Türkiyədəki azərbaycanlılar federasiya yaradır

 

 Aprelin 23-24-də İzmir şəhərində Türkiyədə yaşayan azərbaycanlıların I Qurultayı keçirildi Tədbirin təşəbbüsçüsü və Təşkilat Komitəsinin sədri, "CanAzTV"nin rəhbəri, İzmir Azərbaycan Kültür Mərkəzi Dərnəyinin sədri Camal Mehmetxanoğlu qurultayla bağlı fikirlərini bölüşür.

 

- Camal bəy, haqqında aylardır söz edilən qurultay nəhayət baş tutdu. Necə keçdi qurultay?

- Qurultaya qatılanların sözü ilə desək möhtəşəm! Bizim düşündüyümüzdən, xəyal etdiyimizdən də 50 faiz gözəl keçdi.

- Kimlər qatıldı, kimlər qatıla bilmədi?

- Türkiyənin hər tərəfində yaşayan və Türkiyə türklərinin birliyini istəyən dostlarımızın böyük hissəsi qatıldı. Təbii ki, qatıla bilməyənlər də oldu. Azərbaycandan 35-40 nəfər təşrif buyurdu. Dilçi alim, professor Firudin Cəlilov, millət vəkillərimizdən Fərəc Quliyev, əski millət vəkilimiz, DAK İdarə Heyətinin üzvü Baba Tağıyev qurultaya qatılanlar sırasında idi. Həm Türkiyədən, həm Azərbaycandan aşağı-yuxarı 35-dən çox professor vardı. Qurultaya qatılanların 90 faizi universitet məzunu idi. Yüzdə 35-i qadın idi. Bir hədəfimiz vardı. Qatılanların yüzdə 25-nin qadın, bir o qədərinin də gənc olmasını arzulayırdıq. İstəyimizə çatdıq. Avropadan, Amerikadan, Rusiyadan nümayəndələr gəlmişdi. Təkcə Türkiyədən qatılanların sayı 350-dən çoxdu. Ümumi sayımız 425-428 arasında idi.

- Qurultayda hansı məsələlər müzakirə olundu, nələrə daha çox diqqət yetirildi?

- Üç məsələ ətrafında müzakirələr oldu. Birincisi, Türkiyədə yaşayan Azərbaycan türklərinin birliyinin gücləndirilməsi. Köhnə federasiyanın yerinə bütün dərnəklərimizi bir yerə toplayan bir federasiya yaratmağa qərar verildi. İstədik ki, qurultayımız qeyri-hökumət təşkilatı ab-havasında olsun, rəsmi qurultay olmasın. Artıq federasiya yolunda çalışmalara başladıq. Mayın sonuna kimi federasiyanı quracağıq. Dekabr ayında isə ilk konqresimiz olacaq. O konqresin Türkiyədə yaşayan Azərbaycan türklərinin bayramı olacağını düşünürük. Bildiyiniz kimi, qurultayımız 23-24 apreldə keçirilirdi. 24 aprel də "erməni soyqırımı" təbliğatının getdiyi bir gündür. Həmin gün belə bir gerçəyi dilə gətirməyə çalışdıq. Son yüz ildə ermənilərin Güney və Quzey Azərbaycanda, bir də Anadolu torpaqlarında gerçəkləşdirdikləri soyqırım barədə danışdıq. Bu qətliamların dünyada tanınması üçün bir qərar aldıq. Türkiyədə yaşayan Azərbaycan türkü olan elm adamlarımızdan ibarət bir təşkilat yaratmaq təşəbbüsünü irəli sürdük. Arzuladıq ki, qurultaydan sonra həmin təşkilat bu yöndə çalışmalara başlasın. İkinci məsələmiz bu oldu. Üçüncü məsələmiz Güney Azərbaycanda baş verən insan haqları və anti-demokratik uyğulamaların Türkiyədə yetərincə tanınmadığına diqqət çəkmək idi. Burada yaşayan 35 milyonluq Azərbaycan türkünün Türkiyədə tanınmadığını bilirik. Fikirləşdik ki, bu məsələni önə çıxaraq. Öncə Türkiyədə yaşayan Azərbaycan türklərinin, sonra isə bütün Türkiyənin bilməsini, duymasını istədik. Oradakı insan haqları və demokratiya mücadiləsinə, milli mücadiləyə türk xalqının dəstəyini qazanmaq istədik. Ona görə də Təşkilat Komitəsinə belə bir səlahiyyət verildi ki, bir komissiya yaratsın və bu komissiya Güney Azərbaycanın problemlərini bütün dünyaya tanıtdırmaq yolunda fəaliyyət göstərsin. Bundan əlavə, Güney Azərbaycan mücadiləsini dünyaya tanıdan "GünAzTV" ilə bağlı da bir qərar aldıq. Bildiyiniz kimi, bu telekanal ABŞ-dan yayımlanır. Ötənlərdə "Türksat"la da baxmaq olurdu. Ancaq İrandakı mövcud hökumətin basqıları ilə Türkiyə rəhbərliyi "Türksat"la yayıma qadağa qoydu. Qurultayımıza bu qadağanın qaldırılması üçün səlahiyyət verdik. Çünki qadağanın heç bir hüquqi əsası yoxdur. Türkiyədə bunun üçün məhkəmə qərarı olması lazımdır. Bu qərar yoxdur. İnşallah, seçkilərdən sonra bu yöndə hökumətə müraciətlərimiz olacaq. Bax, üç əsas məsələmiz bunlar idi.

- Camal bəy, bəs Diasporla İş üzrə Dövlət Komitəsindən qurultayınıza qatılan oldumu?

- Heyf ki, olmadı...

- Niyə? Bəlkə dəvət göndərməmişdiniz?

- Yox... Mən ötən dəfə Bakıya gələndə Diasporla İş üzrə Dövlət Komitəsinə də baş çəkmişdim, dəvətnamə vermişdim. Komitə sədrinin müavini Valeh bəy qurultayımıza qatılacağını söyləmişdi. Ancaq sonra komitə sədri bu qurultayın ancaq özlərinin himayəsi ilə toplana biləcəyini düşündü və bizi əngəlləmək istədi. Qurultaya gəlmədilər. Bəzi sözlər söylədilər. Bunları aşdıq, arxada qaldı. Qurultayımız başa çatdığından bir daha bu məsələni açmaq istəmirəm. Çünki xatırlayanda özüm də üzülürəm. Bəlkə onlar da üzülərlər. O üzdən bu məsələni artıq bağladıq. İnanıram ki, bundan sonra quracağımız federasiyaya və yapacağımız çalışmalara dəstək olacaqlar. Çünki bu qurultay hər yerdə böyük səs doğurdu və insanlarımız belə bir qurultay yapılmasından, federasiya qurulmasından böyük xoşbəxtlik duydular. İnanıram ki, eyni xoşbəxtliyi Diasporla İş üzrə Dövlət Komitəsində çalışanlar da duyacaqlar. Bu qurultayı toplamaqla dünyadakı 50 milyonluq azərbaycanlının xeyrinə işlər yapmaq istədiyimizi görəcəklər və bizə dəstək olacaqlar

 

 

Turqut

 

Xalq cəbhəsi.- 2011.- 5 may.- S.4.