"Muğamı məhz Azərbaycan gəncliyi qorumalıdır"

 

 Koreyalı Kim Min-Seoq: "Koreya ücün darıxıram, amma muğama olan sevgim hər şeyə üstün gəlir"

 

"Qarabağ sözü də, Qarabağın özü də Azərbaycana məxsusdur"

 

Milli Konservatoriyada muğam təhsili alan koreyalı Kim Min-Seoqun APA-ya müsahibəsi.

Muğamımızın sehri və cazibəsi onu Koreyadan Azərbaycana gətirib. Bu sehrli musiqi onun iliyinə işləyərək ruhuna nüfuz edib və çətinliklərə baxmayaraq muğamı öyrənməyi qarşısına məqsəd qoyub. O, muğamı təkcə öyrənmək və ifa etməklə kifayətlənmək istəmir, həm də muğamı gələcəkdə öz ölkəsində təbliğ etmək arzusundadır. Bu yenilməz arzu və istək onu 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasının muğam sinfinin I kurs tələbəsi edib... Bu gün oxucularımıza Azərbaycan Milli Konservatoriyasının muğam sinfinin I kursunda təhsil alan, xanəndə Əhsən Əhmədovun tələbəsi olan 34 yaşlı koreyalı Kim Min -Seoqla müsahibəni təqdim edirik. 1977-ci ildə Cənubi Koreyada anadan olan Kim Min-Seoq muğamın sehrinə 4 il bundan öncə düşüb. Ailəsi ilə birgə Azərbaycana gələn koreyalı Milli Konservatoriyada muğamın sirlərinə yiyələnir. Bu çətin işi Konservatoriyanın müəllimi Əhsən Əhmədov öz çiyinlərinə götürüb. Əhsən Əhmədov koreyalı tələbəyə Azərbaycan adı da qoyub və artıq Kim özünü Seymur adı ilə təqdim edir. Görüş zamanı Seymur (Kim Min -Seoq) arzumuzu ürəyimizdə qoymayaraq, qavalı əlinə alıb adət-ənənə ilə muğamlarımızı ifa etdi. Koreyalı gəncin Azərbaycanın milli-mənəvi sərvəti olan muğamı necə ürəkdən ifa etdiyini, bu musiqiyə necə böyük məhəbbət duyduğunu görməmək mümkün deyildi. Qeyd edək ki, Kim Min-Seoq müsahibəni Azərbaycan dilində verib.

 

- Adım Kim Min-Seoqdur, ancaq Əhsən müəllim mənə Seymur adı qoyub. Bu ad çox xoşuma gəlir. Hazırda Azərbaycan Milli Konservatoriyasında təhsil alıram. İki il bundan əvvəl Bakıya gəlmişəm. Bir il boyunca Konservatoriyaya daxil olmaq üçün çalışdım və bir ildən sonra istəyimə çatdım. Hazırda Əhsən müəllimdən muğamın sirlərini öyrənirəm.

- Muğamı ilk dəfə nə zaman və kimin ifasında dinləmisən? Ümumiyyətlə, muğamı öyrənmək fikri necə yarandı?

Kim Min-Seoq:

- Koreyada yaşayarkən muğam haqqında bilgim yox idi. 4 il bundan əvvəl Bakıya gəlmişdim və elə o zaman muğamla tanış oldum. Dostum mənə Azərbaycan muğamlarından ibarət bir disk hədiyyə etdi və o diski dinlədim, heyran qaldım. Həmin diskdə Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurovanın ifasında muğamlar var idi. Məhz bundan sonra qarşıma məqsəd qoydum və bu gözəl ölkəyə gəldim.

- Doğrudur, muğam onu dinləyən hər kəsi sehrə salır və heyran qoyur. Muğam səni nə ilə heyran etdi ki, bu cür qərar verdin?

- Elə ilk dinlədiyimdə muğamın emosiyası məni valeh etdi. Azərbaycan muğamının səsi çox yüksək səsdir və bunu oxumaq üçün xüsusi bacarığın olmalıdır. Əsasən də zildən oxuyanda bəyənirəm. Azərbaycan musiqisi çox inkişaf etmiş musiqidir. 7 əsas muğam Azərbaycan musiqisinin ürəyidir. Azərbaycana ailəmlə birgə gəlmişəm, iki qızım var. Böyük qızım 4, kiçik qızım 1 yaşındadır. Həyat yoldaşım da bu istəyimi müsbət qarşıladı və hazırda o da kamança ifaçısı olmaq istəyir. Artıq kamança belə almışıq və bu yaxınlarda o da ifa etməyə başlayacaq. İlk dəfə eşitdiyim "Bayatı kür" muğamı olub və bu muğamı çox sevirəm. Artıq böyük qızım da muğamı zümzümə edir.

- Azərbaycan dilini muğama olan sevgi öyrətdi? Dilimizi nə müddətə öyrənə bildiniz?

- Əlbəttə, muğamı ifa etmək, qəzəlləri düzgün oxumaq üçün Azərbaycan dilini öyrənməli idim. Dostlarım mənim qədər səlis danışa bilmirlər, ancaq mən həm sürətli, həm də daha yaxşı danışıram. Azərbaycan dilini öyrənmək üçün 9 ay kursa getmişəm. Tələbə yoldaşlarımla ancaq Azərbaycan dilində danışıram. Çalışıram bu dildən daha çox istifadə edim ki, dil bilgim mükəmməl olsun. Koreyada musiqi təhsili almamışam, özüm kimyaçıyam.

- Koreya və Azərbaycan musiqisinin hansı fərqlilikləri var?

- Koreyanın milli musiqisi bir az sadədir. Azərbaycan musiqisi daha müxtəlif, rəngarəngdir. Azərbaycan musiqisi bütünlüklə məni heyran edir. Muğamın sirlərinə bələd olduqca, bu sənətin nə qədər çətin olduğunu anlayıram. Əslində, Əhsən müəllim çox əziyyət çəkir. Ötən il ona demişdim ki, səsimi muğama uyğunlaşdırmaq çox çətindir. Çünki dil problemi var. Muğamın xüsusi zənguləsi var. Onu öyrənmək çətindir, düşündüm ki, əl çəkim, ancaq Əhsən müəllim dedi ki, "sən yaxşı oxuya bilərsən, yavaş-yavaş oxusan, gələcəkdə yaxşı ifaçı ola bilərsən".

- Burada darıxmırsan ki?

- Sözsüz, darıxdığım zamanlar da olur. Amma muğama olan sevgim hər şeyə üstün gəlir. Azərbaycan mətbəxini də çox sevirəm. Çox gözəl mətbəxiniz var. Ən çox sevdiyim isə yarpaq dolmasıdır. Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Azərbaycan dövləti hazırda çox bahalı dövlət hesab edilir. Bakı da çox gözəl şəhərdir. Düşünürəm ki, hazırda Azərbaycan gəncliyi muğamı oxumur və özlərini bu dünyadan uzaq tutmağa çalışırlar. Bu situasiya hazırda Koreyada da var və gənclik milli musiqini dinləmir. Gənclik indi daha çox yeniliyi, digər ölkələrdən gələn musiqiləri sevirlər. Amma muğama köhnəlik kimi baxmaq çox səhvdir, bu hal məni təəssüfləndirir. Muğamı məhz Azərbaycan gəncliyi qorumalıdır.

- Bu müddət ərzində yəqin ki, çoxsaylı dostlar qazanmısan.

- Azərbaycanda dostlarım çoxdur. Konservatoriyada elə öz qrupumuzda çox istedadlı uşaqlar var. Kamança, tar sinfində təhsil alan tələbələrlə dostluq əlaqələrim var. Muğam mənim üçün ötəri bir maraq deyil, ömrüm boyu muğam ifa edəcəyəm. Bu müddət ərzində Quba, Altıağac, Xızı, Şamaxı, Göyçay, Ağsuda olmuşam. Şəkiyə, Qəbələyə də getmək istəyirəm.

- Ali təhsilini aşa vurduqdan sonra Koreyaya qayıtmaq niyyətindəsən, yoxsa başqa planların da var?

- Hələlik Koreyaya getmək planım yoxdur. Planımda Koreyada, eləcə də Azərbaycanda muğam üzrə musiqi məktəbi açmaq ideyası var. Koreyada çoxsaylı Azərbaycan tələbələri var ki, muğam öyrənmək istəyirlər, eyni ilə də Bakıda. Bunu etməklə çoxsaylı insanların arzularını reallaşdırmaq istəyirəm. Eyni zamanda burada da Koreya milli musiqilərini gənclərə öyrətmək niyyətim var. Koreyada Azərbaycan muğamını inkişaf etdirəcəyəm. Orada da, burada da konsertlər təşkil etmək istəyirəm. Əhsən müəllimin ifasını çox sevirəm.

- Bakıda konsert vermək niyyətində deyilsən?

- Çox istəyirəm və arzularımdan biridir. Ancaq bunu Əhsən müəllim daha yaxşı bilir.

Əhsən Əhmədov:

- İnşallah planımızda var ki, bu ilin oktyabr ayında konsert təşkil edək. Əgər mümkün olmasa, o zaman növbəti il üçün mütləq konsert keçirəcəyik. Konserti həm Azərbaycanda, həm də Koreyada keçirmək fikrimiz var. Demək olar ki, Seymur bu konsertə hazırdır, təkbaşına yox, amma yardımımızla konsert keçirə bilər. Konservatoriyanın zalında, Muğam Mərkəzində də konsert təşkil etmək olar, onu hazırlaya bilərəm.

- Seymur, arzun nədir?

- Ən böyük arzum gələcəkdə gözəl xanəndə olmaqdır...

- Əhsən müəllim, xarici tələbəyə muğamın sirlərini öyrətmək çətin deyil ki?

Əhsən Əhmədov:

- Sözsüz, xarici tələbəyə dərs keçməyin öz çətinlikləri var. Əvvəl daha çətin idi, amma indi hər şey daha yaxşıdır, bir-birimizi yaxşı başa düşürük. Çalışdığım odur ki, bütün dünya muğamımızın sehrinə düşsün. Onsuz da bütün dünya xalqları muğamın Azərbaycana məxsus olduğunu bilir. İstəyirəm, bütün dünyaya sübut edək ki, koreyalı Azərbaycan muğamını tər-təmiz, bizim kimi ifa edir. İki ilə yaxındır Bakıdadır, 4 dəsgah muğam öyrənib. Bizim öz tələbələrimiz bir ilə bir muğamı güclə öyrənib başa çatdırırlar. Hələ 20-dən artıq mahnı öyrətmişəm və hamısını da öyrənib. Baxmayaraq ki, başqa ölkədə, başqa mədəniyyətdə böyüyüb, amma bizim musiqini çox tez götürür. Dünən keçilən dərsi artıq bu gün mənə oxuyur, məəttəl qalıram. Seymurla bizim tələbələri fərqləndirən çox cəhətlər mövcuddur. Çox həvəslidir, bu da ona qüvvət verir və məqsədinə çatmaq üçün bütün çətinliklərə dözür. Çox mədəni oğlandır, müəllimə bir başqa cür hörmət göstərir. Bizimkilər müəllimi görəndə üzünü yana çevirir ki, nə var, müəllim deyəcək ki, "dərsə gəl". Amma bu özü gəlir, axtarır, yarım saat əvvəldən zəng vurur ki, "müəllim, artıq burdayam". Mənim ən sevimli tələbəm Seymurdur. Ona ad da qoymuşam, artıq və hamı onu məhz bu adla çağırır. Milli Konservatoriyada hər bir müəllimin dərsində gedib oturur. Gün ərzində beş, hətta on saat məşq edir. Vokalı xanəndə etmək çox çətin məsələdir, heç vokal oxuyanlarımız muğam oxuya bilmir, çünki onlar üçün çətindir. Amma Seymura elə yollarla dərs keçdim ki, muğam oxudu. Doğrudur, indi də qüsurlar çoxdur, ancaq qısa müddətdə çox şeylər öyrənib və nəticə göz önündədir. Oxuduqca, hər dərsdə irəliləyişi görürəm. Söz vermişəm və bütün muğamlarımızı ona öyrədəcəyəm. Onu dünyada yeganə bir oxuyan edəcəyəm. Seymur Bakıda işləmir və bütün vaxtını ancaq muğam öyrənməyə sərf edir. Ay ərzində 500 manat kirayə pulu verir və illik 2500 Milli Konservatoriyaya ödəyir. Burada ödənişli təhsil alır.

- Seymur, muğamımızın tarixi haqda bilgilərin varmı?

Kim Min-Seoq:

- Bəli, bilirəm ki, muğamın kökü Qarabağdan gəlib. Dağlıq Qarabağ probleminiz barədə də məlumatlıyam və prosesləri izləyirəm. Bilirsinizmi, erməni dilində heç Qarabağ sözü yoxdur, axı necə ola bilər ki, Qarabağ onların olsun. Qarabağ sözü də, özü də Azərbaycana məxsusdur. Soruşmaq istəyirəm axı bu günə kimi niyə Qarabağ alınmayıb? Bilirəm ki, Azərbaycanın ən tanınmış muğam ifaçıları məhz Qarabağdan çıxıb. Azərbaycanın insanlarını çox sevirəm, olduqca qonaqpərvərdirlər. Koreyada belə bir şey yoxdur. Orada qonşumuzun kimliyindən belə xəbərsizik, yəni tanımırıq. Ona görə də bu ölkəni hər şeyi ilə çox sevirəm. Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun ifasını tez-tez dinləyirəm.

- Muğama olan sevgin səni Azərbaycana gətirdi və buranı çox sevdiyini deyirsən. Azərbaycan vətəndaşlığını qəbul etmək fikrin yoxdur ki?

- Çox istəyərdim Azərbaycan vətəndaşı olum, amma icazə verilmir. Koreyada ikili vətəndaşlığa icazə verilir, Azərbaycanda isə belə bir şey yoxdur... Əgər buna layiq olsam, niyə də olmasın. Amma hələlik özümü fəxri adlara layiq görmürəm, çox işləməliyəm. İllərdən sonra, əgər layiq bilsələr, inşallah o da olar. Buna çox sevinərəm.

 

 

Xalq Cəbhəsi.- 2011.- 4 may.- S.15.