"Dil güvənc yerimizdir"
Professor İsmayıl Məmmədov:
"Dil mənəvi sərvətimizdir, milləti tanıdan
başlıca keyfiyyətdir"
Onun Azərbaycan dilçiliyinin inkişafında özünəməxsus xidmətləri var. İllərlə Azərbaycan Televiziyasında "Azərbaycan dili" verilişinin aparıcısı olub. Həmsöhbətimiz filologiya elmləri doktoru, professor İsmayıl Məmmədovdur. O, deyir ki, dilin keşiyində durmaq son dərəcə vacib, gərəkli hadisədir: "Dil mənəvi sərvətimizdir, milləti tanıdan başlıca keyfiyyətdir, minillərdən bəridir ki, millətə xidmət edir. Dilin keşiyində durmaq üçün onu sevmək gərəkdir. Gərək hər şeydən qabaq insanın buna mənəvi haqqı ola. Dil güvənc yerimizdir. Dilə sevgidən başqa heç nə ummaq olmaz. Bu, ana dilimizdir, bizim tanınma nişanımızdır".
O, dilin uğrunda çarpışmağı xoşbəxtlik sayır: "Dili göz-bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. "Dil haqqında" qanunda deyilir ki, dilə qarşı açıq, ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Bizə misal gətirirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərk etmirlər. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünən yalnız Vətənə sevgisi olmayanlara xas ola bilər. Elə xalqlar var ki, onun özünüifadəsi o qədər də zəngin olmur. Hər şeydən əvvəl bu, həmin xalqın dilinin qüdrətindən çox asılıdır. Dilimizin qüdrəti çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyatında zəngin ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm də ki, şifahi ədəbiyyatı zəngin olur. Xalqımızın folkloru hədsiz zəngindir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən gözəl sübutdur. Dilimiz hədsiz zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Feillər ümumən türk dillərində çox zəngindir. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar. Türklər həmişə böyük əraziləri fəth ediblər. Dilimizin zənginliyi hər şeydən əvvəl türklərin dünyagörüşünün zənginliyi ilə bağlıdır. Dilin zənginliyi xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən yaxşı yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur. Dilimizin ruhunda qətiyyətlilik var. Tarixin müəyyən dövrlərində ərəb, fars dilləri burada hökmran dillər olublar. Adətən, imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. Quranın ərəb dilində olması tədrisin də ərəbcə olmasına rəvac verib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə də türk dünyasının tanınmış şəxsləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar. Əslində onların başqa çarələri də yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı".
Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması onun milli ruhunun izharı oldu. Güney Azərbaycanda ana dilimizin vəziyyəti ilə bağlı qayğılanan İsmayıl Məmmədov deyir: "Tarix boyunca təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimiz də bu prosesdə çox əzablar yaşayıb. Quzey Azərbaycana rus və Avropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü oldu. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər bu mənada başı bəlalar çəkən yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib. Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq".
Təəssüf ki, balalarını ingilis dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın tanınmış ziyalılarının içərisində də rast gəlinir. Onlar dil öyrənməkdən söhbət düşəndə bunu balaları üçün "çörək ağacı" kimi xarakterizə edirlər. İ.Məmmədov deyir: "Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizə daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Radio- televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada başqa dillərdən üstünlüyünü göstərməlidirlər".
Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, fars və ərəb sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarı azərbaycanca-rusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb: "Vaxtilə - ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar "Türkün dili" adlı məşhur şerini yazmışdı. Xəlil Rzanın "Mənim dilim" şeri hamının yadındadır. Ancaq təəssüf ki, son dövrlər şairlərimiz bu mövzuya kifayət qədər ardıcıl, ciddi yanaşmırlar: "Həyata gözümü açandan, dünyanı anlayandan ana dilimi sevmişəm. Ana dilimiz həmişə məni sehrləyib, ovsunlayıb. Ağlım kəsəndən nənəmin, atamın, anamın doğma söhbətlərinə qulaq asmışam, onları böyük bir sevgiylə dinləmişəm. Bu söhbətlər çox zaman özüm də bilmədən ruhuma-qanıma keçib. Onların dilindən eşitdiyim şifahi xalq ədəbiyyatı nümunələri indi də yadımdan çıxmır. Bu, o deməkdir ki, xalq ədəbiyyatının hikməti çox böyükdür. Dilimizdəki intonasiya zənginlikləri həmişə məni heyran edib. Uşaqlıqdan çalışmışam ki, savadlı danışam, yazam, nitqimi dilin tələblərinə uyğun şəkildə quram. Orta məktəbi qurtaran il ali məktəbə daxil olmuşam. Qarşıma qoyduğum məqsədə doğru addım-addım yol getmişəm. Elmin pillələrində addımlaya-addımlaya yükün məsuliyyətini daha dərindən duymuşam, anlamışam. Bilmişəm ki, çiynimdə çox ağır bir yük var, bunun məsuliyətini daim uca tutmuşam. Həyatımda doğru yol göstərən insanlar olub. Onları həmişə böyük bir sayğıyla xatırlayıram: akademik Məmmədağa Şirəliyevə, ömrü uzun olsun, akademik Ağamusa Axundova, habelə başqa həmkarlarıma sayğım böyükdür".
Bu prosesdə onun özü üzərində ardıcıl çalışmaları bəhrəsini verib: "Dilin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə durub baxa bilməz. Baxırsan ki, biri dilində qəliz ərəb-fars sözləri işlədir, o biri yeri gəldi-gəlmədi Avropa sözləri, bir başqası isə rus sözləri işlədir. Bu danışılanlardan həftəbecər bir şey alınır. Mənliyini dərk etməyən adamdan ömründə tələb etmək olmaz ki, sən niyə bu dili korlayırsan? Yəni insan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünmürsə, ona həmin sözü deməyin mənası nədir?"
İ.Məmmədov hazırda AMEA Həsimi adına Dilçilik İnstitutunun "Lüğətçilik" şöbəsinin müdiridir. İllər ərzində bu şöbədə lüğətlərlə bağlı işlər böyük uğurla aparılıb. Deyir, bu sahəyə 44 il əvvəl gəlib. İlk iş yeri Ensiklopediya olub: "Sonradan Dilçilik İnstitutunun aspiranturasına gəldim. Məhz bundan sonra elmi fəaliyyət yönüm dəqiqləşdi. Qət etdim ki, dilçilik sahəsində çalışmalıyam. Şirəliyev nitq mədəniyyəti məsələlərinə ciddi fikir verirdi. Dilimizin təmizliyi məsələlərinə hər zaman olduqca ciddi yanaşmışam. Nitq mədəniyəti dilin ən yüksək pilləsidir. Səməd Vurğun yazır ki, yüksək dil, nitq mədəniyyətinə yiyələnmədən gözəl sənət əsərləri yaratmaq yaratmaq mümkün deyil. Əgər fərdin düşüncə mədəniyyəti yüksək səviyyədə deyilsə, o, öz fikirlərini başqasına anlaşıqlı bir dildə çatdıra bilməyəcək. Yunan müdriklərindən birinin fikridir, üslubi ləyaqət onun aydınlığındadır. Lüğət hazırlamaq olduqca çətin işdir. Hər kəs bu işi bacara bilməz. Lüğət işi ilə məşğul olmaq dilçidən yüksək səbir, hövsələlilik tələb edir. Lüğət tərtib etmək olduqca əzablı işdir. İki iş çox ağırdır: folklor yığmaq və lüğət yazmaq. Əliheydər Orucovun vəfatından sonra həmin şöbənin işini mən aparmışam.
Vaxtilə o şöbəyə nə qədər işçilər gəlib-gediblər.
Bütün çətinliklərə baxmayaraq onillərlə burada qalmışam".
Sözyaratma olduqca ciddi məsələdir. Sözün lüğət tərkibi daim zənginləşir. İ.Məmmədov deyir: "Xalqın dilindəki sözlər o zaman artır ki, onun başqa xalqlarla ünsiyyəti artır. Dilə yeni sözün gəlməsi, yaranması zərurət kimi meydana çıxır.
Qaldı ayrı-ayrı şəxslər tərəfindən söz yaradılmasına, yaradıcılıq mühüm keyfiyyətdir. Hər yazıçıdan, şairdən də yeni söz yaratmaq tələb etmək olmaz. Bunların hamısı novator ola bilməz. Sözlər tarix boyunca müxtəlif mənalar daşıyıb. Çoxlu adlar, sözlər yaddan çıxıb, unudulub.
Başqa dillərdən gələn sözlər milli sözlərimizi sıxışdırıb.
Cabbarlı, Səməd Vurğun kimi yaradıcılarımız dilə yeni sözlər gətiriblər. Cəfər Cabbarlının yaratdığı adlar çox gözəldir".
P.S. Bugünlərdə 65 yaşı tamam olan professor İsmayıl Məmmədovu ürəkdən təbrik edir, cansağlığı, işlərində uğurlar arzulayırıq.
Xalq Cəbhəsi.- 2011.- 22 noyabr.- S.14.