Azərbaycan poçtunun dünəni və bu günü
Saralmış məktublar və
kağız qoxusu
...Poçt
daşınmaları haqqında ilk təsəvvürüm
babamın Böyük Vətən müharibəsi illərində
ailəsinə yazdığı məktublardan başlayır.
Bu məktubları oxumaq üçün hətta latın
qrafikasını da öyrənmişdim. Az qala hər gün
üçbucağa bənzəyən, qat kəsmiş,
saralmış məktubları zamanın dolanbacında rəngi
solmuş köhnə ayaqqabı qutusundan çıxarır,
təkrar-təkrar oxuyurdum. O məktubların qoxusu bu gün də
burnumdan getməyib. Kağız qoxusu...
Sonradan
anladım ki, məni kitaba, ədəbiyyata, mətbuata
bağlayan da məhz o məktublar, mənim üçün
dünyanın heç bir ətrinin əvəz edə bilməyəcəyi
kağız qoxusu olub...
...Bir
dəfə anamdan babamın sonuncu məktubunu harada
saxladığını soruşdum. "Sonuncu məktub...
Bütün məktublar qutudadır axı. Hə, sən yəqin
"qara kağız"ını soruşursan", - dedi.
Kövrəldi: "Yazığın heç "qara
kağız"ı da gəlmədi. Hə
öldüyünü bildik, nə də
qaldığını..."
Anamın
göz yaşları "qara kağız"ın nə demək
olduğunu öyrənməyimə imkan vermədi. Sonra
müharibə haqqında çəkilən filmlərdən
öyrəndim qara kağızın nə olduğunu... Sən
demə ölüm xəbəri gətirirmiş "qara
kağız"lar. Heç kim bu kağızları, bu
ölüm məktublarını ünvanına
çatdırmaq istəmirmiş...
...Orta
məktəbdə təhsil aldığım illərdə əmim
poçt müdiri işləyirdi. Vaxtaşırı ona
baş çəkirdim. Məktubların necə
çeşidləndiyinə, möhürləndiyinə
baxırdım. Əllər ildırım sürətiylə
işləyirdi... Məktubların üzərindəki
ünvanlar bir çox hallarda qarmaqarışıq, bəzən
isə oxunması mümkün olmayan xətlə
yazılırdı. Çox vaxt poçt işçilərinin
qısa bir zaman kəsiyində məktub sahiblərinin
ünvanlarını necə müəyyənləşdirdiklərinə
təəccüblənirdim. Bəzən suallarımla
bezdirirdim onları... Adətən səbirlə cavab verirdilər.
İfrata varanda isə deyirdilər: "Ay uşaq, get
işinlə məşğul ol. Böyüyəndə hər
şeyi biləcəksən".
...Zaman
keçdi. Artıq mən də poçt xidmətlərindən
sərbəst şəkildə istifadə etməyə
başladım. İlk məktubumu altınıcı sinifdə
oxuyanda yazdım. "Pioner" qəzetinin redaksiyasına. Səbirsizliklə
cavab məktubunu gözləyirdim.
...Sonra
yazdığım məktubların da, verilən cavabların
da sayı artdı. Sadəcə ünvanlar, adlar dəyişdi...
Vəssalam.
"Qara
kağız"la isə bir də Birinci Qarabağ Müharibəsi
illərində qarşılaşdım. Bu dəfə
saralmış, qat kəsmiş üçgünc
kağız parçaları üzərində deyil,
ildırım sürətilə evdən-evə, dildən-dilə
gəzən xəbər kimi gəlirdi "qara
kağız". Beləcə, itirdiyim dostlarımın
timsalında "qara kağız"la bağlı təsəvvürlərim
"qara xəbər"lə əvəz olundu.
...İndi
masamın üzərindəki kompüterlə internet vasitəsilə
istənilən ünvana məktub göndərə bilərəm.
Sadəcə düyməni basdın, yetər. Bir neçə
saniyə ərzində məktub ünvanına çatır.
Mən müasir informasiya və kommunikasiya
texnologiyalarının əleyhinə deyiləm. Şübhəsiz
ki, bütün bunlar insan həyatını
rahatlaşdırır. Amma elektron məktublardan kağız
qoxusu gəlmir... Göndərdiyin məktubun, alacağın
cavabın həsrətini, sevincini ürək dolusu yaşaya
bilmirsən. Həsrətin də, sevincin də ömrü sadəcə
bir neçə saniyə çəkir.
...Redaksiyamızın
yaxınlığında kiçik bir poçt şöbəsi
var. Bəzən yolumu hər zaman gülər üzlə
qarşılandığım bu ünvandan salıram. Hərdən
sosial şəbəkələrdən, elektron poçt
ünvanları vasitəsilə aldığım məktublardan
elə yoruluram ki, canlı ünsiyyətə - kağız
qoxusuna ehtiyac duyuram. İstədiyim an mobil rabitə, yaxud
sosial şəbəkələr vasitəsilə ünsiyyətdə
ola biləcəyim dostlarıma da məktub yazıram. Bir
çox hallarda redaksiyanın məktublarını da
özüm yola salıram. Məni gülər üzlə
qarşılayan, illər boyu saysız-hesabsız ünvanlara
məktub formasında apardıqları sevincin, kədərin,
sevginin, ayrılığın yükünü ürəklərində
daşıyan poçt işçilərini görmək
üçün... Hər dəfə ayağımı
poçt şöbəsinin kandarından içəri qoyanda
uşaqlıq illərimi, suallarımla bezdirdiyim qocaman
poçt işçilərini, göndərdiyim məktubları,
aldığım cavablara mənimlə birlikdə sevinən
poçtalyonları xatırlayıram. İndi çox şey
dəyişib poçt şöbələrində.
Bilgisayarlar, çap avadanlıqları... Amma onlar da mənim
kimi kağız qoxusundan, insan hisslərinin,
duyğularının hopduğu məktublardan hələ də
ayrıla bilmirlər. Bu baxımdan, bəlkə də
çap mediasında çalışan insanlarla poçt
işçiləri arasında müəyyən paralellər
aparmaq olar...
...Bəzən
internet mediasının çap mediasını sıradan
çıxaracağı barədə fikirləri eşidəndə
narahat olmağa başlayıram. Amma dərhal fotoqrafiyanın,
kinomatoqrafiyanın və televiziyanın yaranma tarixlərini, bu
yeniliklərin zirvədə olduğu dönəmlərdə
rəssamlıq, teatr, daha sonralar isə kino haqqında səslənən
fikirləri xatırlayıram. Amma proqnozlar özünü
doğrultmadı, nə fotoqrafiya rəssamlığı, nə
kinomatoqrafiya teatrı, nə də kino teatrı sıradan
çıxara bilmədi. Zaman keçdikcə bütün
yeniliklər öz yerini tapdı, rəssamlıq da, teatr da,
kino da bu gün yaşayır, inkişaf edir, yeniləşir,
müasir texnologiyanın imkanlarından yararlanaraq modernləşir.
Bu səbəbdən də nə çap mediasının, nə
də ənənəvi poçt xidmətinin nə zamansa
sıradan çıxacağını düşünmürəm.
Əksinə, daha böyük irəliləyiş və
inkişaf gözləyirəm. Azərbaycan poçtunun bu
günkü inkişafı gözləntilərimin
özünü doğruldacağından xəbər verir.
Poçt xidməti inkişaf edir, modernləşir. Ölkənin
müxtəlif bölgələrində ən müasir
texnologiya ilə təmin olunmuş yeni poçt şöbələri
inşa edilir, təmir olunur, poçt xidmətinin keyfiyyəti
gündən-günə artır.
İnkişafda olan poçt xidməti
Azərbaycan
poçtu hazırda bir sıra beynəlxalq təşkilatlarda
bərabərhüquqlu üzv kimi təmsil olunur. Azərbaycan
poçtunda xidmət səviyyəsinin beynəlxalq standartlara
uyğunlaşdırılması bu sahədə beynəlxalq əməkdaşlığın
daha genişlənməsinə əlverişli zəmin
yaradır.
Ölkəmizin
müstəqil, suveren bir dövlət kimi tanınmasında
poçt markalarının böyük önəm
daşıması bir faktdır. Ümumiyyətlə isə
poçt xidməti və poçt markaları tarixin
bütün dövrlərində dövlətin inkişaf səviyyəsini
ifadə edən əsas atributlardan bir kimi qəbul olunub və
olunmaqdadır.
Dövlət
müstəqilliyimizin bərpasından sonra, 1992-ci ildən
başlayaraq "Azərmarka" şirkəti 100 mövzuda
563 orijinal süjetli, müxtəlif çalarlarda təmsil
olunmuş siyasi motivlərə, dövlət hakimiyyətinin
atributlarına, görkəmli xadimlərə, idmana, floraya,
faunaya, memarlığa, musiqi mədəniyyətimizə və
tariximizə aid poçt markaları, 9 ədəd aviazərf
və 1 ədəd poçt kartı buraxıb.
Azərbaycanda
poçt xidmətinin inkişafını sübuta yetirən
başlıca amillərdən biri də bu sahədə gəlirlərin
sürətlə artmasıdır. "Azərpoçt" təkcə
2011-ci ilin 9 aylığı üzrə tarif gəliri
proqnozunu 103% icra edib. Təyin olunan 16 992 000 manat tarif gəliri
proqnoz tapşırıqları 17 419 800 manat yerinə
yetirilib, nəzərdə tutulan proqnozdan 427 800 manat, keçən
ilin müvafiq dövrü ilə müqayisədə 1 787 740
manat artıq gəlir əldə edilib.
"Azərpoçt"
MMC 2011-ci ilin 9 aylığı üzrə əhaliyə
göstərilən rabitə xidmətlərindən əldə
edilən gəlir ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1 275 690 manat, 2011-ci ilin 9 aylığı
üzrə nəzərdə tutulan proqnozdan isə 669 280 manat
artıq olub.
Müstəqilliyimizin
20 ili ərzində Azərbaycanda 800-dən yuxarı poçt
şöbəsi tikilib əhalinin istifadəsinə verilib.
Bütün poçt şöbələrində 6 marşrut
üzrə poçtun daşınması uğurla həyata
keçirilir.
"Azəreksprespoçt"
rabitə müəssisəsi 5 ildir ki, Ümümdünya
Poçt İttifaqının kooperativinin keyfiyyət üzrə
qızıl sertifikatına layiq görülüb.
Ötən
8 il ərzində ölkənin poçt sektoru 3,1 dəfə
genişlənmiş, orta illik artım tempi 21 faiz təşkil
edib, MDB məkanında ilk dəfə olaraq, poçt sahəsində
bank maliyyə xidmətləri göstərilməyə
başlanılıb, poçt infrastrukturu yenidən modernləşdirilib.
Bu illər ərzində 9 poçt filialı binası tikilib,
100-ə yaxın poçt filialı və poçt
şöbəsi binası əsaslı şəkildə təmir
olunub.
Hazırda
Azərbaycan ərazisi üzrə bütün poçt
göndərişləri izlənilir. Poçt göndərişlərini
izləmək üçün tətbiq edilən sistem "Azərpoçt"un
rəsmi internet resursuna birləşdirilib. Bu il "Azərpoçt"
tərəfindən respublikanın bütün poçt
şöbələri qeydiyyatlı poçt göndərişlərinin
kodunu oxuyaraq ümumi kompüter şəbəkəsinə
daxil edən skaner avadanlığı ilə təmin edilib.
Rayon mərkəzi poçt şöbələrində
aparılan əməliyyatlar gələcəkdə kənd
poçt şöbələrini də əhatə edəcək.
Artıq qeydiyyatlı poçt göndərişlərinin qəbulu,
işlənməsi və çatdırılması əməliyyatlarının
kompyuterə işlənərək
avtomatlaşdırılması istiqamətində uğurlu nəticələr
əldə olunub.
Azərbaycan
poçtu inkişaf edir və bu inkişafa bəlkə də
ən çox sevinən mətbuat işçiləridir.
Çünki bu gün Azərbaycan mətbuatının
oxuculara çatdırılmasında "Azərpoçt"un
xidməti əvəzsizdir. Adi kağız parçası
yalnız oxucunun əlində, gözləri önündə
olduğu zaman mətbuat orqanına çevrilir. Oxucu yoxdursa,
deməli qəzet də yoxdur...
P.S.
Azərbaycan Rabitəsinin 130 illiyi ilə bağlı jurnalist
yazıları müsabiqəsi elan olunduqdan bir müddət
sonra redaksiyadakı həmkarlarıma müraciət etdim,
müsabiqəyə qatılıb-qatılmayacaqlarını
soruşdum. Adətən beynəlxalq siyasətlə
bağlı analitik yazılar yazdığım
üçün rabitə mövzusunda yazmağa tərəddüd
edirdim. Baş redaktorumuz köməyimə gəldi.
"Poçt xidmətilə bağlı bütün
ömrüm boyu məni izləyən təəssüratlarım
var. Bəlkə mən danışım, sən də istədiyin
kimi yaz", - dedi. O danışdı, mən isə
yazdım. Zənnimcə heç bir statik göstərici insan
duyğularını əvəz edə bilməz. Elektron
poçt kağız üzərinə
köçürülən hissləri, canlı məktubları
və təbii ki, kağız qoxusunu əvəz edə bilmədiyi
kimi...
Cavid Şahverdiyev
Xalq Cəbhəsi.- 2011.- 30 noyabr.- S.10.