"Dəli
Kür"də Cahandar ağa
obrazı
Xalq yazıçısı
İsmayıl Şıxlının tarixi keçmişimizə
həsr olunan bədii-estetik siqləti ilə seçilən
"Dəli Kür" (1962) ilk növbədə öz bədii
tamlığı, yüksək sənətkarlıq məziyyətləri
ilə ədəbi ictimaiyyətimizdə geniş əks-səda
doğurdu.
"Dəli Kür" romanının əsasında 1969-cu ildə çəkilmiş eyni adlı film (filmin ssenari müəllifi İ.Şıxlı, quruluşçu rejissoru H.Seyidzadədir) milli kino tariximizdə və mədəni həyatımızda əlamətdar hadisələrdən biri oldu. "...Dəli Kür"dəki Cahandar ağa ədəbiyyatımızda son dərəcə orijinal surətdir. Bu obraza qədər mənfi surətlər ancaq tünd boyalarla ("qara qətran içərisində") rəsm edilirdi. Cahandar ağa obrazı bu şablonu aradan qaldırdı. Məlum oldu ki, bəy də, mülkədar da bütün mənfi xasiyyətlərinə, ictimai mövqelərindən irəli gələn naqisliklərə baxmayaraq canlı insandır. Cahandar ağa bunun əyani təcəssümünə çevrildi. O, əsl milli xarakterdir.
Öncə qeyd edək ki, romanın ekran müstəvisinə gətirilməsi nöqteyi-nəzərincə Azərbaycan kinematoqrafiyası üçün bu, son dərəcə baxımlı bir ədəbi material oldu. Romanın təhkiyə sistemində ekran sənəti üçün son dərəcə zəruri olan təsvir bütövlüyü var. İstər əsərdə, istər də filmdə müəlliflər xalq kultunun mərdlik, qeyrət, əzəmət və cəngavərlik kimi milli xüsusiyyətlərinə daha artıq diqqət yetirmişlər. "Cahandar ağa tarix səhnəsindən getdi, lakin bədii obraz kimi "Dəli Kür" romanında (eləcə də filmində - O.H.) ikinci dəfə dünyaya gəldi və bu dəfə onun mənəvi ömrü fiziki ömründən uzun oldu. Rejissor romanın arxitektonikasından, iç dünyasından ideyanı götürərək səhnə tərtibatının kinematoqrafik komponentlərindən istifadə edərək, bədii mətnə rəğmən görümlü və uğurlu ekran əsəri yaratmağa müvəffəq oldu. Və beləliklə, film ekranlara çıxandan sonra çoxmilyonlu seyrçi uğuru qazandı, cəmiyyətdə, mədəniyyətdə və kino tarixində hadisəyə çevrildi.
Filmdə təsvir edilən Cahandar ağa (Ələddin Abbasov) obrazı daxili ziddiyyətlər üzərində qurulub. O, ailəyə, qadına, dosta, qonağa, düşmənə münasibətdə milli ənənələrdən çıxış edir. Lakin onun mövcud adət-ənənələrlə bağlı dəyişməz xarakteri ilə daxili hiss və duyğuları arasında bir təzad var. Allahyarın (Məmməd Bürcəliyev) arvadı Mələyi (Zemfira Sadıxova) qaçırması onun milli əxlaq normalarına zidd fərdi istəyindən irəli gəlir. Cahandar ağanın Mələyi qaçırması obrazın ziddiyyətli təbiətini tamaşaçıya çatdırmaqla, həm də onun ətraf aləmlə münasibətlərini pozur. Belə ki, sonradan, o, ağır mənəvi zərbələrə məruz qalır. Cahandarla Allahyar arasında düşmənçilik yaranır, Şamxal (Fikrət Əliyev) Mələyin üzərinə xəncər çəkir və atasının cavabını qaytarır, Cahandarın qızı imperiya dairələrindən qaçıb Göytəpədə gizlənən Əhmədə (Eldar Əliyev) bayram sovqatı, gül aparmaqla sevgisini bildirir, oğlu Şamxal atasından razılıq almadan Qori seminariyasına oxumağa gedir və nəhayət, bacısı Şahnigar xanımın (Liya Eliava) Molla Sadığın (Məlik Dadaşov) meyxanasında iştirak etdiyini biləndə o, "namusu ləkələnmiş" bacısını tərəddüd etmədən öldürür. Kinoşünas Aydın Dadaşov filmi təhlil edərək yazır: "...Kənddə nüfuz sahibi olan Molla Sadığın uşaqların seminariyada oxumasına mane olması ziddiyyətin tərəflərini müəyyən edir. Ziddiyyətə qoşulmaqla ictimai status qazanan Cahandar ağa obrazı antiqəhrəmanlıqdan çıxır. Təhqir olunmuş Molla Sadığın kənddəki nüfuzunu bərpa etmək üçün intiqama əl atması ziddiyyəti fabulalı süjet xəttində təqdim edir. Bu intiqamın qurbanı seçilən Cahandar ağanın bacısı Şahnigarın Molla Sadığın qurğusu ilə meyxana məclisinə gətirilməsi ziddiyyəti kəskinləşdirir. Cahandar ağanın bacısını atın döşünə qatıb Kür qırağına aparması peyzajı dramaturji struktura qoşur. Tədricən Kürə qərq olan Şahnigarın oxuduğu kəlmeyi-şəhadət dramatik vəziyyəti son həddə çatdırmaqla yanaşı, Dəli Kür obrazını doğruldur.
Rus hökumətinin müstəmləkəçilik siyasətini duyduğundan, pristavla qarşılaşdıqdan sonra artıq Cahandar ağa "dədə-baba" qaydası ilə dolanmağın, "at belində gəzib ağayanalıq etməyin" artıq mümkün olmayacağını bir daha yəqin edir, müstəqilliyin və sərbəstliyin itirilməsinə isə dözə bilmir. Cahandar ağa milli adət-ənənəyə sadiq qaldığına görə öz kişilik qürurunu və daxili özgürlüyünü qoruyub saxlayır. Kinoşünas Sevda İmanova "Dəli Kür"də millilik amili" adlı məqaləsində bu obrazı səciyyələndirərək yazır: "Filmin baş qəhrəmanı Cahandar ağanın həyata baxışının üç mühüm şərti var: "Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına atıb tapdalamaq deməkdir". O, milli-mənəvi dəyərlərə hörmətlə yanaşır, elmin, maarifin əhəmiyyətini dərk edir, fəqət oğlunun məktubunu oxuya bilmir, özgənin kəbinli arvadını qaçırır, ancaq bacısı Şahnigarın meyxanaya getməsini ona bağışlamır. Bu ziddiyyəti istedadlı aktyor Ələddin Abbasov özünəməxsus təbii oyunu ilə nümayiş etdirir.
Filmdə rejissor ssenarinin ideyasını və tarixilik prinsipini əsas götürərək, obrazların mənəviyyatını konkret dövrün və mühitin (XIX əsrin axırlarındakı Azərbaycan kəndinin) kontekstində nümayiş etdirir. Əsas obrazın - Cahandar ağanın daxili təlatümlərinin, hiss və duyğularının, psixoloji sarsıntılarının film boyu ətraflı təcəssümü bir şəxsin mənəvi problemlərinin təcəssümü çərçivəsində qalmayıb, tarixi hadisələr fonunda müstəqilliyini itirməkdə olan milli mülkədarlığın narahat taleyi kimi sosial məna daşıyır.
Məlum olduğu kimi film hazır olduqdan sonra o zaman Moskvada
"rejim"in sərt
basqısına məruz qalır və bir
neçə epizod filmdən
çıxarılır. Birinci epizodda qubernator Cahandar ağaya
deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya
torpağı satın, ya da bağışlayın. O,
isə cavab verir ki, torpağı nə satarlar, nə də
bağışlayarlar. Sonra qubernator deyir: "Baxarıq".
Və kazakları Cahandar ağanın
üstünə göndərir.
Digər epizodda isə nökərlər gəlib Cahandar
ağaya deyirlər ki, kazaklar mal-qaranı apardılar,
özümüzü isə döydülər. Cahandar ağa
kazaklara deyir ki, bura sizin at-baba torpağınızdır?
Onlar isə: "Deyəsən könlündən Sibir
keçir" - deyirlər. Cahandar ağa
kazakların başçısını qamçı ilə
döyür. Sonra atışma
başlayır. O, kazakların beşini
öldürür. Sonra onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da
film qurtarır. Sonda isə "Ana
Kür" mahnısı oxunur. Öncə
qeyd etdiyimiz kimi rus imperiyasının
işğalçılıq siyasətini tam əks etdirdiyinə
görə bu epizodlar filmdən
çıxarılmışdı. Həmin
epizodlar sonradan milli kinomuzun təəssübkeş
araşdırıcısı, kinoşünas Aydın
Kazımov tərəfindən aşkar edilmiş və Azərbaycan
Dövlət Film Fonduna təhvil verilmişdir. Sonralar xalq yazıçısı İsa
Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin
ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda
canlandırıldı və filmin ilkin nüsxəsi
tamaşaçılara təqdim olundu.
Xalq yazıçısı İsmayıl
Şıxlı film barədə jurnalistlə olan müsahibəsində
"Cahandar ağa surətinin ekran görüntüsündən
razısınızmı? - sualını
cavablandıraraq demişdir: "...Bir neçə məqamı
istisna olmaqla, yox, razı deyiləm. O filmin başı
çox müsibətlər çəkdi. Moskvada
çox yerini ixtisara saldılar. Ən
çox da sonluğuna demək olar təcavüz olundu. Nə
isə... keçmiş ola... Nə
yaxşı ki, "Dəli Kür"ümü heç
olmazsa kitabımda öz məcrasında, adına
uyğun sağlada bilmişəm. Bir də
romanın radio variantı mənim üçün filmdən
daha qiymətlidir. Xüsusilə də
Cahandar ağa obrazını yaradan Həsənağa Salayevin
ehtiraslı ifası.
Filmdə əsas obrazın - Cahandar ağanın
ifaçısı Gəncə Dövlət Dram
Teatrının öncül aktyoru, respublikanın xalq artisti Ələddin
Abbasovdur. Fikrimizcə, bu obrazın ifasında aktyor öz təbii
oyunu və daxili özgürlüyü ilə seçilir.
Və bu oyunda ən önəmli şərtlərdən biri
yuxarıda qeyd etdiyimiz kimi təbiilikdir: sözdə, səsdə
(təəssüf ki, kinoda Cahandar ağa rolunda Ələddin
Abbasov özü danışmır, səs onun səsi deyil. Həsənağa Salayevin səsidir), hərəktdə,
ahəngdə, tələffüzdə və ifadədə
olan təbiilikdir. O, ifa etdiyi rolun xarakterinə və səviyyəsinə
uyğun uyar hərəkətlər edir. Ə.Abbasovun
oyununda obrazın daxili xarakteri açılır, dəruni
hiss və duyğuların, ehtirasların mənbəyi
çözülür, fəlsəfi-ictimai mənalar üzə
çıxır. Aktyor bu obrazı
canlandırarkən qeyd edir ki, "mən atamı
xatırlayıram həmişə. Mənim
atam da Cahandar ağa kimi həmişə at belində
dolanıb. Zəhmindən qan
ağlayırmış övladları. Bütünlüklə
o gəlib dururdu gözümün qabağında.
Qeyd edək ki, görkəmli aktyor öz müsahibələrində
romandakı Cahandar ağaya daha çox üstünlük
vermiş, özü yaratdığı Cahandar ağadan isə
narazı qalmışdır. "Mən bu
romanı ("Dəli Kür"ü, G.M.) çox
oxumuşam. Dönə-dönə
oxumuşam. Və bu romana indi də
heyranam. İsmayıl
Şıxlının "Dəli Kür" romanından bir
film çəkməklə heç nə eləmək olmaz.
Bu roman çoxşaxəlidir. Burada hər obrazın öz tutumu, öz
ağırlığı, öz kişiliyi, öz namusu var.
Bu əsərdən dörd-beş seriyalı film çəkmək
olardı. Ancaq biz onu elədik müqəvva.
Korladıq qoyduq yerə. Mən romanı
oxuyanda deyirdim: ilahi, nolaydı bu əsərdən film çəkəydilər,
məni də çağıraydılar. Mən
öz rolumdan razı deyiləm. Bunu
sözgəlişi demirəm. İsmayıl
Şıxlının Cahandar ağasından nə qədər
razıyamsa, Ələddinin Cahandar ağasından bir o qədər
narazıyam. Mən hazır filmdən
danışıram. Siz
gördüyünüz filmdən.
Əlbəttə, bütün bunlar onu göstərir
ki, sovet dönəmində mədəniyyətin başqa sahələrində
olduğu kimi, kino sənətində də ssenariçilər,
rejissorlar buxovlanmış halda işləmişlər, sərbəst
olmamışlar. Xalq yazısıçı İlyas Əfəndiyevin
qeyd etdiyi kimi: "Yetmiş ildə bizim mənəviyyatımız
və həmin mənəviyyatın bədii
yaradıcılıq dünyası heç bir zaman azad,
müstəqil olmamışdır, heç bir zaman
"yuxarısız", "Mərkəzi Komitəsiz"
olmamışdır".
Ümumiyyətlə, filmin rejissoru H.Seyidzadə,
bütövlükdə yaradıcı heyət əsərin
ideya yönünü əsas tutaraq tarixi hadisələrin
uğurlu ekran təcəssümünə müvəffəq
olmuşlar.
Akademik Bəkir Nəbiyevin yazdığı kimi:
"...Üzərindən on illər keçdiyinə
baxmayaraq, həmin film ("Dəli Kür" filmi O.H.) yenə
də uğurla nümayiş etdirilir, tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanır".
Oktay Hacımusalı
Xalq Cəbhəsi.-
2011.- 12 oktyabr.- S.13.