Misgər
babalarımızın misilsiz
yadigarları
Şahid Həbibullayevin
kolleksiyaları sərgilərdə dəfələrlə
xariciləri heyran qoyub...
Dünyanın
ən qədim dövrlərindən bir çox xalqların məişətində
yayılmış misgərlik türk xalq sənətinin tərkib
hissəsidir. Hələ XX əsrin 50-ci illərində
Kiçik Asiyanın cənub-qərbində aparılan
arxeoloji qazıntılar zamanı e.ə. 6-7 minilliklərə
aid mis əridilməsinin izləri aşkar olundu. Bəşəriyyətin
inkişafında mədəni-tarixi bir dövr olan tunc
dövründə, enolitdən sonrakı mərhələdə
misin, qalayın və digər kimyəvi elementlərin əridilməsinə
başlanır. Misdən, tuncdan müxtəlif alət, silah, bəzək
nümunələrinin hazırlanması xeyli asan başa gəlirdi.
İnsanlar əmək fəaliyyətinə
başladıqları gündən özlərinə lazım
olan, həyatlarını təmin edən sahələrdə
işi yüngülləşdirmək üçün
müxtəlif əşyalar, alətlər düzəltmiş,
getdikcə bu alətləri təkmilləşdirmişlər.
Əməyin həyatlarında oynadığı rolu anlayaraq
ev təsərrüfatında xeyli nailiyyətlər əldə
etmişlər. Məişətdə yaradılan şeylərə
bədii təfəkkürlə də yanaşmış,
onlara aid nəğmələr, şeirlər qoşmuş,
haqlarında söylənmiş dəyərli fikirlər atalar
sözləri və məsəllərdə yaşayıb bu
günümüzə qədər gəlib
çatmışdır.
Tunc
istehsalı insanın yüksək keyfiyyətli alətlər
yarada bilməsinə imkan vermişdir. İlk Tunc dövrü
abidələri olan Kültəpə, Babadərviş,
Mişarçay, Qaraköpəktəpə yaşayış
yerləri, Astara, Xaçınçay, Xaçbulaq və Xankəndi
kurqanlarından bürünc və tuncdan hazırlanmış
əmək alətləri, məişət əşyaları
və silah tapılmışdır. Misgərliyin
formalaşmasında yerli mis mədənləri mühüm
rol oynamışdır. Məişətdə mis qablara tələbat
artdığından misgərlik ölkəmizdə xeyli tərəqqi
etmiş, orta əsrlərdə yüksək səviyyəyə
çatmışdır. Azərbaycanın Bakı, Gəncə,
Şamaxı, Quba, Lahıc kimi yerlərində misgər məhəllələri,
bazarlar, meydanlar olduğunu bildirən tədqiqatçılar
Lahıcı ölkəmizin orta əsr misgərliyinin
mühüm sənət mərkəzlərindən biri kimi
qiymətləndirirlər.
...Şahid
Həbibullayev xalq sənətinin heyranıdır. Onun
topladığı nadir sənət nümunələri təkcə
möhtəşəm türk-azəri mədəniyyətinə
mənsub deyil, dünya mədəniyyətinin əsrlərlə
yaratdığı, qəlibə saldığı
"qızıl külçələr" mədəniyyətinin
tərkib hissəsidir. O, sırf milli keyfiyyətləri
özündə yaşadan xalq irsinin toplanmasına daha
çox diqqət yetirir. Qarşılaşdığı
çətinliklər Şahid müəllimi yormur, bir
nümunəni xalqına qaytarmaq üçün o, var
qüvvəsilə çalışır. Şahid Həbibullayev
Şəki mahalındandır. Ərazi bölgülərinə
əsasən doğulduğu Muxas kəndi Oğuz rayonu ərazisinə
daxil edilsə də, gözünü açandan bu yurdun
Şəki əyalətinə aid olduğunu bilir. Ən
böyük sənətkarlıq mərkəzlərindən,
XVIII əsrin 40-50-ci illərində ən iri xanlıqlardan
olmuş Şəkinin ipəkçilik sahəsində
şöhrət qazandığından, ipək məmulatlarının
dünyanın müxtəlif ölkələrinə ixrac
olunduğundan, sənətkarlıq və ticarətin yüksək
inkişaf etdiyindən də agahdır. Tətbiqi sənət,
memarlıq, ağac və sümük üzərində oyma,
misdən hazırlanmış ev əşyaları, zərgərlik
nümunələri, beşiklər, sandıqlar, məişət
əşyaları təkcə onun yaşadığı
yurdda deyil, qonşu ellərdə, ölkələrdə də
məşhur idi. Yerli ustaların hazırladığı zərgərlik
məmulatları heyvan və quş, gül-çiçək
şəkilləri, ornamental kompozisiyalarla zəngindi. Əvvəlcə
məişət, təsərrüfat əşyalarının
kamilliyi naminə zəngin bədii təxəyyülünü
sərf edən sənətkarlarımız sonralar yüksək
bədii imkanlarından daha geniş şəkildə yararlana
bilmişlər. Məsələn, XVIII əsrin ikinci
yarısında tikilmiş Şəkixanovların evinin
dekorativ elementlərlə zənginliyi, divarlardakı portretlər,
miniatür əl işləri, məhz o misgərlik sənətinə
aid ev əşyalarının üzərindəki bir-birindən
gözəl şəkillərin, təbiət, heyvan, quş rəsmlərinin,
nəbati naxışlar fonunda yarımçılpaq
qanadlı qadın fiqurlarının (mələklər) burada
da təkrarsızca öz əksini tapması, onun memarlıq
quruluşunun zənginliyi bu gün təkcə öz həmvətənlərimizi
deyil, həm də ölkəmizə gələn səyahətçiləri
heyran qoyur. Burada qədimdən qalan bel kəmərləri, xəncərlər,
nizələr, nizə ucluqları, tunc üzüklər,
qadın bəzək əşyaları Şəki sənətkarlarının
yaradıcılıq nümunələridir.
Bütöv
bir sənətkar ordusu yetişdirən Şəkidə
haqsızlıqlara dözməyən ustaların üsyanları
tarix səhifələrində əksini tapmışdır. Məsələn,
1849-cu ildə baş verən Şəki üsyanına səbəb
məhz bu sənətkarlardan ağır vergilərin
toplanması idi. Şəhərə gələn qonaqları
və əsgərləri yerləşdirmək, ərzaqla təmin
etmək, əmlaklarından 8% həcmində pulla mənzil
vergisi ödəməyə məcbur edilməsinə dözməyən
500-dən çox sənətkarın
qaldırdığı üsyan, bu üsyanı yatırmaq
üçün qubernatorun bura gəlişi, onları sakitləşdirmək
cəhdinin baş tutmadığı, üsyanın silah
gücünə yatırıldığı məlumdur.
Şəkidə sənətkarların ixtisaslaşdığı
onlarla məhəllə vardı və bu gün də şəhər
o qədim sənətkarlıq mərkəzini
xatırladır. Xırda dükanlar, emalatxanalar və bunlara
bitişik ərazilər Şəkinin qədim sənətkarlıq
mərkəzi olmasından xəbər verir. Buralarda elə bir
kənd, elə bir yaşayış məskəni yoxdur ki,
onun misgəri, qalayçısı olmasın.
Azərbaycan
misgərlik sənətinin nadir inciləri dünyanın
müxtəlif muzeylərində qorunur, saxlanır. Misgərlik
sənətinin ən nadir nümunələrini toplamaqla, onun
bərpasıyla, tədqiqi və təbliğiylə məşğul
olan, bu sənətin xalqımıza məxsus ən gözəl
nümunələrini beynəlxalq aləmə çıxaran
Şahid Həbibullayevin şəxsi kolleksiyasındakı
nümunələrin əksəriyyəti Azərbaycan
xalqına məxsus olsa da, burada altı ölkənin mədəni
irsinə də rast gəlmək olar. Kolleksiyada saxlanan nadir sənət
nümunələri tətbiqi sənətin sirlərini dərindən
bilən sənətkarlar tərəfindən
yaradılmışdır. Bu sənət əsərlərinin
üzərindəki zəngin naxışlar, oymalar, orta əsrlərə
aid rəsmlər, yazılar öz dövrünün zəngin
elmi, fəlsəfi biliklərinə sahib insanların zəngin
dünyagörüşündən xəbər verir.
Onun
kolleksiyası içərisində olan beşik, onun
quruluşu, üzərindəki əl işləri xüsusilə
diqqəti cəlb edir. Ev təsərrüfatında ən əhəmiyyətli
əşyalardan biri beşikdir. Beşik uşaq
çarpayılarının ən qədim növüdür.
İlk dəfə türkdilli xalqların
yaşadığı ərazilərdə və Orta Asiyada
meydana gəlmiş beşiyin Qırğızıstan ərazisində
eramızın ilk əsrlərinə aid qəbirdən
aşkar edildiyi bildirilir, Azərbaycanda Samux rayonu ərazisində
XIV- XVII əsrlərə aid qəbirlərdən
tapıldığı da məlumdur.
Çıraq
məişət əşyasıdır. Daş çıraq
paleolit dövrünə aid olub Madlen düşərgəsində
tapılmışdır. Gil çıraqlar enolit
dövründən məlumdur. Qədim Romada gil və tunc
çıraqları zeytun yağı ilə işlədiblər.
Azərbaycanda Bakı, Mingəçevir, Şamaxı, Qəbələ,
Beyləqan, Gəncə və.s. yerlərdə arxeoloji
qazıntılar zamanı müxtəlif növ
çıraqlar tapılmışdır ki, bu da
çıraqların Azərbaycanda işlədilən ən
qədim əşyalardan olduğunu sübut edir. Almaniyadan gətirilmiş
çilçıraq və stolüstü lampa da
kolleksiyanın bəzəyidir.
Şahid
Həbibullayevin kolleksiyası içərisində
sandıqlar öz rəng çalarları ilə
yanaşı, ornamentləri, naxışları, gülləri
ilə görənləri heyrətə salır. Bir-birindən
yaraşıqlı, müxtəlif ölçülü bu
sandıqlar Azərbaycan məişətində lap qədimdən
mövcuddur. Xalq onun nişanələrini, gözəlliklərini
folklorunda da yaşadır. Kolleksiyada xəncərin ən qədim
nümunələri diqqəti cəlb edir. Vaxtilə bu xəncərlər
heyvan buynuzu və çaxmaq daşından, sonralar isə mis,
tunc, dəmir və poladdan düzəldilirdi. Orta əsrlərdə
polad tiyəli və üzəri nəfis bəzədilmiş
xəncərlərdən geniş istifadə edilmişdir.
3000-ə
qədər mədəniyyət incisini özündə cəmləyən
kolleksiyada 999 eksponat XVIII-XIX əsrlərdə istehsal
edilmiş samovarlardır. Bu samovarlar arasında Rusiya, İran,
Polşadan gətirilənləri də vardır. 0,5-dən 90
litrə qədər su tutumu olan bu samovar nümunələri
insanı heyrətləndirir. Bunlar müxtəlif rənglərdədir
- gümüşü, qızılı, bürünc və
s.
Şahid
Həbibullayevin fikrincə, Azərbaycan samovarın ilk
yaranış məkanıdır. Samovarın Rusiyada ilk dəfə
icad edildiyini söyləyənlərin (XVIII əsrə aid
samovar İvan və Nazar Lisısnılara aiddir)
qarşısına Şahid Həbibullayev belə bir faktla
çıxır ki, Azərbaycanda ən qədim samovar 1717-ci
ilə aid olub usta Nəcəfqulu tərəfindən
hazırlanıb. Bu qədim əşya qədim Azərbaycan məskəni
olan Lahıca aiddir. Lahıc samovarını dünyada ən qədim
samovar adlandırmaq olar, çünki arxeoloji qazıntılar
zamanı Azərbaycan ərazisindən ən qədim
samovarların tapıldığı məlumdur. Ötən əsrlərə
aid, Şuşada Vaqifin ev muzeyində saxlanan onun ailəsinə
məxsus daş samovarın mövcudluğu faktı dedikləırimizə
sübutdur. Daş dövründən mövcüd olan
samovarın Azərbaycanla bağlılığında müəyyən
həqiqətlər var və tədqiqatçılar bununla
bağlı araşdırmalarını genişləndirməlidirlər.
Mənbələrdə
samovarın türk sözü olub "simuvər"
olduğu, fonetik dəyişmələrə
uğradığı qeyd edilir. Bir fakt da
faktlığında qalır ki, haqqında onlarla bayatı,
tapmaca, atalar sözü, xalq mahnıları qoşulmuş
"samovar" istilahı ilə bağlı Şahid müəllimin
irəli sürdüyü versiyalar da həqiqətdir. Dildə
deformasiyaya uğrayan sözlər kifayət qədərdir. Hər
bir xalqın dilindən digər xalqların dilinə keçən
bir çox beynəlmiləl söz vardır. Fikri sadə ifadə
etmək, əşyaların adını sadələşdirmək
üçün türk sözü "simuvər"in
"simuvər", "simavar", "sinavar" kimi min illərlə
qonşuluqda yaşayan xalqlara, o cümlədən rus dilinə
keçməsi təbiidir.
Kolleksiyada
Sankt-Peterburqdan gətirilmiş fayton xüsusi yer tutur. Şəki
Xan sarayında diqqətini çəkən bu qədim faytonu
alıb, onu mükəmməl bərpa etdirən Şahid Həbibullayev
təkcə bununla kifayətlənmir, onun tarixçəsini də
üzə çıxarır. Hər bir eksponatın üzərindəki
yazılara xüsusi diqqət yetirən tədqiqatçı
Rusiya imperiyasının gerbini aşkar edir: "L.Nobel.
Sankt-Peterburq". Faytonun üzərindəki yazı sübut
edir ki, bu nəqliyyat vasitəsi şəxsən Bakıda
olmuş Nobel qardaşlarına məxsusdur.
Onun
eksponatları xarici ölkələrdə - Fransada YUNESKO qərargahında
(2006, oktyabr), Mərakeş krallığında, İSESKO iqamətgahında
(2008, mart), Tacikstanda keçirilən "Azərbaycan mədəniyyəti
günləri"ndə (2008, 9-12 noyabr), Şirvanşahlar
Saray Kompleksində (2008, 19 mart), Avropa Şurasına üzv
dövlətlərin "Gülüstan" sarayında
keçirilən mədəniyyət nazirlərinin
görüşündə Maddi mədəniyyət nümunələrindən
ibarət sərgidə (2-3 dekabr, 2008), Novruz bayramı ərəfəsində
İçərişəhərdə geniş miqyasda
keçirilən əntiq əşyaların sərgisində,
(19 mart, 2009), Əsrin müqaviləsinin 15-ci
ildönümü və Nobel qardaşlarının Azər-baycanda
fəaliyyətinin 130 illiyi ilə əlaqədar Muzey mərkəzi
binasında təşkil olunmuş sərgidə (2009, 13-22
sentyabr), İslam konfransı təşkilatına üzv
dövlətlərin mədəniyyət nazirlərinin
6-cı konfransı və Türksoy mədəniyyət nazirləri
Şurasının 26-cı toplantısı ilə
bağlı Gülüstan sarayıında təşkil
olunmuş sərgidə (2009, 13-15 oktyabr), Misirdə Azərbaycan
mədəniyyəti günləri çərçivəsində
təşkil olunmuş sərgidə (25-28 yanvar, 2010) və
respublikamızda keçirilən bir çox tədbirlərdə
nümayiş etdirilmişdir.
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 4 noyabr.-
S.13.