Gənc Tamaşaçılar Teatrı diplom qazanıb

 

 

Sankt-Peterburqun "Qara çay arxasında" ("Za Çernoy rekoy") teatrında II Beynəlxalq "ArtOkraina" monokiçik həcmli tamaşalar festivalı keçirilib. Festivala 5 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, Bolqarıstan, İsraildən 11 teatr kollektivi qatılıb. Azərbaycan isə Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən təmsil olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı Şövqi Hüseynov P.Zyüskindin "Kontrabas" mono-tamaşası ilə çıxış edib. Tamaşanın quruluşçu rejissoru mərhum rejissor, xalq artisti İrina Perlovadır. Tamaşa II Beynəlxalq "ArtOkraina" monokiçik həcmli tamaşaların festivalında iştirakına görə, diplomla təltif olunub.

Sankt-Peterburqun Mədəniyyət üzrə Komitəsinin dəstəyi ilə həyata keçirilən festivalda bütün tamaşalar "internet online" rejimində yayımlanıb ki, bu da festivalın əhatə dairəsini və tamaşaçı auditoriyasını genişləndirmək məqsədinə xidmət edib. Festivaldan sonra Rusiyanın və digər xarici ölkələrin tanınmış teatr tənqidçilərinin və mədəniyyət xadimlərinin iştirakı ilə aktyorlarla açıq müzakirələr, seminarlar, yaradıcılıq görüşləri, dəyirmi masalar həyata keçirilib.

Qeyd edək ki, "Kontrabas" tamaşası artıq 15 ildir ki, oynanılır. Dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya, Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında mükafata layiq görülüb.

 

 Xalq Cəbhəsi.- 2011.- 23 noyabr.- S.13.