Xalqının
işıqlı oğlu
Elşən Mustafaoğlu: "Ziya
Bünyadovun əsərləri olduqca faydalıdır"
Aqil Ələsgər: "O,
xalqın sayğı ilə andığı
ziyalılarımızdandır"
1921-ci
il dekabrın 21-də Astara şəhərində anadan olan
Ziya Bünyadov orta məktəbi bitirdikdən sonra Bakı Ali
Birləşmiş Komandirlər məktəbində təhsilini
davam etdirib. II Dünya Müharibəsi dövründə
vuruşaraq Berlinədək şərəfli döyüş
yolu keçmişdi. Ziya Bünyadov ordudan təxris olduqdan
sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olub.
Həmin institutun aspiranturasına qəbul olunub. Sonra o, Azərbaycan
Elmlər Akademiyanın Tarix İnstitunda elmi
axtarışlarını davam etdirib. Ziya Bünyadovun elmi
yaradıcılığında ən mötəbər yerlərdən
birini müqəddəs "Quran-Kərim"i Azərbaycan
dilinə tərcümə etməsi tutur. Ziya Bunyadov 1964-cü
ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda
"Orta əsrlər tarixi" şöbəsinin rəhbəri,
elə həmin ildə tarix elimləri doktoru elmi dərəcəsi
və professor adına layiq görülüb.
Azərbaycan
xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən
və tarixi həqiqəti bugünkü nəsillərə,
dünya tarixinə çatdırmaq baxımından Ziya
Bünyadovun əsərləri əvəzsizdir. Akademik Ziya
Bünyadov Berlin şəhərinin Pankov rayonunun, Özbəkistanın
Urgənc, Astara və Göyçay şəhərlərinin
fəxri vətəndaşı idi. Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti olmuşdu. 1997-ci ilin
fevralın 21-də axşam saatlarında mənzilinin
yaxınlığında amansızlıqla qətlə
yetirilib. Nizami Nağıyev və Qalib Babayev ona 5
bıçaq zərbəsi vurmuş, onun ölmədiyini
görüb səsboğucu cihazı olan tapança ilə başına
iki güllə vurmuşdular. Bu işlə bağlı ilk məhkəmə
prosesi, 2001-ci ilin yanvar-fevral aylarında keçirilib. Hakimin qərarı
ilə qatillər Nizami Nağıyev və Mahir Zeynalov
ömürlük, müttəhimlər kürsüsündə
əyləşən digər 5 nəfər isə 10 ildən
14 ilə qədər azadlıqdan məhrumetmə cəzasına
məhkum olunub.
2011-ci ilin dekabrında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 ili tamam olur. Bəs, ziyalılarımız Ziya Bünyadovu necə xatırlayırlar?
"Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin sədri Elşən Mustafaoğlu mərhum Ziya Bünyadovu böyük alim kimi xatırlayır: "Azərbaycan elminin inkişafında onun özünəməxsus rolu olub. Bir çox alimlərimiz üçün onun onilliklərin zəhməti bahasına yaratdığı əsərləri olduqca faydalıdır. Şəxsən mənim özüm də Şərq fəlsəfəsi sahəsində çalışan bir mütəxəssis kimi Ziya Bünyadovun tədqiqatlarından çox bəhrələnmişəm. Mərhumun hörmətli akademikimiz Vasim Məmmədəliyevlə birlikdə üzərində çalışdığı "Qurani-Kərim"in dilimizə tərcüməsini xüsusi olaraq vurğulamaq istərdim. Ziya Bünyadov fikir, düşüncə insanı olub və hər zaman oxucularını da düşünməyə səsləyib".
"Üç nöqtə" internet portalının redaktoru Elməddin Muradlı hesab edir ki, Ziya Bünyadov bu gün də Azərbaycan üçün dəyərli şəxsiyyətdir: "Onun adı neçə illər keçsə də cəmiyyətdə həmişə xatırlanır. Alim olmaq asandır, insan olmaq çətindir. O, həm alim idi, həm də gözəl insan idi. O baxımdan unudulmaz bir şəxsiyyət sayıram. İndi bəziləri hərbi xidmətdən yayınır. İstəyirlər ki, elm adamları əsgərliyə getməsin. Əsgər getmədən elm adamı olmaq olar, amma həyatın hər üzünü görmədən nəsə əldə etmək çox çətindir. Ziya Bünyadov iki dəfə Sovet İttifaqı qəhrəmanı oldu, cəsarətli insan idi. Mən çox istərdim belə insanla təmasda olum. Onu canlı görməsəm də, çox təəssüflə deyirəm ki, Ziya müəllimin qətli ilə bağlı məhkəmə proseslərində iştirak etmişəm. Elə bir şəxsiyyətin ölümündə iştirak edənlər o qədər soyuqqanlı danışırdılar ki, məhkəmə proseslərində axıra qədər qala bilmirdim. O cür dahi insanı soyuqqanlıqla öldürmək qatillərə çox asan gəlirdi. Allah ona rəhmət eləsin! Onun ən böyük əsəri "Qurani- Kərim"i Azərbaycan dilinə tərcümə etməsidir. Sovet dövründə bunu etmək çox cəsarətli bir addım idi. Məncə, "Qurani-Kərim"in Ziya Bunyadov tərəfindən edilmiş tərcüməsi o birilərindən daha anlaşıqlıdır".
"Yeni Çağ" qəzetinin baş redaktoru, ilahiyyatçı-alim Aqil Ələsgərin fikrincə, Ziya Bünyadov Azərbaycanın ictimai fikirini yönləndirə biləcək qədər dəyərli şəxsiyyətlərdən biri idi: "Aydın Məmmədov, Ziya Bünyadov, Xəlil Rza kimi şəxsiyyətlər ölümlərindən illər keçsə də, xalqın sayğı ilə andığı ziyalılarımızdır. Ziya Bünyadov ictimai-siyasi fəallığı ilə yanaşı Azərbaycanın gerçək orta əsr tarixini araşdırması və yazması ilə olduqca mühüm iş görmüşdür".
"Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hesab edir ki, Ziya Bünyadovu yalnız şərəfli ziyalı, sözünə qiymət verən bir alim kimi xatırlamaq olar: "Onun mənəvi irsinin, elmi əsərlərinin öyrənilməsinə ehtiyac var. Elə ziyalılar bir çoxlarından fərqli olaraq cəmiyyətə yanız fayda verir".
Şərqşünas alim Samirə Həsənin vurğulayır ki, akademik Ziya Bünyadov şərqşünas alim, Azərbaycan tarix elminin böyük ziyalısı, Azərbaycan xalqının milli mənafelərini qorumaq məqsədi ilə onun tarixini dünyaya çatdırmağa çalışan böyük alimdir: "Onun erməni tarixçilərinin yalan iddialarına verdiyi cəsarətli, əsaslı cavabları ilə xatırlayıram. Bu gün Azərbaycan tarixçilərinin onun kimi bu iddiaaların qarşısında cəsarətlə dura bilməsini, bunun uğrunda düşmən gülləsini gözə almasını çox istərdim. Təbii ki, onun şərqşünas alim kimi Vasim Məmmədəliyevlə birlikdə tərcümə etdiyi "Qurani-Kərim" Azərbaycan xalqına verilən ən gözəl töhfədir. Bu böyük alimin hər əməli Azərbaycan xalqının mənafeyi uğruna, onun milli mənfəətini qorumaq uğruna olub. Ziya Bünyadov bu nöqteyi-nəzərdən Azərbaycanın həqiqi elm xadimidir".
ADP sədrinin müavini Həsrət Rüstəmov hesab edir ki, Ziya Bünyadov Azərbaycan tarixində çox böyük yer tutmuş, həm elminə, həm də şəxsiyyətinə görə özündən sonrakı nəsillər üçün nümunə olan bir insan idi: "Ziya müəllim həm də bir qədər əfsanəvi şəxsiyyət idi. Belə ki, 2-ci dünya müharibəsində döyüşmüş, Sovet İttifaqı qəhrəmanı olmuşdu. Eyni zamanda Sovetlər dönəmində sözünü, həqiqətləri deyə bilən İttifaq miqyasında tək-tək adamlardan idi. Ziya Bünyadovun ən böyük xidməti məncə Azərbaycan tarixinin düzgün yazılması işindəki xidmətləridir. Ziya Bünyadov faktiki olaraq Azərbaycan naminə şəhid oldu".
Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayılın fikrincə, Ziya Bünyadov Azərbaycan XX əsr tarixşünaslığının ən əsas isimlərindən biridir: "Azərbaycanda tarixi tədqiqatlara yeni nəfəs gətirən Ziya Bünyadov eyni zamanda sadəcə SSRİ-də deyil, onun hüdudlarından kənarda da tanınan çox dəyərli elm adamı idi. Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadov yaradıcılığı xüsusi yerə malikdir. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa etmişdir. Harada və hansı mövqedə olmasından asılı olmayaraq Ziya Bünyadov sözün əsl mənasında ziyalı idi".
Sosioloq Lalə Mehralı hesab edir ki, Ziya Bünyadov Azərbaycanın elm xadimləri arasında redaktəsi və müəllifliyi ilə nəşr olunan kitabların sorğusuz-sualsız qəbul olunduğu az-az insanlardan biridir: "O tariximiz barədə olduqca dolğun informasiyaya malik insan idi, yazdığı kitablar da bunu təsdiq edir. Ərəb dilini bilməsi və Quranı tam düzgün şəkildə tərcümə etməsi nədənsə bir çox dindar tərəfindən qəbul edilmir. Bunun səbəbi bütün gerçəkləri öz çılpaqlığı ilə ortaya qoymasıdır. Onun ölümü zamanı mənim yaşım çox olmayıb, 13 yaşında olmuşam. Amma ailədə gedən söhbətlərdən, sonralar oxuduğum kitablardan əsl Ziyanın kim olduğunu öyrəndim və öyrəndikcə kimi itirdiyimizi daha dərində anladım. Mən Ziya Bünyadovu həm də daha çox Babək Hürrəmi ilə bağlı fikirlərinə görə sevmişəm. Bir çox "tarixçimizin" qaralamağa çalışdığı, farsa, ərəbə yem etdiyi bu böyük Hürrəmi hökmdarı və dövləti, eləcə də ideologiyaları barədə Ziya Bünyadovun yazdıqları gerçəyin tam özüdür".
Şair Hafiz Hacıxalıl deyir ki, təkcə Atabəylər dövləti haqqında apardığı araşdırmaları onun Azərbaycan tarixinə verdiyi ən böyük töhfədir: "O, türk millətinin düşüncə tərzini, folklorunu, etnoqrafiyasını və ən ümdəsi böyük tarixini elmi dəlillərlə badxahlarımıza sübut etməklə təsdiq etdi ki, tarix tarixdir, onu dəyişmək və gizlətmək mümükün deyil".
DGTYB başqanı Əkbər Qoşalı Ziya Bünyadovu böyük elm xadimi, sözün əsl anlamında akademik və qəhrəman kimi xatırlayır: "Onun Azərbaycan fikir tarixində, ictimai-siyasi mühitimizdə, təbii, Azərbaycan tarix elminin inkişafında özünəməxsus yeri və rolu olub. Necə deyərlər, rəsmi olaraq da qəhrəman olan Ziya Bünyadov alim olaraq da öz cəsarəti ilə seçilirdi. Ziya Bünyadov çapında aydınlara hər bir cəmiyyətin ehtiyacı var".
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 26 noyabr.-
S.13.