Vaqif Mustafazadə: cazın Dərvişi
Vasif
Babayev: "Vaqif pianoda məşq edən zaman heç kəs
onu narahat edə bilməzdi"
Azərbaycanın
caz sənətindən söz düşəndə ilk
növbədə Vaqif Mustafazadə yada düşür. XX əsr
milli musiqimizə tamamilə yeni ruh və abu-hava gətirdi.
Akademik musiqi janrları - opera, balet, simfoniya,
irili-xırdalı kamera əsərləri ilə
yanaşı, estrada və caz da musiqi təfəkkürümüzün
və həyatımızın ayrılmaz tərkib hissəsi
oldu. Qazanılan nailiyyətlərin ən ümdə və məxsusi
cəhəti - Avropa musiqisində bərqərar olmuş ənənəvi
janrların Azərbaycan xalq musiqisi, şifahi ənənəli
professional musiqi və ilk növbədə muğamlarla
üzvi şəkildə çulğalaşması idi.
Muğam operaları ilə başlanan bu təşəbbüs
daha sonra simfonik muğamların, xalq çalğı alətləri
- tar və kamança üçün konsertlərin
yaranmasını, habelə milli ifaçı və xanəndələrin
Avropa ansambllarının tərkibində iştirakını
şərtləndirdi. Ötən əsrin 60-70-ci illərində
meydana gələn muğam-caz anlayışı da bu möhtəşəm
təbəddülatın özünəməxsus təzahürü
idi.
İstənilən
yenilik, başlanğıc böyük maneələrlə
üzləşməli olur. Sovet məkanında cazın
çox acınacaqlı taleyini xatırlasaq, bu yolun çətinliyini
aydın dərk edərik. "Dəmir pərdə"nin
mövcudluğu cazı da süni qapalılıq şəraitində
həyat sürməyə vadar edirdi. Totalitar ideologiyanın
hökmranlıq etdiyi cəmiyyətdə Amerikadan,
"düşmən Qərbdən" bizə gəlib
çatan bu azad, sərbəstlik sevən sənət
növü vaxtaşırı qadağan olunurdu. Onunla məşğul
olanlar isə hətta repressiya qurbanlarına çevrilirdilər.
Cazmen Pərviz Rüstəmbəyovun acınacaqlı taleyini
xatırlatmaq kifayətdir. İndi ağlasığmaz
görünür ki, ayrıca bir alət - saksofon belə
qadağan edilmişdi. Bu cür qeyri-sabit şəraitdə
40-cı illərdə Azərbaycanda ilk Dövlət Caz
orkestrinin yaradılması faktı yalnız heyrət
doğurur. Maraqlı cəhət isə odur ki, elə ilk
kompozisiyalarda azəri cazmenləri cazı milliləşdirmək
yolunu seçdilər və bunu möhkəm ənənəyə
çevirdilər. Tofiq Quliyev, Rauf Hacıyev, Rafiq Babayevin bu
sahədəki axtarış və tapıntıları Azərbaycanda
cazın gələcək inkişaf yollarını müəyyənləşdirdi,
Vaqif Mustafazadə fenomeninin üzə çıxması
üçün möhkəm təməl hazırladı.
Vaqif Mustafazadənin caz sənətinə gəlişi
50-60-cı illərin Xruşşov "mülayimləşməsi"
dövrünə təsadüf etsə də, onun da bu sənətdə
yolu heç də hamar olmadı.
Vaqifin
lap erkən yaşından musiqiyə bağlanmasında qeyri-təbii
bir şey yox idi. Özünün etiraf etdiyi kimi: "Anam, dəniz
və İçərişəhər" onun taleyini birdəfəlik
musiqiyə bağladı. Anası Zivər xanım Əliyeva
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasını pianoçu kimi bitirmişdi. Əslində
o, Azərbaycanın ilk pianoçu qadınlarından biri idi.
Muğamları gözəl bilən və onları fortepianoda
səsləndirməyi bacaran Zivər xanım bu sevgini,
bütün bilgilərini oğluna da aşılaya
bilmişdi. Uzun müddət 1 nömrəli musiqi məktəbində
çalışmış, sonralar Vaqif Mustafazadənin
ev-muzeyinin direktoru olmuş Zivər xanımın ən
böyük yaradıcılıq uğuru da elə oğlu
Vaqif oldu. Təsadüfi deyil ki, artıq 3 yaşından
pianoya bağlanan Vaqifin məhəllədəki ləqəbi
"muzıkant" idi. Onun uşaqlıq dostu telerejissor Vasif
Babayev xatırlayır ki, "Zivər xanım çox tələbkar
qadın idi. Vaqif pianoda məşq edən zaman heç kəs
onu narahat edə bilməzdi. O, hətta onu gəlib parkdan, bal rəqslərindən
aparardı ki, məşqinə davam etsin. Qəti əminliklə
deyirdi ki, bir gün gələcək Vaqif çox məşhur
bir pianoçu olacaq."
Akademik
musiqi təhsili alan Vaqifi isə (o, əvvəlcə uşaq
musiqi məktəbində, sonra isə A.Zeynallı adına
musiqi texnikumunda təhsil almışdı) beynəlmiləl
Bakının ecazkar, əlvan caz mühiti durmadan özünə
çəkirdi. Hətta klassik bəstəkarların - Bax,
Motsart, Bethoven, Şopen, Şuman, Raxmaninovun əsərlərini
çalarkən caz improvizələri edərdi. Deyilənə
görə o vaxt məktəbdə heç kim onun kimi
çala bilmirdi. Vaqif həmin dövrün ilk əsl virtuoz
caz pianoçusu idi. Klassik musiqidən fərqli olaraq, cazın
öyrənilməsində Vaqifin xüsusi müəllimləri
olmamışdı. Caz sənətinə yiyələnmək
istəyən hər kəs şəhərin
kinoteatrlarında, restoranlarda peşəkar və müxtəlif
həvəskar caz kollektivlərinin ifasını, habelə gecələr
xarici radiodalğalardan səslənən müasir caz musiqisini
xəlvətcə dinləyərək öz bilgilərini
artırır, zövqünü formalaşdırırdı. Əslində
bu, peşəkar caz təhsilini əvəz edirdi. Vaqif ənənəvi
cazı ilk növbədə Çarli Parker və Bil
Evansı, habelə Sesil Teylor, Maykl Tayner, Əhməd Camal və
başqalarını dinləyərək öyrənmişdi.
Sovet qrupları arasında o, Lukyanovun, həmçinin Kozlov və
Levinskinin caz ansambllarına həvəs göstərirdi.
60-cı
illərin yeniləşən bədii-estetik müstəvisində
gənc Vaqif Mustafazadənin cazla muğamın sintezi ilə
bağlı eksperimentləri diqqət-nəzəri çəkməyə
başlamışdı. Etiraf edək ki, bunu qəbul edənlər
də var idi, etməyənlər də az deyildi.
Düşüncələrimizin bu məqamında
musiqişünaslıqda artıq qərarlaşmış
"caz-muğam" və yaxud "muğam-caz"
anlayışı ilə bağlı son zamanlar
yaranmış fikir ayrılığına da münasibət
bildirmək yerinə düşərdi. Vaqif Mustafazadə
haqqında 1986-ci ildə "İşıq" nəşriyyatında
çıxmış ilk kitabça-monoqrafiyanın (müəllif
- Rauf Fərhadov) elə başlanğıc səhifələrində
onun caz-muğam üslubunun yaradıcısı kimi tarixi əhəmiyyəti
xüsusi vurğulanır və bu fenomenin tarixi, nəzəri
kökləri dünya caz sənətinin, eyni zamanda sovet və
Azərbaycan caz musiqisinin inkişafı fonunda ardıcıl
surətdə araşdırılır. İlk nəzərdən
bir-birinə yad mədəniyyətlərin və təfəkkür
tərzinin ifadəsi olan iki musiqi janrı - Amerika cazı və
Azərbaycan muğamının Vaqif Mustafazadə
yaradıcılığında üzvi surətdə
qovuşmasının səbəbini müəllif ilk növbədə
və tamamilə haqlı olaraq hər ikisinin improvizasiya təbiətində,
daha sonra ritmik və melodik strukturdakı
oxşarlığında aşkarlayır. Lakin 2000-ci ildə
bəstəkarın 60 illiyi ilə bağlı sənətşünaslıq
namizədi, musiqişünas-pianoçu Lalə Rzayevanın
yazdığı məqalədə artıq belə bir
mülahizə ilə rastlaşdıq: "Vaqif Mustafazadənin
fərdi üslubunu səhvən süni qeyri-professional
"muğam-caz" "termininin" dar çərçivəsinə
yerləşdirərək onun sənətinin mahiyyətini zəifləşdirirlər."
Bu zaman məqalə müəllifi Vaqif Mustafazadənin
üslubunda üç əsas istiqaməti - birinci növbədə
ənənəvi amerikan cazı, klassik piano təhsilindən
irəli gələn ifa tərzini və nəhayət zəngin
ornamental Azərbaycan xalq pianoçuluğunun (bu termini ilk dəfə
elə L.Rzayeva işlətmişdir) özünəməxsus
davamını görür ki, bu da sırf Bakı şəhər
folklorunun təzahürü kimi qiymətləndirilir.
Vaqif
Mustafazadə irsindən danışarkən onun
istedadının çoxçalarlıını xüsusi
qeyd etmək lazımdır. Onun şəxsində orijinal caz
pianoçusu, bəstəkarı və aranjimançı kimi
əslində hər biri ayrıca, müstəqil sənət
kimi mövcud ola bilən istiqamətlər üzvi şəkildə
birləşmişdi. Onların hamısında Vaqif üslubu
şəksiz idi. Məsələn, o, Ağabacı
Rzayevanın "Evimizə gəlin gəlir"
mahnısını elə özünəməxsus tərzdə
aranjiman etmişdi ki, onu elə Vaqifin bəstəsi kimi
qavrayırıq. İstənilən xalq və ya bəstəkar
mahnısı onun cazsayağı şərhində tamamilə
yeni ahəngə boyanırdı. Caz bəstəkarı kimi
yazdığı kompozisiyalar isə bu musiqi üslubunun
bütün ənənə rəngarəngliyini üzə
çıxara bilirdi.
Vaqif
Mustafazadə neçə-neçə caz festivalları və
müsabiqələrinin qalibi olmuşdu. Taleyin gərdişi
ilə yaradıcılığının zirvəsi və həyatının
sonu bir ilə təsadüf etdi. 1979-ildə Monakoda Beynəlxalq
Caz Kompozisiyaları Müsabiqəsində Vaqifin "Əzizəni
gözləyərkən" kompozisiyası ona müsabiqənin
ən yüksək Qran-Pri mükafatını
qazandırdı. Bu mükafata isə onu zəngin, keşməkeşli
və axtarışlarla dolu həyat və
yaradıcılıq yolu gətirib çıxartdı.
1963-cü
ildə təhsilini başa vuran Vaqif Mustafazadə cazın daha
sərbəst pərvəriş tapdığı bir məkana
- Tbilisiyə yollanır və tez bir zamanda məşhurlaşır.
Deyilənə görə, afişalarda Vaqifin soyadı hətta
Mustafadze kimi yazılırmış. Tbilisidə
yaşadığı illərdə o, əvvəlcə məşhur
"Orero" ansamblı, daha sonra isə yaratdığı
"Qafqaz" triosu ilə Moskvada, bir sıra sovet
respublikalarında qastrol səfərlərində olur,
"Tallin-66", "Tallin-67 " Beynəlxalq Caz
Festivallarında iştirak edir. Görkəmli caz mütəxəssisi
Uillis Konover Vaqifin ifasını Tallində eşitdikdən
sonra onu caz aləmində müqabili çətin tapıla
biləcək qeyri-adi, ən lirik pianoçu
adlandırmışdı. O, demişdi: "Heyf ki, artıq
Qerşvin yoxdur. Sizin çalğınızın əsl qiymətini
yalnız o verə bilərdi."
1968-ci
ildə görkəmli bəstəkar Bakıya qayıdır.
Onun səylərinə ilk dəstək verənlər
sırasında Azərbaycan Bəstəkarlar İttifaqı da
var idi. Bu məqsədlə hətta Bəstəkarlar
İttifaqının sədri Qara Qarayevin təşəbbüsü
ilə Vaqif Mustafazadə və Rafiq Babayevin yaradıcılığı
nümunəsində çoxlarının xatirində unudulmaz
iz qoymuş bir caz gecəsi, daha doğrusu, konsert-mühazirə
keçirilmişdi. Tədbirdə cazın mahiyyəti, tarixi
barədə çox maraqlı fikirlər söyləyən
Qarayevin bu çıxışına ciddi-cəhdlə
hazırlaşmasına onun aşağıdakı sözləri
dəlalət edirdi: "Mən caz haqqında ümumi təsəvvürə
malik olduğuma görə, bu konsertə gəlməzdən əvvəl
əlavə məlumatlar toplamalı oldum. Ona görə də
bütün gecəni caz haqqında bir sıra maraqlı
kitablar oxudum". Tezliklə Vaqif Mustafazadə İttifaqın
nəzdində "Leyli" adlı ilk vokal caz kvarteti
yaradır. Vaqifin bəstəkarlıq istedadına,
yaradıcılığına yüksək qiymət verən
Qara Qarayevin, Tofiq Quliyevin ciddi səylərinə baxmayaraq, onu
istisna şəklində (ali bəstəkarlıq təhsili əsas
şərt olaraq indi də qalmaqdadır) SSRİ Bəstəkarlar
İttifaqına üzv qəbul etmək mümkün olmur.
"Leyli" kvarteti bir müddət sonra Azərbaycan
Televiziya və Radio Komitəsinin nəzdinə keçir və
"Sevil" kvarteti adlanmağa başlayır. Bu kollektivlə
də işləyən zaman Vaqifin həm ifaçı, həm
aranjimançı, həm də bəstəkar kimi
böyük istedadı parlaq üzə çıxır.
1978-ci
ildə Vaqif Mustafazadə özünün bir il öncə
yaratdığı "Muğam" caz qrupu və 8
yaşlı kiçik qızı Əzizə ilə
"Tbilisi-78" Ümumittifaq Caz Festivalında
çıxış edir. Bu Festivalda o, laureat adına, Balaca Əzizə
isə xüsusi mükafata layiq görülür. Məhz bu
festivaldan sonra nüfuzlu caz dairələrində Vaqif
haqqında caza tamamilə yeni bir üslub - muğam təfəkkürünü,
nəfəsini gətirmiş bir cazmen kimi danışmağa
başladılar. Bu uğur onun planlarını birə-beş
artırmışdı. O öz cazını daha geniş məkanda,
SSRİ hüdudlarından kənarda da təbliğ etmək əzmində
idi. Lakin çox təəssüf ki, Vaqif dünya caz səhnəsində
çıxış edib öz məharətini göstərə
bilmədi. Bu fürsət yalnız bir dəfə - Polşada
olarkən ələ düşmüşdü.
Vaqif
Mustafazadə əsl sənətkar ömrü yaşadı:
çətin və maneələrlə dolu. O, həqiqətən
də caz dünyasının ən sadiq və bənzərsiz
cəngavərlərindən idi. Sağlığında layiq
olduğu qiyməti almasa da, indi bunun əvəzi tam şəkildə
ödənilir. Vaqifin musiqisi daim səslənir. Mustafazadə
soyadını hazırda dünya caz aləminin parlaq
ulduzlarından bir - Vaqifin qızı Əzizə məharətlə
yaşadır...
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2011.- 13 oktyabr.-
S.13.