"Meyxananın poetikası"...

 

Bu yaxınlarda işıq üzü görmüş professor Nizami Tağısoyun və Zülaim Zakariyyanın "Meyxananın poetikası" kitabı problem-mövzuya hərtərəfli baxış kimi dəyərləndirilə bilər. Kitabda qoyulan problem-mövzular yönündə meyxana, ümumən sənət haqqında məni qayğılandıran məsələləri dilə gətirmək istəyirəm. Meyxananın imkanlarından Sabir qədər ustalıqla istifadə edən başqa birisini hələ ki, görmədim. Bu, o demək deyil ki, imkanlar tükənib. İmkan həmişə var. Bu gün ümumən sənətin bu dərəcədə özündən ayrıldığı çağda sənətdən istənilən nə olmalıdır? İlk növbədə sənətin insaniliyə çatması gərəkdir. Sənət daim insanı ucalığa səsləməli, onun inam, idrak, mənəviyyat, iradə imkanının aşkarlanması sarıdan borcunu yerinə yetirməlidir.

Yoxsa ki, "Sənət sənət üçündür" prinsipi sənətin insanilikdən ayrılmasına, insanın üzərində ağalığına yol açır. Təəssüf ki, acı gerçəklik qənaətimizi təsdiq edir.

Sənət həqiqət üçündür və insanı yalnız bu qənaət ucalda, insaniliyinə çatdıra bilər. Yoxsa ki, bər-bəzəkli, insana çatmayan, adamlıq səviyyəsini qoruyan zövqlər bundan sonra nəinki hər bir kəsin fərdi mənəvi yetkinliyini yaratmasını əngəlləyəcək, insanlığa, milliliyə ziyanlı amillərin qaynağı olacaq, habelə bütövlükdə inkişafı ləngidəcək. Ümumən bugünkü səviyyə ilə sabahımızı yarada biləcəyikmi? Bayağılıq, nümayişçilik niyə sənətin insaniliyini təsdiq etmir?

Suallar çoxdur. Bu qədər sənətlər inkişaf edir, "sənətkarlar" aşıb-daşır, ancaq insanlar çaşıb qalıblar.

Sənətin insana çatması üçün neyləmək gərəkdir? Bunun üçün sənətin insaniliyə bərabər olması gərəkdir. Sənət bu mənada insanın insaniliyə çatmasına əvəzsiz yardımçı olmalıdır.

"Meyxana" anlayışının "bədihə" anlayışı ilə üz-üzə qoyulması düzgün deyil. Araşdırmaçıların ortaya qoyduqları məntiqlə razılaşıram. Bir janra ikili anlayış yapmağa gərək yoxdur. Janrın adı meyxanadır. Bütün hallarda ruhani mey - insani mey anlamındadır. İnsanilik insanı insan edən keyfiyyətlə (inamla, idrakla, mənəviyyatla, iradə ilə) sıx bağlıdır.

Əgər meyxana insanın mənəvi bütövlüyünə xidmət edən bir mənəvi ünvandırsa, deməli, o ada layiq də sənət olmalıdır.

Kitabda meyxanaçı şəxsiyyəti ilə onun sənətinin mənəvi tələbi arasında müəyyən hallarda müşahidə edilən uçurumla bağlı ictimai fikirdə yaranan anlaşılmazlıqlar, qınaqlar təbii, məqamında görünür. Asif Ata yazır: "Dedilər: pis şair olub yaxşı şeir yazmaq olar. Dedim: Pis şairin yaxşı şeirinə inanmazlar". Deməli, ilk növbədə yaradıcı adam dediyinə bərabər olmalıdır. Tələsiklikdə hikmət varmı?

Bədahətənlik gözəl cəhətdir, ancaq görəsən, bu gün daha da dəbləşən meyxanalar niyə bu qədər adamları cəlb edir?

Bu, ilk növbədə meyxananın mahiyyətindəki əyləncəvilik xarakteri ilə bağlıdır. Bir çox janrlardan bəhrələnən, sənət sahələri ilə bağlı olan meyxana sözün gerçək mənasında zamanı aşa bilmir, zaman əhvalını ifadə edir. Hər bir meyxana deyənin şairliyinin olması təbiidir. Bədahətənliyin mayası çətinliyə, məsuliyyətə dayanmayanda asanlıq təsdiq olunur. Bu gün hamı ağıl öyrədir, ancaq heç kəs dediyi kimi yaşamaq istəmir. Ümumən sənətin yaratdığı ilğım varbu ilğım mehi çox zaman adamları sərməst eləyir.

Şübhəsiz ki, meyxanaçıların halı ilə Füzuli, xüsusən də Xəyyam meyxanaçılığı, ilahi şairliyi arasında böyük birlik görə bilmirik. Onların meylə dostluğu əslində zamanı aşan həqiqətlə dostluqdur. Füzulinin, Xəyyamın meypərəstliyi mey sərməstliyi, meyxana əhvalı insanlığın həqiqət ünvanının bulunduğu müqəddəs məkan anlamındadır. Bu gün meyin mənəvi, irfani xüsusiyyətindən daha çox maddi, nəşəsevərlik xüsusiyyətləri alışdırılır cəmiyyətdə. Meyxana folklor hadisəsi olduğu dərəcədə də yazılı ədəbiyyat nümunəsidir.

O deməkdir ki, heca vəzni ilə bağlı olduğu dərəcədə də əruzla bağlıdır. Bununla yanaşı meyxananın mayasında folklorluq cəhəti müəyyən hallarda üstünlüyünü büruzə verir.

Hər bir sahədə artma olmayanda azalma baş verir. Bu, həyatın adi qaydasıdır. Meyxana bu gedişlə, bu əhvalla sönə bilər. İndi adamlar hadisənin məğzinə daha tez çatmaq istəyirlər.

Bunun xeyirli ziyanlı tərəfləri var. Meyxanaçılıq uzunçuluqdan, fikirsizlikdən, hədyanlardan, nümayişçilikdən, mənasız əhvallardan qurtulmalıdır. Bir vaxtlar elmləri fəlsəfə birləşdirirdi. İndi bəşərin ümidsiz çağında belə birləşdirici cəhətə qaçılmaz ehtiyac yaranıb.

Meyxananın universallıq keyfiyyəti daha çox ciddilik üstə olarsa, o zaman onun sabahı var. Asanlıqda mənəvi xilas yoxdur. Ən gözəl sayılan meyxana belə insanı həqiqətə çatdırmır. İndi hamı məşhurdur, böyükdür, fikir dəryasıdır. Ancaq insanlara çatan, onları yaşadan fikirlər, demək olar, yoxdur. Son illər meyxana daha da kütləviləşdi. Bilmək gərəkdir ki, kütləvilikdə daha çox qeyri-ciddilik, bugünə ilişib qalmaq, sərbəstlik, hərcayilik var. Meyxana janrının bu durumda qalması onun sonunun başlanğıcı ola bilər.

Sənətkar sənəti əsasında xalqını var edəcəyinə inanırmı?

Dəbdəbəli həyat tərzi, olur-olsun, özünü cəmiyyətdə təsdiq etmək, pulçuluq havasında yaşamaq insanlıq, mənəviyyat haqqında dəbdəbəli sözlər demək; toylarda saatlarla sürən meyxana yarışları: görək kim kimi bağlayacaq. Sonra? Meyxanaçının döyüş obyekti cəmiyyətdəki mənəvi eybəcərliklərdirsə, dediyi kimi yaşamayanın sözlərinə kim inanar? Eklektik, boğazdan yuxarı sözlərlə xalq var olmaz. Meyxananın xilası onun əyləncəvilikdən qurtulması, ciddiliyə yön almasında olacaq.     

 

 

Uğur  

 

Xalq Cəbhəsi.- 2011.- 12 noyabr.- S.14.