Xəzər TV
Etiraf etmək lazımdır ki, Xəzər TV efirə
çıxar-çıxmaz Azərbaycan TV məkanında
kiçik də olsa bir inqilab etdi
II yazı
İndi aparıcılar efirdə jonqlyorluq edir, xəbərlərin fonunda ən son xit mahnılara qulaq asa bilirik və nəhayət - sındırılmış, məhv edilmiş Azərbaycan dilinin şahidi oluruq.
Doğma dilimizin tarix boyu
başına nələr gəlib, bir Allah bilir. Məzlum
dilimiz indi də Xəzər TV tərəfindən təhrifə
məruz qalır. Sözləri heç bir fonetik, qrammatik və
s. qaydalara uyğun olmayan, Azərbaycan ədəbi dili bir yana,
regionlarımız üçün də yad və naməlum
ləhcə ilə veriliş aparan bu aparıcılar görəsən
hansı prinsip və bacarığa görə efirə
buraxılır?! Ümumiyyətlə bəzən elə təsəvvür
yaranır ki, onlar öz qüsurlu ləhcələri ilə fəxr
edirlər (bəlkə də qeyri-adi ləhcə ilə
danışmaq Xəzər TV-də nüfuz sayılır).
Amma bir şeyi unudurlar - bu ölkədə barmaqla
sayılası televiziya kanalları var və onlar müvafiq
olaraq əhali arasında maarifləndirici rol oynayırlar. Deməli,
ləhcə məsələsində daha məsuliyyətli və
ehtiyatlı olmaq lazımdır. Bu bizim fikirlərimizdir. Bəs
görək tamaşaçılar nə fikirləşir?
ADP sədrirnin I müavini Həsrət
Rüstəmov hesab edir ki, siyasi verilişləri, xəbərləri
qaneedici deyil: "Bu kanalda avtomobillər haqqında verilişə,
"Səyyaha" və "Dünya turuna" arada
baxıram. "Səyyah" verilişinə də Azərbaycanın
rayonlarını gəzdiyi üçün baxıram və
bu verilişin aparıcısı Səbuhinin məzmunsuz və
şit söhbətlərindən çox əziyyət
çəkirəm".
DGTYB başqanı Əkbər
Qoşalının fikrincə Xəzər TV-nin bəyəniləsi
və eyni zamanda qüsurlu tərəfləri də var:
"Belə bir ümumiləşmiş fikir mövcuddur ki,
"Xəzər" daha çox din düşüncəsinə,
yaxud din kültürünə meyillidir. İstərdim kanal
türkçü düşüncəyə daha geniş
meydan tanısın. Bununla belə, digər alanlarda, örnəyin
sosial problemlərlə bağlı, habelə Azərbaycanın
bölgələrini, eləcə də dünyanı
tanıdan verilişləri maraqlıdır deyə
düşünürəm. Məmməd Aslanın verilişlərinə
də maraqla baxırdım, ancaq son vaxtlar izləyə bilmirəm."
"Türküstan" qəzetinin
baş redaktoru Aqil Camal hesab edir ki, Azərbaycan teleməkanında
yeniliyə, dünya televizyonçuluğuna bənzəməyə
daha çox can atan Xəzər TV-dir: "Bu televiziyanın
başqa bir özəlliyi xəbər proqramının zəngin
olması və xəbərləri tamaşaçıya daha təsirli
formada çatdırmasıdır. Daha bir xüsusiyyət kimi
televiziyanın ümumi ovqatında aqressiyanın və ikrah
yaradan səhnələrin olmamasıdır. Amma bu o demək
deyil ki, Xəzərdə hər şey idealdır."
Yazar Aysel Əlizadə həmin
telekanalda iki verilişi izlədiyini deyir: "Biri Qulu Məhərrəmlinin
"Dost məclisi", digəri isə Ramal Hüseynovun
"Baxış bucaği" verilişləridir.
Ancaq kanalın ümumi
havası bəyəniləsi deyil. Düşəndə
baxıram. Kanalda qeyri-peşəkar aparıcılar həddindən
artıq çoxdur. Ümumiyyətlə bizim kanallarda intellekt
qıtlığı adamın ürəyini
sıxır."
Fotoqraf - jurnalist Əhməd
Muxtar hesab edir ki, telekanalda çatışmayan cəhət,
boş şeylərin şişirdilməsidir: "Xəbərdə
emosional olub, xəbərə lazım olmayan yön
qatmaqdır, istiqamətləndirməkdir. Xəbər
olduğu kimi olmalıdır,
çatdırılmalıdır. Lazım olanda emossional olmaq
olar, amma sünilik dərəcəsində yox. İstənilən
xəbərin, olayın, siyasi prosesin insan həyatında rolu
olur. Ən sonda insan həyatına, adi insanların həyat
şəraitinə təsiri var deyə, xəbəri insandan
keçirmək lazımdır."
"Mərkəz" qəzetinin baş redaktoru Nigar Almanqızı bu kanalı çox da izləmir: "Xəbərlərinə baxıram. Yəni canlı hazırlanır. Hecə deyərlər səsli görüntülərə daha çox yer verirlər. Amma aparıcıların gəldikləri bölgənin ləhcəsində danışmasını qəbul etmirəm. Yazılan mətni belə mənsub olduqları bölgənin ləhcəsində oxuyurlar".
Jurnalist Elşad Eyvazlının fikrincə, ümumilikdə bizim telekanallar biri-birinə çox oxşayır: "Xəzər TV yeni başlayanda fərqlənməyə çalışdı, amma indi hamıya oxşayır."
"Qafqazinfo" informasiya portalının əməkdaşı Jalə Məmmədli hesab edir ki, Xəzər TV-nin işində kifayət qədər nöqsanlar var: "Çox təəssüflə bildirək ki, bu gün bu cür hallar baş alıb gedir. Teleradio Şurasının bu məsələyə göz yumması bizi məyus edir. Danılmaz faktdır ki, bu gün bəlli bir qrup Türkiyədəki kimi burada da media, təhsil və iş dünyasında öz yerlərini tutmaq üzrədirlər. Televiziya öz yayım siyasətində Azərbaycan filmlərinə, Azərbaycan dilinə birbaşa qəsd siyasəti həyata keçirilir".
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 13 may.- S.13