Həmişəyaşar
bəstəkar
Asəf Zeynallı ölkəmizdə
fortepiano üçün əsər silsiləsinin əsasını
qoyub
"Millətin
tərəqqisini arzu edən şəxs şübhəcizdir
ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də
görməlidir. İş isə cürbəcürdür və
bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi
görə bilər...". Düşünürük ki,
Üzeyir Hacıbəylinin bu gözəl sözləri və
xüsusi qeyd etdiyi "bu işi bir adam da görə bilər"
sözləri məhz gözəl bəstəkarımız, həmişəyaşar
Asəf Zeynallıya aiddir.
Qürur
hissilə deyə bilərik ki, Asəf Zeynallı - Azərbaycanda
professional təhsili almış ilk bəstəkar, bir
neçə janrın əsasını ilk dəfə qoyan sənətkardır.
O, dünyaya Dərbənd şəhərində göz
açıb, uşaqlıq illərini burada keçirib,
1920-ci ildən isə Bakı həyatı başlayıb.
1923-cü ildə Azərbaycan musiqi texnikumuna qəbul olunub
(truba sinfi üzrə). Gənc bəstəkarın elə ilk əsəri
də - "Truba üçün mahnı" məhz burada
yaranıb. Bir müddətdən sonra o, nəfəsli alətlər
şöbəsindən simli alətlər şöbəsinə
keçib, böyük həvəslə violonçelə
bağlanıb, həmin alət üçün əsərlər
yazıb.
Dahi
Üzeyirbəy Hacıbəyli gənc Asəfin taleyində
çox böyük rol oynayıb, elə onun məsləhəti
ilə də o, 1926-cı ildə konservatoriyaya daxil olur. Nəfəsli
alətlər fakültəsində oxuyur. Lakin bir neçə
ildən sonra bəstəkarlıq fakültəsinə
keçir və burada təhsilini davam etdirir. Bəstəkarlıq
sinfində tanınmış, müəllimlər - professorlar
V.V.Karaqiçev və L.P.Yablonko klassik musiqimizin
qanunlarını yüksək professionallıqla gənc Asəfə
öyrədirlər. Üzeyir bəy Hacıbəylinin sinfində
Asəf Zeynallı Azərbaycan xalq musiqisinin əsaslarına dərindən
bələd olur və onun rəhbərliyilə bir neçə
maraqlı əsər yaradır. Bu əsərlərdə bəstəkarın
Azərbaycan xalq musiqisi ladlarına, janrlarına əsaslandığı
aydınca duyulur.
Üzeyir
bəy Hacıbəylinin sinfində Asəf Zeynallı gözəl,
yadda qalan və bu gün də tez-tez ifa olunan əsərlər
yaradır: "Çahargah", "Durna" - fortepiano
üçün, "Muğam üslubunda" - skripka və
fortepiano üçün və bir çox başqa əsərlər.
Maraqlıdır ki, Asəf Zeynallı yaradıcılıq fəaliyyətinə
hələ tələbə ikən Bakıdakı Satir-aqit
teatrında başlamışdır. Onu bura həmin
teatrın direktoru, görkəmli teatrşünas, dövlət
xadimi və yazıçı Məmməd Sadıq Əfəndiyev
dəvət etmişdi. Asəf Zeynallı bu zamanlar bir
neçə tamaşaya musiqi yazır.
Konservatoriyada
oxuyarkən IV kursdan başlayaraq Asəf Zeynallı həmin sənət
ocağında musiqi, nəzəri fənlərdən dərs
deyir.
Onun
böyük xidmətlərindən birini qeyd etmək yerinə
düşər. Təxminən 1929-30-cu illərdə o,
Leninqrad şəhərində Azərbaycan musiqisi haqqında
mühazirələr oxuyur, müxtəlif konsertlər təşkil
edir. Leninqraddan Asəf Zeynallı Üzeyir bəyə məktub
yazır: "Çox hörmətli Üzeyir bəy!
Leninqradlılar türk musiqisi və bəstəkarlarının
yaradıcılığına böyük maraq göstərirlər...
Leninqradda olmağımdan faydalanaraq Leninqrad ictimaiyyətini
musiqimizlə tanış etmək fikrindəyəm, buna
görə də xahiş edirəm ən xarakterik əsərlərinizi
- simfonik, vokal, instrumental və b. nümunələrin
poçtla göndərilməyinə lütfən etiraz etməyəsiniz...
Buradakı filarmoniyanın əla orkestri və yaxşı
ifaçıları var..." Azərbaycan musiqisinə həsr
olunmuş konsert Leninqrad şəhərində çox
yüksək səviyyədə keçirilir. Həmin konsertdə
Üzeyirbəy Hacıbəylinin "Himn"i, Müslüm
Maqomayevin "Azərbaycan tarlalarında" simfonik əsəri,
A.Zeynallının isə "Qara qaşlar",
"Dağlar" vokal əsərləri səslənir.
Konservatoriyanı
bitirdikdən sonra, Asəf Zeynallı simfonik orkestr
üçün Süita yaradır ("Fraqmentlər"). Həmin
əsəri musiqi ictimaiyyəti rəğbətlə
qarşılayır. Asəf Zeynallı fortepiano
üçün musiqi sahəsinə yenilik gətirir. O, ilk dəfə
Azərbaycan musiqisində proqramlı silsilə əsəri
yaradır. Bu silsilə rəngarəng, olduqca ifadəli, milli
musiqimizlə sıx bağlı olan pyeslərdən ibarətdir.
Hər bir pyes sanki "teatrlaşmış" səhnəciyə
bənzəyir. ("Kuklaların yürüşü",
"Uşaq və buz", "Oyun", "Rəqs",
"Qoyunlar" və "Mübahisə") Fortepiano
üçün yazılmış bu silsilə indi də
şagirdlərin sevdiyi və həvəslə ifa etdiyi əsərlər
sırasındadır. Beləliklə, Asəf Zeynallı Azərbaycanda
fortepiano üçün əsər silsiləsinin əsasını,
bünövrəsini qoydu və onun ardınca digər bəstəkarlar
- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq
Quliyev, Elmira Nəzirova, Ziya Bağırov və digərləri
onun ənənələrini davam etdirdilər. A.
Zeynallının fortepiano üçün yazılmış
iki fuqasını da qeyd etməliyik. Bu əsərlər
polifoniya sahəsində ilk təcrübə kimi çox
maraqlı və ifadəli nümunələrdir. Həmin
fuqalarda A. Zeynallı Azərbaycan xalq musiqisinin
intonasiyalarından bacarıqla, incə bədii zövqlə
faydalanıb.
Bəstəkarın
yaratdığı əsərlər daha çox vokal
janrındadır. Azərbaycanda sovet hakimiyyətinin onilliyi
münasibəti ilə o, iki kütləvi mahnı yaradıb:
"Qırmızı bayraq" və "On il". Rəngarəng
mahnı janrlarında istedadını sınayan görkəmli
Azərbaycan bəstəkarlarının zəngin, çoxcəhətli
yaradıcılığında lirik romansın da öz yeri
var. Onların yaratdıqları lirik romanslarda
xalqımızın tükənməz həyat eşqi,
böyük vətənpərvərliyi və humanizmi öz təcəssümünü
tapıb. Musiqi dili aydın, bədii-obrazlı, oynaq, rəvan
olan bu əsərlər unudulmur, təravətini qoruyub
saxlayır. Mənbəyini xalq musiqisindən almış bu
lirik romanslardakı ahəngdarlıq, təbiilik xalq
mahnılarından əxz olunub. Bəstəkarlarımız
xalqımızın bu zəngin mənəvi sərvətinin
toplanılmasında, lentə alınmasında böyük
iş görüblər. 1927-ci ildə "Azərbaycan
türk xalq mahnıları" məcmuəsinin nəşri
bu sahədə ilk addım oldu. Məcmuəyə Üzeyir və
Zülfüqar Hacıbəylilərin, həmçinin
Müslüm Maqomayevin toplayıb işlədikləri
mahnılar daxil edilmişdi. Lirik romans və kütləvi
mahnı janrının misilsiz tərəqqisində, geniş
yayılmasında bu məcmuə xüsusi rol oynadı.
Bildiyimiz kimi, Üzeyir Hacıbəylinin 1929-cu ildə
yazdığı "Qaragöz" mahnısı ilə (mətnin
müəllifi də bəstəkarın özü idi) Azərbaycanda
peşəkar lirik mahnı janrının əsası
qoyulmuşdusa, ilk lirik romansları Asəf Zeynallı
yaratmışdır. Onun 1928-31-ci illərdə
yazdığı romanslar Azərbaycan vokal musiqi xəzinəsinin
qiymətli inciləridir.
Müasir
həyatın rəngarəng mövzularına ardıcıl
meyl, musiqi dilindəki yenilik, klassik forma və janrlardan
yaradıcı istifadə - Asəf Zeynallı üslubunu səciyyələndirən
mühüm amillərdir. Asəf Zeynallı romans-mahnı sənətinə
insanın dərin psixoloji aləmini, onun fərdi duyğu və
düşüncələrini gətirib. Lakin bu fərdi hisslər
xalq ruhu ilə sıx bağlı idi.
İnsan
şəxsiyyəti problemi, yeni insanın mənəvi aləmi
20-ci illərdə bəstəkarların çoxunun diqqət
mərkəzində idi. Əgər Üzeyir Hacıbəyli və
Müslüm Maqomayev ümumi - tipik hadisələri daha
qabarıq göstərirdilərsə, Asəf Zeynallı
insanın daxili aləmini açmağa xüsusi fikir verirdi.
Bəstəkarın
yaradıcılığında vətənpərvərlik
motivləri çox güclüdür. "Ölkəm",
"Sual" lirik romansları, vətəndaşlıq pafosu
ilə dolu olan "Seyran", "Çadra" və "Sərhədçi"
publisistik romansları bəstəkarın vokal sənətinə
bəxş etdiyi gözəl musiqi əsərləridir. Həmin
əsərlərdə bəstəkarın xalq musiqisinə
bağlılığı, novatorluq xüsusiyyətləri nəzərə
çarpır. Asəf Zeynallı "Sərhədçi"
romans - balladasında respublikamızda ilk dəfə olaraq bas səsindən
istifadə edib. Sonralar həmin səs üçün
A.Sultanova "Xoşbəxt Azərbaycan", V.Adıgözəlov
"Yeddi çinar" mahnılarını yazıb.
İstedadlı bəstəkar çox az yaşasa da (27 oktyabr
1932-ci ildə vəfat edib), olduqca mənalı, gərgin,
yaradıcı ömür sürüb. Onun gözəl və
ürəklərə yol tapan musiqisi xalqımızın
ürəyində yaşayır və həmişə də
yaşayacaqdır.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2011.- 19 noyabr.- S.14.