Əhalinin
ekoloji maariflənməsində Milli Parklarımızın əhəmiyyəti
Azərbaycan dünyada qədim mədəniyyətə, ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb. Elə bundan irəli gəlir ki, ölkəmizdə təbiətin qorunması, ona qayğı və diqqət ilbəil artır. İndi respublikamızın müxtəlif bölgələrində xüsusi qorunan ərazilər var ki, onlardan biri də milli parklardır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan öncə Azərbaycanda milli parklar mövcud deyildi.
Onu da bildirək ki, milli park
ilk dəfə ABŞ-da 1896-ci ildə yaranıb.
Dünyanın bir sıra ölkələrində, o cümlədən
Avropa ölkələrində müxtəlif milli parklar var.
Milli Park özlüyündə xüsusi mühafizə olunan
təbiət ərazisidir. Azərbaycan Respublikasının da
24 mart 2000-ci il tarixli xüsusi mühafizə olunan təbiət
əraziləri və obyektləri haqqında qanunu var. Həmin
qanunda milli parka belə tərif verilir: "Milli Park xüsusi
ekoloji, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin yerləşdiyi,
mühafizə, maarifçilik, elmi-mədəni və digər
məqsədlər üçün istifadə olunan, təbiəti
mühafizə və elmi təqdidat idarəsi statusuna malik olan
ərazilərdir".
Bu baxımdan qanun 2000-ci ildə
qəbul olunsa da, 2003-cü ildə ilk milli parklar
yaradılmağa başlanılıb. 2003-cü ildən
başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən Akademik Həsən Əliyev adına
Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan,
Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə
Şahdağ, 2008-ci ildə isə Göygöl Milli
Parkları yaradıldı. Hazırda Milli Parklar ölkə ərazisinin
3,4%-ni təşkil edir. Bununla yanaşı, yeni milli
parkların, dövlət təbiət qoruqlarının
yaradılması istiqamətində müvafiq işlər
aparılır. Belə parkların yaradılmasında əsas
məqsədlərdən biri də ərazidə
ayrı-ayrı komponentlərin mühafizəsi, özünəməxsus
iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə
malik olması, burada müxtəlif növ heyvanların, o
cümlədən, endemik növlərin qorunub saxlanması ilə
yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin
ekoloji cəhətdən maarifləndirilməsi, turizm
üçün əlverişli şərait
formalaşmasından ibarətdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin xüsusi mühafizə olunan təbiət ərazilərinin
inkişaf etdirilməsi, ekoloji şəbəkənin
yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində hazırda ölkəmizdə
yaradılan Milli Parklar təbiətin mühafizəsində,
bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli
rol oynayırlar. Milli parklarımızın hər birinin
özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin
ekoloji maariflənməsində böyük əhəmiyyət
daşıyır. İnsanlar Milli Parklarımızın
bioloji resurslarının, zəngin flora və faunasının
ətraf mühitə müsbət təsir göstərdiyinin,
əhalidə ruh yüksəkliyi yaratdığının,
onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin,
zənginliklərin qorunub saxlanılmasının həyati
vacibliyini dərk edirlər. Onu da bildirək ki, Milli
Parklarımız turizmin inkişafı üçün də
potensial iqtisadi imkanlar deməkdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması və
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin
İnkişaf Departamentinin direktor müavini Hikmət Əlizadənin
sözlərinə gorə, qanunvericiliyə əsasən, bu məsələ
ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul
olur. Yeganə olarq ekoturizm - bu termin bilavasitə Milli Parklarla
bağlı olduğundan, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin səlahiyətləri çərçivəsindədir:
"Milli parkların digərlərindən fərqi ondadır
ki, burada təbiət həm kompleks şəkildə qorunur, həm
də turistlərin əraziyə girmələri, təbiət
ilə tanış olmaları, estetik zövq almalarına imkan
yaradılır. Bu baxımdan biz ekoturizm anlayışına gəlib
çıxırıq. Ekoturizm anlayışı təbiətə
təsir etməməklə təbiət yerlərinə səyahət,
təbiəti mühafizə fəaliyyətinin yerinə
yetirilməsi, maarifləndirmə komponentlərini ehtiva edir və
bu baxımdan belə fəaliyyət xüsusi mühafizə
olunan təbiət ərazilərinə zərər gətirmir,
əksinə onun mühafizəsinə şərait
yaradır. Ekoturizm digər turizmlərdən fərqlidir. Digər
turizmdə turist hansısa meşə sahəsinə, qorunmayan
sahəyə gedər, orada hansısa bir fəaliyyət
göstərər və bu tənzimlənmədiyi
üçün təbiətə ziyan dəyə bilər.
Amma bu ərazilərin milli park statusu olduğu
üçün (milli park statsusu o deməkdir ki, həmin ərazilərdə
mühafizə işçiləri, turistər
üçün xüsusi marşrutlar, onların dincəlməsi
məqsədilə xüsusi yerlər var) burada həyata
keçirilən turizm tənzimlənir. Ekoturizm
anlayışı tənzimlənən turizmdir. Bundan təbiətə
zərər dəymir, dəyirsə də çox cüzi
miqdarda dəyir". Hikmət Əlizadənin fikrincə,
ekoturizm - Milli Park ənənəsi ölkəmizdə çox
cavandır, cəmi 7-8 ili əhatə edir. Öncələr
Azərbaycanda ekoturizm fəaliyyətini tənzimləyən
qanunvericilik bazası yox idi. Bu baxımdan Ekologiya və Təbii
Sərvətlər Nazirliyi 2006-cı ildən "Azərbaycan
Respublikası milli parklarında ekoturizm fəaliyyətinin təşkili:
mövcud problemlər və inkişaf perspektivləri"nə
dair milli konsepsiya hazırladı: "Həmin konsepsiyadan
çıxış edərək turistlərin milli parklarda
mümkün davranış qaydaları, milli park ərazilərindən
istifadənin nümunəvi qaydaları, park xidmətlərindən
istifadənin hüquqi əsasları və digər təlimatlar
hazırlandı və nazirliyin 27 iyun 2006-ci il tarixli 346
saylı əmrilə təsdiqləndi. Həmin təlimatlarla
turistlərin parklara girişi, çıxışı, orada
özlərini aparmaları, davranış qaydaları və
s. tənzimlənir". Onu da qeyd edək ki, dövlət həm
milli parkların infrastrukturunu təmin etməklə
yanaşı orada turistlər üçün lazımı
şərait yaradır, yollar, cığırlar çəkir,
marşrutlar təşkil edir, həm də onun təbliğatını
həyata keçirir. Məsələn, son illər Azərbaycanın
cənub istiqamətində yerləşən Şirvan, Hirkan
Milli Parklarına təbliğat işləri nəticəsində
çox böyük turist axını gəlir. Məktəblilər,
xarici vətəndaşlar - istər ölkədə
yaşayan, istərsə xaricdən gələnlər gəlib
buranı ziyarət edirlər. Hikmət Əlizadənin
sözlərinə görə, bu o deməkdir ki, həmin
milli parklarda nəyin qorunduğunu biz yetəri qədər
çatdıra bilirik: "Məsələn, Şirvan milli
parkında Avropa məkanının ən böyük ceyran
populyasiyası qorunur. Ceyranlar da təxminən 9 min
başdır. Bizim təbliğatımız nəticəsində
turist yüz və ya min kilometr gəlir ki, o ceyranları təbii
şəraitdə gözü ilə görsün. Ancaq biz
bunu çatdıra bilməsək, o zaman Milli Parkda ən nadir
növ saxlasaq belə təbii ki, gəliş də olmayacaq.
Bu işlərin təşkili gedir, amma daha da intensiv
aparılmasına ehtiyac var". Hər bir Milli Parkın
yaradılmasında müxtəliflik olsa da ümumi məqsəd
- ölkənin flora və faunasını qorumaq və
yaşatmaqla yanaşı insanların mədəni istirahətini,
zövqünü oxşamaqdır. Məsələn, Ordubad
Milli Parkının yaradılmasında məqsəd ərazidə
ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin
özünəməxsus iqlim, relyef və digər
fiziki-coğrafi xususiyyətlərə malik olması, burada
müxtəlif növ heyvanların, o cümlədən,
endemik növlərin qorunub saxlanması ilə yanaşı
ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji
cəhətdən maarifləndirilməsi, ekoturizm
üçün əlverişli şərait
yaradılmasından ibarətdir. Məsələn, Qaradağ,
Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54374
hektarında yaradılan Şirvan Milli Parkı yarımsəhra
landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi
təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir.
Su-bataqlıq ərazilərdə nadir və qiymətli
köçəri quşlar qışlayır və
yuvalayır. Ağcabədi və Beyləqan rayonlarının
inzibati ərazilərində Ağ-göl dövlət təbiət
qoruğu və Ağ-göl dövlət təbiət
yasaqlığının bazasında 17924 hektar ərazidə
Ağ-göl Milli Parkı yaradılıb. Ağ-göl
Kür-Araz ovalığının Mil düzənliyində
yerləşir, yarımsəhra landşafta malikdir, respublika ərazisində
quşların ən vacib qışlama və yuvalama yeri
olduğu üçün "ornitoloji sahə" də
adlandırıla bilər. Buranın ornitoloji faunası
çox zəngindir. 140-dan çox quş növlərinə
rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva
salan quşlardır. (Sultan toyuğu, ərsindimdik, qu
quşları, fitçi və mərmər cürələr,
bəzgək və s.) Ağ-göl YUNESKO-nun "Əsasən
su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli
olan Sulu-bataqlıq yerləri haqqında"
Konvensiyasının siyahısına daxil edilib. Lənkəran
və Astara rayonlarının inzibati ərazisində 21435
hektar sahədə yaradılmış digər Milli Park isə
Hirkandır. Burada üçüncü dövrün qədim
relikt və endemik bitki növləri qorunur. Azərbaycanda
yayılan 435 ağac və kol növünün 150-si Hirkan
meşələrindədir. Hirkan meşələrinin YUNESKO-
nun Təbii və Mədəni İrs Siyahısına daxil
edilməsi üçün elmi cəhətdən əsaslandırılmış
sənədlər tərtib olunaraq, YUNESKO-nun Katibliyinə
verilib. Abşeron Milli Parkı isə Abşeron Dövlət Təbiət
Yasaqlığının bazasında Bakı şəhərinin
Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində
1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış
ceyranın, Xəzər suitisinin və su quşlarının
qorunub saxlanılması məqsədilə yaradılıb.
Abşeron Milli Parkının yaradılması həmin ərazidə
nadir təbiət komplekslərinin və obyektlərinin,
xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi
olan Xəzər suitisinin daha çox yayıldığı
arealda, ceyranların, eyni zamanda, su bataqlıq
quşlarının qorunub saxlanılmasına və bərpasına
imkan yaradır. Abşeron Milli Parkının
yaradılması, eyni zamanda, təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi, ətraf mühitə diqqət və
qayğının artırılması, yeni ekoloji
şüurun formalaşması sahəsində aparılan məqsədyönlü
tədbirlərin ardıcıl nümunəsidir. Azərbaycanda
ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi
isə Şahdağ Milli Parkıdır. Milli park Quba, Qusar,
İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı
rayonlarının inzibati ərazilərində 115895 hektar ərazidə
yaradılıb. Şahdağ Milli Parkının ərazisinin
yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə,
bitki örtüyünün, torpaqlarının və heyvanlar
aləminin zənginliyinə əsaslı təsir göstərib.
Buradakı meşələr zəngin, füsunkar və
gözəl mənzərələr yaratmaqla məşhurdur.
Milli Parklarımızın əhalinin ekoloji maariflənməsində
əhəmiyyəti böyük olsa da, bəzən bu sahələrin
ərazilərində qanunsuz şəkildə ov edilərək
fauna və floramıza böyük ziyan vurulur. Belə ki, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti
qurumlarının əməkdaşları tərəfindən
01 yanvar-27 mart 2011-ci il tarixlərində aparılan
araşdırmalar zamanı Altıağac, Ağgöl, Hirkan,
Şirvan, Şahdağ Milli Parklarının ərazilərində
qanunsuz ovla məşğul olan 24 nəfər
saxlanılıb, onlardan 25 ov silahı, yüzlərlə
patron götürülüb və qanunu pozmuş şəxslərin
hər biri inzibati qaydada cərimə olunub. Ümumilikdə,
aparılan araşdırmalar zamanı 61 nəfər qanun
pozucusundan 61 ov silahı, 229 patron götürülüb və
qanun pozucularına qarşı 52 600 manat məbləğində
cərimə tətbiq edilib. Əhali üçün Milli
Parklarımız ov yeri yox, elmi biliklərin yiyələndiyi,
insan varlığının öyrənildiyi yerdir. Belə zənginlikləri
qorumaqla insan gələcəyini və sağlam həyatını
təmin etmiş, ekoloji şüurunu formalaşdırmış
olur.
Cavid Şahverdiyev
Xalq Cəbhəsi.- 2011.- 7 may.- S.14.