Ədəbiyyat oyunu - adamlı-adamsız
Özümüz yazıb,
özümüz də oxuyuruq...
Yeni əsr,
yeni tarix və yeni ədəbiyyat... Sonuncu onsuz da əsrlərdən
sonra tarixə çevrilir. Daha doğrusu, çevrilə bilər.
Çünki tarixi (ədəbiyyatı) yazandan da çox
şey asılıdır. Kim yazır, necə yazır?! Bax,
bu, əsas məsələdir. Bu gün yaxşı ilə
pisi ayırd etmək olmur. Pis yaxşıya qarışıb,
hətta yaxşını da üstələyib. Hazırda
yaranış mərhələsidir. Əsrin əvvəli
yaranış, sonu isə təhqiqat dönəmidir. Bu üzdən
bu gün 21-ci əsr ədəbiyyatımızı
yaradanlardan kimlərinsə qəbul olunmaması çox təbii
bir haldır. Zamanında istedadlı adamların əksəriyyətini
qəbul etməyib, layiqincə dəyərini verməyiblər.
Budurmu
bizim sağlam ədəbiyyat mühitimiz ki, müəllif bir
neçə il əlləşib-vuruşub, pul toplayıb, kitabını
dərc etdirməlidir və ardınca bir o qədər vaxt sərf
edib, pul toplayıb, özü-öz piarını təşkil
etməlidir?! Bütün dövrlərdə istedadlı
adamlara qarşı ədalətsizlik olub, bu gün də var və
olacaq da... Bu, ədəbiyyatın yazılmamış
qanunudur. Bir də görürsən ki, elə bir adamı itələyib,
ortalığa çıxardılar ki, bu adamın ümumi
"külliyyətində" cəmi bir-iki normal
yazısı var, ya yoxdu, bu da sual altındadır?! Fəqət
bu adamı bütün günü gözümüzə
soxurlar və həmin adam da özü ədəbiyyatı
bilməyə-bilməyə, durub sənə ədəbiyyatdan
dərs deyir.
Hə,
bax, bu faciədir. Məhz, buna görə də istedadlı
yazarlarımız kölgədə qalırlar. Çünki
hər yer bu ortalığa "itələnən"
"fiqur"un piarıyla məşğuldur.
Amma
narahatlığa dəyməz. Çünki bu adamlar özləri
də bilmədən (bilərəkdən) sadəcə, kimlərinsə
şahmat taxtasında "fiqurdular". Kimisi şah, kimisi vəzir,
kimisi də ki, "peşkə"... Yəni, gec-tez bu
"fiqurlar" oyundan uduzaraq, uzaqlaşdırılacaq. Tarixdə
əbədi heç nə olmayıb, olmayacaq da... Yeni
dövrdə, yeni oyunçular köhnələri
araşdırmaqla məşğul olacaqlar. Hə, bax, o zaman,
bu günkü istedadlılarla, "fiqurlar"ın fərqi
bilinəcək. Çünki artıq həmin zaman ortada nə
əvvəlki oyunçular, nə də ki, "fiqurlar"
olmayacaqlar. Tam yeni araşdırmaçılar olacaq. Onlara isə
oyunçular və "fiqurlar" yox, mətnlər maraqlı
olacaq.
Hər
kəsin zamanında yazdığı mətnlər
ortalığa qoyulub təhlil olunacaq, lazımlı olanlar ədəbiyyat
tarixinə salınacaq, lazımsızlar isə ədəbiyyat
arxivinin zibilxanasına atılacaq.
Bu
gün öncədən konkret olaraq, kimlərin həmin
zibilxanada özünə yer edəcəyini müəyyənləşdirmək
olmaz. Çünki zamanında yanaşma təbii ki, qərəzsiz,
ədalətli olmayacaq. Çünki hələ şahmat
taxtasında həmin "fiqurlar"ı oynadan oyunçular
var və həmin oyunçular da kifayət qədər
bacarıqlı, peşəkar oyunçulardı. Onlar
oyunlarını və "fiqurlarını" elə
qurublar ki, zamanında, kimsə bu oyunu poza bilməz. Zatən,
pozsa belə, ədəbiyyat olmaz. Çünki ədəbiyyat
özü elə oyundur.
Fəqət,
bu oyun indi ədəbi mühitdə oynanılan oyundan deyil. Ədəbiyyat
həyat, duyğu, söz oyunudur. Faciəli tərəf ondadır
ki, bu oyunun oyunçularının bəziləri söz
oyunçusu deyillər.
Yəni
bunlar, ədəbiyyatda "ADAMLI-ADAMSIZ" oyunu oynayırlar.
Ətraflarına
"ADAMLI" "fiqurlar" toplayıb, ədəbi əsərlərin
yazılmasına vaxt sərf etməkdənsə, zamanında
ciddi, fəqət yüz ildən sonra gülünc bir
"fiqurlar"lara çevriləcək "şəxsiyyətlər"
yetişdirirlər. Bu gün ədəbi mühitimizdə
kifayət qədər imzası məşhur olan, fəqət
yaradıcılığı olmayan - varsa da, şişirdiləcək
qədər olmayan müəlliflər var.
Yaxud
da, gündə bir şeir və ya hekayə istehsal edən
müəlliflərimiz də az deyildir. Gündə bir
şeir yazmaq, şair olmaq demək deyil. Get-gedə keyfiyyəti
itirir, kəmiyyətə üstünlük verməyə
çalışırıq.
Bir
az da bu "ADAMLI-ADAMSIZ" oyunun başqa bir tərəfindən
söz açım. Əvvəllər yeni çıxan əsərləri
tənqidçilər, söz adamları oxuyar, fikirlərini
yazar, müzakirəsini təşkil edərdilər. Bununla da
oxucu hansı əsərin ciddi ədəbiyyat mətni,
hansının "ara ədəbiyyat" mətni olduğunu
seçə bilirdi. İndi isə bu sahədə də
monopoliya var. Hərə öz "kruq"unda olan müəllifin
yaradıcılığını izləyir, onun
yaradıcılığı haqqında (pis də,
yaxşı da olsa) yüksək fikirlər danışır
və yazırlar. Yaxud da ki "müxalif kruq"dadırsa, həmin
müəllifin əsəri yüksək səviyyəli bir əsər
olsa belə, susur danışmırlar, ya da haqlı-haqsız
yıxıb-sürüyürlər. Bununla da oxucunun
zövqü korlanır və ədəbiyyata marağı
itir. "Budurmu ədəbiyyat?" - deyə bizi
qınayırlar.
Daha
sonra isə təəssüflə oxucunun olmamasından
şikayət edirik. Məgər biz oxucuya hansı əsəri
düzgün şəkildə təqdim etmişik ki, oxucu
problemindən də danışaq?! Demək, oxucunun
olmamasında da özümüz günahkarıq. Bu üzdən
də özümüz yazıb, özümüz də
oxuyuruq. Bax, buna görədir ki, ortalığa kifayət qədər
ciddi əsərlər qoya bilmirik. Bəlkə də, Azərbaycanın
əyalətlərində elə müəlliflər var ki, bu
gün oyunçuların "fiqur" kimi ortada
oynatdıqları "şəxsiyyətlər"in mininə
dəyərlər. Fəqət onların nə özləri,
nə də əsərləri üzə çıxmır.
Nəyə görə? Ona görə ki, Azərbaycan ədəbi
mühitində gərək, kiminsə "kruq"unda olasan.
Ya olmalısan, ya da olmamalısan. Oldunsa, istedadın olmasa da, cəmiyyətə
"istedadlı" adı ilə sıranacaqsan.
Olmayacaqsansa,
nə yazsan da, sən YOXsan, sən İSTEDADSIZSAN!
Çoxu
da həvəsdən düşüb, qələmi yerə
qoyaraq gedib başqa bir işlə məşğul olur. Amma bəlkə
də bu gün qələmini yerə qoymağa vadar etdiyimiz
yazarlar var ki, onlar ədəbiyyatın qaymaqları idi. Fəqət
qoymadıq da, imkan vermədik. Bizimki ancaq ədəbiyyatda
"ADAMLI-ADAMSIZ" oyunudur. Oynamalısan, qurtardı, getdi...
Odur ki, yeni gələnlər də gərək əvvəlcədən
mətn yazmaqdan öncə "ADAM"ını və əhatəsini
müəyyənləşdirsin. Birinci daha vacibdir.
Çünki birincinin vasitəsiylə ikinci də özü
yaranır.
Zaur Qəriboğlu
Xalq Cəbhəsi.- 2011.- 4 oktyabr.-
S.14.