Kinolar artıq öz dilimizdə

 

Nadir Diridağlı: "İndiki filmlər dublyaj yox, tərcümə olunur"

 

Yazar Zümrüd Yağmur: "Bu ölkə rusdillilərə yox, rus dillilər ölkənin qanunlarına uyğunlaşmalıdılar"

 

Əkbər Qoşalı: "Öncə ana dilimizdə danışanların qayğısına qalmalıyıq"

 

Bu il iyulun 15-dən Azərbaycanın bütün kinoteatrlarında filmlər dövlət dilində nümayiş olunmalıdır. Həmin tarixdən kinoteatrlar artıq xarici filmləri Azərbaycan dilinə dublyaj olunmuş versiyada yayımlamalıdılar. Mədəniyyət və Turizm Hazirliyinin əməkdaşı Yusif Şeyxov bildirib ki, nazirlik ölkədəki kinoteatrlarda filmlərin Azərbaycan dilində nümayiş etdirilməsi ilə bağlı qərarının icrasına nəzarət edəcək. Onun sözlərinə görə, bu qərara əməl etməyən kinoteatrların fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılacağı nəzərdə tutulmayıb. Biz də bu məsələyə münasibət öyrənmək məqsəd ilə ziyalılarımıza müraciət etdik. Rusdilli tamaşaçılar görəsən bundan sonra kinoteatrlara gedəcəklərmi?

Yazar Nahid Hacıyev hesab edir ki, qarşısını alsa da almasa da, bu, olalıdır: "Dilimizi hörmətə mindirməyin vaxtı çoxdan çatıb. Kino tərcüməsində milliləşmə bir çox sahəni inkişaf etdirəcək. Bu qərarı alqışlayıram". Yazar Qismət Rüstəmov düşünür iki, bu qərar özlüyündə pis deyil: "Amma bunu birdən etməkdənsə yavaş-yavaş keçid daha yaxşı olardı. Çünki belə qəfil qərardan doğrudan da adamlar kinoteatra getməkdən imtina edə bilər. Bizdə təkcə rusdillilər yox, ümumi tamaşaçıların əksər faizi filmlərə rusca baxmağa vərdiş ediblər. Bilmirəm, gözləmək və müşahidə etmək lazımdır ki, nə baş verəcək? Bircə qorxum var ki, çox zəif olan dublyaj sənətimizin əli dəyən bütün filmlər bir janrda - komediya kimi görünsün."

Tanınmış produsserlərdən biri olan Nadir Diridağlı hesab edir ki, kinoteatrlarda göstəriləcək filmlərin Azərbaycan dilində nümayişi olduqca çətin məsələdir: "Səbəbi də odur ki, Azərbaycanda filmlərin dublyajı demək olar ki, yox dərəcəsindədir. Bunun üçün kinostudiya və kinostudiyada dubyaj deyilən xüsusi qurum var idi və orda sırf dublyajla -yəni filmdəki sinxronlardan birbaşa tərcümə ilə məşğul olan aktyor nəsli yetişmişdi. H.Turabov, H.Əbluc, Ə.Yusifqizi, Ş.Ələkbərov, S.Rzayev və s. kimi sənət adamları əcnəbi filmlərin birbaşa sinxrondan səsləndirməsi ilə məşğul idilər və filmlərin baxılmasına səbəb də belə professional adamlar idi. Canlı və gözəl səs tembrinə malik belə sənət adamlarının dublyajda olması çox böyük bir önəm kəsb edirdi... İndiki filmlər dublyaj yox, tərcümə olunur. Filmlər bu mənada orijinalla müqayisədə çox itirir... Rus dilli əhalinin kinoteartlardan uzaq düşməsinə gəldikdə isə güman eləyirəm ki, ilk öncə gec-tez bu nəslin nümayəndələri ana dilimizi öyrənmək və danışmaq məcburuyyətində qalacaqlar. Bu baxımdan onların kinoteatrlardan uzaq düşmələrinə inanmaq istəməzdim".

Publisist-yazar Zümrüd Yağmurun fikrincə, bu məsələ əslində çoxdan həllini tapmalı idi: "Bu ölkə rusdillilərə yox, rus dillilər ölkənin qanunlarına uyğunlaşmalıdılar. Rusdilli əhalinin artıq bu ölkənin rəsmi dilini öyrənməməsi mahiyyətdə ölkəyə və onun qanunlarına hörmətsizlik kimi dəyərləndirilməlidir. Özlərini komfortda hiss etdikcə bu mümkün olmayacaq".

Yazar Sahilə İbrahimovanın ətrafında rusdillilər çox olsa da o, qətiyyən belə bir problemin yaşanacağına inanmır: "Bu mövzu da bir neçə dəfə onlarla müzakirə olunub. Lakin konkret fikir söyləmək çox çətindir. Düzü, mən ciddi etirazla rastlaşmamışam. Mənim tanıdığım rusdillilərin əksəriyyəti xaricdə təhsil almışlardır. Onlar arasında da millət anlayışı, vətənpərvərlik ideyaları daha çox inkişaf etmiş olur. Konkret kinomanlar var ki, dvd-lərdə olmayan filmlərə baxmaq üçün kinoteatrlara getməyə davam edəcəklər. İlk dövrlər hər şeydən narazı qalsalar da, sonra alışacaqlar."

"Kanal 13" internet televiziyasının aparıcısı Aynur İmranova hesab edir ki, bu qərarla rus dili əsas dil olmaqdan çıxacaq: "Ən yaxşı kitab tərcümələri rusca, ən yaxşı film dublyajı rusca... İnsanlar öz dilmizi bəyənməz olub. Bu Azərbaycan dilinin inkişafına kömək olacaq. Amma rus dilli əhalini də bir az daha qapalı devrəyə salmış olacaq". Yazar Könül Səidin fikrincə, rusdilli əhali məcbur olub kinoteatra gedəcək: "Çünki adət etdikləri vərdişləri belə tezliklə tərgidə bilməzlər. Məcbur olub gedəcəklər əvvəl bir az deyinəcəklər, sonra isə zamanla alışacaqlar."

Kinorejissor Rüfət Kərimzadə hesab edir ki, elə rusdilli insanlar var ki, Azərbaycan dilini çox sevir: "Elələri də var ki, bizlərə "çuşka" kmi baxır. Özlərini bizdən üstün sayırlar... Dəxli yoxdur, onlar bəyənəcəklər, ya yox, əsas odur ki, bizdə bu olmalıdır. Bura Azərbaycandır, Rusiya yox."

DGTYB başqanı Əkbər Qoşalı düşünür ki, dövlət dilimiz dartışma mövzusu ola bilməz: "Mən bu qərarı alqışlayıram. Biz rusdililərin qayğısına qalmaqdan öncə öz dilimizdə danışanların qayğısına qalmalıyıq. Hər şeydən öncə öz dilimiz, öz kültürümüz gəlməlidir. Digər yönlər, dəyərlər birincidən sonra gəlir..."

"Qafqazinfo" interten portalının əməkdaşı Jalə Məmmədli hesab edir ki, bu qərar çox yaxşıdır: "Öz doğma dilimizdə olan filmlər daha yaxşı olar. Dilimizə hörmət etmiş olarıq. Çünki indi hər kəs adi danışıq dilində də rus dilində danışmağı özü üçün fəxr bilir. Bu biabrçı bir haldır. Filmlər tərcümə olunarsa, kinoteatrlara axın da artar. Amma gəlin bir məsələyə diqqət edək. O filmlər necə dublyaj olunacaq? Yüksək səviyyədə olacaqmı? Yoxsa bəzi tv-lərimizdəki kimi adamın kinoya olan marağını öldürəcək?! Bu barədə nəticəni görmədən pisləmək düzgün olmaz. Amma ümid edirik ki, doğma dildə yüksək səviyyədə tərcümə edilən film izləyə biləcəyik. Doğma dilinə laqeyd yanaşanlara heç cür haqq qazandırmasam da, rusdilli insanların da bu ehtiyaclarını ödəmək üçün hər iki dildə filmlərin nümayişinin tərəfdarıyam."

Jurnalist Şeyda Nəsiblinin fikrincə, bu məmləkətin adı Azərbaycan, dili isə türk dilidir: "Ona görə orada yaşayan hər kəs o dilə sayğı duymalıdır. Kimsə evində istədiyi dildə danışa bilər. Amma küçəyə çıxanda buyursunlar ana dilimizdə danışsınlar. Bir də nədən bizi rusdillilərin dili rahatsız edir ki? Onlar bizim dilimizi bilmədikləri üçün rahatsız olsunlar. Barı bundan sonra öz dilimizi öyrənsinler. Güclü dövlətlər burda bulunan hər hansı bir kəsimin dilini, mədəniyyətini göz önünə gətirərək işini ona görə qurmur ki. İngilis ingilis dilində, rus rus dilində, polyak polyak dilində danışır və dövlətdə də öz dillərini istifadə edirlər."

"Sinema" Gənc Kinomatoqrafçılar Birliyinin rəhbəri Fehruz Şamıyev hesab edir ki, bu qərar dilimizi bilməyənləri bu dili öyrənməyə və ona hörmət etməyə məcbur edəcək: "İkinci tərəfdən, hər bir ölkə filmlərini öz dilində yayımlayır. Məncə, biz bu prosesdən kənar qala bilmərik. Üstəlik bu proses məhz azərbaycanlı və azəridilli tamaşaçıların sayını artıracaq. Məlumdur ki, kino son illər diqqət mərkəzində olan sahələrdəndir. Buna görə tezliklə kinoteatrlar təmir olunacaq. Filmlər məhz Azərbaycan dilində olacaq deyə tamaşaçıların sayı artacaq. Bir neçə il əvvəl klip tamaşaçıların marağında olan audiovizual sənət əsəri idi, indi artıq heç kim klipdən danışmır. Artıq kino bütün digər sənət sahələrini arxada qoyub. Dövlət kinonun inkişafı üçün müəyyən işlər görür. Bu da kinomatoqrafiyanın inkişafı deməkdir. Gəncləri təhsil almaq üçün xaricə göndərirlər. Bu o deməkdir ki, yaxın illərdə onlar Azərbaycana qayıdıb öz filmlərini çəkəcəklər. Məhz azərbaycandilli filmlər istehlak olunacaq. Məncə, bu mərhələdən sonra azəri filmlərinin dünyaya çıxması intensivləşəcək. Xarici filmlərin azəri dilində yayımlanması Azərbaycan dilli tamaşaçıların artmasına gətirəcək. Ölkəmizdə yaşayan rusdillilər isə Azərbaycan dilini əvvəl-axır öyrənməlidilər".

 

 

Oktay Hacımusalı  

 

Xalq Cəbhəsi.- 2011.- 14 may.- S.13.