Vokal sənətimizin fəxri

 

 İstedadlı müğənni Fidan Hacıyevanı musiqisevərlər yaxşı tanıyır. Gənc olmasına baxmayaraq, sənətinin heyranları çoxdur. Odur ki, müğənninin istedadına pərəstiş edənlərin marağını nəzərə alıb, onları çox intizarda qoymayaraq birbaşa mətləbə keçirik.

Əvvəlcə onu deyək ki, Fidan xanımın müğənnilik taleyi çox qəribədir. Musiqinin, çalıb oxumağın divanəsi olan Fidan Hacıyeva respublikamızın aparıcı musiqi təhsil ocağı - Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil alarkən "Musiqi ədəbiyyatı" fənnindən növbəti dərslərin birində təsadüfən Azərbaycan vokal sənətinin ustası Firəngiz Əhmədovanın ifasını eşidir. Bu ecazkar səsə qulaq asdıqdan sonra vokal onun sənət taleyini yerli - dibli dəyişir. Filarmoniyaya səsini yoxlatmağa gedən pianoçu Fidan birdən - birə özünə naməlum olan istedadı aşkarlayır və müğənnilik sənətinə ömürlük bağlanır.

Məktəbin fortepiano sinfini 1994-cü ildə bitirərək, Fidan Hacıyeva konservatoriyaya daxil oluriki fakültə (fortepiano, vokal) üzrə təhsilini davam etdirir. Onun vokal müəllimi, opera səhnəsində German, Kavaradossi, Xose, Rudolf, Koroğlu kimi mürəkkəb obrazların əsrarəngiz ifaçısı Hüseyn Əliyev Fidana ifaçılıq sənətinin bütün qaydaları üzrə oxumağı öyrədir.

Əməkdar artist, Musiqi Akademiyasının professoru, habelə klassik oxuma üzrə praktiki tədris repertuarının bilicisi kimi tanınan Hüseyn müəllimin böyük pedaqoji təcrübəsi sayəsində ilk addımlarını atmağa başlayır, yüksək ixtisaslı, dərin musiqi savadı olan müğənni yetişir. Dünya opera sənətinin zirvəsində dayanan opera ifaçılarının yüksək peşə keyfiyyətlərindən bəhrələnir.

Konservatoriyanın II kursunda ikən özünü professional səhnədə sınamaq qərarına gələn 19 yaşlı Fidan Azərbaycan Dövlət OperaBalet teatrında gənc vokalçılar müsabiqəsində xüsusi komissiya qarşısında Kamill Sen - Sansın "SamsonDalila" operasından Dalilanın ariyasını, Jorj Bizenin "Karmen" operasından Karmenin "Segidilya"sını, Üzeyir Hacıbəylinin "Sevgili canan" romansını oxuyur. Fidan eyni proqramla İstanbul şəhərində keçirilən "Leyla Gəncə" adına müsabiqədə ən gənc ifacı kimi diplomla təltif olunur.

Gənc qızın böyük iradə və cəsarətlə professional səhnəyə çıxması opera teatrımızın müdiriyyətinin nəzərindən yayınmır və Fidan tezliklə ilk debyut çıxışına ciddi hazırlaşmağa başlayır. Onun yaratdığı rollar içərisində J. Bizenin "Karmen" operasından Mersedes, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı Fidan Hacıyevanın professional səhnədə ilk addımları olub.

Fidanın gələcəkdə ümidverici, perspektivli müğənni olmayacağına artıq heç bir şübhə qalmırdı. Odur ki, gənc müğənni böyük həvəs və məsuliyyətlə Karmen obrazını yaratmaqdan ötrü tələb olunan bütün şərtlərə (fransız dilinin mükəmməl tələffüzü, ispan rəqslərinin səhnədə ifası) uyğun çalışmağa başlayır. Qeyd edək ki, bütün opera boyu fikri Karmen kimi mürəkkəb obraz üzərində cəmləşdirmək asan deyildir. Lakin Fidan çətinliklərə sinə gərir və bu maraqlı qadın obrazını opera sənətimizin fəxri Fatma Muxtarovadan sonra özünəməxsus ifası ilə zənginləşdirir. Fidan Hacıyevanın iştirakı ilə 1996 - cı ildə tamaşaya qoyulan "Karmen" operası musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Maraqlıdır ki, Fidan Hacıyevanın yaratdığı Karmen obrazı onun sənət mövqeyini müəyyənləşdirərək böyük səhnədə həlledici rol oynayıb. Sonralar dəfələrlə bu obrazı səhnədə yaratmaq xoşbəxtliyi ona nəsib olurKarmen obrazı bir növ müğənninin daxilində dərin kök salıb. Qeyd edək ki, o, tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda da istər Karmen partiyasını, istərsə də Cüzeppe Verdinin "Aida" operasından Amnerisin partiyasını uğurla ifa edərək, vətənimizi layiqincə təbliğ edib və Azərbaycanı tanıdıb. 1996-cı ildə müğənni Türkiyədə keçirilən "Türksoy" festivalında iştirakından sonra Mersin, İzmir, Ankara opera teatrları ilə əməkdaşlıqdan ötrü Türkiyə Dövlət Teatr müdiriyyəti tərəfindən müqavilə ilə işləmək təklifini qəbul edir.

Fidan Hacıyevanın Türkiyədə yaradıcılıq fəaliyyəti onun səhnə taleyi üçün növbəti ciddi sınaq idi. Müğənni Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış edir. Çox keçmir ki, müğənninin sorağı Antalyanın 12 minə yaxın tamaşaçı tutumu olan eramızın II əsrinə aid antik "Aspendos" teatrının səhnəsindən gəlir!

Aspendosdakı uğurlu çıxışından sonra Türkiyə Fidana operanın beşiyi sayılan İtaliyaya qapı açılır və müğənni İtaliyanın Siyena şəhərində yerləşən musiqiçilərin Kidjana Akademiyasında sənətini təkmilləşdirmək imkanı qazanır. Burada xüsusi təqaüdə layiq görülərək, Akademiyanın mötəbər pedaqoqlarından biri olan Marqarita Manka de Nisadan dərs alır. Buraya dünyanın hər yerindən axışıb gələn müğənnilər içərisində Fidana aydın olur ki, bizim zəngin vokal məktəbimiz vardır və o öz kökləri ilə bilavasitə vaxtilə Bülbül, Şövkət Məmmədova, Müslüm Maqomayev, Lütfiyar İmanov və digərlərinin sayəsində dərin iz qoyub.

Vokal ustalıqlarını təkmilləşdirərək mədəniyyətimizin inkişafına xidmət etmiş bu sənətkarların davamçısı olmaq Fidanın çiyinlərinə düşür. 2002 - ci ildə Kidjana Akademiyasının məzunu olan Fidan qala - konsertdə uğurla çıxış edərək "Diploma di Merito" mükafatına layiq görülür.

Qeyd edək ki, İtaliyanın Siyena şəhəri Fidanın həyatında təkcə professional keyfiyyətlərin təkmilləşdirilməsilə yadda qalmır.

Fidan Hacıyevanın opera müğənnisi kimi malik olduğu geniş repertuarı özündə həm də xalq musiqisini opera üslubunda, operaestrada sənətini sintezləşdirə bilən rəngarəng mahnı çələngini ehtiva edərək, dinləyicilərin estetik zövqünü oxşayır. Əsasən məşhur klassik nümunələrə üstünlük verməyi xoşlayan Fidan xanım düşünür ki, dünya musiqi klassiklərinin, Azərbaycan bəstəkarlarının və zəngin xalq musiqisinin ifası sənətdə varislik yolu ilə davam etdirilməlidir. Milli musiqimizin seçilən nümunələri - Üzeyir Hacıbəylinin "Sənsiz", "Sevgili canan" romans - qəzəlləri, Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxuma, gözəl" habelə klassik rus bəstəkarlarından P.İ.Çaykovski, S. Raxmaninov və digərlərinin romansları Fidanın ifasında sənətkarlıqla səslənir. İfaçılıq sənətimizin zirvəsində duran Şövkət Məmmədova, Firəngiz Əhmədova, Fatma Muxtarova, FidanXuraman Qasımovalar kimi Fidan Hacıyeva da Azərbaycan opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirir. Azərbaycan televiziyası ilə vaxtaşırı çıxış edən Fidan əsasən incəsənətimizin, mədəniyyətimizin taleyi barədə düşünür. O söyləyir: "Böyüməkdə olan gənc nəslin klassik musiqiyə marağını artırmaq məqsədilə bu sahədə geniş təbliğat aparmaq lazımdır. Buna görə də mən gənclərin uğurlu gələcəyini təmin etmək üçün repertuarımı xalq musiqisi, muğamlar, klassik operettalarımızdan məşhur nümunələrlə zənginləşdirirəm. Gənc nəsli oxuya bilməyən, zorla müğənnilik eşqinə düşən, dünyabaxışı məhdud dırnaqarası müğənnilərdən qorumaq hamımızın borcudur.

Fidan Hacıyeva daim repertuarını yeniləşdirir. Xalq musiqisini sevən müğənninin bu üslubda ifa tərzi klassik ifasından xeyli dərəcədə fərqlənir, o tam başqalaşır. Fidanın milli musiqi ənənələrinə qayğı ilə yanaşması, bunlara yeni məzmun qazandırması Cavan Zeynallı ilə yaradıcı əməkdaşlığında öz həllini tapıb, muğam, caz klassik operanı qovuşduran üç üslubda ifa tərzi öz uğurlu bəhrəsini verib. Ümumiyyətlə, Fidan Hacıyeva həmişə sənətsevərlərin yaddaşına yeni təravətli kompozisiyaların ahəngdarlığını hopdurmağa çalışır. Onun ifa etdiyi "Vətənimin övladları", "Ülvi andımız" kimi vətənpərvərlik nəğmələri xoş duyğular oyadır,

insanları qəhrəmanlığa ruhlandırır.

Müğənni Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini həm respublikamızda, həm xaricdə fəal təbliğ edir. Onun Dövlət tədbirlərində çıxışı, Azərbaycan Dövlət Akademik Opera Balet teatrında, Dənizçilər evində solo konsertləri böyük uğurla keçib. O, maraqlı konsert proqramı ilə Moskva, Ukrayna, Sankt - Peterburq Dövlət Filarmoniya Konservatoriyalarında , eləcə Almaniya ( Berlin, Frankfurt ), Yaponiyada (Naqoya) qastrol səfərlərində çıxış etmişdir. Fidan Hacıyeva bu gün ən məşhur sevilən gənc opera müğənnimizdir. Güclü gözəl səsə ( metso - soprano), yüksək aktyorluq məharətinə, coşğun tempetamentə malik müğənninin ifası təbiiliyi, müstəsna emosionallığı ilə diqqəti çəkir.

Hamının tanıdığı Fidan Bakı Musiqi Akademiyasının aspirantı, Azərbaycan Dövlət Akademik Opera Balet teatrının solisti, respublikanın əməkdar artistidir. O, adi həyatda həlim musiqili səsə malik, sadə, qayğıkeş ciddi insan kimi ailəyə, torpağa bağlıdır. Ən əsası isə Fidan bütün uğurlarına görə öyünmür, ailə ilə peşə keyfiyyətlərini tənzimləməyi bacarır bilir ki, əsl sənət yolunda çox çalışmaq gərəkdir.    

 

 

Oktay Hacımusalı  

 

Xalq Cəbhəsi.- 2011.- 15 noyabr.- S.12.