Tahir Salahovun Xəzər
epopeyası
Xəzər bu diyarın yaradıcı insanlarının hər zaman müraciət etdikləri əsas təsvir obyektlərindən olub. Xəzərin ilk təsvirlərinə hələ ötən əsrin sənət nümunələrində rast gəlmək olar. Müxtəlif rəssamların əsərlərində Xəzər dəyişkən maneralarda, əhval-ruhiyyələrdə işlənmişdir.
Dəniz silsiləsindən ibarət böyük qalereyanın müəllifi dünya şöhrətli sənətkar Tahir Salahovun əsərlərində Xəzərin daha ekspressiv, dramatik, sənayeləşmiş obrazı ilə rastlaşırıq. Rəssamın tünd rənglərlə ifadə olunan sərt realizmində Abşeron cizgiləri, Xəzər notları aydınlığı, nikbinliyi, Vətənə sevgini, ümidi və inamı, arzunu və düşüncəni ifadə edir.
Belə əhval-ruhiyyənin parlaq əksini rəssamın hələ ilk yaradıcılıq işləri sırasında olan "Növbədən qayıdanlar" (1957), daha sonra "Təmirçilər" (1960), "Neftçi", "Yeni dəniz", dəniz fatehlərinin qəhrəmanlığından bəhs edən "Xəzərdə səhər" və s. əsərlərində görə bilərik. Bu tablolarda daha çox əməkçi insanın Xəzər fonunda ağır əməyi təsvir olunmuşdur. Xəzərin sərtliyi, soyuqluğu sanki onların da əhvalına təsir göstərmişdir...
Heç də təsadüfi deyildir ki, bir çox tənqidçi və sənətşünaslar Tahir Salahovu Bakı neftçilərinin, əməyin, müasir texnikanın şeiriyyətini tərənnüm edən fırça ustası adlandırırlar. Məhz buna görə də rəssamın dərin məhəbbətlə təsvir etdiyi neftçi obrazları onun tablolarında qüvvət, qüdrət və gözəllik nişanəsi kimi nəzərə çarpır. Dəniz mənzərələrini günün müxtəlif vaxtlarında təsvir edən rəssam aldığı təəsüratları ümumiləşdirməyə çalışaraq, Xəzər və "Neft daşları"nın özünəməxsus obrazını yaratmağa nail olur. Bu təəsüratlar rəssamın çoxsaylı etüdlərində və daha sonra böyük rəngkarlıq əsərlərində öz əksini tapır.
"Növbədən qayıdanlar", "Təmirçilər", "Abşeron qadınları" və başqa tablolarında insan taleyi, məişəti, əməyi elə təbii və həyati işlənib ki, bu əsərlər bu gün də müasir tamaşaçıda böyük maraq doğurur. Ümumiyyətlə, tənqidçilər tərəfindən Tahir Salahov həmişə zamanı önləməyi bacaran, işlədiyi lövhələrin uzunömürlü olması üçün ustalıqla kompozisiyalar quran, yaddaqalan məqamları rənglərin köməyi ilə dolğun və bitkin şəkildə əbədiləşdirməyi bacaran sənətkar kimi qiymətləndirilir. Tahir Salahov bir sənətkar kimi qəhrəmanlarının gərgin anlarını, düşüncələrini, iztirablarını bütün mürəkkəbliyi və aydınlığı ilə duyur. Geniş müşahidə və bədii ümumiləşdirmə qabiliyyəti olan rəssam, obrazların daxili aləmini açmaq üçün həmişə orijinal təsvir və ifadə vasitələri tapmağa çalışır.
"İskusstvo" jurnalının 1958-ci ildə çapdan çıxmış nömrələrindən birində belə yazılır: "Tahir Salahovun tablolarında Xəzərin qoynunda görülən böyük işlərin gərgin əmək ritmi, əmək rəşadəti nümayiş etdirən insanların fədakarlığı, mərdanəliyi duyulur... Tahir Salahov yaratdığı hər bir bədii əsərə güclü hərəkət ekspressiyası, insanların iradəsində özünü biruzə verən əsl pafos və romantika gətirir...".
"Növbədən qayıdanlar" adlı diplom işi rəssamın həyat və sənətə fərqli baxışlara malik bir rəngkar kimi gəldiyindən xəbər verirdi. Belə ki, o, müasir və bir qədər də ənənəvi mövzuya müraciət etməsinə baxmayaraq əsərində fədakar əməkdən qaynaqlanan poetik ritmi və dinamikanı özünəməxsus sərt bədii şərhlə göstərə bilmişdir. "Bu təkcə Azərbaycan rəngkarlığında yox, bütünlükdə Sovet rəssamlığında "sərt üslub" adlı yeni bədii meylin yaranması idi. Bununla da uzun illər hökm eləyən təmtəraqlığın, sovet cəmiyyətini, həmin sistemi mədh edən sənətin yerinə rəssamlığa əmək mövzusu gəldi".
Rəssamın digər monumental tablosu "Təmirçilər"də biz açıq dənizdə - qeyri-adi əmək şəraitində insanların xarüqələr yaratdığının şahidi oluruq. "Əsərdəki əzəmət və emosiya məzmunla bədii forma komponentlərinin, kompozisiya ilə koloritin vəhdətindən doğur. Obrazların daxili aləmi, ətraf mühitin təsirli mənzərəsi, nəhayət, rənglərin spesifik əlvanlığı "Təmirçilər" tablosuna həqiqi mənada romantik ruh gətirmişdir. Ümumiyyətlə, Salahovun fəhlə surətləri fədakar insan obrazlarıdır. "Drujba narodov" jurnalında çap olunmuş bir yazıda Tahir Salahovun "Yeni dəniz" tablosu "Təsvirə alınmış roman" kimi qiymətləndirilib. Bu əsərdə Tahir Salahov özünü monumental kompozisiyanın orijinal ustası kimi büruzə verir. Əsərin kompozisiyasının bu xüsusiyyətini "Oqonyok" jurnalında İ.O.Bıçkov belə vurğulayır: "Yeni dəniz"də rəngkar tam ümumiləşdirmə yaratmağa, monumentallığa can atır. Onun kompozisiyası əsərin çərçivəsinə sığmır".
"Emalatxanada kürsü ilə" natürmortu Tahir Salahovun Xəzərin sahilində yerləşən emalatxanası və rəssamın fəal yaradıcı iş dəqiqələri, anları haqqında təsəvvür verir. Kompozisiya və rəng baxımdan mükəmməliyilə fərqlənən tabloda rəssamın şəxsi əşyaları, pəncərə önündəki masaya düzülmüş açıq qəhvəyi rəngli gil dolçaları, kasaları verilmişdir. Qabların forması, parıltısı, üstündəki işıq-kölgə effektləri, tonları dəqiq və real həcm duyğusuna malikdir.
Eyni keramik qabları "Günəşli səhər" natürmortunda da görmək olar. Əsəri seyr etdikcə pəncərədən açılan mənzərə, yaşıllıqlar, uzaqda üfüqə yaxın görünən mavi dənizin sehrli gözəlliyi tamaşıçını valeh edir. "Günəşli səhər" natürmortu doğma torpağın, təbiətin, varlığın gözəlliyinə qoşulan nikbin təranədir. Rəssamın Xəzərə həsr etdiyi digər maraqlı əsərləri sırasında "Xəzərin sahilində qum təpələri" (1969), "Xəzəryanı qayalıq" (1974), "Səhər" (1977), "Tutqun hava" (1977), "Xəzərdə fırtına" (1978), "Xəzərdə ləpədöyən" (1978), "Sakit Xəzər" (1978), "Qarpız və dəniz"(1997), "Nardaransayağı qarpızlar"(1997) və digərlərinin adlarını çəkmək olar. Bu tabloların hər birində rəssamın özünəməxsus üslubunun parlaq təzahürləri əksini tapmışdır.
T.Salahovun yaradıcılığında son illərdə işlədiyi "Odlar yurdu" triptixi yeni əhəmiyyətə malikdir. Triptixə daxil olan tablolarda rəssam tarixi keçmişimizin yadigarları olan "Qız qalası"nı, "Suraxanı atəşgahı"nı və müasir dövrümüzün sənaye qüdrətini özündə əks etdirən "Neft daşalrı"nı təsvir edir. Hər üç tabloda Azərbaycanın qədim "odlar diyarı" olması ideyası özünü bariz şəkildə göstərir.
Triptixin "Xəzər bu gün" adlı mərkəzi tablosu mənzərə motivinin yeniliyi və orijinallığı ilə diqqəti cəlb edir. Rəssam bir daha Xəzər və Xəzərin ayrılmaz parçası olan neft buruqları mövzusuna qayıdaraq bu dəfə onu başqa bir rakursda həll etmişdir. Bütün yaradıcılığı boyu Xəzər və neft mövzusuna müraciət edən Tahir Salahov bu tablosu ilə sanki son akkordunu vurmuşdur. Tabloda Xəzərin sənaye qüdrəti əks olunub. Rəssam sanki, qloballaşan iqtisadi dünyada Xəzərin əzəmətini, möhtəşəmliyini, əvəzolunmaz iqtisadi əhəmiyyətini tərənnüm edir. Mövzu etibarilə sənaye mənzərəsinə aid edilən bu əsərdə rəssamın lirik dünyaduyumunu konkret-sənədli təsvir obyekti üstələyir.
Əsərdə bədii forma ilə ideya məzmunu üzvi surətdə bir-biri ilə əlaqələndirilmişdir. Tablonun koloriti də çox uğurla həll olunaraq mövzuyla həmahənglik təşkil edir. Al qırmızı rəngin intensiv işlənməsi tabloya dramatik gərginlik gətirir. Borulardan çıxan qızılı-sarı rəngli alov mavi səmaya doğru ucalır. Qız qalası da yanar məşələ bənzədilərək odlar diyarının simvolu səviyyəsinə yüksəldilmişdir. Rəssam Qız qalasının ümumi panoramını dənizdən işləmişdir. Tabloda rakursun uğurlu seçilməsi, kompozisiyanın daha dolğun tərzdə qurulmasını təmin etmişdir.
Eyni xüsusiyyətləri "Suraxanı atəşgahı"nın təsvirində də görmək olar. Rəssam bu tabloda keçmişlə müasirlik arasında maraqlı əlaqə yaratmağa nail olmuş və tarixi memarlıq abidəsinin simasında "qədim məşəlin" müasir təzahürünü ifadə etmişdir. Yüksək ekspressiv əhvala köklənən hər üç tablonun rəng həllinin demək olar ki, eyniliyi kompozisiyaya özünəməxsus ovqat verir. Bədii təsir gücü baxımından "Odlar yurdu" triptixi tarixi memarlıq abidələrimizə, doğma Xəzərə, qədim odlar yurdu kimi tanınan torpağımıza bəslənən lirik hisslərin təcəssümünü əks etdirir. Bu əsərlərin hər biri ideya bədii qayəsinin dərinliyi və daşıdıqları estetik mahiyyətləri ilə fərqlənirlər.
Tahir Salahovun
xalq müdrikliyi ilə
qidalanmış, doğma diyarını məhəbbətlə
vəsf edən yaradıcılığı sözün
böyük mənasında
xalqındır. Onun milli
köklərə əsaslanan yaradıcılığı ən
tələbkar tamaşaçı auditoriyasının estetik tələblərinə uyğundur
və bəşəri mahiyyət daşıyır. Məhz buna görədir ki, onun adı və
yaradıcılığı, rəngkarlıq və qrafika əsərləri çoxdan
təsviri sənət ensiklopediyalarına daxil
edilərək dünyanın muzey və
qalereyalarında göstərilməkdədir...
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 22 noyabr.- S.13.