Bütöv Azərbaycan vüsalıyla yaşayan şair

 

Barat Vüsal: "Şairdə bir Həsimilik xisləti olmalıdır"

 

O, başdan-binadan kənd əhvallıdır, yaxşı ki, kənddən qopa bilmir. Bu cəhət Musa Yaqubda da var. Söhbət Barat Vüsaldan gedir: 2 ay qabaq 60 yaşını elə doğulduğu kənddə - Qazaxın Kosalar kəndində qarşıladı...

Bu gün dünyanın hər yerində şəhərləşmə əhvalı getdikgə daha da artmaqdadır. Sübuta ehtiyacı olmayan bir faktdır ki, kənd kənddir, şəhər şəhər. Təbii ki, hər birinin özünəməxsus yeri, insanların yaşam tərzinin qurulmasında, həyata, dünyaya, özlərinə münasibətlərində əhəmiyyətli mövqeləri var. Məhz elə bu səbəbdəndir ki, heç vaxt aqil insanlar kəndin şəhərdən ya şəhərin kənddən bu ya digər səviyyədə, dərəcədə üstünlüyü barədə insanlar arasında təəssürat yaratmağa çalışmayıblar. Kənd əzəldən bəri ilkinliyin, təmizliyin, saflığın, təbiətdən ən gözəl sorağın rəmzi kimi poeziyada, ədəbiyyatda vəsf olunub, insanların fikirlərini, duyğularını cilalayan bir məkan kimi xarakterizə edilib. Zaman-zaman fikir adamları, yaradıcı insanlar ən çətin məqamlarında kəndə üz tutub, daha doğrusu, təbiətdən ilham alıblar...

Xüsusən ötən yüzildə bütün dünyada şəhərləşmə əhvalı artmağa, insanların ömründə hardasa məcburi qaçılmaz yer tutmağa başladı. Ötən əsrin ziqzaqlı gedişatı, bəşəriyyətin əhvalında daim biri-birini inkar edən yüksəliş eniş çağları, ardıcıl şəkildə davam edən son zamanlar yüksək həddə çatan yaşamaq uğrunda mübarizə artıq insanları demək olar, tamamilə şəhərə üz tutmağa vadar edib. Ancaq Barat Vüsal ömrü boyu kənddə qalmağa, burada yaşayıb-yaratmağa qərar verib. Əslində yaradıcılığın stimulu insandır. O da ola ki, yaradıcı insan ömrü boyu təbiətlə birgə ola: günəşlə, səmayla, dağla, ucsuz-bucaqsız yollarla...

Barat Vüsal hesab edir ki, təbiətindəki üsyankarlıq, doğmalığa heyranlıq, doğmalığı qorumaq ruhla bağlı məsələdir. O, demək olar, yalnız kövrək ruhun üsyankarlığına inanır. Bu da saz əhvalına fitrətən vurğunluqdan irəli gəlir. İnsan kövrək, yəni zərif olduğu dərəcədə möhtəşəmliyə yetir. Bu da ki, türkün əzəli əhvalı, aqibəti ilə bağlıdır.

Barat Vüsal inanır ki, millətin gözəl duyğusu itmir, ölmür. Ədəbiyyatda bu kimi cəhətlərin daimi olmasını arzulayır: "Ümumiyyətlə, yaradıcıda dövrü ilə sənəti arasında vəhdət olmalıdır. Şair hər şeydən əvvəl dəyişməz olmalıdır. Şairdə bir Həsimilik xisləti olmalıdır, o, cəmiyyətdə baş verən hadisələrə ruhunun gözüylə baxmağı bacarmalıdır". O, etirafında səmimidir: "Hərdən fikirləşirəm ki, niyə bizim indiki şairlərin şeirləri millətin enerjisinə çevrilmir.

Bəzən elə anlarda qələmi qırıb atmaq istəyirəm". Şairlik aqibətdir əslində - minlərin dərdi içinə dolur, yazmaya bilmirsən. Şairlik millətin, bəşərin ağrılarını həmişə canlı yaşamaq deməkdir. Təbii ki, gərək şair sevgisinə görə mükafat ummasın.

Barat Vüsal deyir, şairə kütləvi məhəbbəti qəbul etmir: "Türk ruhunun daim ömrümüzdə bərqərar olmasını istəyiriksə, gərək ilk növbədə bir-birimizə münasibətdə doğma olaq. Türkün yenilməzliyini davamlı etmək üçün ilk növbədə yaratdığımız mənəvi sərvətlərə yiyə durmalıyıq".

Onun Vətən sevgisi səmimi duyğulardan güc alır:

 

Sənin kimi olacağam, Azərbaycan!

Sənin kimi doğranacam

Dilim-dilim, qıyma-qıyma.

Ağrının olduğunu bilməyəcəm...

 

Yaxud

 

Mən öləndə görəcəklər,

Köksüm üstə ürək deyil,

Azərbaycan döyünürmüş.

 

Xalq şairi Nəriman Həsənzadə Barat Vüsalın yaradıcılığı haqqında bu qənaətdədir: "Barat Vüsal böyük ədəbiyyat, böyük hisslər, duyğular carçısı olaraq artıq öz şairlik mövqeyini müəyyənləşdirib. O, Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri kimi nüfuz qazanıb". Fəridə Ləman: "Barat Vüsal yurd yerinə köklü bir şairdir. O, şair ömründə, fərdi taleyində bütöv Azərbaycan vüsalını yaşatmaq arzusundadır". Professor Hizami Cəfərov: "Barat Vüsal intellektual səviyyəsinə, yaradıcılıq miqyasına görə seçilən şairlərdəndir. Onun şeirlərində ənənə ilə novatorluğun, tarixiliklə müasirliyin ülvi vəhdətini görürük".

Yazıçı-publisist Elbəyi Cəlaloğlu: "Barat Vüsalın şeirlərində böyük nəfəs, yüksək ruh hökm sürür. Onun yaradıcılığında qədim milli ənənələrimiz əksini tapır.

Barat Vüsal vətənin ağrı-acılarıyla yaşayan şairlərdəndir. O, şeirləriylə gah mərmiyə dönüb düşmən üstə atılır, gah əsgər olub səngərdən sıçrayır, gah da ana kimi şəhid oğlunu ağlayır. Vətənə çox şeirlər ithaf olunub, ancaq Barat Vüsal bu mövzuya öz kriteriyaları müstəvisində yanaşır. Barat Vüsal əyilməyi bacarmır, düşmən önündə sınmağı özünə sığışdırmır, itən torpaqlar üçün ağlamır, haray çəkir. Onun harayı daxilinin vətənpərvərlik, ruhunun haqq səsidir. O, bilir ki, ulu babaları ana vətənin, doğma torpaqların keşiyində mətin dayanıblar. İtirdiklərini qısa zamanda qaytarıblar. Ümidi böyükdür, axı bu ağacların, pöhrələrin üstündə bitdiyi sağlam kök var. Barat Vüsalın şeirlərində saz ruhu da var. Onun sözləri sazda səslənə bilir. Şeir saza yatırsa, bu, onun ifadə ahənginin qorunmasından xəbər verir. Barat Vüsal da hiss duyğularını sazın pərdələrində xırdalamaqda ustadır. Ona görədir ki, onun yaradıcılığı gah sazın şah pərdəsində "Misri", gah sinə pərdəsində "Cəngi" dönərək haray salır, vuruşur, gah da baş pərdəsində "Dilqəmi" dönərək oxucusuna keçdiyi yollar keçmək istədiyi aşırımlar barədə hesabat verir. Beləcə saz onun yaradıcılığının mehrabına çevrilir".     

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 18 may.- S.14.