Novruz-tolerantlıq bayramı

 

 Balkanlardan Çin səddinədək bütün xalqlar bayram sevincini yaşayır

 

Novruz bayramı ayrı-ayrı dövlətlərdə müxtəlif formalarda qeyd olunur. Bu da dini və milli adət-ənənələrdən, inanclardan irəli gəlir. Amma buna baxmayaraq xalqlar Novruzu sevir. Çünki bayram baharın gəlişi, torpağın oyanışı, bərəkət rəmzi kimi qəbul olunur. Bütün müsəlmanlar üçün əziz olan bu bayramı müxtəlif xalqlar müxtəlif formalarda keçirilir. Azərbaycanda yaşayan azsaylı xalqların bu bayramı necə keçirdikləri ilə maraqlandıq. Onlar qədimdən təfəkkürlərində kök salmış Novruzla bağlı inanclar və adətlərini Azərbaycanda da həyata keçirdiklərini söylədilər.

Qeyd edək ki, Novruzun daxil olduğu günü baharın gəlişi, torpağın oyanışı kimi qəbul edən hər bir azərbaycanlının bayram süfrəsini bərəkət rəmzləri olan nemətlər bəzəyir. İnanclara görə, süfrəyə acı dad verən nemətləri qoymaq olmaz. Bakının mərkəzi meydan və küçələri bayram əhval-ruhiyyəsi ilə bəzədilir. Qədim İçərişəhərin "Qoşa Qala" qapısı önündə böyük tonqalın qalanması, aşıqların ifası, bayramın personajları olan Kosa və Keçəlin səhnəcikləri və s. ənənələrin təcəssümü Novruzun xalq tərəfindən necə qorunub-saxlanıldığından xəbər verir.

Türkiyənin Azərbaycandakı səfirliyindən aldığımız məlumata görə, türk inancına görə Novruz bayramı ilə "Ergenekondan çıxış"ın, yəni hürriyyətə qovuşmanın bağlantısı olduğundan bu gün təmtəraqlı şəkildə qeyd olunur. Rəvayətə görə, "Ergenekondan çıxış" martın 21-nə təsadüf edir. Türk milləti bu qurtuluşu "Yeni gün" adlandırıblar. Bu günlərdə qarın altından çıxan novruzgülü təbiətin bahara qovuşmasının müjdəsini verir.

Nələ Osmanlı imperiyası dövründə Novruz bayramına həsr edilən yaxşı şeirlərin müəlliflərini sultan mükafatlandırıb. Bayrama bir neçə gün qalmış evlər təmizlənir, insanlar özlərinə təzə geyim əşyaları alırlar. Buna imkanı çatmayanlar isə köhnələrini yuyub-təmizləyirlər ki, yeni ili köhnə paltarlarla qarşılamasınlar.

İran vətəndaşı Paşa Məhəmmədi isə dedi ki, onlarda Novruz bayramı (Eyd-e Novruz) ən böyük bayram sayılır və şənliklər 13 gün davam edir: "Bu müddət ərzində ölkənin bütün təhsil müəssisələrində tətil olur. Dövlət orqanlarına beşgünlük istirahət verilir. Bayram günü böyük tonqallar qalanır. İnsanlar öz ağırlıqlarını tonqalların üstündən tullanmaqla odda "yandırır"lar. Bəzi qadınlar uşaqlarının saçından bir neçə tük kəsib havaya və yaxud da çaya atırlar ki, dərd-bəladan xilas olsunlar. Qırmızı rəngə boyanmış yumurtaların və yaxud da xoruzların döyüşdürülməsi, qızların qapı pusmaları, qapılara papaqatma və bayramdan irəli gələn digər adətlər yerinə yetirilir. Novruzun gəlişinə 10 gün qalmış bayramın personajı olan Nacı Firuz əl-üzünü hisə boyayaraq, qırmızı şalvar, qırmızı qotazlı şlyapa və qara ayaqqabı geyinərək şəhərin küçələrinə çıxıb müxtəlif şeirlər söyləyir, tonqallar ətrafında dövrə vurur. İlin dəyişməsinə 1 saat qalmış İranda bir qayda olaraq hər ailə sikkə, səbzi, iydə, sarımsaq, sumax, alma və səmənidən ibarət yeddi "sin" süfrəsini hazırlayırlar. Süfrəyə qoyulan nemətlərin adı "sin" hərfi ilə başladığından buna yeddi "sin" süfrəsi deyirlər. Bundan başqa, süfrədə müqəddəs Quran, güzgü və şamlar, qızılbalıq və piyalələr də qoyulur ki, bunlar da təmizlik xarakteri daşıyır. Bayram günü bütün ailələr Allaha dualar edirlər.

Türkmənistanın Azərbaycandakı səfirliyindən isə dedilər ki, onlarda bu bayrama bağlılıq o qədər möhkəmdir, Novruzda doğulan oğlan uşaqlarına Novruz adı qoyulur: "Türkmənlərdə "Yılın gelişi Novruzdan belli" atalar sözü məhz Novruzla bağlıdır. Yəni Novruzun gəlməsi yeni ilin başlanğıcıdır. Ölkəmizin bütün əyləncə mərkəzlərində bayram tədbirləri keçirilir". O da bildirildi ki, türkmənlərin bayram süfrəsindəki yeməklərə plov "şahlıq" edir. Cavanlar meydanlarda öz güclərini, qızlar isə "muncuq atdı" oyunu ilə talelərini sınayırlar. Bayram günlərində əhali Bibican adlı yeri ziyarət edir: "Əfsanəyə görə, Novruz bayramlarının birində valinin gözü Bibican adlı bir türkmən qızına düşür və elçi göndərir. Evlənmək təklifini rədd edən Bibican onu qaçırmaq istəyən validən yaxasını qurtarmaq üçün Allaha yalvarır. Bu zaman yer yarılır, atın tərkində olan vali və qız torpağa qərq olur. O vaxtdan bu yer Novruz bayramında türkmənlərin ziyarətgahına çevrilib".

Tacik olan Nacı Əbdül Zahir dedi ki, adəti üzrə bu bayramda təmizlik işləri görülür, qız-gəlinlər özlərinə təzə paltar alırlar. Müxtəlif tamlı yeməklər hazırlanır: "Taciklər bayram süfrəsinə mütləq səmənidən hazırlanan halva qoyurlar. Bayram səhəri əhali məscidlərdə Allaha dualar etdikdən sonra qəbiristanlıqlara gedib yaxınlarını xatırlayırlar. Cavanlar mütləq özlərindən böyüklərin evinə gedib onların bayramlarını təbrik edirlər. Bu bayramda bütün küsülülər barışır. Maraqlıdır ki, hətta ayrılmaq niyyətində olan ailələrdə də sülh yaranır".

Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Moqim Popal bildirdi ki, ölkəsinin Bəlx vilayətində Novruz bayramı 40 gün qeyd olunur: "Nəmin gün Məzari-Şərif şəhəri bayram əhval-ruhiyyəsində bəzənir. Novruzun ilk günü göyə rəmzi olaraq Nəzrət Əmirin müqəddəs qırmızı rəngli bayrağı qaldırılır ki, bu da yeni ilin gəlişi siqnalı deməkdir. Əhali həmin bayrağın qaldırılması mərasimində iştirak edir. Əgər bayraq yavaş, maneəsiz və fasiləsiz qaldırılarsa, deməli, Yeni il uğurlu olacaq. Bir-birinə verilən bayram hədiyyələrinin arasında "Zülfiyyə" şirniyyatı ilə balıq mütləq olmalıdır."

Pakistanda isə Novruz bayramının qeyd olunması tarixi 1000 il öncəyə gedib çıxır. "Şah Cahannamə", "Ain Əkbəri", "Əkbərnamə" və "Numaynnamə"də Novruz barədə geniş yazılıb. Pakistanlılar da iranlılar kimi bayram süfrəsinə müqəddəs Quran, güzgü, şam, su və s. təmizlik xarakteri daşıyan nemətlərlə yanaşı, bayraq qoyurlar. Burada bayraq islama olan inamın simvoludur. Bayramda əhali yalnız ibrətamiz sözlər danışır.

Azərbaycanda məskunlaşan azsaylı xalqlar, pravoslavlar, dağ yəhudiləri və kazaklar da Novruz bayramlarında iştirak edirlər. Məsələn, Azərbaycan kazaklarının atamanı, general Viktor Mereşkin dedi ki, onlar hər il Novruz bayramı şənliklərinə qatılırlar: "Bu dövlətdə yaşayırıqsa, Azərbaycanın vətəndaşıyıqsa, milli bayramı qeyd etməliyik". Viktor Mereşkin onu da vurğuladı ki, hətta kazak ailələrində bayram şirniyyatları hazırlanır: "Mən şəxsən qonaq getməyi xoşlayıram. Şəkərbura, paxlava və bayram plovu xüsusi ləzzət edir".

Onu da qeyd edək ki, TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə martın 24-də BMT-nin qərargahında "Novruz təbrikləri" adlı tədbir keçiriləcək. Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva respublikaları, habelə Moldova Respublikasının Qaqauz Muxtar Qurumun incəsənət ustaları təmsil olunacaqlar.

Tədbir çərçivəsində Novruz bayramına aid şirniyyat və milli mətbəx nümunələri xonçalarda tamaşaçılara təqdim olunacaq.

Türk respublikalarının mədəniyyət nazirlikləri və TÜRKSOY Beynəlxalq Təşkilatının maliyyələşdirdiyi bu böyük mədəniyyət tədbirinə BMT-nin rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri də qatılacaqlar.

 

 

Cavid  

 

Xalq Cəbhəsi.- 2011.- 12 mart.- S.12.