Ümumrusiya Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib
Təşkilatın nizamnaməsində
dəyişilik edilib, Məmməd Əliyev yenidən qurumun sədri
seçilib
Noyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki "Prezident" otelində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III qurultayı keçirilib. Konqresin Rəyasət Heyətinin "Ümumrusiya Azərbaycanlıları Konqresinin III qurultayının çağırılması barədə" qərarına uyğun olaraq keçirilən qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilib. Qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində iştirak ediblər. Eyni zamanda Azərbaycan Respublikasından qurultayın işinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Naqdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu qatılıblar.
Qurultayı ÜAK prezidenti Məmməd Əliyev açaraq Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevin dəstəyilə yaradılmış konqresin Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanmasındakı rolundan danışıb, bu ölkədə yaşayan bir sıra görkəmli azərbaycanlıların Rusiya Federasiyasının inkişafına mühüm töhfə verdiyini bildirib. O, qurultayın gündəliyində duran məsələlər barədə məlumat verdikdən sonra qurultayın işçi orqanları yaradılıb, çıxış və məruzələr üçün reqlament müəyyən edilib.
Daha sonra Rusiya Federasiyası Prezident Administrasiyasının idarə rəisi, Administrasiya rəhbərinin müavini Sergey Vinokurov Rusiya prezidenti Dmitri Medvedevin qurultay iştirakçılarına müraciətini oxuyub. O, məktubunda Rusiya və Azərbaycan xalqlarını yüz illərlə bir-birinə bağlayan sıx dostluq və etimad əlaqələrinin olduğunu söyləyib: "Əvvəlki nəsillər bizim birgə tariximizi yaradıblar və bu tarixlə biz indi də fəxr edirik. Qiymətli dostluq, qonşuluq və əməkdaşlıq ənənələrimiz nəsildən-nəslə keçərək indi də inkişaf edir. Yüz minlərlə azərbaycanlı üçün Rusiya bu gün ikinci vətən deməkdir. Bu gün Azərbaycan diasporu Rusiya iqtisadiyyatına böyük töhfə verir, ölkənin elm, təhsil və mədəni həyatında aktiv iştirak edir, millətlərarası və icmalararası əlaqələrin möhkəmləndirilməsində mühüm fəaliyyət göstərir".
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına çatdırıb. Məktubda Azərbaycan prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından danışıb: "İkitərəfli münasibətlərin inkişafında Rusiyada yaşayan azərbaycanlıların heç də az olmayan rolu var. Sevindirici haldır ki, onlar çoxmillətli Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər və Rusiyanın suverenliyinə öz töhfələrini verirlər. Rusiyada vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi ÜAK-ın rolu qeyd olunub. Rusiyanın demək olar bütün regionlarında bölmələri yaradılan konqres qısa bir zamanda təsirə malik ictimai birliklərdən birinə çevrilib. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması ÜAK-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Əminəm ki, ÜAK-ın III qurultayı həm qurumun fəaliyyətində, eyni zamanda Rusiyada yaşayan Azərbaycan diasporu üçün mühüm hadisə olacaq və hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə və inkişafına xidmət edəcək".
ÜAK prezidenti Məmməd Əliyev konqresin II qurultayından ötən müddət ərzində görülmüş işlərə dair hesabat verib. O, ÜAK-ın Rusiyanın demək olar bütün subyektlərində fəaliyyət göstərdiyini qeyd edərək regional bölmələr arasında fəallığı ilə fərqlənən təşkilatların adlarını qeyd edib. Məmməd Əliyev Rusiyada qısa müddət ərzində yüksək səviyyədə təşkilatlanmış Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının uğurlarını qeyd edərək bildirib ki, ÜAK bundan sonra daha da uğurlu fəaliyyət göstərməyə məhkumdur.
ÜAK-ın Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxış edib. O, Azərbaycan və Rusiyanın müttəfiq ölkələr olduğunu qeyd edib və bu müttəfiqlik münasibətlərinin formalaşmasında iki xalq arasındakı dostluq münasibətlərinin də payı olduğunu söyləyib. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edən Ramiz Mehdiyev bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Rusiyanın göstərdiyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayıb. Rusiyada yaşayan azərbaycanlıların böyük potensiala malik olduğunu söyləyən Ramiz Mehdiyev ÜAK-ın ən böyük Azərbaycan diaspor təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycan dövlətinin diaspor quruculuğu prosesinə xüsusi diqqətlə yanaşdığını qeyd edən Ramiz Mehdiyev bu ənənənin əsasının Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. Nitqini tamamladıqdan sonra Ramiz Mehdiyev ÜAK prezidenti Məmməd Əliyevin Azərbaycan Respublikası prezidentinin sərəncamıyla "Dostluq" ordeniylə təltif edildiyini vurğulayıb və medalı ona təqdim edib. Daha sonra Ramiz Mehdiyev Dünya Azərbaycanlılarının III Qurultayında üzrlü səbəblərə görə iştirak edə bilmədiklərinə görə təltif olunduqları medal və fəxri adları təqdim edilməyən Azərbaycan diasporunun tanınmış nümayəndələri Qod Nisanov və Moskvadakı "Dərviş" teatrının baş rejissoru Mərdan Feyzullayevə müvafiq olaraq "Tərəqqi" medalı və "əməkdar artist" fəxri adını və müvafiq vəsiqələri təqdim edib.
Bundan sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edib, Rusiyada azərbaycanlıların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib və bunun iki ölkə arasındakı müttəfiqlik münasibətləri ilə yanaşı, Azərbaycan və rus xalqlarının mehriban qonşuluq və dostluq ənənələrindən irəli gəldiyini vurğulayıb.
Daha sonra ÜAK-ın İdarə Heyətinin üzvü, Moskva regional bölməsinin sədri İlqar Hacıyev, tanınmış ictimai xadim Rüstəm Arifcanov, Sverdlovsk regional bölməsinin rəhbəri Şahin Şıxlınski və digərləri çıxış edib, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Bundan sonra
Mandat Komissiyasının hesabatı dinlənilib,
qurultayın işində seçilmiş
130 nümayəndədən 119-nun iştirakı təsdiqlənib.
Mandat Komissiyasının, Nəzarət-Təftiş
Komissiyasının hesabatları səsə qoyularaq
bəyənilib, ÜAK-ın Hizamnaməsinə dəyişikliklər
qəbul edilib. Qurultayda
"Ümumrusiya Azərbaycanlıları
Konqresinin Rusiya
Federasiyasının prezidenti Dmitri Medvedevə müraciəti", "Ümumrusiya Azərbaycanlıları Konqresinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə
müraciəti", "Ümumrusiya Azərbaycanlıları
Konqresinin bəyanatı" və
"ÜAK-ın qətnaməsi" qəbul olunub.
Daha sonra ÜAK-ın
136 nəfərdən ibarət Mərkəzi Şurası, eyni zamanda 7 nəfərdən
ibarət Nəzarət-Təftiş Komissiyası seçilib. Qurultay işini başa
çatdırdıqdan sonra qurultay nümayəndələrinin
iştirakıyla ÜAK-ın Mərkəzi
Şurasının yeni tərkibinin
iclası keçirilib. Məmməd Əliyev
yenidən ÜAK-ın prezidenti seçilib. Mərkəzi Şura
ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin
tərkibini seçib. Mərkəzi
Şuranın iclasında Mikayıl Hüseynov
Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi seçilib.
Real
Xalq Cəbhəsi.-
2011.- 26 noyabr.-
S.4.