Mənəvi bağlantılar...

 

Mir Möhsün Həvabın dəyərli əsəri

 

Son günlərin təqvimində diqqətimi çəkən bir neçə xəbər oldu. Bunlardan biri şair, rəssam, xəttat, təzkirəçi Mir Möhsün Həvvabla bağlıdır. O, 29 sentyabr 1833-cü ildə Şuşada anadan olub. Musiqişünas Firidun Şuşinski yazır ki, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 peşəkar müğənni, 16 rəssam, 5 astronom, 18 memar, 16 həkim yaşayıb, 10-a yaxın ədəbi, musiqi və digər cəmiyyətlər, 10-dan artıq mədrəsə və müxtəlif tipli məktəb fəaliyyət göstərirdi. Həm də kimyaçı və riyaziyyatçı olan Mir Möhsün Həvab belə bir zamanda ömrünün axırına kimi Şuşada yaşayıb-yaradıb. Ərəb, fars, türk dillərini mükəmməl mənimsəyib, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnib. Həvvab elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş 20-dən artıq kitab yazıb, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurub. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Onun "Təzkireyi-Nəvvab" toplusunda orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanıb. Evində iki teleskop qoymuş, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı.

Tarix kitabları yazmaq həvəsində və məsuliyyətində olmayan biz-türklər isə son əsrlərdə başımıza gələn fəlakətlərlə, eləcə də ermənilər və ruslar tərəfindən türkə qarşı həyata keçirilən soyqırımlarla bağlı demək olar ki, istənilən səviyyədə tutarlı kitablar o dövrdə yazıb sabaha çatdırmamışıq. Ancaq hər halda belə tutarlı mənbələrimizin sayı istənilən qədər deyil. Belə mənbələrdən biriMir Möhsün Həvvabın "1905-1906-cı illərdən erməni-müsəlman davası" kitabıdır. M.Həvvab 20-ci əsrin əvvəllərində ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərə Rusiya imperiyasının Qafqazda məskunlaşmasınından, möhkəmlənməsindən sonra daha geniş qol-qanad açdıqlarını yazır: "Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər. Əvvəla, bunu bilmək lazımdlır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki, bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətində nə qədər iğtişaş və münaqişər baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu".

 

Əliağa Vahidin vəfatından 46 il ötdü

 

Bugünlərdə tanınmış qəzəlxan Əliağa Vahidin vəfatından 46 il ötdü. Onun qəzəllərinə xanəndələr həmişə daha çox müraciət ediblər. Çünki qəzəllərinin dili aydın, yaddaqalandır. Vahid ötən yüzildə Azərbaycanın qədimdən gələn şeriyyət ənənəsinin istedadlı davamçısı kimi özünü təsdiq edə bildi. Vahid az qala hamının qəzəldən, klassik Azərbaycan şeirinin o dövrədək populyar janrlarından əl çəkdiyi, xüsusən də qəzəlin sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr əsasında yaşaması üçün əlindən gələni etdi. Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin halını özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir. Vahidi Füzuli ilə müqayisə edirlər. Bu, doğma istəklə bağlı olsa belə, Füzuli ilə müayisə məsələsi düzgün sayılmamalıdır. Mübaliğəsiz demək olar, Füzuli bəşər tarixində bənzərsiz eşq şairidir. İnsana sevginin Füzuliyanə ölçüsü varbu, danılmazdır. Füzulinin sevgisi heç bir dövran tanımır, mahiyyətcə dövrandan üstündür. Vahidin Füzulidən bəhrələnməsi, üstəlik də yuxarıda deyildiyi kimi, qəzəlin ideolojiləşdirildiyi, camaatın qulağının dövran havalarından yağır olduğu bir zamanda sadə dillə yazması, meyxanada orijinal dəst-xətti onu sevdirdi. Vahid əksər çağdaşları kimi dəbdəbə, tarixdə qalmaq həşirində deyildi. Və çox zaman könlünün səsini eşidənlər, bunu vəsf edənlər sabahda yaşayırlar. Onun son dərəcə kədərli həyatı olub. Şəxsi həyatı ilə yaradıcılığının daim təzad təşkil etməsi, şəxsi ailə həyatındakı uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri şairliyi, meyxana janrının qaydalarından məharətli baş çıxara bilməsi XX yüzilin əvvəllərindən başlayaraq onillər ərzində "Vahid" imzasının Azərbaycan ictimaiyyəti arasında daim populyar qalmasına səbəb olub. Xalq arasında şəxsiyyətiylə bağlı müxtəlif söhbətlər olsa da, populyarlığını saxlaya bildi. Əliağa Vahiddən bəhs edən "Qəzəlxan" filmində onun meyxanaçılığı xüsusi şəkildə qabardılır. Əslində Vahid meyxanaçı deyildi, qəzəl şairi idi. Onu hamıdan yaxşı tanıyan mərhum Həkim Qəni danışardı ki, Vahid həmişə şeir aləmində olardı...

 

Türkdillilərin həmrəyliyi niyə ləngiyir?

 

Oktyabrın 3-ü isə Türkdilli xalqların həmrəyliyi günü idi. Bu gün 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda X zirvə toplantısında təsis olunub.

Bu kimi günlərin keçirilməsi artsa da, türklüklə bağlı danışılanlar sözdən əmələ çevrilmir. Türkdilli xalqların həmrəyliyinin yaranması çox ciddi, arzulanan məsələdir. Ancaq bu həmrəyliyin olması niyə ləngiyir? Hiyə türkdilli xalqlar bir-birlərini istənilən səviyyədə anlamırlar? Bunun səbəbləri çoxdur.

Hələ 4 il qabaq Türkiyənin tanınmış alimi Osman Fikri Sərtqaya ilə söhbətimizdə müsahibim bir qənaətini ayrıca olaraq vurğulamışdı ki, ortaq türkcə ilə bağlı çabalarımız mütləq öz bəhrəsini verəcək: "İnsanları bir-birinə bağlayan cəhətlər olur. Məsələn, birisi deyər ki, adımı, inancımı, hətta dilimi də dəyişirəm, ana dilimdə yox, almanca danışacağam. Bunların hamısını edər, ancaq bacarmayacaqları da var. O da budur ki, bir insan anasını, atasını, babasını, damarındakı qanını dəyişdirə bilməz. Türk Dünyasını bir arada saxlayan onun damarından axan al qanıdır. Dünyadakı türkləri bir-birinə bağlayan onların müştərək soylarıdır.

Bütün Türk Dünyası Bilgə Kağanın, Gültiginin yazısına bir mehrab kimi baxar, çünki bunlar türklüyümüzün ən qiymətli yadigarlarıdır. Füzuli bütün türk xalqlarının müştərək mənəvi sərvətidir. Türk xalqlarını biri-birinə bağlayan maddi yox, mənəvi bağlardır. Bu bağlar əllə tutulmaz, adi gözlə görülməz".

Yaxşı yadımdadır, Sərtqayadan soruşmuşdum ki, Türk Dünyasının mənəvi sınırlarının möhkəmləndirilməsi üçün sizcə, ilk növbədə hansı məsələlər gerçəkləşdirilməlidir?

"Türk dediyimiz ruhu möhtəşəm bir xalq tarixin qaranlıqları arasından inadla çıxaraq ucalıqlara boy alır" - deyən Sərtqaya çıxış yolunu türk xalqları arasında mənəvi təməlin möhkəmləndirilməsində görürdü. Ortaq türkcə ilə bağlı düşüncələrini belə bölüşürdü: "Bu gün çuvaş türkü ilə yaqut türkü bir-biriylə rusca anlaşırlar. Bir qaqauz kazakla anlaşa bilmir. Həmçinin Azərbaycan türkü qırğızla türkcə danışmır. İlk növbədə türkcəmizdə gözəl sözlər dururkən, yabançı sözləri işlətməməliyik. Bu sahədə çox çalışmalıyıq".   

 

 

Uğur  

 

Xalq Cəbhəsi.- 2011.- 5 oktyabr.- S.14.