Əliyeva: "Müsəlman
Azərbaycan qadını elmli, təhsilli, inkişafa can atan,
millətini, dövlətini sevən, eyni zamanda islam dəyərlərini
təmsil edən xanım olmalıdır"
Günümüzdə ən
çox müzakirə olunan mövzulardan biri də qadın
haqlarıdır. Çünki qadın hüquqlarının
pozulması cəmiyyətin ümumi inkişafına mənfi
təsir göstərir.
Ona görə də vətəndaş
cəmiyyətinə can atan ölkələrdə kişilərlə
yanaşı, qadınların da ictimai-sosial aktivliyinin
artırılması, qadın hüquqlarının təmin
olunması aktual məsələlərdən biridir. Demokratikləşmə
yolunu seçən Azərbaycanda da bu mövzu gündəmini
qoruyur. Hətta qadın hüquqlarının müdafiəsi
və təminatı üçün Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi də
fəaliyyət göstərir. Amma qadın haqlarının
tam bərqərar olunması üçün dövlət
qanunvericiliyilə yanaşı, ictimai yanaşma da
mühüm rol oynayır. Cəmiyyətimizin islam etiqadlı
olduğunu və ictimai yanaşmada din faktorunun da rolunu nəzərə
alaraq, dinimizin qadına münasibətini
araşdırmağı qərara aldıq. Suallarımıza
cavab axtarmaq məqsədilə dindar, eyni zamanda ictimai fəaliyyətlə
məşğul olan bir xanımla həmsöhbət olduq. Beləliklə,
budəfəki müsahibimiz "Gülüstan" Kimsəsiz
Uşaq və Qadınlara Yardım İctimai Birliyinin sədri
Vəfa Əliyevadır.
- Müsəlman qadınını necə xarakterizə edərdiniz? Kimdir müsəlman qadın?
- Bir çox hallarda dindar xanımlar haqqında yanlış təsəvvürlərlə qarşılaşırıq. Bəziləri belə düşünür ki, əgər qadın dindardırsa, xüsusən də hicablıdırsa, deməli, ictimai inkişafdan geri qalır, evə qapanır, heç bir sosial fəaliyyətlə məşğul olmur və s. Yəni geridə qalmış bir qadın obrazı təsəvvür olunur. Bu, doğru yanaşma deyil. İslam dəyərlərini yaşayan qadınların işi yalnız ibadət deyil. Düzdür, islamda ibadətin xüsusi yeri var. Allaha ibadət yaradılışımızın məqsədi və həyatımızın ən əsas qayəsidir. Allah "Qurani-Kərim"də buyurur ki, "Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım". Ancaq ibadətlə ictimai fəaliyyəti qarışdırmaq qətiyyən olmaz. İlk öncə mən ibadəti reputasiyam üçün yerinə yetirmirəm. Bunu mənim doğuluşdan vəzifəm olduğu üçün edirəm. Amma islami həyat tərzi mənim təhsilə, elmə yiyələnməyimə, sosial inkişafıma mane olmur. Tam əksinə. Cəmiyyətimizdə kifayət qədər dindar, eyni zamanda bir neçə ali təhsili, aktiv iş fəaliyyəti olan dindar xanımlar var. Mənə görə, müsəlman qadın elmli, fəal, yaxşı ana, dost, mərhəmətin timsalı, şəfqətin abidəsi, hər birindən daha önəmlisi isə Allahın dünyaya göndərdiyi bir rəhmətidir. Bunu heç bir zaman dana bilmərik və müsəlman bir xanımda da görəcəyimiz ən əsas xüsusiyyət onun həyası, əxlaqıdır.
- İslamda qadının hansı yeri var?
- İslam heç bir nizamın və sistemin vermədiyi dəyəri qadına verib. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də "Kişilər" adlı surə olmadığı halda "Nisa", yəni "Qadınlar" başlıqlı surə vardır. Allah qadını o qədər şərəfli bilib ki, onun adına surə də endirib. "Qurani-Kərim"də Allah Həzrəti İsanı zikr edərkən sadəcə Həzrəti İsa yox, Məryəm oğlu İsa deyə buyurur. İslam qadına hər zaman ehtiramla yanaşır və böyük dəyər verir. Hətta cahiliyyət dövründə (islamdan öncə) ərəblər qız övladlarından utanardılar və soyumuzu korlayır deyib onu diri-diri torpağa basdırardılar. İslam gəldi və VII əsrdə yazılı şəkildə kişilər kimi qadınların da haqlara sahib olduqlarını bəyan etdi. "Qurani-Kərim"in "Bəqərə" surəsinin 228-ci ayəsində buyurulur: "...(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır..." Bununla da islam qadına hüquqlar tanıdı.
- İslam qadınlara hansı haqları tanıdı?
- Məsələn, islamdan öncə qadın adı ilə çağırılmazdı. Rəqəmlə və yaxud da rənglə səslərdilər. İslam gəldi və qadına miras haqqı tanıdı. Ona qədər qadınların miras haqları yox idi. Məsələn, əgər ata dünyasını dəyişirdisə, mirasdan qızına heç bir pay düşməzdi. İslam bu haqqı da qadına verdi. Bununla da dinimiz qadınları yalnız mənəvi cəhətdən deyil, eyni zamanda sosial-iqtisadi tərəfdən də dəstəkləyir. Çünki həyatda ayaqüstə durmaq, mübarizə aparmaq üçün sosial təminat mühüm faktordur.
- Bəzən din adından, əslində isə xurafat təsəvvürləri ilə qadın hüquqlarının pozulduğu hallar da olur. Buna münasibətiniz?
- Acınacaqlı hal odur ki, hər kəs - bilən də, bilməyən də islam adından danışır. Bunun səbəbi islamı tanımamaq və ya doğru anlamamaqdır. Elə insan var ki, hədisləri oxuyur, amma özünə uyğun yozur. Halbuki islamın qadına verdiyi dəyəri isbat edən kifayət qədər dəlil var. Allah yüksək yaradılan bir məkanı - cənnəti qadının ayağı altına sərmişdi. Bu, islamın qadına verdiyi ən böyük qiymətdir. Bundan artıq qadın üçün zirvə ola bilməz.
- Bugünkü dindar xanımların cəmiyyətdə rolu sizi qane edirmi?
- Belə bir deyim var: "Ədalət hökmdarda, tövbə günahkarda, həya isə qadında gözəldir". Əgər islamiyyəti yaşayan bir xanım həyasına, əxlaqına diqqət edirsə, ictimai fəaliyyət göstərməsində heç bir problem yoxdur. Fəaliyyət göstərmək islamla ziddiyyət təşkil etmir. Məsələn, Həzrəti Ayişə fiqh üzrə o dövrün müştəhidi olmuşdur. Kişilərlə də ünsiyyəti olub, onlara islamla bağlı biliklər öyrədib. Konkret sualınıza gəlincə isə dindar qadınların bugünkü ictimai fəaliyyəti məni tam qane etmir. Çünki bizim zehniyyətimizdə ya ifrat, ya da əksiklik var. Orta yolu seçə bilmirik. Halbuki islamın mövqeyi də orta yoldur.
- Dindar xanımsınız, eyni zamanda aktiv ictimai fəaliyyətiniz də var. Təşkilat olaraq hansı istiqamətdə çalışırsınız?
- Bacardığımız qədər kimsəsiz uşaqlara və qadınlara yardım göstərməyə çalışırıq. 2006-ci ildən fəaliyyət göstəririk, demək olar yeni təşkilatıq. Məqsədimizə uyğun olaraq müxtəlif işlər görməyə çalışırıq. Məsələn, qadın cəzaçəkmə müəssisəsilə əməkdaşlıq edirik. Həftədə 3-4 dəfə oradakı xanımlara mənəviyyat və əxlaq dərsləri veririk.
- Dövlət müəssisəsinə daxil olmağınız çətin olmur ki?
- Yox. Şükürlər olsun ki, hələ elə bir çətinliyimiz olmayıb. Biz axı radikallığı təbliğ etmirik. İslamda qadının rolu, qadın haqları ilə bağlı mövzularda dərs keçirik. Təşkilatımızdan yalnız mənim cəzaçəkmə müəssisəsində dərs keçmək ixtiyarım var.
- Fəaliyyət göstərərkən qadın olduğunuz üçün hansısa məhdudiyyətlə qarşılaşırsınızmı?
- Yox elə bir problem
olmayıb. Əksinə çalşırıq ki, fəaliyyətimizi
daha da genişləndirək, cəmiyyətimiz
üçün daha faydalı olan işlər görək.
Tarixçəmiz uzun olmasa da, indiyədək Yunanıstanda,
Almaniyada, Rusiyada, xüsusilə də Türkiyədə səfərlərdə
olmuşuq. Qardaş ölkədə təşkilatımızın
qrupları da var.
- Xaricdə
görüşdüyünüz dindar xanımlar sizi necə
qarşılayırlar? Onlarla bizim qadınları necə
müqayisə edərdiniz?
- Adətən xaricdə
islam haqqında yanlış təəsvvürlərlə
qarşılaşırıq. Məsələn, oradakı bir
sıra xanımların təsəvvürünə görə,
müsəlman qadın qapalı olur, islam qadının təhsil
almasına, fəaliyyətinə qarşıdır və s. Əslində
isə sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd
(s.ə.s.) "Beşikdən məzara qədər elm öyrənin"
deyib. Elmə yiyələnmək kişiyə olduğu kimi
qadın üçün də fərzdir. Almaniyada olarkən
biz islamla yeni tanış olan xanımlara dinimizin qadına olan
münasibətindən danışırdıq. Onlar çox
təəccüblənirdilər. Çünki islam cəmiyyəti
kimi yalnız şəriət qanunları ilə idarə
olunan ərəb dövlətlərini tanıyırlar. Biz isə
demokratik ölkədə yaşayırıq. Azərbaycan
islam ölkəsi olsa da, dünyəvi dövlətdir.
- Araşdırmalara görə,
qadınlar daha çox ailədə zorakılı?a məruz
qalırlar. Siz qadın hüquqlarının
pozulmasının səbəbini nədə
görürsünüz?
- Xanımlarımız
evlilikdən öncə hüquqları, ailədaxili
münasibətlərlə bağlı maariflənməlidirlər.
Qadınlarımız öz hüquqlarını bilsələr
və haqlarını tələb etsələr, ailədaxili
mənfi halların qarşısı da müəyyən qədər
alınar. Odur ki, hər işin başında maarifləndirmə
dayanır. Bəzən kişilər boşandıqdan sonra
övladlarına aliment verməkdən boyun
qaçırırlar, atalıq vəzifəsini yerinə
yetirmirlər. Bu kimi məsələləri hüquq həll
edir. Odur ki, qadınlarımız xüsusən də hüquq
mövzusunda məlumatlı olmalıdırlar.
- İslama görə,
qadın-kişi münasibəti necə qurulur?
- İslam kişi-qadın münasibətlərində də qadın hüquqlarını müdafiə edir. Dinimizdə buna dair bir çox misallar var. Məsələn, sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) vida xütbəsində kişilərə buyurur ki, qadınların haqlarını tapdalamaqdan qorxun, qadınlar sizə Allahın əmanətidir. Yəni islama görə qadın əmanətdir. Əmanətə isə xəyanət etmək olmaz. Kişilər qadına göstərdikləri münasibətə görə sorğu-sual olunacaqlar. Qadın incə bir varlıqdır. Onunla həssas davranmaq lazımdır.
- Günümüzdə qadınlarla bağlı problemlərdən biri də erkən evlilikdir. Siz problemin həllini necə görürsünüz?
- Bu problemin yaranmasında əsasən qızlar və onların valideynləri iştirak edir. Bəzi qızlar ailə qurmaq üçün tələsirlər, başqa hallarda isə valideynlər övladlarını məcbur edirlər. Bəzi ucqar rayonlarda maddi durumu zəif olan ailələr çıxış yolu kimi 15-16 yaşlı qızlarını zorla evləndirirlər. Rəsmi nikahları da olmur. Belə ailələrdə problem yarananda isə qadınlar uşaqla küçəyə atılırlar. Həmin xanımlar rəsmi dövlət nikahı olmadığı üçün hüquqlarını da təmin edə bilmirlər. Odur ki, bayaq da dediyim kimi, ailə qurmazdan əvvəl qızların maariflənməsi vacibdir. Çünki bu kimi problemlərin həlli elmdən, təhsildən keçir.
- Son olaraq, mövzumuzla bağlı oxucularımıza nə demək istəyərdiniz?
- Həzrəti Ömərin bir sözü var. O deyib ki, imandan sonra insanlığa verilən ən böyük nemətlərdən biri də salihə qadındır. Müsəlman Azərbaycan qadınını elmli, təhsilli, inkişafa can atan, millətini, dövlətini sevən, eyni zamanda islam dəyərlərini təmsil edən xanım olmağını, ən əsası isə insanlıq zirvəsində dayanmağını istəyirəm.
Real Cəfərli
Xalq Cəbhəsi.- 2011.- 10 mart.- S.10.