Şair və rəssam Sadiq bəy Əfşarın miniatürləri  

 

Bir sıra ədəbi və rəssamlıq əsərlərinin müəllifi, şair və rəssam Sadiq bəy Əfşar dövrünün qabaqcıl mədəniyyət xadimi və sənətkarıdır. Sadiq bəy Əfşar 1533-cü ildə (hicri 940) Təbrizdə Vərci məhəlləsində anadan olub. Kiçik yaşlarından incəsənətə həvəs göstərən Sadiq bəy Əfşar rəssamlıqla ciddi məşğul olmağa başlamışdır. O, məşhur Təbriz rəssamlarından Müzəffər Əlinin şagirdi olmuş və sonralar dövrünün bacarıqlı rəssamları səviyyəsinə çatmışdır. O, II Şah İsmayılın dövründə saray kitabxanasının xidmətçilərindən olmuş və nəhayət, I Şah Abbasın kitabdarı vəzifəsini daşımışdır. "Sadiqi kitabdar" ləqəbi və "Sadiqi" təxəllüsü ilə məşhur olan Sadiq bəy Əfşar haqqında orta əsr mənbələrində qısa da olsa bəzi maraqlı məlumatlar var. Məsələn, XVII əsrin tarixçilərindən İskəndər Münşi "Tarix-e-aləmara-e Əbbasi" adlı əsərində XVI əsr rəssamlarından yazarkən Sadiq bəy Əfşarın müasiri olan Qazi Əhməd də xəttatlara və rəssamlara həsr etmiş olduğu risaləsində onun barəsində bir neçə söz demişdir. Bundan başqa, Nəsirabadinin təzkirəsində, Sadiq bəy Əfşarın öz əsərlərindən biri olan "Məcmə-ül-xəvas"-da, eləcə də "Qamus-ül-elm" adlı universal lüğətdə həmin şair və rəssam haqqında bioqrafik məlumat verilmişdir. Sadiq bəy Əfşarın rəssamlıq sənətinin qayda-qanunlarına həsr etdiyi mənzum risaləsində də müəllifin tərcümeyi-halını işıqlandıran beytlər var. Müəllif həmin risalənin başlanğıcında rəssamlıq sənətinə olan böyük həvəsindən xəbər verərək yazır ki, o hər cür vəzifəni atıb sənət kəsb etməyə çalışmışdır: "Ancaq hər sənət mənim ruhuna müvafiq deyildi. Bütün sənətlər mənim gözümə sadə və asan görünürdü, ancaq Behzadın sənətini öyrənməyi arzu edir və özümə Behzad kimi bir ustad axtarırdım. Nəhayət, mənə bir işıq qəlbli və əsrimizin nadir sənətkarı Behzadın şagirdi olan bir ustad rəhbərlik etdi. Mən bir müddət kəmərbənd qul kimi onun yanında xidmət edib surətgərliyi öyrənməyə çalışdım. Onun göstərişləriylə mən bu sahədə müvəffəqiyyət kəsb etdim".

Mənbələrdə olan məlumata görə, Sadiq bəy Əfşar həm poeziya, həm də rəssamlıq sahəsində fəaliyyət göstərib. Onun təsviri incəsənət sahəsindəki yaradıcılığında isə portret əsərləri əhəmiyyətli yer tutub. Lakin təəssüf ki, bu əsərlər haqqında müasir sənətşünaslıq elmi kifayət qədər məlumat toplamayıb. Avropada nəşr edilmiş bir neçə mənbədə rəssamın başlıca olaraq bir əsərindən götürülmüş reproduksiyaya rast gəlirik. Onun "Əməl-e Sadiq" imzalı və yalnız kontur xətlərində işlənmiş bu rəsmi başında çalma olan, kosasaqqal bir əmiri təsvir edir. Yerdə dəri üstündə bardaş qurub oturmuş əmir sanki bir adamla danışır; onun ifadəli və sərbəst axıcı xətlərlə çəkilmiş gövdəsi, qolları və başının təkəbbürlü verilişi hakim surətinin inandırıcı ifadəsinə kömək edir. Əmirin göz qapaqlarının şişkinliyi, aralı qaşları və kosa saqqalı onun fərdi cizgilərini göstərir. Əmirin başındakı cıqqa, uzun və arıq belinə sərbəst sarınan tünd zolaqlı nazik qurşaq etnoqrafik əhəmiyyət daşımaqla bərabər, kompozisiyanı canlandırır və bitkinləşdirir.

Alman sənətşünaslarından T.B.Şults eyni üslubda çəkilmiş başqa bir portretin də Sadiq bəy Əfşar tərəfindən çəkildiyini güman edir. Bu portretin altında "İmamqulu xan hakim-e fars" sözləri yazılıb. Burada orta yaşlı dolğun bir hakim surəti verilir. Yenə yerdə dizi üstə oturmuş hakim əlində piyalə tutub. Rəssam hakimi rəsmi libasda təsvir edir; onun uzun qılıncı, kamanı və nizələrlə dolu nizədanı isə ənənəvi şəkildə sol tərəfdə qruplaşmış halda çəkilib. Portretin yerliyi boş qalmasın deyə rəssam onu şərti bulud və bitki ünsürlərilə bəzəyib.

Rəssamın çap olunmuş imzalı əsərələrindən biri də ulaq belində gedən orta yaşlı bir süvarinin təsviridir. Həmin miniatürün üzərində sağ tərəfdə ərəbcə "Rəqiməhü Sadiqi" (rəsm edən Sadiqidir) sözləri yazılıb. Süvarini və xüsusilə onun mindiyi ulağın çəkilişi çox canlı, mütənasib və təbiidir. Süvarinin təsviri ifadəli xətt və rəngdə plastik formada işlənib. Onun hərəkətdə olan ulaq belində oturuşu, əllərinin və başının vəziyyəti təbiidir. Ulağın hərəkəti, ümumiyyətlə, dürüst və ifadəli təsviri sənətkarın dəqiq müşahidəçi olduğunu və gördüklərini təsvir etməkdə böyük məharətini nümayiş etdirir. Ulağın qotazlı boyunluğu, bəzəkli cilovu, üzəngli yəhəri, tikmə naxışlı yəhərüstü rəssamın gözündən qaçmayıb. Təpəlik yerdən keçən bu süvarinin arxasında, uzaqda böyük bir qaya görünür; onun üzərində bir qəsr var, ətrafında isə sıra ilə düzülmüş evlər rəsm edilib; yəqin ki, bura süvarinin gəldiyi yaşayış məntəqəsidir. Mənzərənin bu arxa planı həm kiçik, həm də zərif boyalarla işlənib, fəza təsəvvürü yaradır. Kompozisiyada müvazinət hasil olsun deyə, sağ tərəfdə də bir ağac təsvir edilib. Bu miniatürdən aydın görünür ki, Sadiqin rəssamlığa dair yazdığı "Qanun üs-süvar" adlı risaləsində başqalarından tələb etdiyi kimi özü də insan, heyvan, bitki və təbiət təsviri qayda-qanunlarını bütün təfərrüatıyla bilən və bunlardan dövrünə uyğun üslubda bacarıqla istifadə edən bir ustad olub. Həmin miniatür, eyni zamanda onun müxtəlif janrlarda yüksək qabiliyyətə malik bir sənətkar olduğunu sübut edir.

Bu məqalə müəllifinin axtarışıyla üzə çıxarılan dördüncü əsər başqa bir portretdir. Reproduksiyası indiyə qədər heç bir yerdə çap olunmamış və ilk dəfə olaraq burada verilən həmin portret-miniatür haqqında birinci dəfə olaraq 1886-cı ildə Peterburqda nəşr edilmiş Şərq Dilləri İnstitutunun əlyazmaları kataloqunda V.Rozen tərəfindən xəbər verilib. Sadiq bəy Əfşarın bu orijinal miniatürü hazırda Sankt-Peterburq Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əlyazmaları şöbəsində mühafizə edilir. D-181 nömrəli albomun 16-cı vərəqində olan bu portret-miniatürdə Sadiq bəy Əfşar yenə konkret bir şəxsi - Teymur xan Türkmanı təsvir edib. Şəkildə bozumtul yerlik üzərində göy paltarlı, şişman qarınlı və ciddi baxışlı bir hakim surəti yerdə dizi üstə oturmuş və əllərini dizlərinə dayamış vəziyyətdə təsvir edilib. Onun qırmızı zolaqlı çalmasının ortasından yüksələn uca fəsi də al qırmızıdır. Plastik bir formada əlvan boyalarla işlənilmiş bu portret işlənmə xüsusiyyətinə görə əvvəlkilərə nisbətən yeni xarakter daşıyır; burada yenə hakim yerdə oturmuş və istiqaməti yan tərəfə doğrudur. Onun çalmasının ön tərəfində cıqqası, belində zəngin qılıncı və qurşağının sağ tərəfindən ucu görünən qaş-daşlı qəməsi var. Bununla belə, şəkildə fərdi cizgilər, konkret şəxsi xarakterizə edən əlamətlər mövcuddur. Əmirin sol tərəfində şərabla dolu bir şüşə tüng və məzə üçün meyvə (nar və armud) çəkilib. Məzə meyvəsindən biri (armud) tüngün başına qoyulub. Yuxarıda haqqında qısaca bəhs etdiyimiz İmamqulu xanın şəklində olduğu kimi burada da yerlik üzərindəki şərti bulud və nəbati formalar boş yerləri doldurur. Bu isə həmin rəsmin Sadiq bəy Əfşar yaradıcılığına aid olması ehtimalını artırır.Dördüncü şəkildəki portretin üzərində farsca yazılmış maraqlı bir qeyd var: "Mərhum məğfur Teymur xan Türkmanın şəbehidir. 102(0) ildə mərhum Sadiq bəy Əfşar yaratmışdır. Ən alçaq bəndə Müin Müsəvvir 1095-ci ildə (onu) tamamlamışdır. Mübarək olsun". Müin Müsəvvirin bu qeydinin bir əhəmiyyəti də bundadır ki, onun vasitəsilə Sadiq bəy Əfşarın indiyədək bəlli olmayan vəfatı tarixi də təxmini olaraq təyin edilə bilir. Demək olar ki, burada Teymur xanın portretinin Sadiq bəy Əfşar tərəfindən çəkildiyi tarix "102" kimi ifadə edilmişdir. Mətnin bəzi sözlərindəki nöqtəsiz yazılmış hərflər kimi burada da bir nöqtə (yəni sıfır) çatmır; ona görə həmin tarixi 1002 və ya 1020 kimi oxumaq mümkündür. Lakin "0" ilə "2" rəqəmi arasında əlavə rəqəm və ya sıfır (nöqtə) üçün ara olmadığından həmin tarixin 1020 il hesab edilməsi daha doğrudur. Belə olduğu halda Teymur xanın portreti Sadiq bəy Əfşarın son işlərindən hesab edilməlidir; çünki İskəndər Münşinin Sadiq bəy Əfşar haqqında keçmiş zaman şəklində yazdıqlarından və xüsusilə Sadiq bəy Əfşar "ömrünün axırına qədər dövlət xəzinəsindən maaşını alırdı" sözlərindən aşkar olur ki, "Tarix-e aləmara-e Əbbasi" əsəri yazıldığı zaman, yəni 1024-cü ildə Sadiq bəy Əfşar artıq vəfat etmişdir. Deməli o, Teymur xan Türkmanın portretini çəkdiyi və "Tarix-e aləmara-e Əbbasi" kitabının yazıldığı illər arasında, yəni 1020-ci (1612) ildən sonra və 1024-cü (1616) ildən qabaq vəfat etmiş, ömrü isə 80 ilə yaxın olmuşdur.

Rəssamın imzalı başqa bir əsəri hələlik bizə rast gəlməmişdir. Gələcəkdə onun təsviri yaradıcılığına aid yeni materialın üzə çıxarılması sənətkarın ardıcıllığı haqqında təsəvvürümüzü, şübhəsiz, daha da genişləndirəcəkdir. Hələlik məlum olan bu dörd miniatürün məzmunu və üslub xüsusiyyəti göstərir ki, orta əsr mənbələrində olduğu kimi Sadiq bəy Əfşarın yaradıcılığında da məclis təsvirləri və sair çoxfiqurlu kompozisiyalar deyil, portret əsərləri əsas yer tutur. Rəssam hakimlər və saray xadimlərinin ətrafında dolanmış bir sənətkar olmaqla əsasən əmir və başqa zadəgan nümayəndələrinin portretini çəkmişdir. Bu janrda işlərkən o, təsvir olunan şəxsin surətini qabarıq verməyə çalışır və nəzəri yalnız surət üzərində dayandırmaq üçün əsərin fonunu saya işləyir. Lakin fon tamamilə boş və ifadəsiz olmasın deyə bəzən onu dekorativ mahiyyət daşıyan və xəfif rənglə işlənmiş bulud və bitki ünsürlərilə bir qədər zənginləşdirir.

XVI əsr Təbriz miniatür məktəbinin bəzi nümayəndələri kimi Sadiq bəy Əfşar da öz yaradıcılığında təsvir etdiyi şəxsin ictimai xüsusiyyətilə bərabər fərdi cizgilərini də göstərməyə təşəbbüs edir.

Təbriz miniatür sənətinin keçirdiyi inkişaf prosesi və onun illüstrativ mövzulardan tədricən uzaqlaşması ilə əlaqədar olaraq meydana çıxan sərbəst rəsm, ifadəli cizgilərlə rəsm etmə üsulu Sadiq bəy Əfşarın yaradıcılığında da aydın gözə çarpır. Onun əsərlərində müşahidə etdiyimiz həcm və fəza ifadəsi təşəbbüsü də realizmə doğru yeni və mütərəqqi addımdır.     

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 18 noyabr.- S.14.