Erməni ziyalılarına açıq məktub  

 

Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradovanın müraciətinə cavabını oxuduqdan dərhal sonra Sizlərə - erməni ziyalılarına açıq məktub yazmaq niyyətinə düşdüm. Doğrusu, öncə xeyli tərəddüd keçirdim və bütün gecəni yazmaq və yazmamaq seçimi qarşısında qaldım. Amma Sankt-Peturburqda təhsil aldığım zaman, yəni 1991-ci ildə baş verən bir hadisəni yenidən xatırlamağım tərəddüdlərimə son qoydu.

Həmin il yay tətilindən qayıtdıqdan sonra Ermənistan vətəndaşı və erməni millətindən olan tələbə yoldaşlarımdan birinin qəribə davranışlarının şahidi oldum. Aramızda bəlli səbəblərdən ciddi mənəvi-psixoloji maneələrin olmasına baxmayaraq, bütün mümkün vasitələrlə ünsiyyətə can atan tələbə yoldaşım mənimlə üz-üzə gəlməməyə çalışırdı. Yaranmış vəziyyət isə təkcə məni yox, bütün tələbə yoldaşlarımı təəcübləndirmişdi. Hətta institut rəhbərliyi də aramızda hansısa münaqişənin olduğunu düşünərək, önləyici tədbirlərə əl atmağa çalışırdı.

Qeyd edim ki, təhsilə başladığımız ilk günlərdən aramızda hər hansı bir münaqişənin baş verəcəyi təqdirdə hər ikimizə institutdan qovulacağımız barədə xəbərdarlıq olunmuşdu...

...Zaman keçdi, ortaq tanışlarımızdan birinin ad günündə qarşı-qarşıya gəldik və adını bilərəkdən çəkmədiyim gənc erməni ziyalısı üzünü əlləri arasında gizlədib, qırıq-qırıq və iniltili bir səslə dedi: "Məni Qarabağa zorla apardılar. Heç evdəkiləri də məlumatlandıra bilmədim. Sanki belə də olmalıymış... Belə də vəhşilik olar? Adamları silah gücünə avtobuslara doldurub Qarabağa göndərirlər... Mən tələbə olduğumu sübut edənəcən 20 gün səngərdə qaldım. Aşağılamasınlar, alçaltmasınlar deyə arabir havaya atəş açırdım... Allaha and olsun ki, kimsəyə zərər verməmişəm".

O zaman, indi harada yaşadığını bilmədiyim tələbə yoldaşımın səmimiyyətinə inandım. Həm də ona görə ki, o, əsil həqiqəti kənar basqıların təsiri altında düşüncələrində və qəlblərində dəfn edən bir çox erməni ziyalılarından fərqli olaraq, etiraf etməyi bacardı və dedi ki, Qarabağa ayağı dəydiyi ilk gündən, bu torpağın ona doğma olmadığını duyub və anlayıb: "Qarabağ erməni torpağı deyil. Mən bunu ilk gündən başa düşdüm. Çünki Vətən anlayışı, Vətən torpağı hansısa ilğım ideologiyaların müəyyənləşdirdiyi coğrafiya ilə ölçülmür. Onun sənə məxsus olduğunu hiss etməsən qorumaq və uğrunda döyüşmək istəməyəcəksən. Mən xalqımı sevirəm, bunu bilirsən... Bu səbəbdən də soydaşlarımın özgə torpaqlarında ölmələrini, yanlış bir siyasətin qurbanına çevrilmələrini, lənətlənmələrini istəmirəm..."

...Bu gün Ermənistanda, işğal altında olan Azərbaycan torpaqlarında və bu ərazilərdən kənarda, müxtəlif ölkələrdə yaşayan ermənilər arasında vaxtilə Qarabağa zorla aparıldığı üçün üzünü əlləri arasında gizlədən tələbə yoldaşımla eyni düşüncəni paylaşan insanların olduğu qənaətindəyəm. Əks təqdirdə bu erməni xalqının sülh və əminamanlıq içində, rahat yaşamaq şansının tamamilə itirilməsi demək olardı...

...Əgər sağlam düşünmək imkanlarınız tükənməyibsə, o zaman həqiqətin gözünə dik baxmağı bacarmalısınız: İşğal etdiyiniz Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik ərazilər heç vaxt ermənilərin olmayıb və olmayacaq da! Heç bir erməni Azərbaycan xalqının iradəsinin ziddinə olaraq, Azərbaycan torpaqlarında rahat və firavan yaşaya bilməyəcək. Müharibə xofu və gerçəkliyi hər zaman özünüzün və doğmalarınızın başı üzərində "Domokl qılıncı" kimi asılıb qalacaq!

Sizin siyasətçilər və Ermənistana rəhbərlik edən hərbi-cinayətkar xuntanın təmsilçiləri "müharibədə qalib gəldiklərini" iddia edərək, illərdir erməni xalqını yalançı "patriatizm süfrəsi" arxasında zorla otuzdurmağa çalışırlar. Guya "qalib gəliblər". Mən Azərbaycan torpaqlarının rus-sovet hərbi birləşmələrinin bilvasitə iştirakı ilə işğalı faktını bir kənara qoyuram və sual edirəm: Hanı Sarkisyanın və əlləri azərbaycanlılarla yanaşı öz xalqlarının da qanına bulaşmış digər hərbi cinayətkarların "qələbə"sinin göstəriciləri. Bu gün Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, amma nəinki işğal edilmiş Azərbaycan ərazilərində, heç Ermənistanın özündə belə yaşamaq istəyən az-az tapılar. Əlinə imkan düşən, viza almaq və ölkədən qaçmaq üçün rüşvət parası tapan istənilən Ermənistan vətəndaşı ölkənin sərhədlərini ən qısa zamanda tərk etməyə çalışır. Aclıq və səfalət erməni xalqını gücdən salıb və təcavüzkarlıqdan doğan bu reallıq gündən-günə sərtləşməkdədir. Hətta rəsmi İrəvanın bacardığı qədər təhrif etdiyi statistik göstəricilərə nəzər salsanız, işğalçı "qalib"lə işğala məruz qalan "məğlub" arasındakı fərqin nə qədər böyük olduğunu görə bilərsiniz. Bu fərq az qala hər saat artır və Sizin siyasətçilərin "məğlub" kimi təqdim etdiyi Azərbaycan indinin özündə belə Ermənistan kimi bir neçə dövləti ayaqları altına almaq, yaxud inkişaf etdirmək gücündədir. Müqayisə üçün demirəm, sadəcə Gürcüstana nəzər salın və ...fərqi hiss edəcəksiniz.

Bu gün Ermənistanda sayı gündən-günə azalan erməniləri zülm, istibdad altında, səfalət içində saxlayan hərbi-cinayətkar xuntaya, ağlını itirmiş siyasətlərinizə, qondarma patriotlarınıza ağlasığmaz fəlakətin, uçurumun bir addımlığında olduğunuzu başa salmağa çalışın! Əgər doğrudan da xalqınızın gələcəyini düşünürsünüzsə...

...Biz nə ötən əsrin əvvəllərində erməni hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı gerçəkləşdirdiyi soyqırım aktlarını, nə Xocalı soyqırımını, nə də ki, Qarabağda törədilən digər vəhşilikləri, qanlı və amansız cinayətləri unutmamışıq. 9 yaşlı Farizin qətlə yetirilməsini də unutmayacağıq. Buna bir kimsə ümid bəsləməsin!

Hərdən sərsəm ideyalarla dumanlanmış gözlərini qondarma "Böyük Ermənistan"ın xəritəsinə dikən siyasətçilərinizə anladın ki, gözlərindəki duman çəkiləndə regionun gerçək xəritəsinə də nəzər salsınlar. Xüsusilə də demoqrafik xəritəyə...

Bir tərəfdə ərazilərini işğal etdiyiniz Azərbaycan Respublikası, digər tərəfdə Güney Azərbaycan, o biri tərəfdə isə Türkiyə... Və təbii ki, digər qonşunuz olan Gürcüstanda yaşayan Azərbaycan türkləri. Ümid edirəm, heç olmasa Siz - millətinin gələcəyini düşünməyə borclu olan erməni ziyalıları 100 milyonluq türk toplumunun öz tarixi torpaqlarından harasa köçəcəyi və Azərbaycan ərazilərinin Ermənistana güzəştə gediləcəyi kimi xam xəyallara düşməmisiniz!

Məhz buna görə də, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamadığı hər günü Ermənistan və onun işğalçı hərbi birləşmələri üçün tarixi şans kimi dəyərləndirin! Erməni xalqı üçün də həmçinin...

...Biz uşaq qatili deyilik!

Uşaqlarımıza atılan hər bir güllənin isə hesabını soracağıq! Amma uşaqlardan yox, Ermənistan hakimiyyətindən, bəşəri dəyərlərə meydan oxuyan hərbi cinayətkarlardan, qatillərdən... Soracağıq!

Buna əmin ola bilərsiniz!

...O gün yaxındadır. Vaxt isə azalır! İtirilən hər gün isə Ermənistanı və onun işğalçı qoşunlarını gözləyən fəlakətin miqyasını daha da genişləndirir.

...Hə qədər gec deyil etiraf edin, əfv diləyin və Azərbaycan xalqının mərhəmətinə sığının!

 

 

Elçin Mirzəbəyli,

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru

 

Xalq Cəbhəsi.- 2011.- 19 mart.- S.3.