Qabdulla Tukay və Azərbaycan

 

Tatar ictimai-ədəbi fikri tarixində xalqın yaşadığı mərhələnin çalarlarını yetərincə əks etdirən, bu ədəbiyyatın canlı səhifəsi kimi dəyərləndirilən sənətkarlar sırasında Qabdulla Tukay yaradıcılığı öncül mövqedə dayanır. Tukayın tatar ədəbiyyatında yerini müəyyənləşdirməyə can atan alimlər onu haqlı olaraq rus ədəbiyyatında A.S.Puşkinin tutduğu mövqe ilə müqayisə edirlər. Türk ədəbiyyatlarının məşhur bilicisi Fuad Köprülüzadə isə Tukayı Puşkin, Lermontov, HöteHeyne ilə müqayisə edərək qeyd edib ki, sağlam təməl üzərində duran tatar ədəbiyyatının inkişafının romantik istiqamətdə irəliləyişində Tukay yaradıcılığı rusalman romantiklərinin yaradıcılığı ilə eyni yüksəkliyə çata bilib.

Fikrimizcə, Qabdulla Tukay tatar mədəniyyətində M.Ə.Sabir Azərbaycan ədəbiyyatında, Ç.Valixanov qazax ədəbiyyatında, Z.Firqət özbək ədəbiyyatında, S.Yesenin rus ədəbiyyatında oynadığı rolu oynayıb. Q.Tukay yaradıcılığı rəngarəngliyi və əzəmətliliyilə yanaşı, həm də xalq qəlbinin ənginliyinə "səyahət" etməklə onun adi təfəkkür tərzini, fəlsəfi mahiyyətini ustalıqla əks etdirə bilib.

Kazan quberniyasının Menger nahiyəsinin Quşlavıç kəndində molla ailəsində doğulmuş Qabdulla beş aylığında atasını, üç yaşında isə anasını itirib yetim qaldıqdan sonra qohum-əqrəba tərəfindən himayəyə götürülmüş müxtəlif ailələrdə tərbiyə alıb, bir kənddən digərinə, bir regiondan başqasına köçmək məcburiyyətində qalmaqla böyüyüb. Buna görə də Tukay "Dağılmış ümid" şeirində: mənim incə kövrək sazım, çox ləngidi güllü yazın - deyə yazmışdı. Tanınmış tatar xalq şairi Sibqat Hakim Qabdulla yaradıcılığının müxtəlif tərəflərinə toxunaraq yazırdı: "Tukay dahi tatar şairidir. Yaradıcılığı ilə o, xeyli nəsillərin təfəkkürünü silkələyə bilib. Bunun səbəbini onun xalqa bağlılığında axtarmaq lazımdır. Millilikdən söhbət getdikdə biz ehtiyatla, bir qədər də şübhə ilə danışırıq. Tukayın isə dahiliyi onun milliliyində, öz xalqının hiss, arzu, istəyini dərindən dərk etməsindədir".

Tukay sanki isə axtarırdı. Beləliklə, o, Kazan mehmanxanalarında ayrıca yaşamağa başlayır. Həyatı Kazan mehmanxanalarında keçən Tukay üçün bu, bir tərəfdən yazıb-yaratması üçün daxili azadlığı idisə, digər tərəfdən tənhalığa meyli, faciəsi idi. Axı o, xalqından kənarda da yaşaya bilmirdi. Uşaqlığı kənd həyatına bələnmiş Tukay xalq nəğmələri, qədim ənənəvi tatar bayramları içində ruhunu yaşadaraq ona boy verirdi. Xalq nəğmələrinə sevgi ana dilinə sevgi ilə nəticələnirdi. Elə buna görə anası Məmdüda, babası Zinətulladan gələn irsi istedad Tukay yaradıcılığında xüsusilə rəngli görünürdü. O, hələ Kırlay kənd mədrəsəsində təhsil alarkən şeir yazmağa başlamışdı. Dini-fəlsəfi sufi baxışlardan qidalanan "Mühəmmədiyyə" "Anvarel-Qaşıykın" ("Aşiqlərin işığı") əsərlərini elə burada qələmə almışdı.

Tukayın istedadı erkən kükrəyiş tapdı az müddət ərzində o, xalqının sevimli şairinə çevrildi.

Tukayın ilk estetik görüşləri Kazanətrafı ərazilərdə yaranıb. İbtidai təhsilini burada almış Tukayın xalq nağıllarına, rəvayətlərinə ədəbiyyata sevgisi buradan başlayıb. Məhz elə burada onun Rudəki, Firdovsi, Nizami, Nəvai, Bayron, Puşkin, Lermontov b. dahi sənətkarların irsi tanışlığı baş tutur. Buradan Uralska (Qazaxıstana) bibisinin yanına getdikdən sonra isə onun orada ədəbi-estetik ictimai-fəlsəfi baxışları formalaşır. Tatar, ərəb, fars, türk (Anadolu türkcəsini), rus dillərini dərindən öyrənir. Eyni zamanda bunu da qeyd etməyə ehtiyac var ki, onun dünyagörüşünün formalaşmasına çar Rusiyasında gedən ictimai, siyasi, inqilabi, mədəni, ədəbi proseslər böyük təsir göstərirdi.

Bütün bunlar göstərir ki, Tukayın ictimai-siyasi ədəbi-estetik görüşləri etnik-milli çərçivədə qapanıb qalmır, onun düşüncəsi daha geniş müstəvini əhatə edən bir miqyasda formalaşırdı. Qabdulla Tukayın estetik baxışlarının belə bir tarixi şəraitdə formalaşması heç təsadüfi deyildi. Çünki XX əsrin əvvəllərində gedən ictimai-siyasi, mədəni-mənəvi proseslər, bir tərəfdən rus demokratik fikrinə söykənərək inkişaf edirdisə, digər tərəfdən, Şərq türk ədəbi-ictimai kontekstində genişlənirdi. Bu mərhələdə Azərbaycan ziyalılarının Q.Tukay yaradıcılığına təsiri birbaşa gedirdi. Azərbaycan tatar xalqlarının tarixi taleyinin eyniliyi, etnik-milli, tarixi-geneoloji, mədəni-mənəvi ənənələr heç göstərilən dövrdə gedən proseslərə söykənmir, uzaq keçmişdən gələrək formalaşdırılırdı. Bu kontekstdə biz Q.Tukaya qədər Azərbaycan tatar xalqlarının münasibətlərinin dinamik inkişafını İsmayılbəy Qaspralı Yusuf Akçuraoğlunda görürük. Bu da məlumdur ki, İ.Qaspralı Y.Akçuraoğlu ideyaları, onların Azərbaycan ümumtürk ictimai-ədəbi fikri ilə əlaqələri türkçülüyün, islamçılığın demokratik ideyaların inkişafında mühüm rol oynayırdı. Qeyd edək ki, "Füyuzat"çılar sırasında krımlı Həsən Səbri Ayvazov, kazanlı Sənətulla Eynullayevin yaxından iştirakı Azərbaycan-tatar ictimai-siyasi mədəni-estetik platformalarında olan yaxınlıqdan xəbər verirdi. Onlar burada Əli bəy Hüseynzadə, türkiyəli Əhməd Kamal, Xalid Xürrəm Səbribəyzadə, Məhəmməd Hadi, Hüeyn Cavid, Abdulla Sur, Yusif Talıbzadə, İbrahim Tahir Musayev, Əbdülxalıq Cənnəti ilə çiyin-çiyinə fəaliyyət göstərirdilər. Həsən Səbri Ayvazov Sənətulla Eynullayev digər "Füyuzat"çılarla jurnalın ictimai-siyasi meyllərinin ədəbi-bədii axtarışlarının, strategiyasının müəyyənləşdirilməsində yaxından iştirak edir, etnik-milli keçmişə sayğı ilə yanaşma, azad cəmiyyət, ortaq dil mədəniyyət məsələlərini gündəmə gətirirdilər. Bunu da nəzərə almaq lazımdır ki, "Füyuzat"çı ideya-estetik konsepsiyasının formalaşmasında Azərbaycanda yayılan beynəlxalq mətbuatın, o cümlədən rus mətbuatının, habelə Hindistanda çıxan "Həblül-mətin", Türkiyədə nəşr olunan həftəlik illüstrativ "Sərvəti-fünun", ayda iki dəfə oxuculara çatdırılan "Türk yurdu" jurnallarının da böyük əhəmiyyəti olmuşdu. XX əsrin əvvəllərində Türk dünyasında Bakı Kazan mühiti xüsusi siyasi-ictimai fəallığı ilə seçilirdi. O dövrdə İstanbulda yaşayıb yenidən Kazana qayıtmış Akçuraoğlunun da dünyabaxışları tatar ziyalıları, xüsusən Qəyyum Nasiri, din islahatçısı Alimcan Barudi ilə görüşlərdən qidalanaraq regionda ictimai, siyasi fəallığın artmasına kömək edirdi. Akçuraoğlunun əmisi qızı Zöhrə xanım İ.Qaspralının həyat yoldaşı idi. Buna görə Akçuraoğlu ilə İsmayıl bəy daha çox ünsiyyətdə olur, türk xalqlarının mübarizə konsepsiyasını müzakirə edirdilər.

İsmayıl bəy Qaspralı, Yusif Akçuraoğlu, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və digər böyük mütəfəkkirlər türkçülüyün öyrənilməsinə və qorunulmasına, bu ideologiyanın formalaşdırılmasına böyük töhfələrini verirdilər. Bu sübut edir ki, Azərbaycan və tatar ədəbi ictimaiyyətinin fəaliyyət və yaradıcılıq planları xeyli məqamlarda üst-üstə düşürdü. Axı Azərbaycan türkləri ilə tatarları çox şey birləşdirirdi. Vaxtı ilə "türk" və "tatar" istilahlarını qəbul etməyən Əlibəy Hüseynzadə yazırdı ki, başqa alimlərin, xüsusilə fransız müəlliflərinin bir qismi moğol, tunquş, tibetli, türksair "tatar deyəndə də səhv edirlər".

XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan "Molla Nəsrəddin" satirik jurnalı tatar ziyalıları arasında olduqca populyar idi. Bu jurnalın köməyi ilə Sabirin satirik şeirləri tatar ictimaiyyətinin malına çevrilirdi. Elə buna görə Tukayın satiraya meyllənməsində Sabir yaradıcılığının rolu son dərəcə böyük idi. Onun Sabiranəliyini sübut edən nümunələrindən biri "Həyat" qəzetinin 1906-cı ildə 20 yaşlı tatar şairinin "Mollalar Yaponiyanı müsəlmanlaşdırırlar" başlığı altında təqdim edilmişdir.

Qeyd edək ki, "Həyat" qəzeti o zamanlar türk-müsəlman dünyasının əsaslı məsələlərini həll etməyə çalışırdı və elə buna görə də öz səhifələrində dünya ədəbiyyatı klassikləri, maarif, mədəniyyət və digər problemlərlə yanaşı, mövcud müsəlman aləmi haqqında məqalələr dərc edirdi. Bu qəzet Türküstanda, Tatarıstanda, Yaxın Şərqdə həvəslə oxunurdu. Qazaxıstanın Uralsk şəhərində qəzetlə tanış olan Tukay, həm də ona öz şeirlərini həsr edirdi. Qəzetə Q.Tukayın dərin marağını onunla yaxından əməkdaşlıq edən tanınmış ziyalılar H.Zərdabi, N.Nərimanov, S.M.Qənizadə, M.Ə. Sabir, M.Hadi, Ü.Hacıbəyli və b. ziyalılar yaradırdı. Bu kontekstdə Tukay, tatar ictimai fikri yeni türk və şərq ədəbiyyatının tənqidi meyllərinə söykənərək Rusiyadakı feodal-patriarxalkapitalist qaydalarına qarşı çıxış edirdi. Bu dövrdə Azərbaycan-tatar ictimai-siyasi, ədəbi-estetik əlaqələrinin intensivləşməsi tatar ədəbiyyatında yeni zəngin psixoloji ovqat yaradırdı. Q.Tukay poeziyasında isə bu ovqat xüsusilə formalaşdırılır, inkişaf etdirilirdi. Elə buna görə də dövrün tatar tənqidi realizminin ön sıralarında gedən Tukay yaradıcılığı ilə tatar xalq-milli dili həmahənglik təşkil edirdi. Təsadüfi deyil ki, o dövrdə Q.Tukayın dillə, xalq ədəbiyyatı ilə bağlı aşağıdakı tipli şüarları tez-tez səslənirdi: "Yaşasın ana dilim!", "Yaşasın xalq ədəbiyyatı!". Buna baxmayaraq bu proses son dərəcə böyük ziddiyyətlərlə müşayiət olunurdu. Tukayın "Ana dilim" şeiribu ziddiyyətlər fonunda qələmə alınmışdı:

 

Ey anadilim, ey güzəl dil, anamın, babamın dili!

Senin sayendedir, dünyada öyrendiyim her şey.

Bu dil ilə evvela, annem ninni söyləmiş,

Sonraları, geceler boyu ninem masal anlatmış.

 

Tukayın ictimai-ədəbi baxışlarının formalaşmasına Azərbaycan ictimai, siyasi ədəbi-mədəni mühitinin təsiri daha çox hiss olunurdu. Belə ki, o, hələ Uralskda yaşayıb oxuduğu yaratdığı dövrdə "Şəqi-Rus" "Həyat" qəzetlərini alır, onları yetərincə mütaliə edirdi. Hələ 1905-ci ildəki "Həyat" qəzetinin saylarından birində "Mədəniyyətimizin baharı" adlı məqaləni oxuduqdan sonra o, Kazanda mədəni-mənəvi oyanış olacağına ümidlə baxırdı. Məqalə sənətkarlıq baxımından yüksək səviyyədə olmasa da, orada əksini tapmış məsələlərdə Qafqaz administrasiyasının Bakıda nəşr olunan qəzetlərə Şərq dillərinə qoyduğu senzura ciddi tənqid atəşinə tutulurdu. Hələ vaxtı ilə "Əkinçi" üzərində olan bu senzura sonralar "Şərqi-Rus", "Kəşkül", "Həyat" qəzetləri, "Füyuzat", "Molla Nəsrəddin" jurnalları üzərində daha qəddarcasına davam etdirilirdi. Bütün bunlar Tukaya yaxşı məlum idi onun özü çox zaman senzuranın senzurların hədəfinə çevrilirdi. Məktublarından birində Q.Tukay yazırdı: "Mən həm diplomat, həm siyasətçi, həm ictimai xadiməm. Mənim gözlərim çox şey görür, qulaqlarım çox şey eşidir". Dərin müşahidəçi olan Q.Tukay məhz buna görə əsərlərində ictimai həyatın bütün məsələlərinə dair kəsərli əsərlər ortaya qoyurdu.     

 

 

Nizami Tağısoy,

professor  

 

Xalq Cəbhəsi.- 2011.- 11 oktyabr.- S.14.