Füzuli irsinə teatr baxışı 

 

Mərhum Vaqif İbrahimoğlu "Yuğ" Teatrının rəsmi poetikası kimi "psixosof"u elan etdikdən sonrakı dövrdə tamaşalar Yunqun, psixoloji enerji kimi göstərdiyi xüsusi enerjinin obyektdən asılılığını itirərək "proyeksiya şəklində dərkindən" alınan yüksək, xoş təəssüratın hiss edilməsinə yönəlmişdi. "Yuğ" Teatrının gənc kadrlarını isə subyektin obyektdən və proyeksiyadan həm intellektual, həm də psixoloji cəhətdən "doyduğu", "usandığı" məqam daha çox maraqlandırır. Məsələ bundadır ki, Vaqif İbrahimoğlunun seçdiyi obyektonun proyeksiyası onu "usandırmırdı", gənclərin mövqeyi isə daha antropolojidir. Bu səbəbdən də teatrın tamaşaları bir-birini təkrarlamırdı. Dediklərimizin bariz nümunəsi teatrın möhtəşəm işlərindən olan "Mən, Məhəmməd Füzuli..." səhnə divanı layihəsidir. Divan Füzulinin qəzəlləri əsasında hazırlanıb. Səhnə divanı səkkiz tamaşadan ibarətdir: "Vəsl" - quruluşçu rejissoru Vaqif İbrahimoğlu; "Hicr" - quruluşçu rejissoru Gümrah Ömər; "Bəlayi-eşq" - quruluşçu rejissoru İradə Sayya; "Rəhm" - quruluşçu rejissor Tural Vaqifoğlu; "Yar" - quruluşçu rejissoru Günay Səttar; "Rüsva" - quruluşçu rejissoru Şahbaz Rəsul; "Əfqan" - quruluşçu rejissoru Mikayıl Mikayılov; "Ya Rəbb!" - quruluşçu rejissoru Mir Sahib.

Gəlin, burada biz yalnız ilk üç işi nəzərdən keçirək. Ümumiyyətlə, Məhəmməd Füzuli Vaqif İbrahimoğlunun ən çox sevdiyi (bu barədə dəfələrlə müsahibələrində də bildirmişdi) və teatrda bir neçə dəfə müraciət etdiyi şair idi ("Yuğ" Teatrında qoyulan "Leyli demə...", "Dad", "Yol" ("Hədiqətül-şüəda"nın əsasında) tamaşalarından əvvəllər də rejissor Vaqif İbrahimoğlu Füzuliyə müraciət etmişdi).

Məryəm Əlizadə Azərbaycan teatr tarixinin inkişafında Füzuli fenomenindən, geniş mənada götürdükdə, yan keçildiyini vurğulayır və "Füzuli teatrı"nın yaradılmasının ümumilikdə Azərbaycan teatrı üçün əhəmiyyətini göstərir. Məryəm Əlizadə Füzuli poeziyasına xas dramatik xüsusiyyətlər aşkarlayaraq potensial rejissorları istiqamətləndirir. Bu sırada Füzulinin "ekzistensional məsələləri yaradıcı material kimi" götürməsi önə çəkilir, ikinci vurğulanan kateqoriya Füzulinin sözə olan münasibətidir: söz Füzuli poeziyasının "can"ıdır. Daha sonra M.Əlizadə "Füzuli teatrı"nın rasionalist başlanğıcdan uzaqlaşaraq, "irrasional dərketmə imkanları"nı aşkarlamaqla gerçəkləşdirilməli olduğunu söyləyir. Növbəti xüsusiyyət kimi, Füzuli qəhrəmanlarının "fövqəltəbiiliyi" göstərilir. Nəhayət, son keyfiyyət kimi müəllif Füzuli yaradıcılığında "eşq" anlayışının tutduğu vacib mövqeyə teatr sənətçilərinin diqqətini yönəldir.

Göstərilən müddəaların hər birinin üzərində uzun-uzadı araşdırma aparmaq olar. Bizim məqsədimiz "Füzuli teatrı"nın nəzəri-konseptual planının şərhi deyil. Demək istədiyimiz budur ki, kifayət qədər geniş və ətraflı hazırlanmış plan artıq "Yuğ" Teatrının yeni səhnə divanı timsalında öz realizəsinə doğru iri addımlarla irəliləyir. Kifayət qədər geniş yaradıcı irsə malik olan Füzuli poeziyası əhatəliliyi ilə təəccübləndirir. Yəni, "Füzuli teatrı"nın yaradılması yolunda hansısa çərçivədən söhbət gedə bilməz. Bu, həm bilavasitə Füzuli poeziyasının rəngarəngliyindən, həm də yuxarıda "Füzuli teatrı" üçün Məryəm Əlizadənin irəli sürdüyü təkliflərdən istənilənin seçilə bilməsi, hansının isə diqqətdənkənar qoyulmasının mümkünlüyü, eyni zamanda tamamilə fərqli bir şeylə çıxış edilmənin də mümkünlüyündən qaynaqlanır. Söhbət "Füzuli teatrı"ndan gedirsə, burada "eşq" mövcudluğun, varolmanın göstəricisi kimi çıxış edir. "Sevirəm, deməli, varam" ifadəsi dar mənada da nəzərdən keçirilir, ancaq bu zaman "eşq" konsepsiyası uduzmuş olur.

Hər halda dəqiq deyə bilərik ki, "Yuğ" Teatrının Füzuliyə müraciətinin səbəbi gözəl "vasitə"nin arxasında gizlənən mahiyyətə şəkksiz-şübhəsiz inamdadır. Yaşar Qarayev Füzuli sözünün sehrliyini belə izah edir: "(...) bütünlükdə həm "Leyli və Məcnun"un, həm də "Divan"ın semantik stixiyası - ilahi, sirli, təhtəlşüur bir aləmdən xəbər verir. Hər iki kitabda şair Qurandan gələn ilahi üslubda, göylərin, müqəddəsliyin insanla danışdığı müştərək poetikadasemantikada danışır". Aşkarlanmayan şüur isə "Yuğ" Teatrının istinad etdiyi mənbədir. Sözsüz ki, Füzulinin qeyri-şüuri olan yazı üslübü əslində informasiyanın şüurlu surətdə yığılması, dünyanın məqsədyönlü dərki istiqamətindəki şüurlusözsüz ki, həmin təəssüratları üzərində aparılan zehni "əməliyyatlar"ın nəticəsində yaranmışdır. Fikrimizcə, "intuisiyaanaliz" şüarını prosesində əsas sayan unudulmaz rejissor Vaqif İbrahimoğlunun teatrına "Füzuli teatrı", "Yuğ"dan daha çox yaraşardı. Sözsüz ki, biz bunu deyərkən teatrın yalnız Füzuli yaradıcılığından bəhrələnməli olduğunu nəzərdə tutmuruq. Demək istəyirik ki, hər iki sənətkarın həm Füzulinin, həm də Vaqif İbrahimoğlunun yaradıcılığı eyni prinsiplər üzərində qurulmuşdu. Bəlkə də, bütövlükdə Vaqif İbrahimoğlu yaradıcılığını, üslubunu, metodologiyasını teatrdan daha geniş müstəvidə nəzərdən keçirsək, məhz Füzuli sələfliyinin şahidi olacağıq. Dəqiq olan budur ki, Avropa üçün yenilik olduğu halda, Azərbaycan bədii təfəkkürü üçün, Azərbaycan yaradıcılığı üçün bu iki, qərb üçün az qala barışmaz başlanığıcları bir yerdə sistemləşdirmək mümkün olmuşdu (məhz bu səbəbdəndir ki, Azərbaycan fəlsəfi fikir tarixinin inkişafında konkret şairlər də özünəməxsus yer tutmaqdadırlar).

Beləliklə, "Mən, Məhəmməd Füzuli..." silsiləsindən ilk tamaşa Vaqif İbrahimoğlunun quruluşunda təqdim olunan "Vəsl" tamaşası oldu. Mübaliğəsiz deyə bilərik ki, "Aşiqi-sadiq Məhəmməd Füzulinin xəyal məkanında vüsal ayini" kimi müəyyənləşdirilən tamaşada Məryəm Əlizadənin "Füzuli teatrı"nın necə olmasına dair yuxarıda göstərdiyimiz fikirləri öz əksini tapmışdır. Qeyd edək ki, tamaşa Füzulinin "Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni..." və "Yar rəhm etdi məgər naləvi əfğanımıza..." qəzəlləri üzərində qoyulmuşdu. Tamaşada iştirak edirlər: Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, Qasım Nağı, Natəvan Qeybani, Kamran Yunis, Rasim Cəfərov, Ruslan Şöhrətoğlu, Təranə Atacan. Tamaşa rejissor fikrinə tabe olunmuş Füzuli qəzəlindən deyil, Füzuli qəzəlinin səhnə əsərini yönəltdiyi mahiyyətdən ibarətdir. Tamaşa ilk öncə iştirakçıların sosial həyatın problemlərindən əzgin halda vurhavurunda, qaçhaqaçında necə səhnəyə atılmaqlarını göstərir. Bu qaçhaqaçdan tamaşaçının başı belə fırlanmağa başladığı an (görünür, elə belə də nəzərdə tutulmuşdu) hamı dayanır, xüsusi vəziyyətə daxil olmağa hazırlaşırlar ki, birdən nə isə onları saxlayır: aşkar olmaq qorxusu. Ancaq bu da onları saxlaya bilmir, ani fikrə daldıqdan sonra, bəziləri tərəddüdlə də olsa, sonda hamı qalmaq qərarını verir. Bütün bu keçidlər işıq və musiqinin dəyişməsi ilə müşayiət olunur. Daha sonra bütün iştirakçılar xüsusi qurğunun - "sehrli məkan"ın ətrafında toplaşır və Füzulinin "Leyli və Məcnun" əsərindən "Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni..." qəzəlini demək üçün növbəyə dururlar. Bundan sonra iştirakçılar hələ əvvəldə yandırdıqları şamların işığında eyni qəzəli deməyə başlayırlar. Qurğuya daxil olanın duası kimi səslənən qəzəli hər bir iştirakçı özünəməxsus şəkildə əsaslandırır, burada rejissor aktyorlara tam azadlıq verib. Vaqif İbrahimoğlu aktyorlara tamaşanın həmmüəllifləri kimi yanaşırdı. Bu səbəbdən də, istər əsaslandırmanın, istərsə də onun ifadəli təzahürürnün seçimi aktyorlara - "ayini qılanlara" məxsusdur. Belə ki, rejissorun ideyasına əsasən, hər iştirakçı istənilən dini inancın təzahür forması kimi duasını təqdim etməli idi. Məqsəd isə burada ümumilikdə, Allah, Tanrı ideyasını yaradan səbəbin, ehtiyacın göstərilməsi idi. Belə ki, psixoloji enerjinin məhsulu kimi çıxış edən "Allah" ideyası, istənilən halda, çətin vəziyyətə düşmüş insanın şüurlu surətdə problemlərini həll edə bilmədiyi anda beynin ona təklif etdiyi vasitədir. Burada biz səma dərvişləri ilə islam dininin (ümumiyyətlə, qəbul olunmuş mənada istənilən dinin) arasındakı uyğunsuzluq məqamlarını aşkarca hiss edirdik. Füzulinin istəyi Allahın bir obyekt kimi var olmasına inamın saxlanılmasından ibarətdir, sufi dərvişləri isə Allahı hər dəfə "yaradaraq" və "yox edərək" enerji mübadiləsinin tənzimi ilə məşğul olurlar.

"Vəsl" tamaşasının iştirakçıları isə müxtəlif inanc təzahürlərini göstərməklə Allahın qəlb tərəfindən yaradılmasını xatırladır (psixosof - qəlbin hikməti). Hər bir iştirakçı öz duasını bitirdikdən sonra sosial gerçəklikdən müəyyən müddətə də olsa uzaqlaşa bilir. Bu vəziyyətin təzahürü isə uşaqlıq dövrü ilə xarakterizə olunur. Sözügedən reqresi izləmək üçün K.Q.Yunqa müraciət edək: ""Uşaq" kimi olmaq - yığılıb qalmış libido ehtiyatının olması deməkdir ki, bu da hələ özünə çıxış tapa bilər. Uşaq üçün libido xarici əşyalara sirayət edirbununla da o, dünyanı əxz edir, ancaq bununla da o, dinin söylədiyi kimi, özünü dünyaya verərək yavaş-yavaş özünü itirir. Belə ki, əşyalar yavaş-yavaş üstün dəyər qazanır. Bu zaman əşyalardan asılılıq yaranır".

Ruhu ilə "vəsl"ə can atan tamaşa qəhrəmanlarının səhnədəki inkişafı göstərdiyimiz misalın sonundan əvvəlinə gedən xətt üzrə inkişaf edir. Yəni sosial gerçəklikdən, "əşyalar dünyası"ından asılı vəziyyətə düşən qəhrəmanlar özlərini "dünyadan alaraq" ruhları ilə qovuşurlar. Bu, Füzulinin Vaqif İbrahimoğlu duyumundakı səhnə realizəsi idi.

Doğrudan da, Füzuli yaradıcılığı öz təsir arealının genişliyi ilə fərqlənir. Böyük rejissor Vaqif İbrahimoğlunun "Vəsl" tamaşası Füzuli yaradıcılığının ən dərin və ümumi qatının təzahürü sayıla bilər. Birinci qat kimi dəyərləndirilə bilən şeirin sözlərinin sadəcə leksik mənasının, bənzətmələrlə olsa belə, daşıdığı yük hər gün həyatımızda müşahidə edə biləcəyimiz hadisələrin mənzərəsini açır (bu qatla biz "Yuğ" Teatrında rastlaşmırıq). Sonrakı qatlarda obyektiv gerçəkliyin şərtləri ilə müəyyənləşən subyektiv hallardır ki, onları sadəcə müşahidə etmək və müşahidənin nəticəsi kimi hiss etmək çox çətindir. Məhz bu qatların əksini "Mən, Məhəmməd Füzuli..." səhnə divanının ikinci tamaşası olan "Hicr" canlandırır.     

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 30 noyabr.- S.13.