"Məni yaşadan yaradıcılığımdır"

 

 Professor Qara Namazov öz fəaliyyətində Azərbaycan uşaq ədəbiyyatına böyük yer ayırıb

 

Tanınmış ədəbiyyatşünas, uşaq ədəbiyyatının və aşıq yaradıcılığının araşdırıcısı, professor Qara Namazov 80 yaşında da əvvəlki tək yaradıcılıqla məşğuldur. O, ədəbi fəaliyyətə 1956-cı ildə başlayıb. "Azərbaycan aşıq yaradıcılığı" (1920-1950-ci illər) mövzusunda namizədlik, "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri" (1920-1980) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bakı Dövlət Universitetində "Dədə-Qorqud" elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Onun müəllifliyi, tərtibi ilə "Aşığın sazı və sözü" (1980), "Azərbaycan aşıq sənəti" (1984) (Azərbaycan və rus dillərində), "Azərbaycan uşaq ədəbiyyatı" (1984, 2007), "Azərbaycan sovet ədəbiyyatı" (1986), "Müasir Azərbaycan ədəbiyyatı" 2 cilddə (ortaqlı, 2007), "Xalq qəhrəmanının şöhrəti", "Gecikmiş nəğmələr" (2008), "Qaracaoğlan" (ortaqlı), 2 cilddə, "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (1976), 3 cilddə "Azərbaycan uşaq antologiyası" (2004-2005), "El çələngi" (2004), "S.Ə.Şirvani", Əsərləri, 3 cilddə, "S.Vurğun. Seçilmiş əsərləri" və başqa kitablar çap olunub.

Professor Nizami Cəfərov Q.Namazovun yaradıcılığı haqqında bu qənaətdədir: "Qara müəllimin əsərləri, düşüncələri, ümumiyyətlə, yaradıcı şəxsiyyəti, mənsub olduğu millətin dünyagörüşünün, vərdişlər sisteminin birbaşa təzahürüdür.

Mən professor Qara Namazovu tələbəlik illərindən tanıyıram. O, tədqiqatçı-alim işini Tarix İnstitutunun arxiv-kitabxanasına rəhbərlikdən başladığındandır, ya nədir, araşdırmalarında həmişə tarixiliyə xüsusi önəm verib, əsas ixtisası olan folklorşünaslıq çalışmalarında da bu cəhət aydın seçilib. Və Qara müəllimin tarixi düşüncəsi bəzən o qədər irəli gedir ki, folklor qəhrəmanlarının, süjetlərinin, epizodlarının hər birində bilavasitə tarix görür. Hərdən mənə elə gəlir ki, onun təsəvvürüdə tarixin reallığı ilə folklorun bu mənada irreallığı arasında, demək olar, fərq yoxdur. Qara Hamazov xalqa, dədə-babalarımızın səmimiyyətinə o qədər dərindən inanır ki, istənilən folklor yaradıcısının dediyinə tarixi fakt kimi baxır. Əslində, bu onun tarix elmindən çox, folklora - xalqın bədii təfəkkürünə sədaqətinin nəticəsidir".

Araşdırmaçı Tahir Orucov Q.Namazovun yaradıcılığı haqqında bu qənaətdədir: "Qara müəllim ilk dəfə 30 il bundan əvvəl - 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin I kursunda oxuyanda görmüşəm. O illərdə filologiya fakultəsinin tələbələri öz arzularına görə üç ixtisas qrupuna - dil, ədəbiyyat və ədəbi tənqid qruplarına bölünürdü. Mən öz istəyimə görə ədəbi-tənqid qrupunu saçdim. Ədəbi-tənqid qrupu o vaxtlar bilavasitə Qara müəllimin də çalışdığı müasir Azərbaycan ədəbiyyatı kafedrası ilə bağlı olduğundan Qara müəllimlə tez-tez görüşürdüm. Qısa müddət ərzində onu nəcib, xeyixah və səmimi bir insan kimi tanıdım. O, yaşının indiki çağında da gənclik həvəsi, gənclik əhval-ruhiyyəsi ilə yazıb-yaradır. Qara Namazov müxtəlif mövzularla əsərlər yazsa da, daha çox xalq yaradıcılığının, aşıq sənətinin araşdırıcısı kimi tanınıb və bu sahədə fundamental monoqrafiyaların və çoxlu məqalələrin müəllifidir. Qara müəllimin digər böyük tədqiqat sahəsi Azərbaycan uşaq ədəbiyyatıdır. O, bu sahədə də yaddaqalan, böyük işlər görüb, uşaq ədəbiyyatının tarixi və müasir vəziyyətinin öyrənilməsi sahəsində dərslik, müntəxəbat və çoxlu kitablar tərtib edib. Alimin araşdırmalarında folklor-şifahi xalq ədəbiyyatı xüsusi diqqət mərkəzində olub. Aşıq yaradıcılığına, aşıq poeziyasına dərin məhəbbəti onun varlığına, ruhuna çevrildi".

Yazar Gülzar İbrahimova: "Qara Namazovun xüsusiyyətlərindən biri odur ki, o, insanlarda yalnız yaxşı cəhətləri görür və insanı gördüyü xeyirxah işlərlə birlikdə yüksəklərə qaldırmağı bacarır və bunu məmuniyyətlə edir. Özü də insanların müvəffəqiyyətinə o qədər sevinir ki, sanki həmin adamla birlikdə özü də qanad açır. Hər kəs, cavan da, qoca da, hər vaxt Qara müəllimin yanına gələ, kədərini, sevincini onunla bölüşə bilər. Bu vaxta qədər neçə-neçə disertant Qara müəllimin rəhbərliyi altında dissertasiya müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb. Tələbələri ilə fəxrlə danışan müəllim onları balaları kimi sevir, qayğılarına qalır. Ya xırda problem olsun, ya böyük, ya onun işinə aid olsun, ya olmasın, o heç kəsi - ona pənah gətirmiş heç kəsi naümid qaytarmaz, cavanlara düzgün yol göstərər, onların problemini öz şəxsi problemi kimi həll eləməyə çalışar. Hər kəsi məngənə kimi sıxan problemlər əhatəsində əlbəttə ki, belə insani keyfiyyətlərlə qalmaq asan deyil. Uşaqları sevən, uşaq ədəbiyyatına xüsusi incəliklə yanaşan Qara müəllim həm təhsil sistemində, həm də şəxsi yaradıcılığında uşaq ədəbiyyatına çox böyük əhəmiyyət verir. O deyir: "Azərbaycanın gələcəyini uşaq ədəbiyyatının inkişafında görmək lazımdır. Əgər bu gün uşaq ədəbiyyatına laqeyd yanaşılırsa, gələcəkdə övladlarımızın da vətənə, ata-anaya o qədər laqeyd yanaşma qorxusu var". Qara Namazovun uşaq ədəbiyyatı istiqamətli yaradıcılığında tez-tez vətən, xalq sözlərinə rast gəlmirik. Ancaq onun vətənpərvər mövzulu yazıları elə qüvvətlidir ki, həmin əsərlər uşaq psixologiyasını ani dəyişdirməyə, onu sağlam əqidəli bir insana çevirməyə qadirdir. Klassiklər ədəbi aləmdə sözlərini deyiblər, ədəbi tarix onlara layiq olduqları qiymət verərək özündə yaşadır. Müasir dövrdə isə gənc yazıçıların və şairlərin diqqət və qayğıya, onlara düzgün yol göstərilməsinə ehtiyacları var. Qara Namazov uşaqları daha çox sevən və xüsusən uşaqlar üçün yazan yazıçıların, şairlərin əsərlərini bir-bir, sətir-sətir, səbr və təmkinlə, yorulmadan oxuyur, onlara düzgün qiymət verir, həmin əsərələrin uşaqlara çatdırılması üçün dəyərli məsləhətlər verir, işlər görür. 1983-cü ildə Qara Namazov ilk dəfə universitet tələbələri üçün "Uşaq ədəbiyyatı" dərsliyi çap etdirib. 20 il uşaq ədəbiyyatı tədris edən professor elə o vaxtdan müasir dövrümüzə qədər uşaq ədəbiyyatı dərsliyinin mütəmadi çap edilməsinə nəzarət və rəhbərlik edib. Onun belə bir böyük işi uşaqlar üçün yazılmış ədəbiyyatın əbədi yaşamasına və inkişafına yönəlmiş böyük bir addım olub".

G.İbrahimova qeyd edir ki, onun uşaqlar üçün yazdığı "Yanıltmaclar", "Tap-tapmaca", "Sanamalar", "Oğluma nəsihət", "Balalara töhvə", "Loğman" sadə, şirin, yadda qalan uşaq dilində yazılıb və uşaqlar tərəfindən sevilə-sevilə oxunur: "Qara müəllim azərbaycanlı balaların əsil türk oğlu kimi igid, mətin böyümələrinin arzusundadır. Vətənini sevən alim onun daima inkişafına çalışaraq, vətənpərvər mövzuda yazılar, kitablar yazır. ("Şah qızı dastanı", Şamaxı haqqında poema", "Naməlum bir roman", "Qazanxan haqqında Qaraqoyunlu əfsanəsi" və b.) Yazılarında oxucusunu yormadan, gəncləri mübarizəyə, müstəqilliyimizi qoruyub saxlamağa, vətəni işğalçılardan qorumağa çağırır.

Qara müəllim həmişə axtarışdadır. İlkin sivilizasiyanın banisi türk xalqının qədimliyini sübuta yetirib dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə Qara Namazov son illərin araşdırmaları onun geniş dünyagörüşə malik olmasından xəbər verir. Özünün qeyd etdiyi kimi "Məni yaşadan yaradıcılığımdır!".    

 

 

Uğur 

 

Xalq Cəbhəsi.- 2011.- 17 may.- S.14.