"Azərbaycan-Türkiyə əməkdaşlığının böyük əhəmiyyəti var"

 

 Bahar Doğan: "Türkiyə Qarabağ məsələsində həmişə Azərbaycanın yanında olacaq"

 

Emin Həsənli: "Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır, dostluğa, qardaşlığa əsaslanır"

 

Azərbaycan və türkiyəli tələbələr arasında şahmatdama turnirinə start verildi

 

Dünən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşəbbüsü, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və Türkiyənin müstəqilliyinin ildönümü münasibəti ilə tədbirlər silsiləsi çərçivəsində Bakıda ali məktəblərdə oxuyan azərbaycanlı və türkiyəli tələbələr arasında şahmatdama turniri start götürüb.

Bununla bağlı TOHGMB-nin ofisində tədbir keçirilib.

TOHGMİB sədri Emin Həsənlinin təşəbbüsü ilə Türkiyədə zəlzələ qurbanlarının xatirəsi bir dəqiqə sükutla yad olunub. Zəlzələ qurbanlarının xatirəsinin yad olunmasından sonra Emin Həsənli deyib ki, TOHGMİB təşəbbüsü, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyilə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və Türkiyənin müstəqilliyinin ildönümü münasibəti Türkiyə-Azərbaycan münasibətlərilə bağlı yazı müsabiqəsi elan olunub. Onun sözlərinə görə, bu tədbirlər silsiləsində şahmatdama turniri, eyni zamanda Bakı Dövlət Universitetində konfrans keçirilməsi planlaşdırılıb. Emin Həsənli Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığı, dostluğa, qardaşlığa əsaslandığını vurğulayıb: "Biz elə bölgədə yerləşirik ki, bu əməkdaşlığın böyük əhəmiyyəti var. Hərbçilərimiz Türkiyədə təhsil alır, sülhməramlılarımız dünyanın müxtəlif bölgələrində Türkiyə taborlarının tərkibində fəaliyyət göstərib. Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində şirkətlər, QHT-lər, media qurumları arasında əməkdaşlıq da xüsusi önəm daşıyır. Bizbu istiqamətdə fəaliyyət göstərməyə çalışırıq".

Emin Həsənli Türkiyənin Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiyini vurğulayıb: "Türkiyə Qarabağ problemi həll olunana qədər Ermənistanla sərhədləri açmayacağını bəyanlayıb. Ermənistan bu gün bölgədə bütün böyük layihələrdən təcrid olunub. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bir zamanlar Azərbaycanın müstəqil dövlət olacağına, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin çəkiləcəyinə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olacağına bəziləri inanmırdı. Bu, reallığa çevrildi. Danışıqlar nəticə verməsə, Azərbaycan torpaqlarını gec-tez hərbi yolla azad edəcək. Azərbaycanın bugünkü gəncliyi torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. Mübariz İbrahimovun qəhrəmanlığı bunu bir daha sübut etdi. Bizi istəməyən xarici qüvvələr daim bizdə ümidsizlik əhval-ruhiyyəsi yaratma?a çalışırlar. Biz bu meyillərə qarşı çıxmalıyıq".

Türkiyə səfirliyinin üçüncü katibi Bahar Doğan bildirib ki, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycana Türkiyə həmişə dəstək olub: "Azərbaycan da həmişə Türkiyəyə dəstək olub. Türkiyədə də zəlzələ olan zaman ilk yardım edən ölkə Azərbaycan oldu. Onu da bir daha vurğulamaq istəyirəm ki, Türkiyə Qarabağ məsələsində həmişə Azərbaycanın yanında olacaq". 

 

 

Xalq Cəbhəsi.- 2011.- 2 noyabr.- S.11.