Əfsanə
qadın
Əfsanə qadın! Türkiyədə Cahidə Sonkunu belə adlandırır, belə tanıyırdılar. Yox, o, əfsanələrdən gəlməmişdi, amma bir əfsanə qadın idi. Türk kinosunun ilk ulduzu, ilk qadın kinorejissoru və prodüseri Cahidə Sonkunun türk kino sənəti tarixində öz əvəzsiz yeri var. Türkiyədə bu gün də onu xatırlayır, çəkildiyi filmlərə maraqla baxırlar, inanırlar ki, türk kinosunun bir Əfsanə qadını olub və belə qadınlar yalnız əfsanələrdə yaşamırlar.
İlk dəfə Cahidə Sonkunun adını tanınmış türk kinoşünası, tənqidçisi Atilla Dorsayla söhbətdə eşitmişdim. Atilla Dorsay onun həyat və yaradıcılığından həvəslə, bir az da ürək ağrısıyla danışdı. Söhbətdən çox təsirlənmişdim, türk kinosunun ilk qadın kino ulduzu Cahidə Sonkunun acı taleyi məni yamanca mütəəssir eləmişdi. Sonradan onun həyat və yaradıcılığı ilə yaxından maraqlanmağa başladım. Onun əsl adı Cahidə Sərabdır. 1916-cı ildə Yəməndə anadan olub. Hələ uşaqlıq çağlarından sənətə həvəsli olsa da, Cahidənin ağlına belə gəlməzdi ki, tezliklə tale onun üzünə güləcək. O, Türkiyənin bir nömrəli kino ulduzu olacaq. Əslində, belə fikirdən uzaq olmağı, sənətə əlçatmaz bir zirvə kimi baxmağı təsadüfi deyildi, ona görə ki, gənc qızın nəinki xüsusi təhsili, heç tam orta savadı da yox idi. Kino haqqında düşünməsə də, teatra marağı böyük idi və ilk addımlarını da məhz bu sahədə atmağa qərar vermişdi. İlk vaxtlar Xalqevləri, sonra isə İstanbul şəhər teatrında fəaliyyətə başladı, əvvəlcə kütləvi səhnələrdə oynadı, epizodik rollarda çıxış elədi. Şekspir, Lev Tolstoy, Çexov kimi ünlü yazıçıların əsərlərinin səhnə quruluşunda rol aldı. 1933-cü ildə rejissor Möhsün Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı uğurlu roluyla aktrisa özünün nəyə qadir olduğunu göstərə bildi. Gənc qızın potensial imkanlarını qiymətləndirən Ərtoğrul onu filmdə çəkilməyə dəvət edir. Bəzilərinin bu təklifə inamsız yanaşması belə onu fikrindən döndərmir. Sonradan Cahidənin kinodakı uğurları sübut eləyir ki, rejissor öz qərarında yanılmayıb.
Türk kino tarixinə nəzər salanda görürük ki, bir çoxlarının sənətə gəlişi təsadüfi olub. Adi bir təsadüf kimisə ölkənin sənət ulduzuna çevirib. Bu ulduzlar arasında qəfildən parladığı kimi, bir göz qırpımındaca sönənlər də olub, bəziləri isə uzun illər sənnətdə öz sözünü axıracan deməyi bacarıb. O vaxtlar Türkiyədə xüsusi savad verən, teatr, kino sənətçiləri yetirən təhsil ocaqları yox idi, odur ki, sənətə aparan yol kiçik dərnəklərdən, kurslardan keçirdi. Bir də qalırdı hər kəsin öz bacarığına, istedadına. Məhz öz istedadına arxalananlar ulduzlar kəhkaşanına aparan yolda büdrəmir, sənət zirvəsinə qalxa bilirdilər. Cahidə Sonkunun yaradıcılığı bir qədər fərqli və təzadlıdır. Görəsən, bu qadın sənətdə öz sözünü tam deyə bilmişdimi, demədiyi nələr qalıb? Macəralarla dolu ömür yolunun uzun sürməməyi nələrdən xəbər verir? Kimdir günahkar? Onun özümü, yoxsa, düşdüyü mühit? Hər halda, Cahidə Sonkunun ölkənin kino dünyası adlanan Yaşılçamdan başlayıb, amma Yaşılçamda bitməyən müəmmalarla dolu tale yolu macərasız keçməyib. Cahidənin həyat yolu ölkənin məşhur kino aktrisalarını hardasa xoflandırıb. Onun taleyinə bənzər taleyi kimsə yaşamaq istəməyib. Əslində Yaşılçam ulduzlarının bir çoxlarında tale oxşarlığı yox deyildir.
Teatrdakı ilk addımları uğurlu sayıla bilməzdi. Bu təbiidir, gənc, təcrübəsiz qızın birdən-birə uğur qazanması nə özünün, nə də başqalarının ağlına gəlməzdi. Kim bilir, rejissor Möhsün Ərtoğrul onu teatr tamaşalarında oynamağa, sonradan isə kinoda çəkilməyə dəvət eləməsəydi, Cahidənin taleyi necə olacaqdı? Bu sual çoxlarının, o cümlədən aktrisanın həyat və yaradıcılığını tədqiq eləyən tanınmış kinoşünaslardan Atilla Dorsayın, Agah Özgücün və digərlərinin yazılarında da qoyulub, amma cavabsız qalıb. Bəlkə bu suala heç Cahidənin özü də cavab tapa bilməzdi. Amma o, M.Ərtoğrula minnətdar idi və bu fikrini heç vaxt da gizlətməyib. Kim bilir, bəlkə də həyatının ağır, acınacaqlı vaxtlarında düşünüb ki, kaş sənətə gəlməyəydi, kaş məşhurlaşmayaydı, əfsanəvi qadın yox, öz evinin, ailəsinin qayğıları ilə yaşayan milyonlarla sadə türk qadınlarından biri olaydı.
Cahidə Sonkunun sənətə gəlişi kinonun yeni bir mərhələyə qədəm qoyduğu vaxta təsadüf edirdi. Səssiz kino dövrü artıq geridə qalmışdı. Otuzuncu illərin əvvəlində Türkiyədə ilk səsli filmlərin ekrana çıxması təbii ki, əhalinin, tamaşaçıların böyük marağına səbəb olmuşdu və yeni filmlər göstərirdi ki, kino çox vacib və aktual sənət növü kimi formalaşa bilər. Kino Türkiyəni türklərə tanıtdı, türklər ekranda öz həyatlarını, öz qayğılarını görürdülər. Əhalinin çox hissəsinin savadsız olduğu bir vaxtda bu sənət xüsusi əhəmiyyət kəsb edirdi. Təbii ki, yeni kino yeni tələblərlə, yeni mövzularla gəlirdi, kinoya istedadlar gərək idi. Yeni kinonu yeni nəsil irəli aparacaqdı. Müsəlman dünyasına xas olan problemlər Türkiyə üçün də xarakterik idi. Şəriət qanunları müsəlman qızlarının səhnəyə çıxmasına icazə vermirdi, bu da qadınların bir növ sənətdən kənarda qalmasına gətirib çıxarırdı. Türkiyədə qadın rollarının ifaçıları xristian əsillilər idi. Teatrda, kinoda qadın rollarını ya kişilər, ya da yunan, erməni millətindən olan qadınlar oynayırdılar ki, bu da qənaətbəxş sayıla bilməzdi, onlardan ötrü müsəlman qadınlarının hiss və həyəcanını, psixoloji aləmini açmaq, bunu tamaşaçıya çatdırmaq elə də asan deyildi. Müsəlman qadının obrazını müsəlman aktrisa yaratmalıydı. Zaman keçdikcə kino öz ekranını türk qadınlarının da üzünə açdı. Onlar sənətə gəlişləri ilə ölkənin kino tarixində yeni bir səhifə açdılar. M.Ərtoğrulun iyirmi bir yaşlı həyat yoldaşı Neyire Ərtoğrul və Bədiə Müvahit "Atəşdən köynək" filmindəki rolları ilə milli kino sənətinə əvəzsiz xidmət göstərdilər. Ərtoğrul kinonu qadın aktyorsuz təsəvvür etmir və bilirdi ki, gec-tez onlar da ekrana çıxmalıdırlar. Çünki kinonun gələcəyini, sabahını başqa cür görmək mümkün deyildi. Bu ilk addımı atmaq, hər şeydən əvvəl, cəsarət tələb edirdi. Onun sənətə gəlişi, bir tərəfdən təsadüf də sayıla bilməzdi, kinonun Cahidəyə, Cahidənin də kinoya ehtiyacı vardı. "Söz bir, Allah bir" filmiylə sözünü deyən gənc aktrisanın üzünə kino öz qapılarını taybatay açdı. Gənc Cahidənin kinodakı ilk rolundan razı qalan rejissor M.Ərtoğrul onu daha bir filmə dəvət eləyir. 1937-ci ildə çəkilən "Bataqlı damın qızı Aysel" filmindəki oyunu ilə aktrisa tamaşaçıların sonsuz sevgisini qazanır. Qazandığı uğurlar Cahidədə özünə olan inamı artırır və o, həyatını kinoya bağlayır, başa düşür ki, kino onun yalnız bu günü yox, həm də sabahı, gələcəyidir.
"Bataqlı damın qızı Aysel" filmi türk kino tarixində kənd mövzusunda çəkilmiş ilk kino lenti kimi tanınır. Nazim Hikmət də bu filmi yüksək qiymətləndirib. O, kino haqqındakı məqalələrindən birində yazır: "Kinematoqraf hər şeydən əvvəl, incəsənətin bütün növlərinin sintetik birliyinin bəhrəsidir. O təkcə əyləndirməməli, həm də hiss etməyə, öyrənməyə, düşünməyə məcbur etməlidir. "Bataqlı damın qızı Aysel" filmi buna uyğundur və mən bu filmin yaranmasına səhrada uzun müddət susuzluqdan yanan və nəhayət, bulaq tapmış səyyah kimi sevinmişəm. Bu film bizim kinometoqrafda möhkəmlənmə dövrüdür. Onu təqdirəlayiq rejissor Möhsün Ərtoğrul, operator Cezmi Ar yaratmışdır. Əsas rolları Cahidə Sonku, Müfit Küper, Mahmud Maralı məharətlə oynayırlar. Ancaq rejissorun fikrincə baş rolu bizi qidalandıran Torpaq oynayır..."
O vaxtlar Türkiyədə kino tənqidi formalaşmasa da, ayrı-ayrı yaradıcı insanların, yazıçı və jurnalistlərin məqaləlrində filmlərə münasibət bildirilirdi. Təbii ki, bu məqalələrdə Cahidə Sonkunun oynadığı rollar da təhlil edilirdi. Qəzet və jurnalların səhifələrini sarışın, gözəl Cahidənin şəkilləri bəzəyirdi, hər yerdə onu məclislərin yaraşığı sayırdılar. Gənc qızı məşhur kino ulduzu Marlen Ditrixlə müqayisə edirdilər. Çox qısa zamanda Türkiyənin əfsanə qadınına çevrilməsi, böyük şöhrət qazanması Cahidədə, necə deyərlər, başgicəllənməsi yaradır. O, türk teatrının, türk kinosunun ərköyün, şıltaq sənətçisi kimi də tanınırdı. Rejissorlar onun şıltaqlığına dözürdülər, daha doğrusu, dözməyə məcbur olurdular. Cahidənin adı filmlər üçün ən yaxşı reklam idi. Şöhrət girdabına yuvarlanan aktrisa artıq sabahıyla deyil, bu günüylə yaşayırdı. Bahalı villalar, təmtəraqlı restoranlar, saysız-hesabsız məclislər gözünü tutmuş, sanki gələcəyini ona unutdurmuşdu. Dövrünün Tütün Kralı adlandırılan İhsan Dorukla evliliyi çox sürmür, ardınca qeyri-rəsmi nikahlar gəlir. Beləcə, həyat davam eləyir, o həyat ki, uzun illər sonra çoxseriyalı bir filmin mövzusu olacaqdı və aktrisa filmdəki baş rolun nə ifaçısı, nə də seyrçisi olacaqdı. Ölümündən səkkiz il sonra Türkiyə televiziyası aktrisanın ruhu qarşısında borclu qalmaq istəməyib "Cahidə" adlı çoxseriyalı filmi sifariş verdi. Əsəri istedadlı rejissor Ziya Öztan ekranlaşdırdı. Baş rolda populyar aktrisa Halə Soyqazi çəkildi. Halə Soyqazi çox filmlərdə oynayıb, sevilən ekran obrazları çoxdur, Cahidəninsə aktrisanın qəlbində öz xüsusi yeri vardı. Vaxtilə bütün Türkiyəni heyran edən, xatirələrdə yaşayan talesiz bir qadının taleyini ekranda yaşamaq elə də asan deyildi. Hələ Soyqazi tamaşaçıları inandırmalıydı ki, ekrandakı aktrisa yox, Cahidə Sonkunun özüdür. Rejissor Ziya Öztan Cahidə roluna aktrisa axtaranda qərara gəlmişdi ki, baş rolun ifaçısıyla Cahidə Sonkunun zahiri bənzərliyi də olmalıdır. Bu çox vacib amil idi və rejissorun məhz Hələ Soyqazinin üzərində dayanması da təsadüfi deyildi. Onların bir oxşarlığı da bundaydı ki, Halə Soyqazi də Cahidə kimi sənətə gözəlliyi sayəsində gəlmişdi. Gözəllik müsabiqəsinin qalibi olduqdan sonra gözlər ona dikilmiş, onu kinoya çəkilişə dəvət etməyə başlamışdılar. Bir az da tale bənzərlikləri vardı - Halənin də ilk evliliyi uğursuz alınmışdı, o, həyat yoldaşından boşanmış, qeyri-rəsmi nikahla bir başqasıyla yaşamışdı. Yəqin ki, bu tale bənzərliyi Cahidə Sonku obrazını bütün dolğunluğu ilə yaratmaqda aktrisaya yardımçı olmuşdu.
Kino sənətində
yalnız ünlü bir
aktrisa kimi
tanınıb sevilməklə kifayətlənməyən
Cahidə Sonku özünü
kinorejissorluqda da
sınamaq istəyir. "Fədakar ana"
filmiylə adını türk kino tarixinə ölkənin ilk
qadın kinorejissoru kimi
yazır. Qazandığı uğurlardan ruhlanan Cahidə "Sonku-film"
şirkətini qurur. Həyat
yoldaşı Talat Artemel
və Sami Ayanoğlu
ilə birlikdə "Vətən və Namiq
Kamal" filmini
ekranlaşdırır. 1951-ci ildə "Ulduz"
jurnalının keçirdiyi müsabiqədə
əsər "Ən yaxşı film",
Cahidə isə "Ən yaxşı qadın aktrisa" seçilir.
Cahidənin belə bir mövzuya
müraciət etməyi yəqin ki, təsadüfi
deyildi. Türk mədəniyyətində,
maarifçiliyində və ədəbiyyatında böyük xidmətləri olmuş
Namiq Kamalın həyatını ekrana gətirmək həm də böyük ustalıq və cəsarət tələb
eləyirdi. Xalq Namiq Kamal sənətini çox
sevir, yüksək qiymətləndirirdi.
Belə bir vətənpərvər
insanın ekran orazını yaratmaq həm də böyük
məsuliyyət və risk demək idi.
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 29 noyabr.- S.13.