Şeyx Məhəmməd Xiyabani haqqında
...Şəhərin
küçələri səngərlərlə
hörülmüşdü. Məhlə-məhləyə,
küçə-küçəyə, dərbənd-dərbəndə
qarşı mübarizə aparırdı. Məhlələr
"məşrutəçi" və "müstəbid"
adları ilə məşhur olmuşdu. Məşrutəçi
deyə tanınmış məhlələrdən biri də
məşhur "Xiyaban" məhləsi idi.
Xiyaban
məhləsi məşrutəçilərin səngərlərində
əynində ruhani paltarı, çiynində tüfəng,
26-27 yaşlarında olan bir gənc nəzəri cəlb
edirdi. O, mücahidlər arasında öz cəsarət və
mətanəti ilə başqalarına nümunə olduğu
kimi, bilik və düşüncəsi ilə də
yoldaşlarından fərqlənirdi. Bu gənc sıravi və
adi mücahid olmaqdan başqa, bir də əyalət əncümən
heyətinin rəhbəri idi. O, öz düşüncəli
tədbirləri, dərin fikirləri, ağıllı
göstəriş və məsləhətləri ilə əncüməni
idarə edirdi. Bu gənc Xanəli Hacı Əbdülhəmidin
oğlu Məhəmməd idi. Sonralar onun adı Azərbaycanın
milli istiqlaliyyət mübarizəsi tarixində Şeyx Məhəmməd
Xiyabani deyə qeyd edildi.
Qafqaz
və Rusiyaya gələn və bu ölkənin mədəniyyətindən
öz bilik və düşüncəsinə görə
istifadə edən minlərlə Cənubi Azərbaycan maarifpərvərlərindən
biri də Hacı Əbdülhəmid idi. Bu adamın ailəsi
Təbrizin şimal qərbində Xamnə qəsəbəsində
yaşayırdı. Onun oğlu Məhəmməd 1880-ci ildə
doğulmuş və burada böyüyüb köhnə
üsul məktəbində oxumuşdu.
Məmməd
ibtidai təhsilini köhnə məktəbdə aldıqdan
sonra Rusiyaya atasının yanına göndərilmişdi. O,
bir müddət Petrovskidə (Mahaçqala) atasının
yanında ticarətlə məşğul olmuşdu. Fitrətən
düşüncəli, ağıllı, istedad və zəkalı
olan gənc Məhəmməd, Rusiyada keçirdiyi həyatı
dövründə buradakı mühit ilə
maraqlanmış, baş verən hadisələrə dərindən
bələd olmuş və gələcək mübarizələrdə
bunlardan istifadə edəcəyini
düşünmüşdü.
Şeyx
Məhəmmədin silahdaşı Hacı Məmmədəli
Badamçının 1925-ci ildə yazdığı
"Şeyx Məhəmməd Xiyabaninin müxtəsər tərcümeyi-halı"nda
şeyxin uşaqlıq və gənclik dövrü ötəri
qeyd edildiyi üçün bu dövr haqqında ətraflı
fikir söyləmək çətindir. Lakin onun qiyam
zamanı söylədiyi nitqlərində Rusiya və Qafqazla
bağlı misallarından bəlli olur ki, Petrovskidə
yaşadığı zaman gənc olmağına baxmayaraq bu
ölkənin siyasi mühitini, xalqın tarixini və dilini
öyrənməyə səy etmişdi.
XX əsrin
ərəfəsində Qafqazda və Cənubi Azərbaycanda
böyük şöhrət qazanmış maarifçi
Əbdülrəhim Talıbovun gənc Xiyabaniyə
böyük təsiri olmuşdur. Xiyabani o zaman
Teymurxanşurada (Buynaksk) yaşayan Talıbov ilə
görüşmüş və onun söhbətlərindən
istifadə etmişdi. Rus mədəniyyəti və o
zamankı rus maarifçiləri ilə yaxından
tanış olan Talıbov Xiyabaninin gələcək fikirlərinin
inkişafına ilk istiqamət verən şəxs olmuşdu.
İran
tarixçilərindən Hüseyn Məkki yazırdı:
"Xiyabani müasir elmlərə, o cümlədən sosial
elmlərə, rus, Qafqaz türkcəsi (oxu: Azərbaycan
türkcəsi - Q.M.) və ərəb dilləri vasitəsilə
yiyələnmişdi. Öz nitqlərində bu elmlərə
və ictimai münasibət qanunlarına dair işarələr
edirdi)". Bu onu göstərir ki, Xiyabani sosial elmlər sahəsindəki
məlumata Rusiyada, əsas etibarilə rus və Azərbaycan
dili vasitəsilə yiyələnmişdi. İnqilabdan qabaq
Şimali Azərbaycan mətbuatında çap etdirdiyi elmi
yazıları da buna bir dəlildir. Məhəmməd bir
müddət Petrovskidə yaşadıqdan sonra atası onu təhsil
almaq üçün Təbrizə qaytarmışdı. O,
burada Höcətilislam Hacı Mirzə Əbdülhəsən
Əngəcinin yanında təhsil ilə məşğul
olub fiqh və üsuldan dərs keçmişdi. Məhəmməd
istər bu elmlər və istərsə digər dərslərində
tələbələr arasında birinci yeri tuturdu. Əngəcidən
aldığı dərslərdən əlavə özü də
bir sıra elmi kitablar oxuyub, bilik və savadını
artırmağa çalışırdı. Fikir
açıqlığı, zehin vəhdəti və məsələni
dərindən mənimsəmək üçün hər
cür zəhmətə qatlaşmaq bacarığı
şeyxin gözəl xüsusiyyətlərindən idi. Bu
iddianı sübut etmək üçün yalnız bunu demək
kifayətdir ki, o, bir tərəfdən Əngəcidən
fiqh və üsul elmlərini öyrənir, digər tərəfdən
mütaliə vasitəsilə savadını artırır. Məşhur
münəccim Mirzə Əbdüləlidən heyət,
nücum, hesab elmlərini əxz edir və eyni zamanda heyət
elminin dərin məsələlərindən istixrac etmək
və rəqəmli təqvimlər yazmaqla məşğul
olurdu. Bunlarla da kifayətlənməyib hikmət, kəlam, təbiyyət,
fəlsəfə, tarix və ədəbiyyat elmi sahələrində
də dərin məlumata malik olmaq üçün yorulmadan
çalışırdı. Nitqlərində gətirdiyi
misallardan aydın görmək olur ki, Şeyx Məhəmməd
Avropa ədəbiyyatı və tarixinə də bələd
imiş. Elmi cəhətdən zəngin məlumata malik olan
Xiyabani, fəzl, kamal, sədaqət, təmizlik və təvazökarlıq
kimi gözəl xasiyyətlərə də sahib idi. Bu cəhətlər
Şeyxin varlığında süni və təsadüfi
olmadığı üçündür ki, o, hələ gənc
ikən əhali arasında böyük hörmət və
nüfuz qazanmışdı.
Qulam Məmmədli,
yazıçı-publisist,
alim
Xalq
Cəbhəsi.- 2011.- 15 noyabr.- S.11.