Teatr dünyanın modeli kimi

 

Proloq

 

Birbaşa, preamblasız, girişsiz-filansız mətləbə ritorik sualla keçmək istəyirəm: bizə teatr lazımdırmı?

Bu sualın cavabı elə sualın "ritorikliyindədir": yəni, əlbəttə, lazımdır. Onda belə çıxır ki, teatr lazımdırsa, dramaturgiya da lazımdır. Aktyor lazımdırsa, rejissor da vacibdir. Rejissor lazımdırsa, aktyor da olmalıdır. Aktyor lazımdırsa: "Tələb" və "təklif" qütbləri ətrafında bu qaydada monipulyasiya etsək, qorxuram ki, gedib sofistikaya çıxaq. Sofistika isə bir növ çəfəngiyyatdır. Çəfəngiyyatın isə bir anlamı absurddur. Absurd olan isə həm də teatrdır; daha doğrusu, "absurd teatr" anlayış, həm də özlüyündə "absurd" və "teatr" fenomenlərinin inkarıdır. Əlbəttə, burada "inkarı inkardan" da nəsə var.

"Teatr asılqandan başlayır" (?) Ola bilər. Amma orası da var ki, teatr əslində dramaturgiyadan başlayır. Dram (pyes) yoxdursa, teatr da yoxdur. Bəs dram (pyes) özü hansı "qütbə" aiddir? Deyəsən, (yenə də!), sualsız ötüşmək olmur.

Dram ədəbiyyatın janrlarından biridir. Özü də "elitar" janrdır (heç bilmirəm "elitar" sözünü niyə dırnaq içinə aldım?). O, (dram) əksər millətlərin böyük yazarlarının yaratdığı ədəbi janrların ən "cavanıdır".

Mirzə Fətəli Axundova Allah qəni-qəni rəhmət eləsin, müsəlman Şərqində ilk dram əsəri ilə (onun ilk komediyası "Hekayəti - Molla İbrahimxəlil kimyagər"dir) böyük bir məktəbin əsasını qoyub. Kişinin oğlu hələ sağlığında ikən öz əsərlərinin çapını görüb. (M.F.Axundovun dramları ilk dəfə hicri tarixlə 1276-çı ildə işıq üzü görüb. Tiflisdə nəşr olunan həmin kitab belə adlanırdı: "Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə").

Bəs elə isə görək dram əsərlərinin nəşr məsələsi bu gün hansı durumdadır? Açıq demək lazımdır ki, bir çoxları üçün bu janr "polfabrikat" kimi bir şeydir. O mənada ki, bəzi əsərləri teatrlar tamaşaya qoyur, amma ədəbi orqanlar çap etməkdən boyun qacırır. Bir çox əsərlərsə çap olunur, amma öz səhnə həllini tapmır: bizdə dram əsərlərini çap edən "qalın jurnallar" yox dərəcəsindədir. Doğrudur, ədəbi orqanlar nadir hallarda "ənənəvi sükutu" pozub öz səhifələrində bu "yetim janra" da yer verir. Amma bu, təsadüfdən-təsadüfə olur. Sual meydana çıxır: dram ədəbi janrdır, ya yox? Onu kim (və ya nə? Necə? Harda?) çap etməlidir? Şəxsən mən bir neçə ildir ki, ədəbi janrların bir çoxu ilə "səssiz müharibə" aparıram. Bu janrların sayın başbilənləri prinsipcə pyes çap etməyin əleyhinə getməsələr də, ümumiyyətlə, dramaturji əsərlərin nəşrinə az yer verdiklərini etiraf edirlər. Nə üçün? Bax, bu "nə üçün"ü əsaslandıran bir kimsə yoxdur.

Yox, demək olmaz ki, dramaturji əsərlər yazılmır, yeni tamaşalar meydana çıxmır. Məsələ burasındadır ki, yaxın gələcəkdə sanballı, keyfiyyətli səhnə əsərlərinin yazılacağı sual və şübhə altındadır. Nə üçün? Ən azı ona görə ki, bu sahəyə gələnlərin, necə deyərlər, "inkişafı" ilə az qala heç kəs maraqlanmır. Yox, mən qətiyyən "qayğı" deyilən şey barədə söhbəti açmaq istəmirəm. "Kömək" sözü də burada köməyə gəlmir. Məsələn, fikrimə illüstrasiya üçün təkçə belə bir faktı deyə bilərəm ki, bu gün Milli Akademik Dram Teatrında əsərləri oynanılan müəlliflərin ən cavanının 55-60 yaşı var. Məncə, bu faktın özü çox şey deyir.

Bu gün müxtəlif ədəbi janrlarda yaradılan onlarca əsərə mükafatlar verilir. Amma dram əsərləri çox zaman unudulur:

Teatr - bütün sivil ölkələrdə dövlətin strateji maraqlarına daxildir. Dünyada mövcud olan dövlətlərin "qapılarını" konkret ingilis diplomat və siyasətçilərindən daha öncə ingilis ədəbiyyatı "döyməyə" başlayıb; əlbəttə, səhv etmirsiz - Şekspirin timsalında.

Deyəsən, teatr və dramaturgiya haqqında söhbətimiz şaxələnir. Bəlkə mövzumuzu konkretləşdirək, mühakimələrimizi bir məcraya doğru istiqamətləndirməyə çalışaq?..

 

Birinci pərdə

 

Mənə elə gəlir ki, müasir teatrın problemləri barədə söhbət açarkən təkcə "detallaşdırılmış", lokal, eksklüziv təhlillə kifayətlənmək - çox dərin bir məsələyə çox səthi baxış kimi səciyyələndirilməlidir. Çağdaş amerikan ədəbiyyatının korifeylərindən biri, məşhur dramaturq Artur Müller vaxtilə bir müsahibəsində demişdir ki, nəinki tamaşaya qoyulan hər hansı bir əsərin, hətta, az qala Brodveydəki teatrların taleyini çox vaxt "Nyu-York tayms"da nüfuzlu bir tənqidçinin çap etdirdiyi məqalə həll edir.

Bəs bizdə necə, teatrın və ya heç olmazsa tamaşanın "tale"yini həll edən nüfuzlu bir mətbuat orqanı varmı? Bəs bizdə nüfuzlu tənqidçi neçə, varmı? (Və ya "yoxdurmu?").

Bəs tamaşaçı rəyi?.. (Buna ictimai rəy də demək olar. Var, ya yox?) Ümumiyyətlə, bu gün dünyada (və təbii ki, Azərbaycanda) teatr özündə hansı komponentləri ehtiva edir?

Çağdaş mədəniyyət müstəvisində teatrın konkret doktrina və paradiqmaları varmı?

Sivilizasiyalar tarixində teatrın (dünən və bu gün) oynadığı müstəsna rol məlumdur; bəs onun (teatrın) sabahı haqqında nə demək, hansı proqnozları söyləmək olar? Ortaya habelə ayrı səpkili, həm də tamamilə fərqli aspektdə suallar çıxır: zəif əsər üçün konkret olaraq kim məsuliyyət daşımalıdır?

Müəllif, rejissor, aktyor? Yoxsa "rəhbərlik" deyilən mücərrəd fenomen? Bəlkə tamaşaçı? Bəlkə teatr? Suallar çoxdur.

Teatr haqqında indiyəcən minlərlə kitab, monoqrafiya, məqalə çap olunub. Zahirən hər şey deyilib qurtarıb. Əslində isə elə həqiqətən bu, yalnız "zahirən" belədir. Və əgər teatr bu gün yaşayırsa, fasiləsiz inkişafdadırsa, deməli, onun cari və gələcək problemləri barədə düşünməyə dəyər. Teatr - sadəcə tikili deyil. Hətta özlüyündə səhnəsi, zalı, kassası, qarderobu olan hər bir binaya da teatr demək olmaz. Divarları arasında aktyorların ruhu yaşamayan, tamaşacıların gülüş və göz yaşlarından kənarda qalan hər hansı memarlıq abidəsi hələ teatr deyil. Aktyorsuz, rejissorsuz, tamaşasız, tamaşaçısız teatr - teatr deyil. Təbii ki, dramaturqsuz və dramaturgiyasız teatr da teatr ola bilməz. Bu gün dünya dramaturgiyasında ciddi axtarışlar gedir; forma və məzmun komponentlərinin yeni incələmələri diqqəti cəlb edir. Teatr üzünü gələcəyə və... keçmişə tutur. Nə üçün həm də kecmişə?..

Teatr təzədən öz "uşaqlığına" qayıtmaqla, yeni "nəfəs" qazanmaq istəyir: yenidən kölgə teatrı, maska teatrı "zühur eləyir". Bu, teatrın vaxtilə keçdiyi mərhələyə onun özünün təzədən qayıdışıdır. Dramaturgiyasız teatr yoxdur, olmayıb və olmayacaq. Bu janr (dramaturgiya) qətiyyən sənətin "polfabrikat" məhsulu və ya "geniş istehlak malları" ("şirpotreb") sırasına daxil edilməməlidir. Bu, ədəbiyyatın aparıçı janrıdır, məhək daşıdır. Bu, habelə, "ədəbiyyatın süzgəcidir" (S.Çiqon).

Çox təəssüf ki, bizdə dramaturgiyaya ögey bir münasibət var. Qəzet və jurnallar əksər hallarda səhnə əsərlərinin çapından imtina edirlər. Ən dözülməzi isə odur ki, "dram" adı altında xeyli sayda mənasız, məzmunsuz əsərlər teatrların səhnəsinə yol tapmaqdadır. Və ən acınacaqlısı isə budur ki, bu janra üz tutanların bir çoxu nədənsə (?) hər cür dialoq quraşdırmağı dramaturgiya hesab edirlər.

Əlbəttə, zahirən (məhz zahirən!) dram janrının kvintessensiyasını (cövhərini) dialoqlar təşkil edir. Hərçənd ki, pantomim teatrlarda heç buna da ehtiyac yoxdur. Amma bu dialoqların əsərdə fikir, düşünçə, hərəkət, ehtiras: daşıyıcısı olduğunu çoxları unudur. Bu gün "səs teatrı" təzədən formalaşmaqdadır. Bu, teatrın gələcəyidir. Düzdür, mütləq mənada "səssiz" teatr olmur; "səs teatrında" sözün müstəqim mənasında yalnız səslər iştirak edir, danışıq-diloq-monoloq yox...

"Dramaturgiya" sözünün (termininin) daxilində bir "dram" leksemi (anlamı) var. Deməli, dramatizmsiz dramaturgiya - susuz bulaq kimi bir şeydir. Bu cəhətdən dramaturgiya ədəbiyyatın ən spesifik janrıdır. Hər bir dram əsərinin dəqiq kontur və parametrləri olur və ya olmalıdır. Burada hər şey hesablanır: dialoq da, pauza da, remarka da, gəliş də, gediş də... Başlanğıc da, kulminasiya da, final da öz konkret həllini tapmalıdır. Bu cəhətdən dram əsərini riyaziyyatla müqayisə etmək olar. Dramaturq digər janrlarda yazıb-yaradan söz adamlarından fərqli olaraq, personajın daxili və zahiri portretini dəqiq boyalarla verməlidir. Bu cəhətdən dramaturqu rəssamla müqayisə etmək olar.

Konkret obrazların düşünçə və ifadə spektrində hadisələrin təkcə izahı, şərhi yox, həm də ümumiləşdirilməsi, məcmu kütləsi təqdim olunmalıdır. Bu cəhətdən dramaturq filosofla müqayisə edilə bilər. Hər bir gözəl dram əsəri, həm də gözəl bir musiqi əsəridir. Musiqi dramın ruhunda, mahiyyətində, alt və təbii ki, həm də üst qatında olmalıdır. Kamil dramaturq səslərin harmoniyasını anlamalı və öz əsərinə bütöv bir musiqi əsəri kimi baxmalıdır. Bu cəhətdən dramaturqu bəstəkarla müqayisə etmək olar. Dram əsərində personajları "postament üzərinə qoyan" söz və ifadələr, hərəkət və pauzalar yonulmalı, yoğrulmalı, canlanmalıdır. Bu cəhətdən dramaturqu heykəltəraşla müqayisə etmək olar.

Ümumiyyətlə, dramaturgiya ilə ciddi məşğul olan adamı, konstruktiv nizama riayət etmə baxımından memarla, hadisələrin məntiqi əlaqəsinə diqqət baxımından tarixçi ilə, obrazların daxili aləminə nüfuz etmə baxımından psixoloqla müqayisə etmək olar. Əsası bizdə Mirzə Fətəli Axundov tərəfindən qoyulan bu sənət ponteonuna çox qüdrətli söz adamları təşrif buyurmuşlar. Çağdaş dramaturgiyamızın da görkəmli nümayəndələri az deyildir. Amma təəssüf ki, sovet dövründə neçə-neçə istedadlı qələm sahibinin bir çox səhnə əsərləri ideoloji cəbhəxananın tələb və təklifini yerinə yetirmək baxımından "sosrealizmin" qurbanına çevrilmişdir.

 

Bəs indi vəziyyət necədir?..

 

Axı, bu gün sənətin, ədəbiyyatın bütün sahələrində "Cəbhəboyu" ideologiyasızlaşdırma gedir. Elə isə dramaturji təsərrüfatın hansı çatışmazlıqlarından söhbət gedə bilər?.. Bir də ki, biz artıq qeyd etdik: bu gün dramaturgiyamızda diqqətiçəkən simalar və əsərlər də mövcuddur. Əlbəttə, teatr və dramaturgiya arenasında uğurlar özlüyündə sevindiricidir, amma çatışmazlıqlar da az deyil. Bu gün Azərbaycan teatrları öz işini günün səviyyəsində qura bilmir. Bu sənət ocaqlarının və ya onların rəhbərlərinin bir çoxunun teatrı yaşadıb inkişaf etdirmək ücün nəinki qlobal konsepsiyası, heç məhdud təsəvvür və planları belə yoxdur. Teatrlarımız özünü böyükçaplı ədəbi-bədii və fundamental fəlsəfi-estetik proseslər kontekstindən təcrid edib. Əksər teatrlarda yaradıcılıq ab-havasını "sponsor ovu" və s. axtarışlar əvəz etməkdədir. Bunun "nəticəsi" göz qabağındadır: indi əsl sənətə "göz dağı" olan əsərlər az deyil...

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 6 oktyabr.- S.13.