"Tərcüməçilər
çox az qonorar alırlar"
Tərcüməçi
Günel Əhmədova: "Bu sahəyə yetərincə dəstək
göstərilmir"
Müsahibimiz tərcüməçi
Günel Əhmədovadır.
- Peşəkar tərcüməçilik nədir?
- Tərcüməçilik yazının öz yazıldığı dillə, ruhuyla birbaşa ünsiyyətdə olmaq deməkdir. Tərcüməçi nəinki hər yazarın üslubuna, ümumiyyətlə, hər yazıya fərdi yanaşmağı bacarırsa, onda, tərcümə uğurlu alına bilər. Kim deyirsə tərcümə prosesində əsas dil qanunauyğunluğuna diqqət yetirmək lazımdır, yaxud çalışmaq lazımdır ki, əsər Azərbaycan dilinin bütün keyfiyyətlərini qoruya bilsin, bu yanlışdır, əsas əsərin öz ruhunu, onun öz dilini axıracan aparmağı bacarmaqdır.
- Bu gün Azərbaycanda tərcümələrin vəziyyəti sizi qane edirmi?
- Tamamilə
qane edir, demək doğru olmazdı. Amma yenə
də əvvəlki dövrlə müqayisədə bu sahədə
inkişaf, canlanma var. Tərcümənin kaloritinə, keyfiyyətinə
gələndə isə çox şeylər tələb etmək
doğru olmazdı, çünki bu sahəyə yetərincə
dəstək göstərilmir. Tərcüməçilər
çox az qonorar alırlar. Tərcüməçi
məcburdur ki, dolanışıq xatirinə başqa işlə
də məşğul olsun. Məsələn, mən ən
az qonorar aldığım zamanda belə
işimə məsuliyyətli yanaşmağı sevirəm.
Bu, bir az da insanın vicdanına
bağlı bir məsələdir.
- Niyə
hələ də Azərbaycanda sözün əsl mənasında
tərcümə məktəbləri yoxdur? Bunun
günahını kimdə axtarmalıyıq?
- Azərbaycanda
tərcümə məktəbi var, amma o məktəbin
uğurlu davamçıları yoxdur, desək, düzgün
olardı. Misal üçün, mən yapon dili
və ədəbiyyatı üzrə təhsil almışam
və bu sahə üzrə yaxşı tərcüməçilərin
yetişə bilməsi bir qədər də marağa
bağlı bir şeydir. Maraq yaradacaq,
stimul verə biləcək şeylər isə çox
azdır. Heç bizim birlikdə
oxuduğumuz yoldaşlardan ədəbiyyat sahəsinə məndən
başqa heç kimin marağı yox idi. Əksəriyyət
daha çox yapon dilinin özüylə maraqlanırdı, ədəbiyyatını
oxumurdu. Onlardan bu dəqiqə bir neçə
məşhur yapon yazarının adını soruşsanız
cavab verə bilməyəcəklər. Əvvəlcədən
hər kəsin düşüncəsində bu var idi ki, Azərbaycanda
bu sahəyə tələbat yoxdur. Artıq
burada oxumaq, öyrənmək sənin özünə
bağlı bir şeydir.
- Tərcümə
sahəsinə təsadüfi axına necə baxırsan?
- Tərcümə
sahəsinə təsadüfi axının yaranma səbəbi
bir qədər də bəzi nəşriyyatların ucuz
işçi qüvvəsinə olan tələbatından irəli
gəlir. Onların əsas marağı odur ki,
çoxlu kitab buraxsınlar, keyfiyyətin nə yerdə
olmasına baxan yoxdur. Ona görə bir də
görürsən elan gedir ki, bizə filan qədər
könüllü tərcüməçilər
lazımdır, qonorara söz vermirik. Orada
hansısa keyfiyyətdən danışmağın mənası
yoxdur. Nəşriyyatları da qınamaq
olmur axı. Kitab alan, oxuyan nə qədər
adam var ki? Kitab alan da elə kitab
yazanlardır, ya da ədəbiyyat sahəsinə yaxın
adamlardır. On üç yaşı olan,
xarici ölkədə yaşayıb Azərbaycan dilini
doğru-düzgün bilməyən qızdan hansısa dəyərli
tərcümə gözləmək qeyri-mümkündür.
- Bu
gün Azərbaycanda ədəbi tərcümə jurnalı
fəaliyyət göstərmir. Belə fəaliyyətsizliyin
səbəbi nə ola bilər? Tərcüməçilərin
qıtlığı, yoxsa...
- Tərcüməçi
qıtlığı ona görə var ki, tərcüməçilərin
çoxunun belə bir jurnalın varlığından xəbəri
yoxdur. Əgər universitetlərdə xarici dil
filologiyası üzrə oxuyan və öz sahəsini
yaxşı bilən, bacarığı olan tələbələri
axtarıb tapsalar, onlara xüsusi diqqət göstərsələr
inanıram ki, hər şey indikindən daha fəqrli
olardı.
- Azərbaycan
ədəbiyyatının bu günkü vəziyyətində
dünya ədəbiyyatından bixəbərliyin rolu
varmı?
- Bu
yaxınlarda, dostum Cəlil Cavanşirin yazısındakı
cümlə diqqətimi çəkdi; bizim romanlarda mövzu
qıtlığı var, maraqlı mövzulara toxuna bilmirlər,
hər yazılan romanda nəsə
çatışmamazlıq, yoruculuq baş alıb gedir. Hövsələ çatmır ki, əlinə götürdüyünü
axıra qədər oxuya biləsən. Nəticəni
bilmək istəyirsən görürsən ki, elə
başda nə yazılıbsa, sonacan da eyni şey davam edir.
Jan-Jak Russonun bir yaxşı sözü var,
deyir, "zəif romançılar öz yoxsul
ideyalarını personajların və macəraların
sayı ilə əvəzləşdirirlər". İndi bizimkilər də onun günündədir.
Amma istedad öz yerindədir, buna şübhəm
yoxdur.
- Bu
gün ədəbiyyatın digər bölmələrində
olduğu kimi tərcümə sahəsində də
monopoliyalaşmağa meylləri hiss edirsənmi?
-
Müşahidə etmirəm. Monopoliyanın olması
həm də hər hansı bir sahəyə kimlərinsə
maraq göstərməsi deməkdir. Söhbət
rəqabətdən getmir. Maraq olmayan yerdə
hansı monopoliyadan söhbət gedə bilər ki?
- Yapon
dilindən tərcümələr edirsən. Müasir
yapon ədəbiyyatında nə var, nə yox? Ədəbi baxımdan oxşar və fərqli cəhətlərimiz
nələrdir?
- Yapon ədəbiyyatına
digər ölkələrin ədəbiyyatı kimi
yanaşmıram. Onların ədəbiyyatına
baxış bucağım fərqlidir, necə ki, yaponlar
özləri dünyada başqa xalqlar kimi deyillər, eləcə
də ədəbiyyatları. Ona görə
də müqayisə etməyin tərəfdarı deyiləm.
Məncə, bizdə ədəbiyyatla
maraqlananların bir çoxu da mənlə eyni fikirdədir.
Yapon ədəbiyyat sistemli şəkildə
inkişafdadır, çünki Yaponiyada kitab, qəzet
oxuyanların sayı hər yerdəkindən daha çoxdur və
bu sahənin inkişafı da təbiidir. Rəqabət olan yerdə inkişaf mütləq
var.
Söhbətləşdi: Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.-
16 noyabr.- S.13.