İdeallaşdırdığımız kino qəhrəmanları

 

 Zaman dəyişsə də biz dəyişə bilmirik...

 

Bir gün televiziyada yazıçı Anar maraqlı bir əhvalat danışdı. Detallar yadımda qalmayıb, amma əhvalat təqribən belə idi. Türksoyun qurultayında Orta Asiyalı türk qardaşlarımızdan biri deyib ki, Dədə Qorqud demişkən, əgər torpağı qorumursansa, onu əkib becərməyə dəyməz, əgər əkib becərmirsənsə, onu qorumağa dəyməz.

Anar da yazdığı ssenaridən götürülmüş bu sitatın Dədə Qorqud tərəfindən deyil, özü tərəfindən deyildiyini isbatlamağa ehtiyac duymayıb. Sadəcə öz içində ironiya eləməkdən savayı çarəsi qalmayıb. Daha durub dünya türklərinin qaymaqlarının yığışdığı yerdə deməyəcəkdi ki, əşi, mənim sözümü niyə Dədə Qorqudun adına çıxırsınız?!

Filoloq, dilşünas, türkoloq, qorqudşünassair olmadığım üçün Dədə Qorqudla Anarın Dədə Qorqud obrazı arasında nə kimi uyğunluq və uyğunsuzluqların olduğunu ayırd etməkdə çətinlik çəkirəm. Hər halda istənilən azərbaycanlı üçün təəssüfləndirici olan odur ki, bu ölkədə elm adamlarından savayı kimsə canına əziyyət verib Dədə Qorqudonun adını daşıyan dastanda haqqında bəhs olunan qəhrəmanlar barədə həqiqətləri öyrənməyə maraq göstərməyib. Bizim bildiyimiz Dədə Qorqud Anarın təlqin etdiyi obrazdan o tərəfə bizə heçdemir. Söhbət Dədə Qorquddan düşmüşkən, orada məni çox məyus eləyən bir məqama da toxunub mətləbə keçmək istəyirəm.

Dədə Qorqudu qəhrəmanlıq dastanı adlandırırlar. Anarın bizə təqdim etdiyi ssenaridəki personajlardan biri oğlu dünyaya gəldiyi üçün çadıra, digəri qızı olduğu üçün qızılı çadıra, üçüncü isə övladı olmadığı üçün qara çadıra göndərilir. Bəybura arvadına deyir ki, "xanlar xanı Bayandırı Qızılı çadıra ötürəcəm, oğlu yoxdur, qızı var. Alp Aruzu qara çadıra aparacam, nə oğlu var nə qızı. Tanrı onu qarğıyıb, biz də qarğıyaq". Dastan boyu qəhrəmanlıqda ad çıxarmış Alp Aruz da bunun intiqamını yerdə qoymaq istəmir. Anar da onu bizim nəzərimizə mənfi obraz kimi çatdırmağa cəhd edib. Demək olar ki, o, standart Azərbaycan tamaşaçısı arasında bu məqsədinə nail olub. Əgər oğuzların tarixində doğrudan da belə bir şey olubsa, mən bunu antihumanizmin, ayrı-seçkiliyin, onsuz da taleyin cəzalandırdığı birisinin insanlar tərəfindən də təcrid edilməsinin acı nümunəsi kimi qiymətləndirirəm və qınayıram. Mənim inancıma görə, əslində çadıra göndəriləcək olan övladı olmayan Alp Aruz olmalı idi. Amma onu qara çadıra göndərdilər. Bəs humanizm, bəs insanlardakı acıma hissi, bəs bizim qavradığımız anlamda mərdlik, müdriklik?!

Övladı olmayan birini cəmiyyətdən təcrid etmək instinkti, nə yazıq ki, indibizim cəmiyyətə hakimdir. Məsələn, övladı olmayan qadını boşamaq, ailədən təcrid etmək, yaxud da övladı olmayan birini xeyrə-şərə dəvət etməmək və s. kimi. Əgər qara çadır məsələsini qınasaydı, Anarı məmuniyyətlə alqışlayardım. Təəssüf ki, o da standart azərbaycanlı kimi qara çadıra göndəriləni mənfi obraza çevirib. Və görəsən, belə bir qəhrəmanlıq dastanı bizə lazımdırmı?!

 

Şəxsiyyətdəki ziddiyyətlər filmdə olsa yaxşıdır, amma...

 

Bu yazını yazmaqda məqsədim əsla xalq yazıçısı Anar və ya bir başqasını tənqid hədəfinə çevirmək deyil. Sadəcə, bir şeyə qətiyyətlə inanıram ki, problemləri ört-basdır etməklə aradan qaldırmaq mümkün deyil. Problemləri açaraq, müzakirə edərək, çıxış yolları arayaraq həll etmək olar. Əslində biz Azərbaycanda çəkilən və ya çəkilməsi planlaşdırılan qəhrəmanlıq filmlərindən danışmaq istəyirdik. Daha doğrusu, tarixi şəxsiyyətləri qəhrəmana çevirərək xalqın yaddaşına ömürlük həkk edəcək filmlərdən.

Kimsə iddia edə bilər ki, bizdə çəkilən filmlərin büdcəsi kiçikdir, texnikamız zəifdir, azad yaradıcılıq imkanları yoxdursair. Amma bu bəhanələrin heç biri həqiqətə güzgü tutmur. Niyə? Bunu da bir qədər sonra mütəxəssislərin dilindən eşidəcəksiniz.

 

Nəsimi, Babək, Mixaylo....

 

Əvvəlcə ondan başlayaq ki, niyə bizdə qəhrəmanlıq filmləri başqalarındakı kimi alınmır? İlkin cavab: çünki biz qəhrəmanlarımıza başqalarının yanaşdığı kimi yanaşmırıq. Bizim məntiqimizə görə qəhrəman qüsursuz olmalıdır. Məsələn, Babəki tikə-tikə doğrasalar da, o heç uf deməməlidir. Yaxud da Nəsiminin dərisini diri-diri soysalar da, o özündə cəsarət tapıb şeir deməli, onun haqqında fətva verən zahidə ağıl öyrətməlidir, "Yeddi oğul istərəm"dəki Cəlal, "Uzaq sahillər"dəki Mixaylo güllə ilə dəlik-deşik edilmələrinə rəğmən ayaq üstə durmalı, düşmənin qabağında ah-uf etməməli, yıxılmamalıdır. Sitatların sayını artıra da bilərik.

Deməli, milli kinomuzun yaradıcılarının məntiqinə istinad etsək, biz hər bir qəhrəmanın arxasında dayananın insan olduğunu unutmaq məcburiyyətindəyik (bu başqa məsələdir ki, indiyədək bizə qəhrəman kimi sırınanlar doğrudanmı qəhrəman adlandırılmağa layiqdir?!) Bilmirəm niyə, amma Azərbaycanın kino məktəbi bu əndərəbadi ənənəni necə vardısa, elə də qoruyur. Yuxarıda qoyduğum sualı bu yaxınlarda Türkiyənin NTV kanalının "Günlərin gətirdiyi" proqramı başqa bucaq altında qoymuşdu ki, niyə Atatürk haqqında çəkilən filmlər istənilən kimi alınmır? Həmin verilişdə iştirak edən rejissor bunun çox sadə səbəbini belə izah elədi ki, Atatürk haqqında normal filmin yaradılması üçün onun haqqındakı əsas həqiqətləri çılpaqlığı ilə ortaya tökmək lazımdır. Amma türk ictimaiyyəti Atatürk haqqında neqativ nəsə eşitməyə hazır deyil. Atatürklə bağlı araşdırma aparan yazar isə başqa səbəb gətirdi. O dedi ki, Atatürkün bioqrafiyası belə, doğru-düzgün kimsəyə məlum deyil. Adamın bioqrafiyası aydın olmadığı kimi, şəxsiyyətinin incəlikləri də kimsəyə aydın ola bilməz. Rejissor sadəcə öz fantaziyalarını işə salıb nəsə çəkməlidir. Camaat tərəfindən top-tüfənglə qarşılanmamaq üçün rejissor fantaziyasına korrektələr etmək məcburiyyətində qalır. Lakin yenə də iradlarla üzləşir. Məsələn, Atatürk haqqında Zülfü Livanelinin çəkdiyi "Vida" filmində Atatürk yeməkdən sonra stolun arxasında arxa fondan çəkilib. Həmin baxış bucağından isə Atatürkün qabağında içki şüşələri, yeməkdən sonra dağılmış stol görünür. Hamı burada Atatürkün içki düşkünü olduğu qənaətinin hasil olduğunu düşünməyə başlayır. Sanki Atatürk onların idealı olduğu üçün içki içə bilməzmiş. Halbuki Atatürkün alkoqoldan istifadə etdiyi kimsəyə sirr deyil.

Qəribədir ki, bu qənaətlər təkcə filmin seyrçiləri arasında deyil, film yaradan insanlar arasında da eyni assosiasiyanı doğurur. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Milli Filmlərin İstismarı və Təbliği sektorunun müdiri Yusif Şeyxovun fikrincə, təbii ki, şəxsiyyətlə bağlı ziddiyyətli məqamlar filmdə olsa yaxşı olar. Amma bu ziddiyyətlər şəxsiyyətə maraq oyadan səbəbləri arxa plana çəkəcək. Şeyxovun qənaətinə görə, "biz filmi ona görə çəkirik ki, həmin şəxsiyyətə sevgini aşılayaq. Onun haqqında olan bütün həqiqətlər filmdə yer alsa, onda biz öz hədəfimizdən yayınmış olacağıq". Şeyxov da hesab edir ki, insanlar qəhrəman obrazını yaratdıqları şəxsiyyətlər haqqında bütün həqiqətləri bilsələr yaxşı olar. Amma... "Sovet vaxtı senzura vardı. Şəxsiyyətlər mütləq işıqlı rənglərlə çəkilib göstərilməli idi. İndi isə senzura yoxdur. Amma müəlliflərin düşüncəsi olduğu kimi qalır və ənənə inersiyası mövcuddur. Adamlar qəhrəmanları başqa yöndən tanımaq və tanıtmaq istəmir".

 

Paradoksal qəhrəmanlar

 

Kinoşünas Ülvi Mehdi isə hesab edir ki, bizim qəhrəmanlıq filmlərimizin personajları Zərdabi, Mirzə Cəlil, Sabir, Axundov olmalıdır. "Çünki onlar 100-150 il əvvəldən bizim gələcəyimizi proqnozlaşdırırdılar. Onların personajları zəmanəmizdəki polis rəisi, JEK müdiri və başqalarıdır. Fətəli xan, Cavad xan, İbrahim Xəlil xan mənə görə qəhrəman deyil. Cavad xan ruslarla vuruşurdu. İbrahim Xəlil xan isə ruslarla dostluq edirdi. Burada da paradoks var ki, biz eyni zamanda həm ruslarla düşmən, həm də dost olan xanları qəhrəman kimi təqdim edirik. Ona görə bu məsələnin özü də mübahisəlidir ki, bizim xalq əsil qəhrəman kimi kimləri qəbul etməlidir, kimləri yox. Biz cavabını bilmədiyimiz sualları cəmiyyətə çıxarmamalıyıq".

Ü.Mehdi də qəhrəmanların ilahiləşdirilməsinin əleyhinədir: "Əlbəttə, bir sıra öndərlər var ki, onlar öz xalqlarının yaddaşında simvollaşdırılıb. Məsələn, SSRİ xalqları üçün Lenin, Stalin simvol idi, türklər üçün Atatürk simvoldur. Ona görə də kino yaradıcıları bu faktoru nəzərə almağa çalışırlar. Xalqın simvollaşdırdığı şəxsiyyətlər haqqında neqativ prizmadan baxma əks-reaksiya ilə qarşılana bilər. Amma bu qəhrəman hesab olunan, yaxud da tarixi şəxsiyyət hesab olunan bütün insanlara şamil olunmamalıdır. Onda kino qəhrəmanları arasında belə bir uçurum yaranır: səhvsiz şəxsiyyətlər və səhv edən digər insanlar".

Kinoşünas ölkədə səviyyəli qəhrəmanlıq filmlərinin yaradılmamasını həm də səviyyəli, tənqid etməyi, boykot etməyi bacaran tamaşaçının olmamasına bağlayır: "Sovet adamı Babək, Nəsimi, Dədə Qorqud kimi filmlərə ona görə baxırdı ki, onun alternativi yox idio ona təqdim olunana baxmaq məcburiyyətində idi. İndi isə professionalların çəkdiyi, yüksək texnikalı, zövq oxşayan misal üçün, Hollivud filmləri qala-qala, azərbaycanlılar aşağı səviyyəli qəhrəmanlıq filmlərinə niyə baxmalıdırlar? Birki, əgər çəkilən filmlər prokata getməyəcəksə, şlaqbaumdan keçməyəcəksə, filmotekaların küncündə qalıb toz basacaqsa, onları çəkməyin mənası yoxdur. Biz dünya kinosundan 30 il geri qalmışıq. Hətta Azərbaycan filmləri üçün zirvə sayılan Vaqif Mustafayevin "Milli bomba" filmi 2004-cü ildə Moskva kinofestivalında daha çox zamandan geri qalmış film təsiri bağışlayırdı".

 

Sonda...

 

Danışdırdığımız hər iki ekspertin mövzumuzla bağlı gəldiyi ortaq nöqtələr var: müasir dövrlə ayaqlaşa bilən professionalların olmaması, kinoprokat, zövqlü tamaşaçı, maliyyə problemləri, maraqlı ideyaların meydana çıxmaması və s. Amma söhbət etdiklərimiz iddia edir ki, kinomuz mütləq inkişaf edəcək. Nə deyək, təki elə olsun...

 

 

Oktay Hacımusalı      

 

Xalq Cəbhəsi.- 2011.- 5 oktyabr.- S.13.