"Poeziya dünyəvidir, həmişəlikdir"

 

 Musa Yaqub: "Əgər bu dünyada vəfasızlıq varsa, o da elə insanlardadır"

 

"O qədər mövzu haqqında söhbətlər gedir ki, söz sınır..."

 

Tanınmış şair Musa Yaqubun 74 yaşı tamam oldu. O, İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz özünəməxsus təbiəti olan bir kənddir. M.Yaqub Göyçay Pedaqoji məktəbini bitirəndən sonra rayonun Tircan və Buynuz kəndlərində müəllim işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Bu dövrdə Buynuzdakı 8 illik məktəbin müdiri olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllıdakı rayon qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Sovet dövründə Moldovada sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. "Yarpaqlar oxuyur" (1966), "Bu məhəbbət yaşadır məni" (1966), "Mənim kainatım" (1973), "Üzü bəri baxan dağlar", (1977), "Yaxşı ki, sən varsan" (1979), "Bir sim üstə" (1983), "İki qəlbin işığı" (1985), "Mənim sevgi taleyim" (1988), "Ürəyimdə yerin qaldı" (1992), "Nanə yarpağı" (1996), "Payızdan yaza yol varmı" (1999), "Ruhumla söhbət" (2000), "Bu dünyanın qara daşı göyərməz" (2007) və başqa kitabları işıq üzü görüb.

Musa Yaqub həmişə təbiətlə sıx bağlı olub. Bu səbəbdəndir ki, onun yaradıcılığında təbiət-insan mövzusu əsas yer tutur. Təbiət mövzusunda yazmaq, təbiətdə insan, insanda təbiət axtarmaq, bu ilahi bağlılığı vəsf etmək onun qələmində həmişə ecazkar, canlı ifadəsini tapıb. Bu mövzu o qədər bitib-tükənməyən bir əhval yaradır ki, yaradıcının ürəyinin odu istər-istəməz oxucuya da sirayət etməyə bilmir.

Musa Yaqub təbiətdən ayrı qalmır. O, həmişə kənddə gerçəkdən nəfəs alıb, istədiyi kimi yaradıcılıq havası alıb. Hər halda əlacı olsaydı, ümumiyyətlə, kənddən çıxmazdı.

İnsan dünyaya sanki təbiət adlı ilkinlikdən gəlir. Harada yaşayırsa-yaşasın, onu nə isə doğulduğu məkana çəkir. Bu, insanın mahiyyətcə yurda, ulusa sevgisi deməkdir. 74 yaşlı Musa Yaqub təbiətdən yazmaqla yanaşı həm də yurda, ulusa sevgiylə yaşayır, milli dərdlərimizlə birgədir. Şair deyir ki, kəndsiz yaşamaq ümumiyyətlə, mümkün deyil. Bu gün yenə də dağların, meşələrin, çəmənlərin, bulaqların yanına əvvəlki şövqlə gedir: "Dağlar bilir, kiməm, mən də bilirəm təbiət kimdir. Təbiətlə görüşə çox böyük sevgi ilə gedirəm. Bundan böyük fərəh alıram. Ancaq sanki dünyanın sonsuz qayğıları bütünlüklə soydaşlarımızın halına təsir edib, ayrıntıları, əsəbilikləri insanların canına, qanına keçib. Doğrudan da insanlara ərk etmək olmur, di gəl, təbiətə, ağaca, dağa ərk etmək olur".

Təbiətin də dözümünün bir səddi, həddi var. İnsan yüzillərdir ki, təbiətlə özü arasındakı doğmalığa yetə bilmir, əksinə, təbiətlə insan arasındakı yadlıq, uçurum günü-gündən artır. Şairin fikrincə, təbiət birdən-birə insana acığını, hiddətini bildirmir, hər halda insanın ona elədiklərini qətiyyən unutmur. Bu gün təbiət əvvəlki dövrlərdən daha çox hasarlanır. Bu gün insanlar təbiətə daha çox şeylər diqtə edir, ondan çox şeylər umurlar. Torpaq indi bölük-bölük, hasar-hasardır. İnsandan doğmalıq görməyən torpaq gec-tez hiddətini büruzə verir: "İndi çəpərləmə hər yanda var. Məsəl var ki, qonşu-qonşu olsa, bağ çəpəri neynir? İndi camaat daş hasarı göyün üzünə qaldırır. Əvvəllər kənd yerlərində adi çəpərlər olardı, insanlar arasında doğmalıq o zaman daha çox idi. İndi lap paxıl olmayanın belə o daş hasarlardan qonşusuna salam vermək imkanı olmur".

Çağdaş zaman adamları pulçuluğa alışdırır. Pulçu sözün əsil mənasında yalnız çoxlu varidat yığmağa çalışır, onun vətəndən, ulusdan danışması şərti bir şeydir. Ancaq yurduna, ulusuna sözün əsil mənasında bağlı olan insan həmin o müqəddəsləşən məkana heç zaman pul ölçüsü ilə yanaşmır. Ümumiyyətlə, pula əsaslanan sevgi daimi deyil, beşgünlükdür. M.Yaqub deyir: "Dünyanın bu dərəcədə bölünməsi mənə yaxşı təsir eləmir. İnsanlar tarix boyunca torpaqla bağlı çox vuruşublar. Əgər torpağı qorumaq Vətəni qorumaq səviyyəsinə qalxırsa, bu, artıq müqəddəs bir əməldir. Ancaq ayrı-ayrı adamların mümkün qədər çox torpaq əldə etmək istəyini, ehtirasını anlaya bilmirəm. Hərdən insan fikirləşir, bu dünyanın axırı yoxdur, ancaq bəlkə də var. O torpaq bəlkə də heç kəsin olmayacaq. Baxırsan, tarix boyunca bir torpaqda çoxlu nəsillər yaşayıb, dünyadan köçüb gediblər. Adam ruhunun gözü ilə çox aydın görür ki, bax, bu yerlərdə ləpirlər də, çığırlar da üst-üstədir. Bir evdən bir adamı çağırırsan, on adam çıxır. Vaxt olacaq, o ləpirin üstünə mənim, sənin ləpirin də düşəcək. Bu, həyatın qaydasıdır: torpaq həmişə bizim üçün müqəddəs olacaq. Biz özümüzün ləpir payımıza, qəbir payımıza, babalarımızdan bizə miras qalan müqəddəs torpaq payımıza mütləq minnətdar olmalı və baş əyməliyik. Bu dünyanın qovğaları beynimizi, ruhumuzu yoranda əsəblərimizin sakitləşdiyi, ruhumuzun pərvəriş tapdığı, uçduğu, rahatlandığı bir məkan var. Zamanımız gileylərlə doludur. Ata oğlundan, oğul atasından, qohum-qardaş bir-birindən gileylidir. Müqəddəs olan çox şeylər var, onun ən qiymətlisi elə torpaqdır. Gözüdoymazlıq hissi o qədər adamların qəddini sındırıb ki... Millətin nümayəndələri bu və başqa problemlər haqqında elə hey danışırlar, təəssüf ki, bir şey çıxmır. O qədər mövzu haqqında söhbətlər gedir ki, söz sınır. Sədaqət, sevgi də ölüb gedir. Əgər bunlar sarsılırsa, yoxa çıxırsa, o zaman müqavimət necə olsun? Müqavimət yerini verib topa, tüfəngə. Ancaq qabaqlar söz hər şey idi".

Şairin ürəyi həmişə doludur: elə hey dünyanın yamanını yamanlayır, yaxşısını öyür. Onunla zaman-zaman insanın mənalı yaşamaq sevdasından, özüylə üz-üzə qalmaq, təbiətlə, dünyayla bir olmaq gərəkliyindən çox söhbətləşmişik. İndi dünyadan şikayətlənməyən yoxdur; ancaq yaradıcılarımızın şikayətlənməsi ictimai mühitdə az qala davamlı "ictimai şok effekti" yaradır. M.Yaqub deyir, ömrü yenə də yaradıcı əhvalda davam edir: "İndi mənim ömür məqamım elə çağdadır ki, digər məqamlardan ayrılmır. Yaş adətən ömürlə, illə sayılsa da, əslində belə deyil. Müəyyən yaradıcılıq əhvali-ruhiyyəsi, yazılarım var. Əsas yazmaq əhvalının olmasıdır, əgər bu olmasa, nə bilim, məncə, insan kimi yaşamaq olar, ancaq şair kimi yaşamaq olmaz".

Hər bir yaradıcıda, qələm adamında adətən özünə olduqca tanış, içindən gələn yaradıcılıq notu, xətti olur. Bəstəkarlarda, heykəltəraşlarda, rəssamlarda, yazıçılarda, şairlərdə bu cəhətlərin olması təbii sayılır. Ancaq şübhəsiz, fəlakət o zaman baş verir ki, yaradıcı tükənə və başlaya özünü təkrar etməyə. Əlbəttə, zaman əhvalından üstün yaradıcılar daim yeni üfüqlər yaradırlar. O, bir cəhətə arxayındır: özünü təkrarlamadığına əmindir: "Baxırsan ki, payızdır, elə bilirsən, bütün payızlar bir-birinə oxşayır. Düşünürsən ki, eyni payızdır da, bir də gələcək. Yox, o payız daha ömründə gəlməyəcək. Çünki o yarpaqlar həminki deyil, o düzüm əvvəlki deyil, tamam başqa bir aləmdir, bir arx arxın suyu o birindən fərqləndiyi qədər fərqlənir.

Deməli, bunlar qətiyyən təkrar deyil. Mənim üçün yaşamağın və şeir yazmağın qəribəliyi və təkrarsızlığı da belə qənaətlərdən doğur. Əgər bunlar təkrardırsa da, yenə həmin fərq qalır. Heç vaxt o payız olduğu kimi qayıtmayacaq, mütləq başqa cür gələcək. Hə yaxşı bu fərqlər var. Mən bu fərqlərin içində yaşayıram. Zaman həmişə ağırdır, bütün hallarda ağlaşma qurmağı düz saymıram. Yaradıcı adam üçün əsl yaradıcılıq üslubu ilə yerimək çox çətindir. Ancaq yeriyə bilməyəndə özünü təkrarlamaq yaranır. Bəzən belə şeylər adamı diksindirir. Heyləməli, həyatın bütün gedər-gəlməzləri ilə razılaşmaq lazımdır. Hələ çoxlu arzularım var, bir sevgim var ki, onun xatirəsinə baş əyim, bir məkanım var ki, ona salam verim. Belə duyumda, bir kətil üstə oturub düşünmək mənə fərəh verir. Hə, sonra həyatla vidalaşmaq olar. Yaradıcılıq sarıdan gileylənmirəm. Ürəkdə yanğı olanda yazmaq olur".

Musa Yaqubun poeziyasında həmişə bir dirilik, doğmalıq, təbiilik görmüşəm. Şair üçün düşündüyünü fitrətən gözəl ifadə etmək doğrudan da xoşbəxtlikdir. Onun aləmində şairlik tamamilə yüksək, ülvi bir duyğudur. O, hər şeiri, kitabı ilə oxucusunu öz xatirələri, sevdalı günləri, dünəni, bugünü, sabahıyla görüşdürür. Şair yaradıcılığındakı təbiət mövzusunu taleyiylə sıx bağlayır. Onun ictimai məzmunlu şeirlərində belə, təbiət rəmzləri - dağ, daş, çay, səma, bulud və başqa canlı obrazlar xüsusi yer tutur. O, gördüyü ən adi bir gülün ləçəyini belə məharətlə rəmzləşdirməyi, insan taleyi ilə bağlamağı bacarır. Onun təbiətə sevgisində və həmin sevgini ifadəsində indiki əksər yeni yaradıcılar sayağı pis mənada mücərrədlik, anlaşılmazlıq, qaranlıq məqamlar yoxdur. Şair fikrini son dərəcə aydın, təbii, doğma deyir. Dərd doğma deyiləndə ürəyəyatımlı olur, ünvanını tapır. Baharın çiçək ömrünü görmək onun hər ilki şakəridir. Onun üçün kənddən ayrılmaq həmişə az qala fəlakət olub. Təkcə elə bu cəhətin özü şair ömrünün oxucularına insani təsiridir. Yəni paytaxtda yaxşı şəraitin olsa belə, elindən-obandan ayrılmayasan, ondan beşəlli yapışasan, ata yurdunun hər dağını-daşını əziz tutasan, yurdu müqəddəsləşən məkan hesab edəsən. Sevgi ürəkdən gəlməyəndə yoxsul, təməlsiz olur.

Musa Yaqub həmişə cəmiyyətin dərdlərini təbiətin dili ilə ifadə etməyə çalışıb: "İnsanın içi vaxtla dəyişilmir. O şeyləri ki, təsvir etmişdim - insan münasibətlərini, həyatda, mühitdə baş verən ziddiyyətləri; deyirəm bunları bir zamanlar nə yaxşı duymuşam. İnsan zamanla, vaxtla daim qarşılaşır, bir az silkələnir, söz deməyə vadar olur. Bu zaman o, təbiətə dönüb gedir, görür ki, o ağaclar, təbiət, təmizlik, hamısı qalıb. Ancaq dəyişilən insanlardır. Əgər bu dünyada vəfasızlıq varsa, o da elə insanlardadır. Sözündə yalançılıq, iftira, unutqanlıq... İnsan həqiqətlə, həyatla sözün böyük mənasında rastalaşanda həqiqəti dərk edir. Şair həmişə cəmiyyəti incəliyə, ruh kövrəkliyinə, doğruluğa, insanlığa səsləyir. Ona görə də poeziya dünyəvidir, həmişəlikdir".

 

 

Uğur     

 

Xalq Cəbhəsi.- 2011.- 13 may.- S.14.