"Gülüstan"la başlayan faciələrimiz
Oktyabrın 12-də tarixi Azərbaycan
torpaqlarını ikiyə bölən bu müqavilədən
198 il ötür
Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən "Gülüstan" müqaviləsindən 198 il ötür. Ötən müddətdə Azərbaycan tarixi ərazilərinin 80 faizini itirib. Tarix tarixdir. Vaxtilə baş verənlərə millətimiz nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çox çətin olur. Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza hələ ki, yetməmişik. Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində artıq 200 ilə yaxın müddətdə Azərbaycan-Türk xalqını iki yerə ayıran "Gülüstan" dəhşətli hadisəyə şahidlik edib.
"Gülüstan"la fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma ulusumuzun aqibətinə hələlik davam edən əbədi ayrılıq, parçalanma yazıldı.
Farslarla ruslar torpaqlarımızı aralarında dədə malı kimi böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. "Gülüstan"dan sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlməkdədir. Müqavilədə bircə dəfə də olsun, Azərbaycan adına rast gəlinmir. Rusiya və İran yurdumuza sahiblənmək üçün bir-birini didsələr də, sonda törətdikləri cinayəti gizlətmək üçün Azərbaycanın adını bilərəkdən müqaviləyə salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. 11 maddədən ibarət müqavilə ilə bölüşdürülən yurdumuzda düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz verdilər.
"Gülüstan" sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, Bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan, yəni məğlub xalqdan heç kəs orada iştirak etmədi. Abbasqulu Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində sadəcə, tərcüməçi vəzifəsini yerinə yetirirdi. Olduqca fəlakətli məqamdır.
Hər bir Azərbaycan vətəndaşı yurdumuzun necə tikə-parça olduğunu bilməlidir. "Gülüstan" faciəsini yaradan səbəblər nə idi? Başlıcası, Türk xalqının bir olmaması. Tarixən qılınca sarılan, ancaq idrakının gücünə arxalanmayan türkləri dünya təkləyə bildi. Şah İsmayıl Xətayinin ölümündən sonra onun qurduğu dövlət tədricən farslaşmağa üz qoydu, Şah Abbasın zamanında farsçılar istəklərinə çatdılar.
Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri o dövrdə vahid dövlət əvəzinə xanlıqlar şəklində mövcudluğu idi. Azərbaycanı bir əldə birləşdirən güc olmadı, təəssüf ki, meydana çıxmadı. Üstəlik də xanlıqların balaca maraqları (tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik alınmadı. "Gülüstan"ın yaranmasının ən başlıca səbəbi isə türk xalqlarını siyasi, iqtisadi, mənəvi sarıdan birləşdirəcək inamın-dünyabaxışın olmaması idi.
Hətta Azərbaycan xanları Gəncə xanı Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı əsrlərdə, xüsusən Səfəvilər dövründə türklərin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür.
Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi qurulmuşdu, əməlli-başlı möhkəmlənmişdi. Anlayırdı ki, uzun müddət ayaqda qalması üçün ona yeni-yeni torpaqların işğalı gərəkdir. İmperiyaçılıq-fürsətcillikdir, qətiyyən insaniliyə, vicdana, mərhəmətə əsaslanmır. Yurdumuzda, bölgədə erməni məsələsinin tüğyanı "Gülüstan" faciəsi ilə başlandı. Erməni məkri rus imperializminin işinə gözəl yaradı, bu gün də yarımaqdadır. Bu dönəmdə İran da güclənirdi. Azərbaycan "Gülüstan" adlı xarabazar andlaşmaya birdən-birə gəlib çıxmadı.
Heç bir faciə birdən-birə yaranmır. Xəlqi faciələri
mahiyyətcə fərdi
faciələr yaradır.
Yüzillərlə babalarımızın buraxdığı səhvlər
bir yerə yığışdı və
"Gülüstan" yarandı.
"Gülüstan" Türkmənçayın faciəvi
başlanğıcı oldu.
İllərdir Azərbaycan
ictimai mühitini müşahidə edirəm:
demək olar, aydınlarımız "Gülüstan"
və "Türkmənçay"
faciələri mövzusunda
danışmır, yazmırlar.
Üstəlik də xüsusən
tarixçilərimız Babəki,
Nəsimini islamçı
yapanlara qarşı bir kəlmə də söz demirlər, o deməkdir ki, razılaşırlar.
Azərbaycanın tarixi torpaqlarının işğal olunaraq Rusiya və İran arasında bölüşdürülməsinə hələ də Azərbaycan mətbuatında, ümumiyyətlə, KİV-lərdə əsasən soyuq və laqeyd münasibət davam etməkdədir. Əgər millət öz tarixi keçmişinə sayğı və qayğı ilə yanaşmırsa, buraxdığı səhvlərdən dərs almırsa, deməli, bütün hallarda sabahını tam mənası ilə qura bilməz. Bu gün hər birimiz dünyanın zirək millətlərinin necə böyük uğurlara çatdıqlarından heyrətlə danışırıq. Unuduruq ki, onlar bütün bunlara ardıcıl inadla, çox hallarda başqalarının tarixi səhvlərindən dərs almaqla, bəhrələnməklə çatıblar.
Azərbaycanın yurd bölünmüşlüyü fəlakəti barədə ilk növbədə ziyalılarımız car çəkməlidirlər. Milli mənafe şəxsi mənafedən heç bir vəchlə aşağı ola bilməz. Ancaq aydınlarımız təəssüf ki, əksər hallarda dedikləri kimi yaşaya bilmir, sözlə əməl vəhdətini bir-birindən ayırırlar. Gurultulu sözlərin arxasındakı xəlqi əməlçilik görünmür.
Dərindən fikirləşməliyik. Görəsən, Azərbaycanın "bölünmüş xalq" statusunu dünyaya necə anlatmalıyıq? Digər tərəfdən də siyasi dünya Azərbaycanın vəziyyətini, tarixi keçmişini, harda səhv etdiyini, nələri itirdiyini çox gözəl bilir. Ümumiyyətlə, bizi sevməyənlər bizi bizdən də yaxşı tanıyırlar. Biz isə hələ də tarixi düşmənlərimizi yaxşı tanımamışıq.
Bircə faktı diqqətə çatdıraq. 1945-ci ildə Azərbaycanın Güneyində Pişəvəri Hökuməti quruldu, ancaq bir ildən sonra bu hökumət amansızcasına boğuldu, soydaşlarımıza divan tutuldu. Belə bir zamanda yaradılan BMT ziqzaqlı məqamları "qanuniləşdirdi". Bir tərəfdən millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, digər tərəfdən hər bir dövlətin ərazisinin toxunulmazlığı təsbit edilir. Azərbaycanın Quzeyinin SSRİ əsarətində olduğu bir dövrdə səsimizin çıxmağı mümkün deyildi. Ancaq bu gün müstəqilliyimizin 20 yaşının tamamında da sözügedən məsələlərə çox hallarda susqun münasibət bəsləməyi üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimizin olduğu bir zamanda Güney Azərbaycan dərdindən danışmaq yersizdir. Türk dünyası Güney dərdimizə bələdlik səviyyəsində belə hələ yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, ciddi yanaşma hiss olunmur. Bu tarixi fəlakətin özümüzə bilgi səviyyəsində belə tam aydın olmasını da öz əlimizlə əngəlləyirik.
Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. 20 ildir ki, Almaniya birləşdirilib. Görəsən, bu gün dünyada bölünmüş xalqlar timsalında Azərbaycan türkləri sayağı 200 ildir ki, ayrılıq əzabını dadan bir xalqı varmı? Dərinə gedəndə Şimali və Cənubi Koreyanın birləşməməsi bu xalq üçün dəhşətli fəlakət deyil. Baxmayaraq ki, bu birləşməyə də əngəl törədilir. Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı ən böyük əngəl hesab edir.
Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl axtarışlarla dolu millətsevər (yəni insansevərlik) həyatı yaşamaq tələb olunur. Hadisələrin gündən-günə gərginləşdiyi bir zamanda Bütöv Azərbaycan idealının ABŞ-İran qovğası selində gerçəkləşəcəyi təsəvvürləri yaranmadı.
Azərbaycan dərdimizin həll olunması bir günün işi deyil. Hər şeydən əvvəl siyasi gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər olaraq meydana çıxmağımızı tələb edir. Hətta istədiyimiz səviyyəli fərdlərin yetişəcəyi vəziyyətdə belə Azərbaycanın Birliyi ideyası müəyyən dövrün nəticəsi kimi gerçəkləşə bilər...
Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi dərindən bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması digər tərəfdən də zaman-zaman dünyanın türkü sevməməsilə bağlıdır.
Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. "Gülüstan"ın ardınca gələn "Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. "Türkmənçay" müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüzün, yırtıcılığın davamı idi. Bu müddət ərzində türk xalqlarının başına çoxlu fəlakətlər gəldi.
Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə türk dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" fəlakətləri ilə bağlı ətraflı bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin miqyası, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.
"Türkmənçay"
müqaviləsi Azərbaycan türklərinin şərə
qarşı inadcıl, bütöv
mübarizəsinin olmaması səbəbindən baş tutdu. Əgər o zaman sözün
böyük mənasında birliyə nail olsaydıq, bu fəlakət
başımıza gəlməyəcəkdi. Bir millət olaraq dərdlərimiz
çoxdur. Ancaq hər
halda dünyanın axırı da deyil. Başımıza
gələnlər bizə onu deyir ki, bundan
sonra qətiyyən çaşmaq,
sarsılmaq olmaz. Dövlətçilik ənənəmizi
qiymətləndirməli, qədimliyimizlə, olmuşlarla
yanaşı həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər
yaratmalıyıq.
Uğur
Xalq Cəbhəsi.- 2011.- 12 oktyabr.-
S.14.