Əzim
Əzimzadə məktəbi
Böyük bir mədəniyyətin beşiyi olan Azərbaycan coğrafiyasında əsrlər boyunca gündən-günə inkişaf edərək öz əksini layiqli şəkildə tapmış olan Azərbaycan mədəniyyəti və sivilizasiyası özündə Şərq ənənələrini qoruya bilmişdir. Dünyanın bir çox muzeylərində saxlanan bu əsərlər dünya mədəni irsinin ən dəyərli nümunələrindəndir. Müxtəlif arxeoloji qazıntılar nəticəsində çox qədim bir sivilizasiyanı ifadə edən bir çox tapıntılar bu mədəniyyətin bir başqa sübutudur.
Zamanın axarında sürəkli olaraq özünü yeniləyərək irəliləyən Azərbaycan rəsm sənəti Təbriz miniatür sənəti ilə birlikdə fərqli bir janr yaradaraq 20-ci yüzilliyə qədər sanballı bir yaradıcılığı özü ilə gətirmiş, miniatür sənəti ilə inkişafını davam etdirmişdir. Əsasən 20-ci yüzilliyə qədər təkcə Azərbaycanda deyil, bütün Qafqazda rəsm sənətinə hakim janrın miniatür olduğu bilinməkdədir. Həmin dövrdə Azərbaycan rəsm sənətinə yön verən miniatür ustaları az deyildi. Buna misal olaraq Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Mirzə Qədim İrəvani və sair miniatür ustaları göstərilə bilər.
20-ci yüzillikdə mövcud coğrafiyadakı şərait fərqli bir janrın olması məcburiyyətini ortaya qoymuşdur. Azərbaycan rəsm sənətində miniatürə alternativ olaraq müasir rəsm anlayışını başlamış olan Əli bəy Hüseynzadə maarifçi olaraq tanınsa da, bununla yanaşı Azərbaycan rəsm sənətində tanınan bir şəxsiyyət kimi rəsm sənətinin inkişafında payı olmuşdur.
Həmin illərdə Bəhruz Kəngərli ənənəsi özünü göstərir ki, tənqidi realizmdən çox estetik anlayışa yönəlmiş olduğundan bu böyük yaradıcının sənət anlayışı modern rəsm anlayışına uyğundur. Ancaq cəmiyyətdəki mövcud durumun estetik sənətlə ifadə edilməsi çox çətindir. Bu səbəbdəndir ki, cəmiyyətdəki ziddiyyətlər, mövhumatlar tənqidi realizmi zəruri edirdi. Bu anlamda isə Cəlil Məmmədquluzadə və M.Ə.Sabir ədəbiyyatda cəmiyyətin tələblərinə cavab verdiyi halda rəsmdə bu tələbatı yabançıların tam olaraq ödəməsi imkansızdı. Çünki yabançı sənətkarlar Azərbaycan xalqının məişət qaydalarını, adət-ənənəsini bilmirdilər. Məhz Əzim Əzimzadə illüstrasiyaları cəmiyyətin tələbatını ödəmişdir.
Məhz buna görədir ki, XX yüzillikdə Azərbaycan sosial həyatında özünü göstərən dini mövhumat, geri qalmışlıq, hüquqsuzluq, acgöz mülkədarların törətdikləri amansız zülmlərin, qısaca demək olarsa, cəmiyyətdə baş verən hüquqsuzluqların qarşısının alına bilməsi üçün incəsənət kəskin bir silaha çevrilmişdir. Ona görə də Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir tərəfindən "Molla Nəsrəddin jurnalı"nın çıxarılması təsadüfi deyildir. Bu düşüncə yaxınlığı səbəbindən Ə.Əzimzadə M.Ə.Sabirin məşhur "Hophopnamə"sinə illüstrasiyalar çəkmişdir.
Əzim Əzimzadə sənətə olan marağını keçən dövr ərzində inkişaf etdirmiş və önəmli yol qət etmişdir. Uzun illərin təcrübəsi ilə bədii əsərləri, ilk anda karikatura sənət əsərləri aktuallığı ya da müxtəlif təsvirləri ilə diqqəti çəkir. O, sosial həyatda baş verən aktual mövzulardan seçmiş olduğu kompozisiyaları ilə rəngli həyat təsvirləri ortaya qoymuşdur. Bununla yanaşı, səhnə dekorativ sənətində də öz məharət və ustalığını göstərə bilmişdir. O, milli xalq mədəniyyətini olduqca yaxşı bilirdi. Yoxsulu, varlısı, satıcısı, müəllimi ilə xalqın hər təbəqəsi onun fırçasından öz nəsibini almışdır. Ə.Əzimzadə bir çox pyes üçün dekorativ eskizlər çəkmiş və 1930-cu illərin ilk dönəmində diqqət çəkən inanc və anlayışını 1930-dan sonrakı illərdə də davam etdirmişdir. Onun bədii səhnə eskizləri bir qayda olaraq Azərbaycan teatrının rəng çalarlarından birisi olduğu halda, dekorativ rəsm sənəti üçün ən gözəl nümunələr olaraq ortaya çıxır.
Azərbaycanda rəsm sənətinin realist bir kimlik qazanmasına öncüllük etmiş olan Əzim Əzimzadənin Azərbaycan rəsm sənətinə olan töhfələri, gətirdiyi yenilikçi anlayışı və bu anlayışı mənimsəmiş rəssamların Azərbaycan rəsm sənətinə gətirdiyi dinamizmin ifadəsi birbaşa Əzim Əzimzadə ilə bağlıdır. Azərbaycan rəsm sənətində yeni bir mərhələ olan yaradıcılığı gənc Azərbaycan rəssamlarının yaradıcılığına realist bir sənət istiqaməti vermişdir. Yeni rəssam kadrları onun göstərdiyi istiqamətdə yeni, realizmə uyğun anlayışda bir sənət yaratmışlar. Satirik rəsm anlayışı, sosial quruluşun bütün qüsurlu və pis cəhətlərini ortaya qoymaq üçün qarşılığı olmayan, Əzim Əzimzadənin məharətlə yararlandığı bir anlayışdır. Beləliklə də özündən qabaqkı sənətkarlardan da yararlanaraq sosial realist rəsm anlayışının yeni növ və janrlarını yaratmışdır.
O, rus, gürcü rəsm ənənələrindən də mahiranə bir şəkildə yararlanaraq və Azərbaycanın ənənəvi, dərin tarixi dəyər baxışları ilə birgə Azərbaycan milli rəsm anlayışının formalaşdırılması yolunda böyük səylər göstərmişdir. Bunun nəticəsində dünya səviyyəsində həsəd doğuracaq əsərləri ortaya qoyan bir çox rəssam bu məktəbin təmsilçisi kimi dünya muzeylərini yaratdıqları rəsmlərlə bəzəmişdir. Əzim Əzimzadə qaranlıq, mürtəce güclərə, cəmiyyətdəki hər cür nadanlığa, dini təəssübkeşliyə qarşı amansız bir mübarizə aparıb, cəmiyyətdəki hüquqsuzluğa son qoyulması üçün fırçasını kəsərli bir silaha çevirmişdir. Bu mənada ilk dəfə plakatdan reproduksiyalar yaradaraq tamaşaçının diqqətini daha qabarıq şəkildə sosial məsələlərə yönəldə bilmişdir.
Azərbaycan rəsm sənətində plakat janrını, illüstrasiyanı zirvəyə qaldıran sənətkarın peyzaj əsərləri, qrafikası və miniatür cizgiləri və dekorativ rəsm anlayışı da olduqca maraqlıdır.
Heç şübhə yoxdur ki, sənətkarın fırçasında ön planda qadın və ailə hüquqsuzluğu motivləri özünü göstərir. Bu istiqamətdə "Köhnə və təzə arvad", "Evdə qız doğulmuşdur", "Qızın ərə verilməsi", "Bakıda nişan məclisi", "Ailədə dalaş", "Təzə arvadın alınması", "Varlı evində toy", "Kasıb evində toy" və başqaları misal göstərilə bilər. Sənətkarın ən çox müraciət etdiyi mövzulardan biri də cəmiyyətdə dindən sui-istifadədir. O, Kərbəla ziyarətindən sonra dinin necə bir ticarət malına çevrildiyini dəhşətli bir şəkildə ortaya qoyur. Mollalar və mərsiyəxanların simasında dini təəssübkeşliyə, mürtəce güclərə qarşı var qüvvəsilə mübarizə edir. Din adamlarını dinin qəbul etmədiyi hər yerdə görən sənətkar əlbəttə, bu faciəli durumdan kənarda qala bilməzdi. Bu səbəbdən din adamlarının məhərrəmlikdə, ramazanda, ibadətdə, qısası, sosial həyatın hər sahəsində necə bir amansızlıqla yararlanmağa çalışdıqları xüsusunda xalqı oyandırmağa çalışır. Bu anlamda "Qurban bayramında", "Qurban günü əfəndinin vəzifəsi", "Kasıb evində orucluq bayramı", "Dövlətli evində orucluq bayramı", "Məkkə ziyarəti səhnələri", "Mina dağında qurban bayramı", "Nəsiminin edamı", "Aşura/Mərsiyə" və başqaları buna misal göstərilə bilər. Mövhumatın caynaqlarında sürüklənən insanların nadanlığının cəmiyyətin inkişafının qarşısını aldığı inancı ilə sənətkar xalqın ayıldılması yolunda sənətkara böyük vəzifələr düşdüyünü anladığına görə geriqalmışlığı törədən hər cür mühafizəkarlıq və dini təəssübkeşliyi qamçılayır. "Köhnə Bakı küçələrində", "Məhşər", "İt boğuşdurulması" bunu təsdiq edən əsərlərdir.
Əzim Əzimzadə Azərbaycan xalq folklorundan olduqca mahir şəkildə yararlanmışdır. "Qadın toyu", "Kəndirbaz", "Günün tutulması", "Od üstündən tullanmaq", "Xoruz döyüşdürənlər", "Şeytan-təlxək-keçəl", "Kos kosa" və s. Sənətkar rəsm sənətində bir inqilabçı idi. Sosial və tənqidi realizmin ən parlaq nümunələri bu dahi ustanın fırçaları ilə nəqş edilmişdir. Onun yetirmələrinin bu gün dünyaca bir şöhrətə sahib olmasına rəğmən Əzim Əzimzadənin yetərincə tanınmamasının əsl səbəbi mövcud ənənələrə əsaslanaraq dünyaya açılmaması olmuşdur. Ancaq o, ölümsüzləşən sənətkarlar cərgəsindədir
Oktay
Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 23 noyabr.- S.14.